Vladimir İliç Lenin - Dövlət və inqilab

Vladimir Ilyich Lenin - The State and Revolution

Ле́нин - Государство и революция

Demokratiya azlığın çoxluğa tabe olması deyil. Demokratiya hakim sinifin aşağı sinifləri istismar etməsi məqsədi ilə azlığın çoxluğa tabe olduğunu qəbul edən dövlətin yaratdığı illüziyadır. "Dövlət və inqilab" əsəri ilə Lenin sinfi cəmiyyətdə baş verən istismarı (proletariat və burjuaziya arasında) "qanun" və "demokratiya" adı altında necə qanuniləşdirdiyini göstərir. Karl Marks və Fredirik Engelsin əsərlərinə əsaslanan Lenin, dövlət adlanan prazit quruluşun sinfi cəmiyyətin mənafelərinə necə xidmət etdiyini açıq-aşkar, keçmiş təcrübələrə əsaslanaraq təhlil edir. O, eyni dərəcədə aşkarlıqla sinfi münaqişənin niyə görə inqilaba səbəb olacağını da izah edir. 

Kitabda yazılanları cari sistemlərin tənqidi kimi qəbul etdikdə, biz daha da məyus oluruq. Çünki, hər gün qarşılaşdığımız sistemlərin, bütün bürokratik mexanizmlərin hakim siniflərin məzlum sinifləri əzmək və istismar etmək üçün alət və vasitə olduğunu görürük. Mənə başqa bir şey də çox maraqlı gəlir. İndiki dövrdə praktiki olaraq dünyanın hər tərəfində kapitalistik istehsal üsulunun mövcud olduğu və eləcə də sinfi cəmiyyətlərin möhkəmləndiyi ərəfədə heç kim bu sistemlərin alternativi haqda düşünməyərək, həyatda özünün bir fərd kimi cəmiyyətdəki rolu və bir insan kimi ruhi müstəvidə varlıq səbəbləri və məqsədi haqda düşünmür. Çox qəribədir ki, içində yaşadığımız bu sistemlərin alternativi haqda 19-cu və 20-ci əsrdən başqa vaxtda heç kim heç nə yazmayıb və ya kəşf etməyə cəhd etməyib. Yəni, bizim bu gün bu məsələlərə bu dərəcədmi az ehtiyacımız var? Biz bu dərəcədəmi qarşımıza qoyulanlarla ancaq və ancaq razılaşmalı və hər şeyə göz yummalıyıq? 

Marksizm haqqında çox şey eşitsəm də, "Dövlət və inqilab" mənim marksist nəzəriyyə baxımından oxuduğum ilk ciddi ədəbiyyat oldu. Kitab Marksın və Engelsin əsərlərinə istinad edərək inqilab nəzəriyyəsinə girişi əhatə edir. Sosializm, kommunizm kimi məsələlərə aydınlıq gətirilir. Marksizm nəzəriyyəsinin burjua tərəfindən necə də opportunistcəsinə mənimsənib özününküləşdirildiyi izah olunur. Plexanov, Kautski və Sereteli kimi burjua nümayəndələrinin saxtakarlığı ifşa olunur. Demokratika, seçkilər və ordu kimi məsələlərin dövlət adlanan konsepsiyanın aləti olduğu göstərilir. Kapitalizmdən sosializmə və daha sonra kommunizmin birinci və ikinci fazasına keçid olduqca maraqlı və qısa tərzdə çatdırılıb. Lenin və Trotstkinin (Stalinin yox. Birmənalı olaraq!) demokratiyaya olan yanaşması bu günün standartları çərçivəsində belə kifayət qədər proqressiv və liberaldır. Leninə stereotiplə yanaşan bir çoxlarına ciddi olaraq məsləhət görərdim ki, bu stereotipi bir kənara ataraq, müasir nəzəriyyələrdən fərqli olaraq düşünməyi öyrədən "Dövlət və inqilab" kimi kitablardan uzaq düşməsinlər. Bunun qarşılığında gördüyüm isə əsasən insanların Lenin kimi dahini səhv başa düşmələri və ondan qorxmalarıdır. Bu da təbii ki, uzun illər Avropa burjuaziyasının gördüyü təbliğat işlərinin nəticəsidir. 

Hələ Erix Frommun "Marksın insan konsepsiyası" kitabını oxuyanda marksizmin necə də təhrif olunduğunu və Sovet ittifaqının hər keçən il ilə necə daha da həqiqi prinsiplərdən uzaq düşdüyünü başa düşmüşdüm. Burjuaziyanın saxta, filistir, opportunist və vulqar "ziyalı" nümayəndələri haqqında "Dövlət və inqilab" əsərində bir daha oxumaq müəyyən qədər daha motivasiyaedicidir ki, həqiqi mənbə itib batmayıb. Birmənalı olaraq marksizmi və leninizmi onun əsl mənbəyindən oxumaq məsləhətdir. Kiminsə şərhini və təhlilini oxumaq üçüncü dərəcədə əhəmiyyətli bir şeydir. 

Belə mövzulu kitablar haqda mənim kimi yeni başlayanlar çox şey yaza bilməz. Odur ki, yuxarıda yazdıqlarım hələlik bəs edər. Ümumiyyətlə isə düşünürəm ki, gələcəkdə "Dövlət və inqilab"-ı bir daha oxuyum. Bəlkə o vaxta siyasi iqtisadın tarixi və fundamental prinsipləri haqda daha geniş biliklərə sahib olacam. Bu gün üçün isə cəmiyyət həyatında gözlərimi bir da geniş açdığına görə Vladimir İliç Leninə dərin təşəkkürümü bildirir və onun dahiliyi qarşısında baş əyirəm. 

Kitabın son cümlələri bu bloq yazısı üçün də maraqlı yekundur: “7-ci fəsil 1905 və 1917-ci illərdəki Rus inqilablarının təcrübəsi Bu fəslin sərlövhəsində göstərilən mövzu o qədər geniş və böyükdür ki, bu xüsusda cildlərlə əsər yazmaq olar və yazmaq lazımdır. Bu kitabçada, söz yox, dövlət hakimiyyəti barəsində inqilabda proletariatın bilavasitə vəzifələrinə aid olan ən başlıca təcrübənin dərsləri ilə kifayətlənmək lazım gələcəkdir”(Burada əlyazması kəsilir) Birinci Nəşrə Sözardı Bu kitabça 1917-ci ilin avqust və sentyabrında yazılmışdır. “1905 və 1917-ci illərdəki rus inqilablarının təcrübəsi” adlı sonrakı, yeddinci fəslin planını tərtib etmişdim. Lakin sərlövhəsindən başqa bu fəsildən bir sətir də yazmağa macal tapmadım: siyasi böhran, 1917-ci il Oktyabr inqilabının yaxınlaşması “mane oldu”. Belə bir “maneəyə” ancaq sevinmək olar. Lakin kitabçanın (“1905 və 1917-ci illərdəki rus inqilablarının təcrübəsi”nə həsr edilmiş) ikinci hissəsini olsun ki, uzun müddət təxirə salmaq lazım gələcəkdir; “inqilabın təcrübəsindən” yazmaqdansa, bu təcrübəni həyata keçirmək daha xoş və daha faydalıdır. Petroqrad 30 noyabr 1917-ci il"

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi