Samuray Çemplu/ Samurai Champloo

Çayxanada işləyən Fuu adlı xidmətçi gənc qız iki ustad samurayı cəzadan xilas edərək, başqa bir samurayı, daha dəqiq olsaq, "günəbaxan qoxan samurayı" axtarıb tapmaq üçün onlarla birlikdə səyahətə başlayır. Onları özünə cangüdən hesab edən Fuu, bu səyahət əsnasında onlarla dostlaşır, doğmalaşır. Bu qəribə səyahət onların başına min-bir macəra gətirir. Bir-birilərini tanımadan başladıqları bu macəra sonda hər şeyi aydınlaşdırır. Bütün sosial maskaların arxasında tənha, xəyalpərəst, qisas almaq üçün alışıb-yanan, düşdüyü cəmiyyət tərəfindən dəyişdirilmiş insanların çöhrəsi var. Möhtəşəm Edo erasının Yaponiyası və müasir qərb musiqisi, tırtıldan kəpənəyə çevrilən vizual təcrübə təəssüratı yaşadır. 
Dzin və Mugen


"Samuray Çemplu"nun epizodlarını tezcənə izləyib bitirsəm də, xəyalımda ən parlaq və tez-tez müraciət etdiyim animelərin arasında özünə məxsusi yer tapdı. 3 obraz və hər obrazdan şaxələnən dünyanın ecazkarlığı yaddaşımda məstedici xüsusiyyətə malik oldu. Niyə? Çünki hər şey təbii idi. Sünilik, qeyri-reallıq və məntiqsizlik yox idi. Hadisələr öz təbii axarı ilə inkişaf edirdi. Baş verənlər izləyicinin bütün süzgəclərindən qalıq və tullantı qoymadan keçirdi. Mövcud mübaliğə süjetə elə harmonik formada toxunub ki, insan yarana biləcək hər hansısa kəskin kontrastdan diksinmir. Bax buna görə də animeni çox bəyəndim və mümkün olan ən yüksək qiymətə layiq bildim. 

"Günəbaxan qoxan samuray" Fuunun məqsədi və axtarışı idi. Bu axtarış həm icraedilmə mərhələsində, həm də tamamlanandan sonra onu bir insan kimi dəyişdirir, yetkinləşdirir. Fuunun timsalında biz əsas amalla identikləşən süjeti müşahidə edirik. Dzin və Mugen, iki ustad samuray isə daxili orqanları qoruyan döş qəfəsi kimi süjetə rəng və hərəkətlilik qatmaqla yanaşı, əsas istəyi - "Günəbaxan qoxan samuray"ı canlı saxlayırdılar. "Samuray Çemplu" son dövrlər izlədiyim ən yaxşı animelərdən oldu. Təkcə adı belə çox şeyin xəbərçisidir. 

Çemplu "qarışıq" və ya "qızartmaq" mənasını verir. Anime həqiqətən də "qarışıq bir şey"dir. Döyüş səhnələri və görüntü dizaynında köhnə məktəblə müasir yeni dəyərlərin qarışığı hesab etmək olar. Fonda dinamik hip-hop, RnB musiqi eşitmək və ya bəzən xəfif cazz dinləmək qəribə hislər oyadırdı. Belə növ anaxronizmə varam. Sanki ikinci və yeni nəfəs alırsan. Elə bil əsl zamanda səyahət baş verirdi. Öz draması, aktiv səhnələri və hazırlanma üslubu ilə "Samuray Çemplu" bunu sübut etməyi bacarır. Obrazlarla əlaqədar çox xırdalıqlara getməyəcəm. Əsas onu demək istəyirəm ki, heç bir şeyi, gözəl Yaponiyanın mənim xəyallar dünyama etdiyi bəxşişlə müqayisə edə bilmərəm. Təsadüfi deyil ki, ən sevimli yazıçım da yapondur (Haruki Murakami), o cümlədən də, təsadüfi səbəbdən animeləri sevmirəm. Bu ölkənin keçmiş və müasir həyat tərzi, insanlarının düşüncəsi və fikirləri, onların mənəvi aləmi mənə o qədər doğmadır ki, hansısa yaponun reinkarnasiyası olduğumu belə düşünməyə əsas verir. Animelər mənə bunu təcrübi olaraq yaşamağa şərait yaradır. Öz iyirmi altıca seriyası ilə "Samuray Çemplu" mənim üçün şəxsi "dəfinələr ada"ma çevrildi. Arabir ayrı-ayrı səhnələləri xatırlayıb xoşhal olmaq, kiçik xöşbəxtlik və qayğısızlıq səbəbidir. 


Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi