Tokyolu Qhul/ Tokyo Ghoul 

Qhullar insan bədəni ilə qidalanan qorxunc varlıqlardır. Onlar Tokyonun müxtəlif rayonlarında müxtəlif sıxlıqlarla məskunlaşıblar. Eynilə insanlara bənzəyirlər, praktiki olaraq onlardan fərqlənmirlər. Şəhər sakinləri Qhullarla qarşılaşmaqdan çox qorxurlar. Adi bir tələbə oğlan Kaneki qəza nəticəsində az qala ölürdü, amma o, hücumuna məruz qaldığı Rize adlı bir Qhulun orqanları ilə təchiz olunandan sonra yarı Qhul, yarı insana çevrilir. Beləliklə də onun həyatı tamamilə dəyişir. Uyğunlaşmaq problemi onu olduqca iztirablı bir yola itələyir...

İndiyə qədər kifayət qədər yapon animesi izləmək təcrübəsinə sahib olmuşam, amma heç birində "Tokyolu Qhul"dakı kimi qısa müddət ərzində doğmalaşdığım obrazlar (Kaneki. Şef, Toka və s.) və məkan (Anteyko kafesi) olmamışdı. 4-5 il Naruto izləmişəm və vaxtaşırı olaraq müxtəlif animelərə vaxt sərf etmişəm, amma hələ indiyə qədər bu anime kimi sürətlə isinişdiyim birisi olmamışdı. Bunun səbəbləri haqqında düşünmüşəm və əsas obrazla özüm arasında olan müəyyən oxşarlıqların məsələnin məğzini əmələ gətirdiyini söyləyə bilərəm. Başqa sözlə, sakit, özünəqapalı, mədəni və ən əsası kitaboxuyan Kanekinin həyatı dəyişməyə başlayan andan etibarən mənimlə onun arasında müəyyən emosional bağ yarandı. Onun başına gələn bədbəxt hadisələr (əsasən protaqonist ancaq bədbəxt hadisələrə tuş gəlirdi) məni də ağrıdır, düşüncələri və qayğıları məni də narahat edirdi. 

Hər bir çoxseriyalı yapon animesinin müəyyən bir qısa nəticəsi olur. "Tokyolu Qhul"dan anladığım bu oldu ki, həqiqi mənada insan olmaq bədheybətə çevrilməmək üçün daim aparılan mübarizələrdən və dəyərlərə olan hörmətdən asıldır. Belə bir fəlsəfənin fonunda bütün Qhulların məhv edilməli oldğunu düşünən insanlar, eyni zamanda bütün insanların məhv edilməli olduğunu düşünən Qhullar bir-biri ilə ölümünə və amansız mübarizə aparırlar. Kanekini himayəsinə götürən, Anteyko kafesinin sahibi "şef" isə sülhpərvər Qhullarla birlikdə yaşayır. Onlar isə öz növbəsinədə Qhullarla insanları birlikdə sülh və harmoniyada yaşamağını istəyirlər. Bu münaqişə üçbucağının tən ortasına düşən Kanekinin işi də elə buna görə müşkülə çevrilir. Müəyyən müddətdən sonra transformasiya yaşayan Kanekini anlamaq çətinləşirdi, amma zamanla onu başa düşməyə başlayırdım. Ən əsası isə qəhrəmanları qəhrəman edən, onları bizlərə yaxınlaşdıran güclü tərəfləri deyil, zəif tərəfləridir. Kanekinin "reallıq əmsalı" da onun hamı kimi sıravi, adi və zəif birisi olmasındadır. Məhz bu məqam onu əla protaqonist edir, baş verənləri daha yaxşı anlamağa sövq edir. 

Mahiyyəti etibari ilə elə real həyat da "Tokyolu Qhul" animesində olduğu kimi "insan"larla, "Qhul"ların müharibəsidir. Birlikdə yaşamaq, birgə mövcud olmaq bü dünyanın bəşəriyyət üçün əsl sınağına çevrilib. Hər nə qədər "Tokyolu Qhul" fantaziyanın, əlvan obrazların ölkəsi olsa da, animenin real həyata olan istinadları heyranedicidir. 












Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi