Sevgi ilahəsi - Godess of Love

Venera, sevgi ilahəsi və eləcə də filmin əsas pratoqonisti yalnız bir qadındır. O, yalnızlığı bütün bədəni ilə hiss edir, onun iztirablarını çəkir. Telefonun kitabçasına "Brayn, mənim sevgim" yazdığı andan etibarən isə aşiq olmağın nə olduğunu başa düşür. Biz bilmirik ki, Venera birinci dəfə aşiq olur yoxsa yox, lakin hərdən mənə elə gəlir ki, aşiq olmaqla sevmək arasında böyük fərq var. Aşiq olmaq daha asi, dəlisov, eqoist bir şeydir. Sevgi isə ali şüur səviyyəsi, insanı daima ehtizazda saxlayan ruhi vəziyyət və qəlbi ekspanansiyadır.  

Kanadalı rejissor Con Nautzun (John Knautz) "Sevgi ilahəsi" filmi dellüziya xarakterli personajın həyatına olan baxışı əks etdirir. Filmin ilk dəqiqələrində hər şey normal başlasa da, Veneranın üzə çıxan maskları filmi erotik trillerdən psixoloji trillerə çevirməyə müvəffəq olur. Filmin qaranlıq-qırmızı rəngli elementləri, Veneranın çılpaq ağappaq bədəni erosun simvolu olub cari filmin erotik janrına işarədir. Buna baxmayaraq, məlum döngü nöqtələrində münasibətlərin çətinlikləri sayəsində Veneranın pozulan psixologiyası, onun görünməyən obrazlar, heyvanlar və hadisələr görməsi onun pozulan ruhi tarazlığına və eləcə də filmin psixoloji triller janrına olan biletdir. Daha sonra biz psixologiya janrının dominantlıq qazandığını görürük. Veneranın hər dəfə nə isə qanlı iş görəndən sonra özünü əlləri qan içində görməsi, onun günahlarına olan işarədir. Filmin sahib olduğunu çox maraqlı xüsusiyyətlərdəndir ki, süjet irəli getdikcə erotik janr ilə psixoloji triller tez-tez ani olaraq bir-birini əvəz edə bilir. Bu rejissorun simvolikadan maraqlı istifadəsi və eləcə də illüziyalar dünyası ilə reallıq arasında sərhədə ideal toxunuşunun göstəricisidir. 

Venera striptiz klubların ən əsas qanununu pozub: heç vaxt klubun müştərisi olan kişi ilə şəxsi münasibət qurma. Bu qanunu ona həmin klubdan tanış olduğunu rəfiqəsi desə də, Venera buna əməl etmir. Brayn isə Veneranı intihar etmiş arvadına oxşadır. Onlar görüşürlər, sevişirlər və birtərəfli aşiqlik yavaş-yavaş Veneranın xaotik həytına ilk baxışda intizam gətirsə də, əslində onun həyatını şirin zəhər kimi yavaş-yavaş, tədricən məhv etməyə başlayır. Venera rahat yolu seçir: qəlbində eşqi hələ sönməyən kişinin ürəyinə löbər atıb o limanda əbədi qalmaq istəyir, lakin bu səhvdir. Bu səhv bir neçə həyatı məhv edir. 

Məsələnin ən əsas tərəfi Venera və Brayn arasında aşiq olmaq və qısqanclığın, eqoizmin və istismarçılığın reallığın interpretasiyası üsulu vasitəsi ilə izləyiciyə çatdırılmasıdır. İzləyici ilə personaj filmin başlanğıcında identikləşir, onlar birlikdə çoxlu şeylər yaşayır, sonra məlum olur ki əslində hər şey belə olmayıb və izləyici ilə personaj ayrılır. Bu kifayət qədər sadə və məşhur kinematoqrafiya qəlibidir. "Amerikansayağı psixopat" və "Maşinist" filmlərini izləmisinizsə, bu filmi də başa düşə biləcəksiz. Əsas fərq adı çəkilən filmlərdən fərqli olaraq "Sevgi ilahəsi"nin qadını hekayə etməsidir. Düşünmək olar ki, qadın aşiqliyi olduqca qəddar, insafsız və eqoist mahiyyətə malikdir. Bunu eynilə kişi aşiqliyinə də aid etmək olar. Filmdə baş verənlər isə, zənnimcə, heç də elə bir şey deyil ki, reallıqda da baş verməsin. Hətta cəsarət edib onu da demək olar ki, reallıqda filmdən qat-qat daha zəngin süjetə malik hadisələrlə rastlaşırıq. 

Filmin bütün ağırlığı aktrisa Aleksis Kendranın üzərinə düşüb. Onun filmdəki uğurları arasında mütləq əla performansı vurğulanmalı və əsasən də psixoloji səhnələrdəki emosiyaları və mimikaları qabardılmalıdır. Əsl qadın qısqanclığının, əsl qadın qəddarlığının, bölüşməzliyinin, aşiqliyinin obrazını yaratmaq heç də asan tapşırıqlar sırasında deyil. 

"Sevgi ilahəsi" yalnız qadının zədələnmiş psixologiyasını nəql edən olduqca maraqlı filmdir. Film izləyicinin beynində aramla açılır və hər şey lazım olan yerini tutur. Bu maraqlı xüsusiyyətdir. Diqqətdənkənar qalan "Sevgi ilahəsi" heç də adi film deyil. Çünki sonda hər şeyin əslində başqa cür olduğunu öyrənirik. 








Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi