Stefan Sveyq - Şahmat əhvalatı


Stefan Zweig - Chess Story
Стефан Цвейг - Шахматная новелла

"Şahmat əhvalatı" məşhur Avstriyalı yazıçının 1942-ci ildə intihar öncəsi yazdığı və ABŞ-dakı naşirinə göndərdiyi son əsəridir. Svayq bu əsəri ilə Nasizmə xüsusi tərz ilə yanaşaraq, insan psixologiyasının dövrünün sosial-siyasi reallıqları qarşısındakı vəziyyətini təsvir edir.  

Nyu-Yorkdan Buenos-Ayresə gəmi səyahəti edən sərnişinlərdən bir qismi gəmidə dünya şöhrətli şahmat dahisinin olduğunu öyrənən kimi, onunla əlaqə yaradaraq oyun oynamaq şərəfini əldə etmək istəyinə qapılırlar. Onlar acizanə tərzdə cənab Kentoviçlə şahmat oynayaraq ard-arda məğlub olurlar. Ani bir zaman aralığında naməlum bir sərnişin Kentoviçin rəqibələrindən birinə verdiyi məsləhətlərlə bir oyunu heç-heçəyə bağlaya bilirlər. Daha sonra bu şəxsin həm keçmişi aydınlanır, həm də Kentoviçlə olan oyunlarının aqibəti. 


"Şahmat əhvalatı" həqiqətən də fərqli bir əsər olub, olduqca dərin ədəbi mənaya malikdir. Hətta əsərin özünü şahmat taxtası ilə identikləşdirmək mümkündür. Bir tərəfdə ağ fiqurlarla oynayan yazıçı, digər tərəfdə qara fiqurlarla oynayan oxucu, şahmat taxtası əvəzinə də sözlər və cümlələri rahatlıqla görmək olar. Bu "oyun"un matla yoxsa bərabərə bitəcəyini isə demək istəməzdim. Hər bir oxucu özü bu məsələdə nəticə çıxarmalıdır. 

Romanın mahiyyəti olduqca maraqlı mövzuya, təxəyyülün ürəyi və şüurun azadlığı haqdadır. Bu mövzular öz növbəsində material obrazlarla  və şahmat kimi beyin idmanı ilə dəstəklənərək, İkinci Dünya Müharibəsinin bütün Avropa və eləcədə dünya üçün təhlükələrinin psixoloji tənqdini ilə də əlaqələndirilib. Bu mövzuların bir-biri ilə necə münasibətə girdiyi ilə əlaqədar Sveyq bizə olduqca ustad dərəcəsində yazılmış material təqdim edir. Gəlin aşağıdakı başlıqlar altında əsərdən dartıb qopara bildiyim mövzular ətrafında düşünək.

Şüurun abstraktlılığı
Romanın ürəyi Gestapo tərəfindən bir otel otağına həbs edilən klerkin məruz qaldığı xüsusi tip işgəncələrdən - psixoloji işgəncələrdən ibarətdir. Aylarla eyni otaqda yaşamağa və hər gün zabitlər tərəfindən sorğu-suala tutulan bu yoldaş günlərin bir günü əlinə keçən şahmata aid kitab ilə məhkumluğunu tam başqa formada yaşamağa davam edir və beləliklə də onun əzabları formasını dəyişdirir. Belə ki, o, məşhurların şahmat oyunlarının icmalını təhlil edərək ilk öncə yatağında şahmat taxtası quraşdırır, daha sonra şahmat taxtasını tamamilə beyninə proeksiyalandırır və sadəcə təxəyyülündə şahmat oynamağa davam edir. Heç bir rəqibdən söhbət belə getmədiyindən, öz-özü ilə oynayan cənab B. möhtəşəm mental aktivlik yoluna qədəm qoyur. Bu məqamda mən öz-özümə sual verməyə bilmirəm: Şübhəsiz ki, biz uzun müddətdir ki, şüurumuzun material dünyaya olan proeksiyası haqda düşünürük və onu yavaş-yavaş başa düşməyə başlayırıq. Qəribə orasıdır ki, biz bu mövzu ətrafında daha çox birtərəfli, yəni "şüur-real dünya", başqa sözlə, "subyektiv-obyektiv" istiqamətində nəyisə başa düşməyə çalışırıq. "Şahmat əhvalatı" isə bizə bu istiqamətin tam əksini "real dünya - şüur" və ya "obyektiv-subyektiv" marşrtunu izah etməyə çalışır. Məhz bunu başa düşəndə biz özümüzə bir daha sual verəsi oluruq: Şüurun abstraklılığı həqiqətən də mövcuddurmu, yoxsa "Şahmat əhvalatı"nın bizə göstərdiyi kimi bu yeni marşrut bizə bu fenomenin tam əksini sübut edir? Bu ikitərəfli get-gəl əslində həyata olan yanaşmamızı dəyişə bilər və eləcə çox şeyi izah edə bilər. Yetər ki, məsələni nəzəri müstəvidən qəddar praktikaya uğurla daşıyaq və onu başa düşək. Sveyqin "materielle Exterritorialisierung" adlandırdığı və şüurun abstraklılığını izah edən anlayış var. Bu anlayış onu ifadə edir ki, şüur özünü ifadə etmək, başqa sözlə, xaricə proeksiyalanmaq üçün ilk növbədə kənarda olanları öyrənməli və canına çəkməlidir. Əgər zaman və məkan məhdudluğu varsa, o zaman şüurun yaşam yeri ona ölümcül təsir edə bilər. "Şahmat əhvaları" da məhz bu kontekstdə inşa edilib. Ümumiyyətlə isə, subyektlə obyekt arasında olan münasibətlər, görməyi bacaran üçün bu əsərdə xüsusi formada təsvir olunub. 

Mümkünsüz mübarizə - eqo ilə mübarizə
Biz birinci başlıqdakı mövzu ətrafında yazıçının obrazını necə mental heçlikdə şüuru xarici stimul pəhrizində saxlayaraq ona xüsusi məhdud məkan təqdim etdiyini öyrəndik. Elə bu dəm ikinci olduqca mühüm və dəhşətli dərəcədə əhəmiyyətli məsələ ortaya çıxır: heçlik içində tək buraxılan şüur nə edəcək?

Qeyd etdiyim kimi, Gestapo Cənab B.-yə xüsusi tip işgəncələr verilir - fərdin ruhu heçlik zindanına atılır. Bəlkə də, əsəri oxumadan bu sual mənə verilsə idi, cavablandırmaq əvəzinə sadəcə gözlərimi döyərdim. Halbuki, romanı oxuduqdan sonra bu sualı mənə verən olmasa da, özüm-özümə verib ehtizaza gəlirəm. Çünki mənim üçün həyatda ən maraqlı mövzu olan "mən" axtarışı bu sualın cavabıdır. Heçlikdə tək-tənha qalan şüur məcburən eqonu qeybdən aşkara çıxarır və dərketmə ilə üzləşdirir. Məsələnin macərası isə eqonun ikiyə bölünməsi ilə öz kuliminasiya nöqtəsini yaşayır. Yazıçı bir çox ədəbi cümlələrlə bu məqamı ideal təsvir edib: Şahmatın cəlbediciliyi təməldə bir şeydən qaynaqlanır: strategiyanın fərqli beyinlərdə fərqli formada formalaşmağından. Bu mücərrəd döyüşdə qaralar ağların hansı fəndi edəcəyini bilmir və ona görə də mütəmmadi olaraq təxminlər irəli sürməyə başlayır və çıxış yolları axtarır. Eləcə də qaralar ağların xainliyini tapmağa və baltalamaq üçün əllərindən gələni edir. Ağı və qaranı eyni adam oyanarsa ortaya əsassız bir vəziyyət çıxmış olur, çünki bir şeyi bir tərəfdən bilməli, digər tərəfdən də unutmalıdır. Ağ olaraq oynarkən qaraların məqsədini və etmək istədiyini unutmalıdır. Belə düşüncə şüurun bölünməsini tələb edir, beyin funksiyasının mexanik alətdəki kimi açılıb qapanmasını istər, başqa sözlə, özünlə şahmat oynamaq, öz kölgənin üzərində tullanmağa oxşar ziddiyətdir. 

Faşistlər!
"Şahmat əhvalatı" eyni zamanda yazıçının faşist Almaniyasına qarşı olan fikirlərini olduqca usta səviyyədə əks etdirir. Nəzərə alsaq ki, Stefan Sveyq özü faşistlərin təqibindən qaçırdı və azadlığın zor gücü ilə insandan qoparılması onun üçün heç də uzaq mövzu deyildi, içindəki ağrılarını belə ədəbi əsər fomrasında kənara çıxarmağı heç də təəccüblü deyil. 

Müəyyən döngü nöqtəsindən sonra biz başa düşürük ki, "Şahmat əhvalatı" bizə nasizmlə  əlaqədar iki qovuşan pararlel süjet xətti təqdim edir: bunlardan və faşizmlə əlaqədar birincisi süjet, açıq və aydın olaraq görünən, digəri isə Kentoviçin timsalındakı faşizmdir. Bu səbəbdən biz gəmidəki Kentoviçlə Cənab B.nin şahmat oyununu müşahidə edərkən əlsində azadlıq ilə nasizmin  (və ya konformizmin) mübarizəsini görürük. Eləcə də başa düşürük ki, oyunu sadəcə qaydalarına görə oynamaq bizi qələbəyə aparmaqda kifayət etmir. Rəqibin, düşmənin və ya sadəcə oyun yoldaşının zəif və güclü tərəflərini bilmək, onu özün kimi yaxşı tanımaq oyunun qaydalarından qat-qat əhəmiyyətlidir. 

Kentoviçin dünya şöhrətli şahmat oyunçusu olması, bir dəfə də məğlub olmaması, ona ətrafındakı insanlara cansız taxta parçaları kimi baxmağa məcbur edirdi. O, şahmatdan başqa heç bir şey haqda düşünmür. Onun üçün dünyada incəsənətin, musiqinin və digər insanların heç bir əhəmiyyəti yoxdur. O, merkantildir, sadəcə gəliri və şöhrəti düşünür. Onun dəqiq müəyyənləşdirilmiş hədəfi olsa da, öz varlığının fərqində deyil. O, zülmətdir, hər şeyi içinə çəkir. Bəli o, güclüdür. Onun gücü heçlikdən qaynaqlanır. O heçlikdən ki, Cənab B.-ni də ustad şahmat oyunçusuna çevirib, lakin tərəflərdən birisi bu dərəcəyə çatmaq üçün heçliyi qəbul edib. digəri isə heçliklə mübarizə aparıb. 

Mənim şahmat əhvalatım
Uşaq olanda (təxminən 5 yaş) yaşadığım binanın altında şahmat məktəbi var idi. İndiyə kimi yadımdadır. Atam məni ora şahmatı öyrənmək üçün yazdırmaq istəmişdi, amma mən yaman qorxmuşdum. Hansı fiqurun necə getdiyini yaxşı bilirdim, amma orada məndən soruşanda deməmişdim. Beləliklə də, şahmat karyeram başlamamış bitmişdi. Sonradan bir neçə dəfə bu əhvalatı ailədə xatırlamışdıq. Hər halda indi düşünürəm ki, şahmat gözəl oyundur. Beyinin inkişafı və həyata strateji yanaşma formalaşdırmaq üçün olduqca yaxşı idman alətidir. Gördüyünüz kimi, Stefan Sveyqdən fərqli olsa da, mənim də şahmat əhvalatım var. 

Son söz əvəzi
Parlaq epizodları, simvolik mənası və əla mahiyyəti ilə tərbiyəvi nəticələri çox olan "Şahmat əhvalatı"nı bütün bədii ədəbiyyat oxucularına məsləhət görərdim. "Bəşəriyyətin ulduzlu saatları" Stefan Sveyqdən oxuduğum ilk əsər olmuşdu. Elə ilk dəfədən yazıçının möhtəşəm dərrakəsinə heyran qalmışdım və bu hissi ikinci dəfə yaşadım.  

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi