Sun Tzu - Müharibə sənəti

Münaqişə və toqquşmalar insan həyatında qaçılmaz olsa da, qələbəni şərəflə, vicdanla və müdrikcəsinə əldə etmək də bizlərə bəxş olunub. Dünyanın demək olar ki hər yerində, sahəsinin lider mütəxəssisləri tərəfindən böyük həvəslə oxunan bu kitab, eramızdan öncə müharibə filosofu tərəfindən yazılmış ən müdrik strateji düşüncə aşılayan kitab hesab olunur. Müharibənin anatomiyasını hər tərəfdən mühasirəyə alan "Müharibə sənəti", onun fizikasını, psixologiyasını və siyasətini dərindən öyrənərək, qələbəni qansız, davasız və zor tətbiq etmədən, ən optimal yol ilə necə əldə etməkdən bəhs edir. Asan olmayan bu iş üçün dərin zəka vacib şərt, müdriklik qaçılmaz təfəkkür dərəcəsidir. 

Kitabın yüksək populyarlıq dərəcəsi, yaxşı dünya görüşü ovunda olan birisi üçün başqa seçim buraxmır. Gərək mütləq onu oxumalı və bacardığın qədər faydalanmalısan deyə düşünməyə başlayırsan. Ən əsası isə çalışmaq lazımdır ki, kitab stolüstü status qazansın. 

Sun Tzunun timsalında bütün müdrik insanlar və dahilər həmişə yaxşı başa düşüblər ki, müharibədən qaçmaq və qanlı münaqişələrə bulaşmamaq ən böyük qələbədir. Bəzən bu qaçılmaz olur. Qaçılmazlıq formalaşanda isə bir obyektiv reallıq kimi səni dörd bir tərəfdən əhatəyə alıb pusquda dayanır. Müharibə ilə müharibə aparmağın mümkünsüzlüyünü dərk etdikdə, müharibədən necə ağılla, daha sonra güc ilə ayrılmağın yolları haqqında axtarışlara başlamaq lazımdır. "Müharibə sənəti" məhz belə bir nəticədir. Kitab müharibəni ilahiləşdirmir, nə də ona bəraət qazandırmır. Əksinə, onun xəsarətlərini minimumlaşdırmaq üçün strategiyalar təklif edir. Həm fərdin fərdi həyatı, həm də icmaların ictimai həyatı münaqişələrsiz irəli gedə bilməzdi. Bəşər övladı üçün bu dərəcədə önəmli olan bir şeyə aid kitab oxumaq öz növbəsində ciddi məsələdir. 

Tarix boyu böyük müharibələrə nəzər salsaq, görərik ki, bəşər övladı müharibələrdən yalnız və yalnız zərər çəkib. Günahsız insanlar ölüb, neçə həyat hələ yolun başında sonlanıb və s. Məhz ona görə bizə müharibə anlayışını yaxşı dərk etməli, gələcək üçün nəticələr çıxarmalıyıq. Bu baxımdan bu abzasda mən müharibənin kişi üçün əhəmiyyətinə toxunmaq istərdim, çünki həmişə nədənsə müharibənin kişi üçün olduqca əhəmiyyətli bir şey olduğu haqda düşünmüşəm. Bu hər nə qədər də ölümün gözünə dik baxmaq olsa da, müharibədən sağ-salamat və ya əlil qayıdan bir kişi üçün həyat daha əvvəlki kimi olmur. Qadınlar üçün müharibə bir o qədər də birbaşa içində olduqları bir şey deyil. Əlbəttə döyüşçü qadınlar, tibb bacıları və sair kimi status və funksiyalar öz yerində. Mən heç də onların rolunu kiçiltmək fikrində deyiləm. Buna baxmayaraq Nostradamusun "qəzəbli ildırım" adlandırdığı güllələrə sipər olanlar məhz kişilərdir. Müharibə anlayışı bu baxımdan əslində hər bir kişinin həyatında hər bir həyat mərhələsində olmalıdır. Çünki kişini kişi kimi formalaşdıran, onda liderlik xüsusiyyətlərini yetişdirən bu anlayış təfəkkürün bir tərəfindən o biri tərəfinə hərəkət edib, gec ya da tez reallaşır. Müzakirəolunmaz həqiqətdir ki, bəşəriyyət müharibəsiz qala bilmir. Eləcə də həyatın hər sahəsi müharibələrdən ibarətdir. Elə bu səbəbdən də "Müharibə sənəti" hüquqşünaslar, iş adamları, müəllimlər və ya idmançılar tərəfindən bu dərəcədə sevilir. Çünki əslində hər bir meydan oxuma insan üçün artıq elan edilmiş müharibədir. "Müharibə sənəti" isə müharibə konseptini əfi ilan kimi dörd bir tərəfdən sarıb onu sıxır, sıxır və özəyini üzə çıxarır. Beləliklə də bir tərəfdə müharibə anlayışını yaxşı başa düşən şəxs, digər tərəfdə qələbə anlayışını dərk edir və onu necə əldə etmək haqda praktik olur. 

Məsələnin bir digər tərəfdən də qadın prizması var. Kitabı oxuyan qadınların böyük əksəriyyəti, mən belə başa düşürəm ki, kitabı tam anlamırlar. Əslində ehtiyacları da yoxdur. Çünki onlar kişilərdən daha xalis ovçudurlar, müharibə sərkərdəsidirlər. Lazım olan silahlar arsenalda olarsa, qadınlardan təhlükəli düşmən ola bilməz. Bu mövzu hər nə qədər "Müharibə sənəti" kitabının təhlilindən kənarlaşsa da, bəzi sosial forumlarda və platformalarda qadınların kitaba verdikləri aşağı qiymət mənə buna toxunmaq üçün münbit şərait yaratdı. Məhz bu səbəbdən də mən kitabın oxucu kütləsini, xüsusi sərtliklə kişi yönümlü olduğunu vurğulamaqda haqlıyam. Daha da səmimi olsaq, məqsədyönlülüyün cinsi olmur. Bu məsələnin orbitində çox hərlənməyə dəyməz. 

Əlbəttə düşünməyin ki, siz kitabı oxuyan kimi möhtəşəm strateq olacaqsınız. Zəruri məlumatları emal etməmiş, onları dərk etmədən nəyəsə ümid etmək uşaqlıq olardı. Belə kitabın mütaliəsindən sonra gərək insan kitabın formalaşdırdığı paradiqma ilə öz şəxsiyyətini sintez edə bilsin. Belə olduqda nəzəriyyə praktikaya çevrilər və faydalanma əmsalı böyüyər. Kitabaqədərki və kitabdansonrakı həyat təcrübəsi heç də az əhəmiyyətli deyil. Başda çartlayan daşlar, bədənə düşən cızıqlar və xəsarətlər, təcrübənin sizi qablaşdırdığına olan yaxşı işarələrdir və yalnız bundan sonra siz kitabın müdriklik bulağı ilə özünüzün susuzluğunu azalda bilərsiniz. 

Tarix kitablarında oxuduğumuz o məşhur müharibələri hansı maraqlar formalaşdırırsa, bizim şəxsi həyatımızda da qarşılaşdığımız münaqişələri də məhz həmin motivlər cücərdir. Odur ki, hamımız makedoniyalı İskəndər kimi sərkərdəyik əslində. Hamımız müstəqilliyimizi qorumalı, güc toplamalı, hücum etməli və müdafiə olunmalıyıq. Böyük və balaca şirkətlər, ictimai həyat və digər dünyəvi məsələlər maraqlar münaqişəsindən başqa bir şey deyil. Məhz 

Yekun olaraq nə demək olar. Onu demək olar ki, kitabın zübdəsi yoxdur. Elə bütövlüklə tək və yek olub, ya tam, ya da heç olaraq oxucunun beynində özünə yer tapır. Belə kitablar haqqında çox söz deməyin heç bir mənası yoxdur. Həm təhlil etmək çətindir, həm də şərh etmək. Odur ki, sadəcə məsləhətdir demək kifayətdir. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi