Friday, 30 March 2012

Kuklalar - Dolls - Куклы


Kukla nədir? İnsanın müxtəlif tamaşaları göstərmək üçün istifadə etdiyi və özü hazırladığı alətdir. Kukla insan tərəfindən idarə oluna bilir. Yəni müstəqil deyil. Aslıdır. Bəs insan kukla vəziyyətinə düşə bilər? Düşə bilərmiş. Filmin məqsədi də bunu göstərməkdir. Acı taleyin kuklaları. Tamaşada rollarını oynayıb daha sonra digər kuklaların saxlandığı yerə qoyuldular. Nə idi bu tamaşanın məqsədi? Kuklaları oynadan nəyi göstərmək,çatdırmaq istəyrdi? Bilinmir...Özünü çox xoşbəxt insan olaraq da hiss edən insanlar da kukladırlar? Yəqin ki. Böyük bir tamaşa oynanılır. İzləyicilər necə? Bəyənirlər bu tamaşanı? O da bilinmir. Bilinməyən çox olsa da bilinən odur ki, əzab çəkənlər var. Həmişə də olacaqlar. Olmaması üçü insan insanlığını itirməlidir. Çünkü bəzi şeylər sadəcə olmalıdır (Fatalizm). 

Aktyor performansı və filmin çəkiliş prinsipləri Asiya qitəsinə, daha doğrusu Yopaniyaya xarakterikdir və odur ki, qeyri-adi nə isə yenilik gözləmək və ya Yapon filmləri arasında ciddi fərqlənəcək nə isə element görmək mümkün deyil. Filmin bir çox epizodlarını tam başa düşməsəm də çox maraqlı və düşündürücü, mənalı və hüzünlü, nəticə çıxarılası və yadda saxlanılası film hesab edirəm. Yapon filmlərinə xarakterik rəng oyunları da var. Rejisor obrazların paltarlarında dəyişiklik edərək bizə bəzi şeyləri çatdırmaq istəyir. Onu da deyim ki, məhz o epizodların anlaşılması bir az çətindir. Bunun üçün "Rənglər Nəzəriyyəsi"ni bilmək lazımdır. Filmi izlərkən hansısa epizodu itirmək və bununla da hansısa hiss qammasını qaçırmaq qorxusu oldu məndə. Bu da filmin mənim üçün uğurlu bir əsər olduğunu sübut edir. Sonda isə onu deyim ki, filmdə o qədər çoxlu düşüncə, simvol, metafor və dərin məna var ki,hamsını bir yazıda ifadə etmək və analizini vermək çətindir. Ən əsası isə filmdə bir şey aydın olur: Sevgi və əzab insanı yüksəklərə qaldırıb, onun şəxsiyyətində yeni üfüqlər açır. Bəzənsə sevgi insanın həyatını belə qurban olaraq tələb edə bilir. Sevgidə  “yarı” söhbəti yoxdur. Ya hər şey ya da heç nə. Həqiqi sevginin insandan nə istədiyini müəyyən qədər başa düşən insan deməli həyatın da mənasına müəyyən qədər yaxınlaşan birisidir. Həmişə sevdiklərinizlə olmaq arzusuyla.

                                                       Filmi Online izlə

P.S. Yazı şəxsi fikirlərim və kinopoisk.ru saytının müvafiq film üzrə tamaşaçı şərhləri əsasında hazırlanmışdır.

Wednesday, 28 March 2012

Ловцы забытых голосов - Hoshi o ou kodomo


Hər millətin,sivilizasiyanın paralel dünyalar və ölümdən sonrakı həyat haqqında müəyyən qədər təsəvvürləri var. Dastanlar,əfsanələr,rəvayətlər və nağıllar bizə bunu deməyə əsas verir. Əlbəttə fərdlərin bu mövzular ətrafında düşüncələrini, təsəvvürlərini bilmək yaxşı bir şey olsa da bu heç də həmişə mümkün olmur. Fərdlər də müəyyən mədəniyyətlərin yetişdirmələri olduqlarından onların da fikirləri,düşüncələri maraqlıdır. 
Yaponların xüsusiylə anime sahəsində zəngin təcrübələri var. Minlərlə animelər olsa da, mən yenicə baxdığım Makato Sinkayın – Unudulmuş Səs Ovçuları animesini bəyəndim. Makato Sinkay anime sahəsdə kifayət qədər tanınan birisidir. Mövzusu tamamilə nağılvari olsa da və ciddi mənası olmasa da xoşuma gələn ən əsas cəhəti, insanın istəkləri arxasınca bu qədər uzaqlara gedə biləcəyinin təsviridir. Mənə görə animenn kuliminasiya nöqtəsi Marisakinin qurbanlar vermə epizodudur. Arvadını o dünyadan geri gətirmək üçün Allahın gəmisini qarşısında şagirdini qurban verən müəllim qəddar birisinin təəsüratını verə bilər. Kainat belə qurulub. Mütləq nə isə əldə etmək üçün qurban vermək lazımdır. Əslində “qurban” termin olaraq yanlışdır. Bədəlini ödəmək də istifadə etmək olar. Onsuz da o çevrilib sənin istədiyin bir şey olur. Yəni imtahanlarda yüksək bal toplamaq istəyənlər bu günlərindən qurbanlar vermlədirlər. Hər nəsə. Əsas olan cavan qız uşağının sevgi sayəsində qurban verilməkdən xilas edilməsidir. Marisaki də başa düşür ki, elə şeylə var ki, sadəcə baş verməlidir və dəyişdirilməməlidir. Suallar çox vacib məqamdır. Baxdıqdan sonra insanda bəlkə də bir çox suallar yaranacaq. Son olaraq onu deyim ki, məncə anime bütün potensialını istifadə etməyib. İzləyici də bir çox suallar yaranır ki, hansıı ki cavabsız qalır. Bəzi pretenziyalarım olsa da izləyib bitirdikdən sonra məndə yüngül kədər hissi yarandı. Məhv olmuş sivilizasiyalar, yeraltı dünya, ölülərin dirildilməsi,sirlər və əfsanəfi varlıqlar. Maraqlıdır. Fentezi – nağıl janrına, yapon animelərinə maraq göstərənlərə, dərin məna axtaranlar, sınanmaq, mübarizə etmək, haqqında baxmaq istəyənlərə,”ölmək nə deməkdir?”,”nəyə görə həyatı yaşamağa dəyər?” suallarını verənlərə məsləhət görərdim. 

P.S. Yazı şəxsi fikirlərim və kinopoisk.ru saytının müvafiq film üzrə tamaşaçıların verdiyi şərhlər əsasında hazırlanmışdır.


Sunday, 25 March 2012

Haruki Murakami - Norwegian Wood - Norveç Meşəsi



Elə mövzular, hadisələr var ki, onları yaşamasan onlar haqqında oxuyub başa düşə bilməzsən. Bu filmlərə də aiddir. Həyatı boyunca əyləncə, kef və s. görən insan həyatın mənasını, sevdiyini itirmək, ruhi xaos vəziyyətində olmağı başa düşə bilməz.... Kitabın yazarı 20 – inci əsrin böyük Yapon yazıçıları sırasındadır. Xüsusiylə ABŞ və Avropa ölkələrində geniş oxucu kütləsinə malikdir. Başqa əsərlərini oxumasam da, bu əsərini “ağır” əsər olaraq adlandırardım. Həssas insan deyiləm amma çox qəribə təsir elədiyini deyə bilərəm.  Romanın mövzusu 1960 – ci illərin sonlarında Tokyoda universitetdə oxuyan, bir az özünə inamı olmayan bir az da asosyal və bir az da özünü loser kimi hiss edən Toru Watanabın hekayəsidir.  Watanab uşaqlığını bir digər dostu olan Kidzuki və bir də Nauko adlı qızla keçirmişdir. Kidzukinin intiharından sonra Watanab Tokyoya gəlir və Nauko və universitetdə rastlaşdığı Midori ilə məhəbbət üçbucağı yaşayır. Romanın baş qəhrəmanı Watanab musiqiyə, ədəbiyyata, içməyə maraqlı, tez-tez özünə acıyan depressif və yalnız bir yeniyetmədir. 60 – cı illərin Tokyosunun cinsi azadlıq axtarışı, universitet hadisələrini, aşağı dinamikada kapitalizm tənqidlərini və tupikə dirənmiş Yapon gəncliyinin hər şeyə uzaqdan baxan ədəbi qəhrəman gözüylə baxmaq çox zövq vericidir. Gənc insanların ölümlə üzləşmələri, yaşadıqları peşmanlıqlar, günahkarlıq,vicdan əzabı hissləri, sevgi ağrıları yaxşı təsvir edilmişdir. Ən əsas təəsüratlarım isə odur ki, həm kitabda həm də filmdə insanın keçirə biləcəyi hisslərin qara üzü təsvir olunmuşdur. Stres,depressiya,ümidsizlik,qorxu,əzab - əziyyət. Bu hissləri yaşayanlar cəhənnəmdədir. Cəhənnəm gələcəkdə deyil. İndi burdadır. Yəni insan əsəri oxuyub ya da filminə baxıb iki cür vəziyyətə düşə bilər: 
1) Allaha şükür edəcək ki, heç vaxt belə vəziyyətə düşməyib. İnşallah da düşməz 
2)  Öz həyatını ya da ona yaxın bir vəziyyəti görə bilər 
Watanabın xasiyyətinə mən heyran qaldım. Çox mülayim,üzüyola,mehriban,insanı başa düşən. Həmən həmən hər insanla olmasa da bir çox insanla rahatca yola gedə bilən insandır. Digər bir məsələ isə ondan ibarətdir ki, problemləri olan insanlar rahat yaşayan, müəyyən qədər xoşbəxt olan insanları da buna şərik edirlər ki, bu məncə haqsızlıqdır. İnşallah haqsızlığa məruz qalmazsınız.
Bu arada Haruki Murakaminin çox maraqlı və zövqlü internet saytı mövcuddur. Sayta buradan keçid əldə edə bilərsiniz. 

P.S. Haruki Murakami - Norwegian Wood Bu linkdən faydalandığım üçün sahibinə təşəkkür edirəm.
       

Friday, 23 March 2012

Milan Kundera - Varolmanın Dayanılmaz Hafifliği - The Unbearable Lightness of Being


"Şəhvət ehtirasdır, sevgi isə şəfqətdir. Şəhvət arzudur, sevgi isə arzusuzluqdur. Şəhvət acgözlükdür, sevgi isə paylaşmaqdır. Şəhvət başqasını bir vasitə olaraq istifadə edər, sevgi isə digərinə öz içində bir məqsəd olaraq hörmət edər. Şəhvət səni yer üzünə, palçığa bağlı saxlayar və əsla bir su zanbağı halına gələ bilməzsən. Sevgi səni bir su zanbağı edər. Sən ehtirasın, hirsin, acgözlüyün palçıqlı dünyasının üzərində yüksəlməyə başlayarsan. Sevgi enerjilərin çevrilməsidir. Filmi bir neçə başlıqaltında analiz edək:
Xilas: Thomas və Sabina cəhənnəmdə yaşayırlar. Onlar həqiqi sevgini hiss etməmiş, yaşamamışlar. Heç xilas da olmaq istəmədilər. Thomas bəlkə də məcburiyyətdən, Sabinanın çıxıb gedməsindən sonra tək qaldı amma Sabinanın özü xilas olmaq yolunun seçmədi. Bəli. Bizim qarşımızda seçimlər var. Tereza Thomasın, Franz isə Sabinanın xilaskarıdır. 
Sevgi: Xilaskarların arxa fonunda sevgidir. Dəyişmək olardı brat amma istəmədin. Qorxdun da. Amma normaldı onu da deyim. Sənin ruhun bəlkə belədir. Dəyişmək olduqca çətin bir işdir. Asan başa gələn bir şey kimi başa düşməyin amma mümkündür. Bəlkə də yox...
Siyasət: Filmdə bolca siyasət də var. 1950 – ci illər sonrasının siyasi,ictimai,sosial vəziyyəti yaxşı təsvir olunub. Sovet ittifaqının dağılma ərəfəsi və dağılarkən bizdə də törətdiyi kimi qətliamlar. Mənzərə eynidir.  Köç edən,etiraz edən,mübarizə aparan,yeni cəmiyyət istəyən insanlar. 
Yüngüllük və ağırlıq?: Əsərin adı Var olmanın dözülməz yüngüllüyüdür. Şəhvət,heyvani istəklər ağırdır, ağırlıqdır. Çəki daşları kimi. Sevgi isə insanı yuxarılara qaldırdığına görə yüngülləşdirir. Di gəl ki, heç də hamı bu yüngüllüyə, hafifliyə dözə bilmir. Paradoksaldır hə? Yüngüllük sənə ağır gəlir amma sən heç bunun fərqində deyilsən. Əlbəttə bir ömür elə yaşamaq olar. Ömrünün sonunda isə geriyə baxanda böyük bir uçurumun olduğunu görürsən. Hər nəsə.... 
Həqiqi xilas?: İçindəki sevgini, yatmış gözəli oyadaraq həqiqi mənada xilas olmaq olar məncə. Issız Adam filmində də bu motivlər vardı. Bu xəstəlikdir. Mikrobdur. Bəlkə də, bəlkə də müalicəsi belə yoxdur. Belələri hiyləgər olur. Özlərini yaxşı maskalayırlar. Fərqləndirmək çox çətin olur. Ehtiyatlı olun! 
Sonda isə ölüm...ölüm olmasaydı biz neylərdik? İnsan həmişə xoşbəxt ola bilmədiyinə görə, əbədi bədbəxtçilik hökm sürərdi. Düşünülməsi belə qorxuludur.

Thursday, 22 March 2012

Le Jouet - Oyuncaq - Игрушка



Oyuncaq filmi. Yəqin ki, bu o filmlərdəndir ki, proqramda və ya anonslarda görəndə yenə də baxmaq istəyirsən. Fransa öz filmləri ilə o qədər də məşhur olmasa da mən Pyer Rişardın iştirak etdiyi filmləri Hollywood filmlərindən üstün tuturam. 1976 ci ildə çəkilən amma vaxt keçdikcə dəyəri daha da artan filmlərdəndir. 19 yaşım var və demək olar ki hər yaşımda bu filmə baxmışam. Təxmini 20 dəfə deyək. Hər dəfə də müxtəlif mənalar verib mənə. Uşaq vaxtı baxarkən sadəcə əyləncə, 10 – 18 yaşlarında da müxtəlif suallar kimi. Azərbaycan TV kanallarında da məşhur filmidir. Çoxunuz yəqin ki, baxmısınız bu filmə. Çingiz Abdullayevin belə bir çox gözəl fikri var: Əgər həyatda bədbəxtlər varsa, eyni zamanda xoşbəxtlər də var. Əgər qullar varsa, quldarlar də var. Əgər zəiflər varsa güclülər də olmalıdır. Hər şeyi insanın iradəsi, onun məqsədə çatma istəyi və xarakteri müəyyənləşdirir.  Xarakter isə şəxsiyyətin əsasıdır. Xaraktersiz həyatda heç bir şey əldə etmək olmaz. (Qanın üç rəngi romanı). Bu fikir bu filmdə 100 % öz əksini tapır.
Bu filmdə olan epizodlar mənə görə o qədər dərin mənalı və ibrətamizdir ki, onları mən özümdə qoruyub saxlayıram. Filmdə gözəl və uyğun musiqi müşayəti ilə belə epizodlar çoxdur. Ümumiyyətlə mən bu filmin hər bir saniyəsində məna axtarırarm. Bəzi səhnələr haqqında düşünməyi heç vaxt kəsmirəm. Tez – tez fikrimi, yanaşma tərzimi dəyişirəm. Nadir hallarda uşaqların rolları ifa etməsi xoşuma gəlir. Erik Rambalkoşe rolunu oynayan və filmdə prezident Rambalkoşenin oğlu olan, real həyatda isə adı Fabris Qreko olan uşağın (artıq yekə kişidir) rol ifası çox xoşuma gəlir. Pyer Rişard isə usta sənətkardır və tərifə ehtiyacı yoxdur.
Bir tərəfdə böyük şəhərdə yaşayan,problem burulğanında üzən, rifaha can atan adi insanlar, işçilər,digər tərəfdə isə yüksək səviyyəli həyat tərzi keçirdən və həmin adi insanların həyatları oynamaq səlahiyyətinə sahip insanlar var. Adi insanların həyatları ilə oynamaq. Maraqlı cümlədir. Kimsə mənim bu cümləmlə razılaşa da bilər razılaşmaya da. Niyə bu cümləni işlətdiyimi də sizə deyim. Əlləri nəm (tərli) olduğuna görə işdən çıxarılan insanın aqibəti bunu mənə deyir. İşdən çıxarılma və işsiz qalma təhlükəsiylə canlı insanı balaca uşağın evinə göndərmək üçün o insana təsir edən insanın narahatlığı bunu mənə deyir. Yəni adətən biz uşaq olanda oyuncaqla oynayırıq amma elə insanlarda var ki, onlar sonradan oyuncaqla oynamağa başlayır. Taleyin gərdişi – dövranına bax. İnsanın simasında acı təbəssüm yaradır. İnsanın bütün göstəriciləri onun genində yerləşir. Müasir həyatımızın da xüsusiyyətləri bu filmdə yerləşir deyə bilərik. Oyuncaq filmi müasir həyatımızın genidir.
Hamı bilir ki, iş adamları öz uşaqlarına lazımi qədər qayğı göstərə bilmirlər. Başları qarışıq olur və bu günahlarını yumaq üçün də onlar oyuncaqlara müraciət edirlər. Özünü ağıllı apardığına görə atası öz oğluna oyuncaq mağazasına getməyə və istədiyi oyuncağı almağa icazə verir. Oyuncaq mağazasında ilk ciddi məqaləsini yazmağa çalışan Peren isə təsadüfən orada olur və uşağın gözünə dəyir. Görən kimi də oyuncaq kimi onu istəyir. Canlı insanı. Hamı və eyni zamanda atası da təəccüblənsə də onun 1 həftə evdə qalmağına nail olur. Əslində atası təəcüblənməməliydi. Axı o özü də hər gün insanların iş həyatıyla oynuyur. Filmdən ilham alıb bir çox mövzu haqqında söhbət açmaq olar. Ata-oğul münasibətləri,yaşamaq uğrunda mübarizə, haqsızlıq ədalətsizlik,vicdansızlıq, qorxaqlıq, yaltaqlıq, taleyin ironiyası,namus,qeyrət, özünə hörmət, absurdizm, qisas, bəxtsizlik  – uzun sözün qısası xüsusiylə müasir həyatımızın profili və gerçəklikləri. Fatalizmi bir o qədər də sevməsəm də, bəli biz taleyin əlində oyuncağıq. Bəlkə də yox. Kim bilir. Sonda isə atanın oğula dediyi sözlər: -Mənim həyatımda olan hər şey sənin üçündür mənim əzizim. Nəyim varsa sənindir. İşi də sənə görə davam eliyirəm. Qaldı ki, milyonlarla olan bu yazıq subyektlə qalsan sənə nə verə bilər? Heç nə! Bu haqda düşün oğlum. Və o düşündü.......

Wednesday, 21 March 2012

Enşteyndən 10 dərs


1. Marağınızı izləyin - Mənim xüsusi bacarığım yoxdur. Mən sadəcə ehtiraslı dərəcədə maraqlıyam.
2. Mətanət qiymətsizdir - Bu o demək deyil ki, mən çox ağıllıyam. Bu o deməkdir ki, mən sadəcə problemlərlə     çox məşğul oluram
3. İndiki ana fokuslanın - Gözəl bir qızı öpən və bununla da ehtiyatla maşın sürən sürücü həmin an öpüşə lazımi diqqəti verə bilmir.
4. Təsəvvür güclüdür - Təsəvvür hər şeydir. O gələcək həyatımızın öncəbaxışıdır. Təsəvvür bilgidən önəmlidir. 
5. Səhvlər edin - Heç vaxt səhv etməmiş insan heç vaxt yeni bir şey etməyə can atmayandır.
6. Anda yaşayın - Mən heç vaxt gələcək haqqında fikirləşməmişəm. Get- tez gələcək onsuz da.
7. Dəyər yaradın - Uğurlu olmaq üçün deyil, dəyərli olmaq üçün çalışın.
8. Təkrarcı omayın - Dəlilik nədir? Eyni şeyləri edib müxtəlif nəticələr gözləməkdir.
9. Bilik təcrübədən yaranır - Məlumat elm,savad deyildir. Savadın yeganə mənbəyi təcrübədir.
10. qaydaları öyrən və daha yaxşı oyna - Sən oyunun qaydalarını öyrənməlisən. Daha sonra sisə hamıdan yaxşı oynamalısan

                                                                 Original Məqalə

Monday, 19 March 2012

Küçələrə Su Səpmişəm


Film mənə çox təsir etdi. Kədərləndirdi,düşündürdü,məyus etdi. Həyatımız kiçik – kiçik anlardan,saniyələr və mikrosaniyələrdən ibarətdir, elə deyilmi? Təsəvvür edin ki, bir anda anidən hər şey dəyişə bilər. Hər şey! Daha heç nə əvvəlki kimi olmuyacaq. Dəhşətli vəziyyətdir. Axı sənin arzuların, sevdiklərin var idi, xəyallar qurmuşdun, ümidlə və inamla gələcəyin haqqında düşünürdün. Sən gənc və idealist idin. Bir an, o qəddar an isə sənin başına bunları gətirdi. Sənə qarşı vicdansızlıq edildi. Sən tək buraxıldın, haqsızlığa uğradın. Bir-iki nəfərdən başqa sənə inanan olmadı. Allaha dedin. Dedin ki, bəs sən bilirsən axı mən günhsızam amma səs gəlmədi həmişəki kimi. Amma sən yenə də onu illər sonra evinə buraxdın. Çalışdın. Çox çalışdın və hətta müəyyən qədər də bacardın ki, ona qarşı kin bəsləməyəsən. Axı bu insan həyatında ən vacib məsələlərdəndir: sevdiklərini xoşbəxt görmək. Onu xoşbəxt etmək üçün də özünü fəda etdin. Bax beləcə bir ömür keçdi. Bəlkə də dözməzdin amma o olmasaydı. Hə amma qalaktikamızda ədalət var. Haqq-ədalət topladır amma gedəcəyi yerə mütləq çatır. Səndən alınanın əvəzinə sənə həyatını bölüşəcək,yükünü azaldacaq insan göndərildi. Yadımdan çıxmır...Evə qayıdanda onu necə qucaqlayıb, bərk – bərk öpməyin. Gözlərinlə göyə baxıb Allaha şükür etməyin. Mənim gözlərimin dolmağı... Bəli. Şükür etməlisən mütləq. O olmasaydı həyatının heç bir mənası olmazdı. O olmasaydı iki şirin,şəkər balan da olmayacaqdı. Bax beləcə onu son ana qədər sev. Ölümdən sonra da sev...Həm sən həm də o, buna layiqsiz. Yenə də onu deyim ki, çox təsirli bir filmdir. Bəli belə də olur. Bir anın içində hər şey dəyişir amma bil ki, günahkarın kim olduğu da həmin an vacib olmur bəlkə də. Vacib olan məhv olan ömürlərdir. Bəlkə də çox əlaqəsi yoxdur amma William McFeenin (Tanınmış dənizçi və yazıçı) sitatı yadıma düşdü nədənsə:
“Dünya qarşılaşdığın fırtınalarla deyil, gəmini limana çatdırıb çatdırmamağınla maraqlanır”
                                                                                                           Film Haqqında Məlumat

Saturday, 17 March 2012

Gotye - Somebody That I Used To Know (feat. Kimbra)



Adətən kitab və filmlər haqqında yazıram. Hansısa klip haqqında yazmaq barədə düşünməmişdim amma gördüyünüz kimi yazıram. Bu klipə hər gün bir neçə dəfə qulaq asır və klipini izləyirəm. Bilmirəm nə vaxta qədər belə olacaq amma çox xoşuma gəldi. Həm sözləri həm də musiqisi. Klipi isə xüsusi olaraq maraqlı gəldi. Klipdən üstün bir şeydi. 4 dəqiqə 3 saniyəyə sanki kiçik bir film yerləşdirilib. Müxtəlif insanların eyni,ortaq problemi işıqlandırılıb. Ağrı çəkənlərə “siz yalnız deyilsiz” deyilib sanki. Keçmişə nəzər salmaq imkanı da verib. Bəlkə sizin də “Somebody taht i used to know” statusunda bildiyiniz birisi var. Qadın və kişi münasibətləri. Biz kimdənsə xoşlananda onu sanki öz rənglərimizə boyayırıq. Beləcə dəyişirik, meotmorfoz keçirdirik. Dəyişiklik isə hər zaman risklidir və hətta təhlükəlidir. Dəyişiklik çox böyük anlayışdır. Həm müsbətə doğru həm də mənfiyə doğru dəyişiklik ola bilər. Əlbəttə ki, hamının mübəti,mənfisi,doğrusu və yanlışı fərqlidir. Ehtiyatlı olun. Klip bəlkə də xəyallarımızdakı haqqındadır (Yaralı yerinə toxunmadım ki?). Xəyallarımızdakı bizi xəyal qırıqlığına məruz qoymasın təki. Kimbra adlı müğənninin də klipdə olması çox super kalorit verib.  Bir – birini başa düşməyən iki insanın hekayəsi. İkisi də bir-birini günahlandırır və sonda qız oğlanın rənglərindən azad olub gedir. Bəzən isə o rənglərdən azad olmaq çox çətin olur. Həqiqətən də insanların bir-birilərini başa düşməsindən böyük nemət yoxdur. Bəs niyə insanlar bir-birilərini başa düşmürər bəzən? Bu isə artıq ayrı mövzudur.  Sonda isə “o” tanıdığım birisi oldu. Həmişə bir-birinizi başa düşmək və birlikdə olmaq arzusuyla.

Friday, 16 March 2012

Çarli və Şokolad Fabriki - Charlie and the Chocolate Factory


Şokolad dadlı bir film.

Villi Vonka haqqında olan bu film məncə bir çox insanı düşündürə biləcək dərəcədədir. Ən əsası isə böyükləri uşaqlıq aləminə geri döndürəcək. Sadə mənası olan film heç də sadə çəkilməyib. Müxtəli kino effektləri ilə film çox kreativ və zəngin alınıb. İstər uşaqların istərsə də böyüklərin zövqünü oxşayacaq və buna paralel olaraq da düşündürəcək. Film ilk baxışdan görünən uşaq nağılı deyil. Bu film hər yaş dövrünə xitab edəcək xüsusiyyətdədir. Uşaq tərbiyəsi, əsl ailə xoşbəxtliyi, sevgi və saflıq atmosferi. Filmdə bunlar var. Villi vonka özünə varis axtarır. Layiqli varis. Bunu etmək üçün isə bir çox mənfi xüsusiyyəti olan (məs: nəfs, eqoizm, dikbaşlıq və s.) uşaqların siyahıdan çıxartmaq üçün də ağıllı starategiya qurur. Bir-bir bunlar aradan çıxandan sonra sona bir nəfər qalır. Bu arada onu da deyim ki, Villi bütün bu sınaqları gerçəkləşdirəndə sanki o yolu keçmiş,bütün sadalanan hisslərə qalib gəlmiş birisi təəsüratını bağışladı mənə.  Çarli. Çarli isə maddi cəhətdən kasıb və yarışmada ən sona qalan bir oğlan olsa da ən varlı insanlardandır. Onun ailə xoşbəxtliyi,sevgisi deyə bir xəzinəsi var. Onu heç nəyə dəyişməz. Əslində klassik və bilinən süjet xəttidi. Bir tərəfdə maddi digər tərəfdə mənəvi zəngin insanın həyatının kəsişməsi. Bununla ortaya çıxan maraqlı hadisələr. Çarli və Villi birlikdə uzun və xoşbəxt həyat yaşayırlar (Happy Ending). Çarli və Şokolad Fabriki parlaq, rəngarəng,kreativ, gülməli, tərbiyəvi, maraqlı, şokoladlı və çox yaxşı aktyor kontingenti ilə baxmağa dəyərli və xatırlanmalı bir filmdir. Sonda isə filmi iki cür qiymətləndirmək olar:
 Böyük kimi: 10 üzərindən 7                 Uşaq kimi: 10 üzərindən 10


Digər yazılarımı oxumaq üçün: Əsas səhifə  


Tuesday, 13 March 2012

Answer This


ABŞın bu gün çox mürəkkəb mədəni,dini və s. vəziyyəti var. İmmiqrantlar ölkəsi hər il milyonlarla insana qonaqpərvərlk göstərir. Buna baxmayaraq, ABŞın qurulmasında çox böyük fədakarlıqlar edilmiş, böyük işlər görülmüşdür. Bildiyimiz kimi torpaqsızlaşan dolayısıyla vəziyyəti ağırlaşan ingilis kəndliləri qərbə, yeni kəşf olunmuş yeni dünyanın uczus – bucaqsız torpaqlarına axın etmişlər. Ona görə də ABŞ adlandırdığımız ölkə mədəni,dini cəhətdən tamamən İngiltərənin, İngilislərin kopyası olmuşdur. Niyə bunları dedim? Çünkü filmdə İncilin dilini araşdıran professor və onun oğlu təsvir olunmuşdur. Yəni Xristiyan dini ilə əlaqədar dərsin professoru və onun oğlu. Paul (professorun oğlu və filmin baş qəhrəmanı) mənim çox xoşuma gəldi. Həm şəxsiyyət olaraq həm də başına gələn hadisələr cəhətdən. İstəmədiyi işi heç cürə axıra çatdıra bilməyən Paul, axırda yuxudan oyanır və istədiyinin ardınca gedərək ruhi sülh əldə edir ki, film də o yerində bitir. Filmin ümumi süjet xətti çox bəsitdir. İntelektual oyunda iştirak edən Paul, din sahəsində elmi iş yazıb darıxdırıcı müəllim olmaqdan imtina edir və istəyinin arxasıyca gedir. Müəyyən qədər Paulda özümü gördüm. Demək olar ki, oxşar həyat tərzlərimiz var. Həyatına müvəqqəti daxil olan Naomi isə məncə elə-belə sadəcə xoş xatirə oldu. Filmin ən çox xoşuma gələn obrazı isə Professor Tarson oldu. Sevdiyin işdə uğurlu olmaq üçün, müəyyən həddi aşmayan kiçicik peşə dəliliyi lazımdır məncə .Bu adamda da bu var. Çox yox ha kiçicik :))) Elə müəllimlərdən enerji yayılır və sən də onun verdiyi,öyrətdiyi bilgilərlə yanaşı o enerjini də tutursan və öyrəndiyinə baxmayaraq yorulmursan. Hesab edirəm ki, bu vacib bir şeydir. Məhkəmə divarları qədər soyuq sima ilə dərs izah edən “müəllimlər”dən xoşum gəlmir. Müəllimlər eyni zamanda bizim ümumi mədəni,intelektual səviyyəmizi artırmalı və sözsüz ki, ixtisasımıza aid  bilgiləri maraqlı formada çatdırmalıdırlar. Bunun üçün isə ilk növbədə onların özləri maraqlı insan olmalıdırlar. Mən isə elə hesab edirəm ki, çox yox kiçicik dəli olmalıdırlar :)))))

Monday, 12 March 2012

Amy M. Homes - Bu Kitap Hayatınızı Kurtaracak - This Book Will Save Your Life


Bir çox yazıçılar və şairlər yalnızlığa aid əsərlər yazmışlar. Siyahı uzundur sadalamaq istəmirəm. Mən də əlbəttə yalnızlığın cəhənnəm əzabı olduğunu bilirəm. Eyni zamanda yalnızlığı iyrənc birliklərdən üstün tuturam. Yalnız insanın hansı hisslər keçirdib, hansı vəziyyətlərə düşə biləcəyini isə bu kitabdan öyrəndim. Yalnızlıq anlayışını hər cəhətdən izah edib, müasir qərb həyatıyla əlaqələndirməklə bu kitab ortaya çıxmışdır. Ümumiyyətlə həyatda yaşamağın bərabərində gətirdiyi çətinliklər var. Bir də düşünsək ki, o insan yalnızdır. Amy Homes böyük şəhər həyatının içində itib batan şəxsin yalnızlığını nəql edir bizlərə. Bir axşam infakt keçirdən əlli yaşındaki çox varlı birja işçisi Richard Novak, xəstəxanada heç kimininin olmadığının şahidi olur. Böyük məyusluq hissi keçirdir. Daha əvvəl olduğu bu vəziyyətin üzərində heç düşünməyən Richard bunu dəyişdirmək üçün hərəkətə keçir. İtmiş insanın bu cürətkar hərəkəti kitabı böyük oxucu kütləsinə sevdirmişdir (eləcə də mənə). Oğluyla barışmaq istəyi, oğlunun atasına üsyanı, arvadının ikiüzlülüyü və alçaqlığı, adi bir ponçik satıcısıyla dost olması, həyatın gözlənilməz döngüsü, öz-özünü təhli etmək. Əlbətə bizim cəmiyyətimizdə Richard kimi insanlar hələki müəyyən qədər azlıq təşkil etsə də artan şəhərləşmə sürəti onun vəziyyətinə düşəcək insanların da sayında artışın olacağını labüd edir. ABŞda bu gün Richard kimi insanlar çoxdur (ABŞda olan tanışlarım da orada olan insanların arasındakı soyuqluğu dönə-dönə qeyd etmişlər). Yavaş-yavaş artıq bizim kimi cəmiyyətlərdə də insanlar öz balaca,soyuq evlərinə çəkilib virtual həyat yaşamağa üstünlük verirlər. Hələki hiss olunmur. Kitab sevdiklərinizə nə qədər dəyər verdiyinizi soruşacaq. Keçmişə baxan gələcəyə də baxmalıdır. Bu həyat çəmbəridir. İnsanlar gəlir və gedir. Ən əsası isə heç kim ölüm ayağında mən eqoist bir həyat yaşadım demək istəməz. Təhsil və mədəni səviyyəsindən aslı olmayaraq hər bir insan bəzi şeyləri başa düşəcək səviyyədədir. Çünkü hisslərin dili universaldır və eyni dili yox eyni hissləri bölüşənlər bir-birilərini daha yaxşı başa düşə bilərlər. Bəli. Bu kitab birilərinin həyatını xilas edə bilər. 

Sunday, 11 March 2012

Жил-был пёс

Anam həmişə Sovet dövrünün cizgi filmlərinə həvəslə və sevinclə baxır. 3-4 il bundan qabaq həmişə ondan soruşanda ki,  “Bu cizgi filmləri  niyə bu qədər səni sevindirir?” mənə cavab verərdi ki: “Sadəcə kefimi açır və ən əsası tərbiyəvi cəhətləri var. Bu günkülərdə nə var ki? Vurub dağıtmaq. Çox mənasızdır”. Başa düşməzdim onu. Dan Brownun – Melekler ve Şeytanlar kitabında da bənzəri məqam var: Robert Langdondan soruşurlar ki, siz niyə cizgi filmlərini sevirsiniz? (Robert də Mickey Mousun lap köhnə versiyalarını sevərdi) cavabı isə belə olurdu: Ruhu cavan saxlayır. Sovet dövrünün filmləri və cizgi filmləri bu günkülərdən çox daha fərqli idi.

Tuesday, 6 March 2012

Ölümün Kimyası - The Chemistry of Death - Simon Beckett



Bu kitab beynəlxalq David Hunter bestseller seriyasının ilk kitabıdır. Simon Beckett jurnalist olmasına baxmayaraq kriminal aləmin detalları və tibb dünyasının xırdalıqları ilə əlaqədar  verdiyi məlumatlar və təsvirlər insanı heyran edir. İnsanı yuxusuz qoya bilən kitabdır. Yəni növbəti səhifəsində nə var deyə maraqla, həyəcanla və böyük gözləntilərlə oxuduğum kitablardandır. Bu ayrıca kateqoriyadır mənim üçün. “Növbəti səhifədə nə var? və ya Növbəti səhifədə nə olacaq?” hissinin hakim olduğu qrup. Elə kitablar,romanlar var ki, sadəcə oxuyursan və insanı çox həyəcanlandırmır. Dedektiv və qorxunun birləşməsi isə Ölümün kimyasını bizlərə təqdim etmişdir. Siyasi dedektivləri sevmirəm amma məişət dedektivi + “korku gerilim” çox əla bir sintezdir mənim üçün. Tess Gerritsen kitabları ilə müqayisə etdiyimdə daha çox bəyəndiyimi deyə bilərəm. Düzdü Tess Gerritsenin üslubu Simon Becketdən müəyyən qədər fərqli və qorxuya meyillidir. Kitabın sonu isə xüsusi vurğulanmalıdır. Tam hər şey qurtardı deyə bir oh etmək istəyəndə hər şey birdən birə yenidən dəyişir və belə final mənim çox xoşuma gəlir. Romanı sevməyimin digər səbəbləri arasında əlbəttə ki, romanın obrazları və klostrofobik mühitdir. Obrazlar keçmişləri səbəbiylə kiçik bir qəsəbədə yaşamağa məcburdular. Bu kiçik qəsəbə onların ortaq keçmişini və bugünkü ortaq yaşamını ifadə edir. Sadəcə dedektiv və qorxu  var deyə yox əlbəttə. Eyni zamanda əsas obraz olan David şəxsi həyatı çox əla təsvir olunmuşdur (keçmişi ilə sağollaşa bilməməsi). Bəzən ətrafıma diqqətlə baxıram və ətrafımda ciddi psixoloji xəstə insanları görürəm (elə biri qapı qonşumuzdur). Romanda xəstə psixologiyanın cəmiyyətə vurduğu ziyan yaxşı təsvir olunmuş və fəsadları açıqlanmışdır.Yazıçının digər romanları: Ölülərin Fısıltısı və Sümüklərin Şifrəsi də çox maraqlı səslənir. 
Araşdırmalarım isə digər maraqlı nəticəyə apardı məni: Bəziləri kitabı üz qabığına diqqətlə baxmağımızı və daha sonar kitabı tərs çevirib orada nə gördüyümüzü soruşurlar. Mən də sizdən soruşum: Nə görürsüz?
                                                          Simon Beckett romanı haqqında danışır
     Simon Beckett - Ölümün Kimyası kitabını yüklə - Türkcə keyfiyyətli E-kitab


Sunday, 4 March 2012

1778 Letters of me and my wife - Mənim və arvadımın 1778 hekayəsi


“Həkim bizə bir il vaxt vermişdi amma biz birlikdə ikinci payızı qarşıladıq. O   proqnozlarında yanılmışdı. “
“Mən istəmirəm ki, sən mənim həyatımı uzadmaq üçün istəmədiyin işi görməyə məcbur olasan”
“Mən yazmağı dayandıra bilmirəm. Bu gündəlik dua kimidir”
“-Həkim, mənim arvadıma ağrı kəsicilər verin. O ağrılardan əziyyət çəkir.
  -Ağrı kəsicilər onun ağrısını dayandıracaq amma o bütün günü yatmalı olacaq. Ona görə də yoldaşınız onlardan imtina edib.Çünkü bu zaman onun üçün çox dəyərli olan hekayələrinizi oxuya bilməyəcək”
Yuxarıdakı sitatlar Mənim və arvadımın 1778 hekayəsi filmindəndir. Axır vaxtlar ancaq Yapon romantik,dramatik və melodramalarını yükləyib baxıram. Qərb romantikası və ya dramı artıq mənim üçün çox standartdı. Bir məsələ var ki, mən əvvəllər monqoloid irqini heç sevməzdim. Yapon filmləri bunu məndə dəyişdi.
Filmdəki kişi qadın münasibətlərinə heyran qaldım. Əşşi filmdi də deyirsiz elə bil. Buna baxmayaraq bir-birini sözün həqiqi mənasında başa düşən iki insan əsl ailə anlayışını izah etdilər mənə.
Saku elmi – fantastik hekayələr, romanlar yazan yazıçı, Sityan (arvadı) isə onun ilk, daimi,sədaqətli oxucusudur. Əvvəllər isə Sityan sadəcə ərinin kölgəsi idi. Onun ədəbi rahatlığını,sükutunu qoruyur, kaprizlərinə dözür və  Sakunun yazdıqlarını hamıdan birinci oxuyurdu. Beləcə adi həyat ağır xəstəlik nəticəsində dağılır və Saku düşünməyə başlayır: Mən bundan sonra arvadım üçün nə edə bilərəm? Bax beləcə 1778 ədəd hekayə yarandı. Bu hekayələr onları birləşdirdi və Sityan dünyadan sanki rahat və tam razı halda getdi. Saku yazdıqlarında tez-tez başqa dünyalardan və zamanda səyahətlərdən yazırdı. Məncə bu da təsadüfi deyil artıq o bundan sonra arvadını yazılarında axtaracaq.
“ – Kimsə bilir bu qəribə adam kimdir?
-         Bu adam yazıçıdır. Onun arvadı ölümcül xəstədir və o da ona hər gün bir hekayə yazır.