Xan Abdulla - Məsihin qanı


Xan Abdullanı necə tanıdım?

Xan Abdullanı Facebook sosial şəbəkəsindən tanıdım. Belə ki, onun arabir paylaşdığı mikrohekayə tipli status yenilənmələri diqqətimi cəlb etmişdi. Bəzən hansısa şəxsi təcrübəsini bədii dillə ortaya çıxarır, bəzənsə də sadəcə uydurduğu hekayələri nəql edirdi. Bu səbəbdən bu gənc diqqətimi bir xeyli müddət idi ki, cəlb etmişdi. 

Yazdıqlarında maraqlı şeylərə rast gəlmək olurdu. Yoldaş özü kifayət qədər kitab oxuyur, özünü inkişaf etdirir və zənnimcə, "mən" axtarışında inamla irəliləyir. Düşünmürdüm ki belə tezliklə kitab yaza bilər. Gördüyüm qədəri ilə onun təqdimatları oldu və müəyyən kütlə "Məsihin qanı" ilə tanış olmağa müvəffəq oldu. Növbə mənə də çatdı. Çalışdım ki, yoldaşın hədiyyəsini qısa müddət ərzində oxuyum və dəyərləndirim. Bu yazını yazmaqda da məqsədim kitabın reklamını və ya antireklamını etmək deyil, Xana bu yolda zərrə qədər olsa da, kömək etməkdir. Ola bilsin aşağıdakı şərhlərdən hansındasa o, gələcək dəstxətti üçün müəyyən nəticə çıxarsın. Çalışdım ki, obyektiv olum. Çünki düşünmürəm ki, nə Xana, nə də mənə, qeyri-obyektivliyin faydası olsun. 

Aşağıda kitabda yer alan heakyələr haqda qısa-qısa təəssüratlarımı yazdım. Nəzərə alsaq ki, kitab kiçik hekayələr toplusudur, başqa formatda kitaba şərh vermək bir o qədər də alınmır. Əlbəttə, ümumi şərh də vermək mümkün olardı, sadəcə elə olduqda yazının oxucuları tam olaraq söhbətin nədən getdiyini başa düşməyəcəklər. Bu baxımdan aşağıdakı format mənim üçün daha məqsədəuyğun oldu. 

Məsihin qanı - Bu hekayədə Xan deqradasiya edən cəmiyyətin onu daha da böyük faciələrə çaparaq aparacaq yeni üzvlərini - şagirdlərin dünyasını ifşa edib. Kitabın ilk və müəllif haqqında da ilkin təəssüratları formalaşdıracaq hekayəni tam olaraq bədii əsər hesab etmək düzgün olmaz. Hansısa mətni ədəbi əsərə çevirən sadəcə sözlərin və cümlələrin quruluşu və ya görünüşü deyil, yazıçının oxucunun qəlbinə müraciət etməsidir. Xan yaxşı mövzuya toxunsa da, sözlər və cümlələr bir-birinə ədəbi körpülərlə deyil, sintetik asma körpülərlə əlaqələndirilib. Buna baxmayaraq, hekayənin müəyyən ideyası var və bu ideya çox aktual mövzuya olan müəyyən baxış bucağını - insan əclaflığının, deqradasiyasının, tərbiyəsizliyinin yaşından asılı olmaması faktını əks etdirir. Bir daha vurğulayım ki, mövzu və konsepsiya yaxşı olsa da, ədəbi ağırlıq və yazı üsulubunu bəyənmədim. 

Çürük diş - "Çürük diş" başlığı ağız boşluğuna yadlaşmış, hamı kimi olmaqdan uzaqlaşmışlığa olan metafora kimi qəbul edilə bilər. Mövzu banal olsa da, Xan qəribə şəkildə həyatın acı və iyrənc yönünə nəzər salıb. Bir-biri ilə caladığı bəzi oxşatmalar hekayənin tonallığını dəyişməsə də, kəskin kontrast yaratmaqda dəstəkləyici xarakter daşıyıb. Bu hekayə vasitəsi ilə ola bilsin biz müəllifin öz şəxsi ağrı və acılarına quşbaxışı şansını əldə edirik. Bəlkə də yox. Eyni qayda ilə "Məsihin qanın"dakı ədəbi körpülərə rast gəlməsəm də, bir şeyi dəqiqliklə başa düşdüm: şəxsən mən uzun cümlələri çox sevirəm. Uzun, sifətlə zəngin cümlələr çox möhtəşəmdir. Qısa, tək-tək sözlər ədəbi deyil. Bu ikinci hekayədə də müəyyən konsepsiya görünsə də, yenə də məndə ədəbilik baxımından ciddi rezonans yaratmadı. 

Pradosunu satmış rahib - "Pradosunu satmış rahib" Robin Şarmanın ən populyar əsəri olan "Ferrarisini satmış rahib" adlı məşhur kitabına Azərbaycansayağı alternativ fanfik xarakteri daşıyır. Bu hekayə öncəki iki hekayəyə nisbətdə daha çox xoşuma gəldi. Klassik işbaz azərbaycanlı tipinin həm yerli, həm də qlobal müstəvidə etika, əxlaq və həyat prinsiplərinin yaxşı işıqlandırılması, hekayəyə satira keyfiyyəti qazandırır. Bir cəmiyyət və ölkə kimi insanlarımızın sahib olduğu şəxsi keyfiyyətlərin qərbin müasir dövrdə məşhur nümayəndəsi ilə zorakı üslubda birləşdirilməsi, etiraf edim ki, heç də pis alınmayıb.

Yataq otağında fəlsəfə - Bu hekayədən də tam razı qalmadım. Xan bir qədər cəsarətli davaranaraq, intim məsələlərdən və məhrəm detallardan söhbət açıb. Bu maraqlı məqam olsa da, fəlsəfə yataq otağında mümkün olmur. Hekayə yataq otağında fəlsəfədənsə, onu imitasiyasını özündə ehtiva edir.

Mən necə kafir oldum - Bu hekayə bir nəfərin uşaqlıq illərindən gənclik illərinədək üzləşdiyi teoloji məyusluğundan bəhs edir. Bu hekayədə müəllifdən daha çox narazı qaldım. Müəyyən porsiyalar altşüurla, müəyyən porsiyalar da teologiya ilə əlaqədardır, lakin banallıq yüksək səviyyədədir.

İlk öpüş və göz yaşının tamı - Bu hekayə də teoloji məyusluqla başladı, daha sonra mövzu itki ilə davam etdi. Uşaqlıq dövrümüzdə sevdiyimiz ailə üzvlərimizin əhəmiyyətinə qısa baxış xaraketi daşıyır. Bu hekayədə mən bir qədər bədiilik hiss etdim. 


Cənnəməkanın hekayəsi - Bu hekayəni bəyəndim. Maraqlı alınıb. Hekayə axirətsonrası həyat və peyğəmbərlərlə əlaqədar kiçik də olsa məzəli və yumoristik tipdədir. Bəzən eynilə mən də belə təsəvvürlərlə xəyal dünyamda o dünyaya gedib gəlirəm. Bir xeyli üst-üstə düşən məqamlar oldu. Məhz ona görə bu hekayəni bəyəndim deməkdən çəkinmirəm. 



Mən toxunulmazam - Cinsi zorakılığın faciələrindən bəhs edən belə hekayələrə əvvəllər də rast gəlmişəm. Pis işıqlandırma olmasa da, yenilik olmadı deyə hekayə ciddi təəssüratlar oyatmadı. Sadəcə həmişə düşündüyüm bir məsələ haqqında yenidən düşünməyə başladım: görəsən həbsxana daxilindəki məhbuslar niyə görə özlərini ədalət keşikçiləri hesab edib çox vaxt yeni gələn məhbusları özləri də öz arşınlarına görə mühakimə edirlər? Özüm hərbi xidmətdə olmuşam və həbsxananın onunla oxşarlığı haqqında düşünmədən təsdiq cavabı deyə bilərəm. Eynilə hərbi xidmətdə də belə məqamlar var. Təəssüf ki, yazıb çox şeyə fikrimi bildirmək istəmirəm. Ürəkbulandırıcı mövzdurur. Allah heç kimin yolunu zindana salmasın. 

Gonbulun xəyal qırıqlığı - Belə bir hekayə ilə Xan bizi normadan fərqlənən insanlara qarşı empatiya hiss etməyə dəvət edir və Xan bu yolda ilk insan deyil. Hekayənin yeganə diqqətəlayiq məqamı tragikomik sonluğudur. 

Hacı - Hacı adlı saf əsgərin hekayəsi. Özüm şəxsən belə insanlar görmüşəm. Belələri cəmiyyətin həm oyuncağı, həm də istismar obyekti olur. Reallıqda həqiqətən belə insanlar var. Dramatik üslubda yazılan hekayə mənə elə gəldi ki, 40-50 yaşlarında birisinin əlindən çıxıb, çünki hekayədə Sovet dövrünün hərbi xidmət nostalgiya ab-havası hakim idi. 

Aboş - Belə başa düşürəm ki, müəllif hekayələrin hamısı eyni vaxtda yazmayıb. Aralarında müəyyən vaxt fərqləri var. Əgər ilk hekayələrdə söz zənginliyi və qısa cümlələr hakim idisə, son hekayələrdə bu məsələ bir xeyli düzəlib. "Aboş" hekayəsi də pis deyil. Məzəli süjeti var və leksikadan yaxşı istifadə olunub. 

Yekunda isə onu deyim ki, kitab vasitəsi ilə mən Xanda nə isə gördüm. Düşünürəm ki, gələcəkdə həyat təcrübəsi artdıqca və eləcə də çox oxuduqca daha da yaxşı və ciddi bir şeylər ortaya qoya biləcək. Ona bu yolda uğurlar arzu edir və kitabı hədiyyə etdiyi üçün minnətdarlığımı bildirirəm. 


Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi