Pərviz - Yad dildə

"Yad dildə" romanı son illər oxucu rəğbətini qazanan romanlar sırasında ilkin yerlərdən birini tutur. Roman "Nəsimi" ədəbi müsabiqəsinin "İlin romanı" nominasiyasının qalibidir; "Kultaz" və "MKM" ədəbi portallarında oxucular arasında keçirilən səsvermədə "Ən yaxşı əsər" nominasiyasında ən çox səs toplayıb. "Yad dildə" kitabı satış reytinqinə görə də "Ən yeni ədəbiyyat" seriyasından olan kitablar arasında birinci yerdədir. Nəhayət, bu roman Azərbaycan ədəbi mühitində hazırda ən ali mükafat sayılan "Milli Kitab Müsabiqəsi"nin qalibidir. "Yad dildə" əsərinin ədəbi aləmdə və oxucular arasında bu qədər qəbul olunmasının və sevilməsinin səbəbi nədir? Roman – ölkənin ictimai-siyasi reallığı ilə xalqın mifik-mənəvi, fəlsəfi-ürfani baxışlarını bədii şəkildə birləşdirən bir neçə qatdan ibarətdir. Müəllif əsərin daxili qatlarını bir-biri ilə çox məharətlə əlaqələndirib, siyasi gerçəkliyin ədəbi həllini tapmağı bacarıb və son illər Azərbaycan ədəbiyyatında romançılıq mərhələsinin mahiyyət etibarilə yeni səhifəsini açıb. Roman ədəbi hazırlığı olan oxucular üçün nəzərdə tutulub".

1-ci epizod: Kitabla tanışlıq
2015-ci ilin mart ayı. Hilton oteldə  keçirilən təlimə fasilə verilir. Təlimçilərdən biri aramızda kitab oxuyanların olub olmadığı haqda soruşur. Bəzilərimiz əl qaldırır (mənim əl qaldırıb qaldırmamağım qoy sizin üçün sirr qalsın). Pərvizin "Yad dildə" əsərini oxuyub oxumamağımız haqqında da soruşur və çox yaxşı əsər oldğunu, olduqca maraqlı üslubda, aktual mövzulara toxunduğunu qeyd edir. Bu sözlər beynimin bir küncündə qalır. Özünüz bilirsiniz də, nə isə künc-bucaqda qaldısa üstünü toz basır, amma mən təmizkar adamam. Hazırki iş yerimdə kitabı görən kimi onu "özəlləşdirdim". Deməzdim ki, qısa müddət ərzində oxuyub bitirdim. Fasilələrlə kitabı 1 ay içində oxudum. Təsadüfdən bir öncə oxuduğum kitablar İsa Muğannanın "Kollu koxa" və "Şəppəli" hekayələr toplusu olmuşdu. Bu kitablar məni milli müasir ədəbiyyata həvəsləndirmişdi. "Yad dildə" bu həvəsi bir az da artırdı. Bəlkə də qəribə səslənə bilər, amma onu deyim ki, Pərviz Cəbrayıl kimi müasir yazıçılar çox olsa, bizim milli kimlik məsələsində yaşadığımz tərəddütlər, cəmiyyətimizi yeyib dağıdan problemlər və bir sosium kimi formalaşmaq bariyerləri bədii ədəbiyyat vasitəsi ilə aradan qaldırılardı. Gəlin aşağıdakı başlıqlar çərçivəsində əsərə nəzər yetirək.

2-ci epizod: Pərviz Cəbrayıl
Fotosuna baxıram və öz-özümə deyirəm: cavan adamdır, amma bəzi şəkillərində yaşlı görsənir. 1992-ci ildən ölkəmizin müxtəlif qəzetlərində çalışmağa başlayan Pərvizin ilk kitabı - "Öləngi" 2000-ci ildə çap olunub. Onun üçüncü kitabı olan "Yad dildə" romanı isə, məmləkətimizin son 20 ilində baş verən hadisələrə bədii yanaşmasını əks etdirir. Əsər "Nəsimi" və "Milli Kitab Mükfatı" kimi nüfuzlu kitab müsabiqələrində də öz sözünü deyib. Zəif sezilən və əsasən də kitabın sonlarına yaxın görünməyə başlayan bəzi məqamlar sayəsində yazıçının şəxsi fəzasına giriş əldə edə bilirik. Diqqətli olsaz, maraqlı şeylər oxuya bilərsiz, amma o da normaldır ki, yazıçı haqqında çoxlu cavabsız suallarınız yarana. 

3-cü epizod: Yad dildə
"Yad dildə" romanını niyə oxumaq haqda 1-ci epizodda söhbət açdım. Bəs "Yad dildə" özü nədən söhbət açır? Bu haqda geniş, ətraflı və bütün təfərrüatları əhatələyən yazı yazmağa cəsarət etmirəm. Ona görə də qısaca olaraq romanın ölkəmizin olduqca həyati vacib hadisələri, tendensiyaları və reallıqlarından bəhs etdiyini deyirəm. Yazıçı tərəfindən obrazlar, yerlər, adlar, anlayışlar və digər məfhumlar ustalıqla konvergensiya edilərək, yarı distopiya, yarı magik realizm və drama janrında roman ortaya çıxarılıb. Janr haqqında da çox söz demək olmur. Bir neçə janr kəsişir və mən daha çox kitabı nədənsə distopiya janrında görmək istəyirəm. 

"Yad dildə"ni ölkəmizin, xalqımızın və millətimizin tarixi ilə gələcəyi haqda roman da adlandırmaq olar. Axtarış sistemlərində axtararkən kitab haqqında kifayət qədər çox sayda oxucuların, ədəbi tənqidçilərin və düşünürlərin təhlillər apardığını, müsbətlər və mənfilər haqda yazdıqlarını gördüm. Əlbəttə, mən ədəbi tənqidçi olmasam da, mütaliə təcrübəm və düşünməyə həvəsim mənə deyir ki, "Yad dildə" son dövr Azərbaycan ədəbiyyatından ortaya çıxan sanballı nümayəndələrdəndir. Hətta mən deyərdim ki, kitab özü ona olan ehtiyacı hiss edib Pərvizin beyni vasitəsi ilə bizim beynimizə təşrif buyurub. 

Əsərin maraqlı cəhətlərindən birisi odur ki, biz Allahın hunamizasiyasının şahidi oluruq. "Şəhərə Tanrı gəlib - bir əcnəbi turist qiyafəsində, çiynindən fotoaparat da asılıb.  Amma onun Allahlığını bilən, qonağın dilini anlamağı bacaran yox.  Onunla danışanlar da sonradan söhbəti xatırlamır, “onlara elə gəlir ki, söhbət anlaşılmaz olub, hərə öz dilində danışıb, Allahın danışdığı dili isə hamı “yad dil” kimi təsvir edir" yazarkən, görünür, Pərviz cəmiyyətimizin mənəvi aləmdən necə də uzaq düşməsini, deqradasiya etməsini vurğulamağa çalışır. Müxtəlif dini məsələlərə və problemlərə vizual yanaşır. 

Mənim aləmimdə din şəxsi bir şeydi. Əslində bu belə də olmalıdır. O, hamıda olmalı olsa da, heç kimin mənafeyinə xidmət edən alət olmamalıdır. Qəlblərdən, ya da beyinlərdən digər beyinlərə və qəlblərə yol axtaran din artıq öz ilkin mahiyyətini itirir. Romanın sonlarına yaxın kəsişən cəmiyyət layları (siyasət, din, hakimiyyət və s.) olduqca eqoistik mənzərə yaradır. Təbii ki, onların arasında kimin ən güclü olduğu bilinir, çünki bu sadəcə eqo mübarizəsidir. Belə mübarizədə eqosu güclü olan qələbə qazanar, zəif olan isə uduzar. Halbuki, mənim kimi utopiya həvəskarı və idealis birisi üçün güc obyektivlikdə və təmiz şüurdadır. Bu baxımdan "Yad dildə"nin ortaya qoyduğu epizodlar bildiyim şeyləri bir daha daha milli formada və daha aktual üslubda çatdırdı. 

Əsasən xarici ədəbiyyat nümunələrini oxumağı sevirəm, çünki onlar mənə lazım olanı verməyi bacarırlar. Ənənəvi anlayışlara, düzənlərə, quruluşlara, məfhumlara və tarixə fərqli baxışı yerli yazıçının dilindən oxumaq maraqlıdır. Əsərin sadəcə sosial-siyasi kontesti deyil, bütünlüklə digər qeyri-siyasi aspektlərini də kifayət qədər bəyəndim. Müxtəlif obrazların düşüncələri, hərəkətləri və qərarları yaxşı təsvir olunub. Gündəliklik ədəbi formaya salınıb. Məhz bu fərqli ədəbi təəssürata görə "Yad dildə" mənim üçün yaddaqalan oldu.  


4-cü epizod: Mən hardayam?
Çox maraqlı məqamlardan birisi odur ki, oxucu hərdənbir qiraətinə fasilə verib, mən haradayam, hansı zamandayam suallarını verə bilər. Bəzən hər şey çox doğma, bəzən isə çox yad təəssüratı bağışlayır. Tamamilə normal olan bu suallar diqqətli oxucu üçün öz-özünü cavablandırır, çünki oxunanları cəmiyyətimizin keçmişi və cari tendensiyaları ilə əlaqələndirəndə, hər şey öz yerini tutur.

Zamanı müəyyənləşdirmək üçün isə qarşımıza çıxan elementlər bizə zaman və məkan müəyyənliyini təmin etmək üçün yardımçı olurlar. Məkan isə İçərişəhərdir. Bayırşəhər adlanan məkanın adı tez-tez təkrarlansa da, biz onu daha çox abstrakt ideyaların tərənnümü kimi başa düşə bilərik. Başqa sözlə, romanın sonunda əldə olunan bəzi "uğur"lar sayəsində insanlar Bayırşəhərə çıxa bilirlər ki, bu da öz növbəsində azadlığın növbəti simvoludur. Başqa sözlə, hadisələrin cərəyan etdiyi məkanı kiçildib bütün diqqəti ora toplamaq yaxşı süjet üçün olduqca vacibdir. 

Azadlığın birinci dərəcədə simvolu isə, Xunta rejimi tərəfindən insanlara verilişi maksimal dərəcədə məhdudlaşdırılan "su"dur. Romanın özü elə su haqda möhtəşəm fakatla başlayır və elə su haqda faktlarla da bitir. Su nəinki bizim planetdə, bəşəriyyəti zənnincə, bütün kainatda həyatın əsas şərtidir. Həyat susuz mümkün deyil. Su isə elə bir şeydir ki, tez-tez formasın dəyişir. Gah qaz halına keçir, gah maye halında olur, gah da bərkiyir. Onu başa düşmək çox çətindir. Romanda isə "su"yu əldə etmək çox çətindir. 

Son söz əvəzi 
Əlbəttə ki, mən demərəm ki, "Yad dildə" şedevrdir, möhtəşəmdir, tayı bərabəri yoxdur. Lakin mən deyərəm ki, "Yad dildə" fəlsəfi qəziyyələrlə dəstəklənən, aktual, sosial-siyası, ictimai problemləri bədiiləşdirən əsərdir və müasir Azərbaycan bədii ədəbiyyatı nümunələri arasında oxunmağa layiqdir. Təbii olaraq oxucular oxuduqlarını tənqid də edə bilərlər, tərifləyib təbliğ də edə bilərlər. Ona görə də romanı obyektiv təhlil etmək və ondan nəticə çıxarmaq öz əlimizdədir və əgər bəxtiniz gətirsə, şüurumuzun təmiz tərəfi, cəmiyyətimiz haqda maraqlı şeyləri əks etdirən "Yad dildə"ni idrakımızın öhdəsinə buraxacaq. Bir şeyi unutmamaq lazımdır ki, biz hamımız çox fərqliyik və ona görə də ətrafımızı, yaşadığımız dünyanı fərqli görürük. 

Seçilmi hissələr

1. İçi mənqarışıq bir arxa, selə - cəmiyyətə, çevrəyə qoşulub, sürətlə gedirik; burda hərənin öz yeri, öz nöqtəsi var - bu bir nöqtəlik yerini itirsən, havada qalmaq qorxusu baş üstdən asılı, bir anlığa cərgədən çıxıb, axardan ayrılıb peşov etmək istəyirsən - ədəb-ərkan xatirinə - mümkün deyil, eləyə bilməyəcəksən - axarın içindəcə, içinəcə "qaçırmalısan" - hamı da sənin kimi. Və beləcə getdikcə bu girdab nəcasət, pislik axarına, üfunət selinə çevrilir - sən də üfunətyayıcılardan biri kimi bu cəhənnəmi ciyərlərinə çəkib Tanrıya şükür eləməyə borclusan, - cəmiyyətə küfr eləməksə ağlının ucundan belə keçməsin...  

2.  Şahmatın cəlbediciliyi təməldə bir şeydən qaynaqlanır: strategiyanın fərqli beyinlərdə fərqli formada formalaşmağından. Bu mücərrəd döyüşdə qaralar ağların hansı fəndi edəcəyini bilmir və ona görə də mütəmmadi olaraq təxminlər irəli sürməyə başlayır və çıxış yolları axtarır. Eləcə də qaralar ağların xainliyini tapmağa və baltalamaq üçün əllərindən gələni edir. Ağı və qaranı eyni adam oyanarsa ortaya əsassız bir vəziyyət çıxmış olur, çünki bir şeyi bir tərəfdən bilməli, digər tərəfdən də unutmalıdır. Ağ olaraq oynarkən qaraların məqsədini və etmək istədiyini unutmalıdır. Belə düşüncə şüurun bölünməsini tələb edir, beyin funksiyasının mexanik alətdəki kimi açılıb qapanmasını istər, başqa sözlə, özünlə şahmat oynamaq, öz kölgənin üzərində tullanmağa oxşar ziddiyətdir. 

3. Bu torpağın havasındadı, suyundandı, nəyindəndi - bilmirəm, amma bu ölkədə yaşayanların hamısı - yəni bütün azərbaycanlılar yalnız dünənlə, keçmişlə yaşayır. Sabah haqda düşünən yoxdu, sabaha heç kim inanmır. Bizdə hansısa biznesmen 100 il sonra gəlir verəcək hansısa bir sahəyə yatırım yatırsa, hamı ona dəli kimi baxar, çünki hamı sabaha yox, keçmişə baxır. Bütün gözlər keçmişə dikilib. Bu məmləkətdə yalnız əskiyə tapınırlar. 

4. Vətən mənim oğlumun adıdı. "Vətən" deyəndə nə çox vətən; mən "Vətən" deyəndə yalnız oğlumu yadıma salıram. Çünki mən Vətənin yox, Vətən mənim oğlumdu; mən atası olduğum Vətəni sevə bilərəm. O, isə məni sevməsə də haqlıdı - o, məni yox, mən onu atmışam. Məni atan Vətən adını isə dilimə belə gətirmək istəmirəm. 
5. Iokoqom Universitetinin doktoru Masaru Emoto sübut edib ki, “suyun üç halından başqa bir halı da varmış – su informasiyanı ala, surətini çıxara, yadda saxlaya və ötürə bilir…

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi