Deniel Pink - Conni Bankonun macəraları


Daniel H. Pink - The Adventures of Johnny Bunko: The Last Career Guide You'll Ever Need

Дэниел Пинк - Приключения Джонни Банко

Conni Banko "Boggs Corp"a yenicə işə düzəlib. O, gecə-gündüz çalışır, indiyədək böyüklər tərəfindən deyilən hər şeyə əməl edib, bütün qaydalara da riayət edib, lakin bir gün onun qapısını döyən böhran ona yanaşmaları haqqında yenidən düşüncələrə dalmağa vadar edir. Görəsən, ona deyilən hər şey düzmü olub? Haradansa onu gəlib tapan pəri ona 6 qızıl dərs verir. Bu dərslər sayəsində Conni özünü və arzuladığı karyeranı adım-addım tikməyə başlayır, iş həyatına özünəməxsus yanaşmasını formalaşdırır. Bu kitab vasitəsi ilə Deniel Pink bizə istənilən karyerada sağ qalmağı və güclü şəxsiyyət qurmaq yolunda məsləhətlər verir. 

Deniel Pink
Deniel Pink ABŞ-ın tanınmış biznes yazarlarından və mütəxəssislərindən birisidir. Onun bestseller statusu qazanmış və dünyanın bir çox dillərinə tərcümə olunmuş iş həyatı haqqında maraqlı kitabları var. Harvard Biznes Revyu, Nyu York Tayms, Fast kimi mötəbər yerlərdə məqalələri çıxan müəllif, əsasən insanın əqli bacarıqları, biznes və texnologiyalar haqqında bir çox maraqlı və aktual məqalələrin müəllifidir. Onun biznes trendlərlə əlaqədar bir çox analizləri CNBC, CNN və ABC kimi telekanallarda yayımlanır. 1995-97-ci illərdə Ağ evdə vitse-prezidentin şəxsi nitq yazarı olan müəllif, ABŞ hökümətinin bir çox məmurları və siyasi simaları ilə kifayət qədər yaxınlığı var. 

Kitab biznes mövzusunu əhatə etsə də, Deniel Pink maraqlı üslub seçərək, kitabı yapon manqaları formatında hazırlayıb. Cizgi roman xarakteri daşıyan kitab bu baxımdan vizualizasiya üçün oxucudan heç nə tələb etmir, onu özü bilavasitə oxucuya təqdim edir. Kitabın çəkisi də çox yüngüldür, başqa sözlə, uzun-uzadı cümlələr və darıxdırıcı məsləhətlər yoxdur. Bəlkə də, Deniel Pink yazdığı digər qeyri bədii kitablarında və ya hansısa bloq postunda kitabda yazılan 6 məsləhəti qeyd edib. Konkretlilik və praktiklik kitabın ən əsas xüsusiyyətidir. Buna baxmayaraq mən kitabı bir o qədər də bəyənmədim. Bunun üçün aşağıdakı səbəbləri sadalamaq olar:

1. Kitab olduqca tez müddətə oxunur və bəzi məsələlər haqqında əminliklə danışılır. Halbuki, mən həmişə hər yerdə qeyd edirəm ki, nə isə haqqında əminliklə söhbət açan insanlardan qorxuram və onların obyektivliyinə şübhə edirəm. Pərinin "Heç bir plan yoxdur" kimi ilk məsləhəti hər nə qədər eqzotik xarakter daşısa da, şəxsən mən planları sevirəm və plansızlığı sadəcə arzular və xülyalar ilə eyniləşdirirəm. 
2. Əslində şəkillər və fikir buludları ilə canlandırılan kitab oxunmaq üçün bir tərəfdən praktikdirsə, digər tərəfdən bir o qədər də nəzəridir. Pink bir çox məsələdə nəzəriyyəçilər kimi göründü. Dialoqların arxasında müasir şəxsi inkişafın pafosu açıq və aşkar sezilir.
3. Analiz və sintez metodlarına rast gəlmək mümkün deyil. Sanki, həyat sadəcə hansısa biznes mütəxəssisin və ya şəxsi inkişaf ekspertinin təlimatlarından ibarətdir. Bu təlimatları izləyin və hər şey yaxşı olacaq. Əlbəttə, biz hamımız yaxşı bilirik ki, bu belə deyil. Bəlkə də belə yanaşma bir müttər 20-21 yaşı olan gənclər üçün faydalı ola bilər, amma əsla 25-li yaşlarda keçərli ola biləcək konsepsiya deyil.
4. Yenilik? Xeyr. Şəxsi inkişaf sferası son dövrlərdə ümumiyyətlə bu sözdən yan keçir. Onları bir-birinə antonim sözlər kimi də başa düşmək olar. Conni Bankodan mən hər nə qədər yenilik gözləsəm də, qablaşdırmada innovasiyaya rast gəldim, lakin mahiyyətdə belə bir hal yoxdur. 
5. Hər problemi həll etmək üçün haradansa uçub gələn pəri elementi kitabın oxucu kütləsini daha çox uşaqlara istiqamətləndirir, nəinki gənclərə. Mən əslində belə üslubu sevirəm, amma "Conni Bankonun macəraları" bu müstəvidə mənə görə uğursuzdur. 

Gəlin sizləri həmin 6 məsləhətlə də tanış edim:
1. Heç bir plan yoxdur.
2. Güclü tərəflərinizi fikirləşin, zəifləri deyil.
3. Hər şey səndən asılı deyil.
4. İnadkarlıq istedada qalib gəlir. 
5. Möhtəşəm səhvlər edin.
6. İz qoyun. 

Gördüyümüz kimi heç bir xüsusi yanaşma və ya hal ilə qarşılaşmırıq. Sadə və populyar təlim məsləhətləri cizgi roman formatında bizlərə təqdim olunub. Çox şey deməyə də ehtiyac yoxdur. Sadəcə son olaraq bir şeyi də qeyd etmək istərdim ki, kitab haqqında xarici ölkələrdə bildirilən fikirlər əsasən neytral mövqeni əks etdirir. Nə yüksək, nə də aşağı fikir yox, məhz neytral, orta fikirlər və təəssüratlar hakimdir. Hər bir halda müasir şəxsi inkişaf janrı məyus etməkdə davam edir. Ümid edirəm yaxın vaxtlarda məyusluq deyil, məmnunluq yaradan şəxsi inkişaf kitabı haqqında rəy yazacam. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi