Fyodor Dostoyevski - Sahibə


RUS: Фёдор Достое́вский - Хозяйка

Povest ilk dəfə 1847-ci ildə çap olunub. Süjetin mərkəzində Vasiliy Ardınov adlı şəxsdir. Müəyyən varidatı miras olaraq alan qəhrəman, kilsələri araşdırmaq və öz "sistem"ini yaratmaq üçün öz gücünü səfərbər edən elm adamıdır. Lakin kirayə qaldığı evin sahibəsi Katerina ilə yaranan münasibətləri onu sahib ilə, Murin adlı qəribə insanla nəticəsiz abstrakt mübarizəyə sövq edir. 

Əsərdə baş verənlər ilk baxışda real dünyanı çağrıtsa da, əslində hər şey ideyalarda, fikirlərdə və xəyallarda baş verir. Bəzi şərhçilərin fikrinə görə Dostoyevski Katerina obrazından simvolik məqsədlərlə istifadə edib ki, bu da simvolikanı hansısa mövcud olmayan ictimai-sosial paralel dünyaya proeksiyalayıb. Başqa sözlə, həmin obraz keçmişin altında əzilən milli bədbəxtliklərin, xalq ruhunun təzahürüdür. Çünki Katerina Murinin hipnotik təsirləri altındadır və onun buxovlarından xilas olmağa nə tələsir, nə də cəhd edir. Absurd və paranoya qarışıq dialoqlardan belə nəticəyə gəlmək olar ki, yazıçı hansısa mədəni-inqilabi fikirləri ötürmək istəyir, lakin ilk baxışda bunu başa düşmək mümkün deyil, çünki hansısa "tərcüməçi" bizə həmin ideyaların əsl mahiyyətini çatdırmalıdır.  Belə tip fikirlərə əsasən əsərin süjetini konspektləşdirən yazıçı, öz etirazlarını və asiliyini oxucunun üzərinə qışqıraraq bildirir. Bunu edərkən çoxlu ədəbi ifadə vasitələrindən istifadə müəyyən maskalanma vasitəsi kimi istifadə olunub. Qəribə ədəbi qaramat və ağır ab-hava mütaliəni çətinləşdirir. Bu səbəbdən yazıçının yazı üslubu və tərzi haqqında da bəzi fikirlər səsləndirmək lazım gəlir. 

Dostoyevskinin yazı üslubu və tərzi ilə əlaqədar nə isə deyəsi olsam, çətinlik çəkəcəyimi də etiraf etməliyəm. "Qumarbaz" əsərini yarıda qoyaraq, bu yazıçının mənim ədəbi zövqüm və ehtiyaclarıma uyğun dəst-xəttə malik olmadığımı anlamışdım, lakin təbii ki, yekun qərar vermək üçün hələ tez idi. "Sahibə" əsəri də deməzdim ki, yazıçının ədəbiyyat dünyasındakı yerini və rolunu anlamaqda bir o qədər də köməkçi olmadı. Bir şeyi isə hiss edə bildim: Dostoyevskinin mətni əsasən acıq, kin və paranoya qarışığından ibarət olur. Qəribə kobudluq bir tərəfdən beynimizin hansısa ac zonalarının qarnını doyurdur, digər tərəfdən də mədəni bölgələri ilə münaqişə yaradır. Dostoyevski öz cümlə quruluşları ilə açıq-aşkar göstərir ki, o, oxucunu düşünmür, ona dəyər vermir. Ona görə əsərin onun tərəfindən anlaşılıb anlaşılmamasının önəmi yoxdur. Vacib olan beynin çirkab dolu fikirlərini oxucuların üst-başına axıtmaqdır. Dostoyevskidə ən azından Tolstoyun "Etiraf" əsərindənki sistemlilik və harmoniyanın əksini görmək olar. 

Bəzi tədqiqatçılar belə düşünürlər ki, "Sahibə" əsərində müəyyən avtobioqrafiya payı da var və Ardınov yazıçının nə vaxtsa dostluq etdiyi İ.N. Şidlovskinin proobrazıdır. Onun xəyalpərəst və inqilabi ruha malik olması əsər romantika qatsa da, yazıçı ilə obraz arasındakı məsafə lazım olandan daha çoxdur. Bu da mənə mütaliə əsnasında tez-tez çətinliklər yaradırdı. Qeyri-müəyyən mükalimələr, obrazların istəksizliyi və vizual bulanıqlığı mənə tam təsəvvür formalaşdırmaqda əngəl törədirdi. 

Əsəri təhlil etdikcə etmək olar. Saatlarda hər cümlənin malik olduğu simvolika və məna ilə əlaqədar mühazirə oxumaq olar. Baxmayaraq ki, həcmi kifayət qədər qısadır, məna yükünü tapmaq o qədər də asan deyil. Oxumaq istəsəniz, uzun bədii ifadələr, ifrat simvolika və anlaşılmazlıqla qarşılaşacağınızı mütləq nəzərə almalısınız. Dostoyevski haqqında hələ də yekun qərara gəlməkdə çətinlik çəkirəm. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi