Ejen İonesko - Kərgədan

Ионеско Эжен - Носорог
Eugène Ionesco - Rhinocéros

Bazar günü günorta saatlarında ani olaraq şəhərin küçələrində peydə olan kərgədan ilk öncə ciddi diqqət çəkməsə də, qısa müddət ərzində onların sayı çoxalır və onları hər yerdə görmək olur. İnsanlar dayanmadan kərgədanlaşmağa başlayır...

Ejen İonesko
Rumın əsilli fransız dramaturq Ejen İonesko 1909-cu il 29 noyabr tarixində Rumınyanın Slatina şəhərində anadan olub. İyirminci əsrin avanqard teatrının klassiki kimi qəbul edilən Ejen, absurdizmin estetik axınının banilərindən hesab olunur. 84 yaşında vəfat edən İonesko, Parisin Montparnasse məzarlığında dəfn olunmuşdur. Daha çox fransız dilində yazmışdır, lakin rumınların ən çox qürur duyduqları şəxsdir. "Kərgədan" dramatuqrun ən məşhur əsərlərindən olub, totalitarizmin timsalında bütün sistemlərin və güclərin insan şəxsiyyətinə təsirindən bəhs edir. "Güc"ü kərgədanın timsalında simvolikləşdirməsi, dramaturqun onun həqiqi təbiətinin qeyri-müəyyənliyinə verdiyi işarədir. Olduqca estetik xüsusiyyətə sahib olan əsər çox düşündürücüdür. 

Bolşevizm? Nasizm? Kütləvi ağılsızlıqlara imza atan iyirminci əsr cəmiyyətlərin tərəddütləri ilə bəşər tarixində iz qoydu. Cəmiyyətlər öz insani simalarını itirməyə cəhd etməklə özlərini qamçılamaqdan başqa bir şey etmiş olmadılar. Çox qəribədir. İnsanlar daxillərindəki vəhşiliklərin oyadıb ona tabe olmaq istədikdə qan su yerinə axır və növbəti zülmət səhifəsi bəşəriyyət adlanan kitabın davamını əmələ gətirir. Ejen İonesko bütün bu fikirləri fikirləşməyimə səbəb olan "Kərgədan" pyesi ilə iyirminci əsrin qanlılığını ortaya qoyub.  


Kütlə daima yuxudan olan kərgədan kimidir. Kərgədan əsərdə olduqca güclü simvol kimi təsvir olunub. Şəhərdə anidən peydə olan kərgədanlar, ilk öncə tək-tək gözə dəysə də, sonradan sürətlə sayları artır. Kərgədan qabalığın, vəhşiliyin, gücün, qeyri-müəyyənliyin simvolu kimi bizim sosial həyatımızın reallıqlarını əks etdirir. Onları görməyə başlayan insanlar əvvəlcə buynuzların sayır və Afrik, yoxsa Asiya əsilli olduqları haqda polemikalara girişirlər. Bu ideologiyaların cəmiyyət tərəfindən təhlil edilməsini simvolizə edir. Daha sonra ideologiyanın güclənməsi səbəbindən, yolxucu xəstəlik kimi insanlar kərgədana çevrilməyə başlayırlar. İnsanların kərgədanlaşması hansısa kütlə ideologiyasına qurban getməsini əks etdirir və öz-özü ilə birlikdə, həm də yaxınlarına və doğmalarına yadlaşmasını təsvir edir. Şəxsən mən öz-özümü kərgədanlaşarkən təsəvvür etməyə çalışdım: Həqiqəti bilə-bilə ondan uzaqlaşmaq ən böyük mənəvi işgəncə və dözülməz alçaqlıqdır. Hamar və tərli alnımdan çıxan buynuzun ağrısını bütün bədənimlə hiss edirdim. Dözülməz baş ağrısı batan səsim və yaşıllaşan dərimlə müqayisədə inanılmaz dərəcədə ağrılı idi. Bütün günü vurnuxdum. Özümdə hiss etdiyim sərhədsiz güc bədənim boyunca hərəkət edirdi. Özümü divara sürtür, hərdən də özümü yumruqlayırdım. Formasını dəyişən ətraflarım məni qorxudurdu. Sanki, dərin yuxuya qərq olurdum. Kimsə mənə layla deyirdi. Gözlərimi açanda buynuzumla qarşıma çıxan hər şeyi dağıdırdım....


İonesko "Kərgədan" haqda qeyd edir: Kərgədan kollektiv isteriyanın və ideyaların və şüurun paltarında olan müxtəlif epidemiyalarına qarşı yazılmış pyesdir. Mən həmin sistemlərin mənasızlığını, insanları necə yoluxdurduqlarını, udduqlarını və sonra onları necə qul etdikləri haqda yazmaq istəmişəm. Bir çox tənqidçilər mənə dedilər ki, konformizmi inkar edərək şəri ifşa edib xeyirin nə olduğuna toxunmamışam və oxucuları və izləyiciləri vakuumda tərk etmişəm. Halbuki, mən elə bunu da istəyirdim. Azad insan heç kimin köməyi olmadan öz gücünə, özü bu vakuumdan çıxmalıdır. Bu pyesin uğuru məni heyrətləndirir. Görəsən, insanlar onu lazım olan dərəcədə dərk edirlərmi? Həqiqətənmi təsvir olunan möhtəşəm kütlələşməni görə bilirlər?Ən əsası, özünəməxsus və təkrarsız qəlbə sahibdirlərmi? 


Şübhəsiz ki, "Kərgədan" zamanının totalitar ideologiyasını yaxşı təsvir edən pyes olub, bir çox yanaşma tərzini özündə əks etdirir. Belə ki, kərgədanlaşma öz miqyasını artırdıqca, biz həm də əsərin obrazlarının ona olan müxtəlif yanaşmaları da müşahidə edirik. Kimlərsə onunla razılaşır və kərgədanların sürüsünə qoşulur, kimlərsə onu tənqid edir, qəbul etmir, buna baxmayaraq yenə də bəziləri kərgədanlaşır, kimlər isə hətta istəsələr belə kərgədanlaşa bilmir. Obyektiv xeyir, işıqlı qüvvələrin döyüşçüsü sona qalan tək bir fərd olur. "Hanı mənim silahım" deyərkən və "Mən təslim olmayacam" deyərkən oxucu kifayət qədər cəsarət dozası qəbul edir. Bəyəm azadlıq gözəl deyilmi? Niyə insanlar könüllü olaraq özlərini həbsə məhkum edib özünüqamçılama ilə məşğul olurlar ki? Düşünə bilərsiniz ki, mən yenə də sevimli mövzum olan "eqo"nu hər şeyə calayıram, amma insanların sayının artımına düz mütənasib olan qruplaşmaların, təşkilatlanmaların və ideyaların sayı artır. Bəşər tarixinin tökdüyü qanı beynimdə canlandırmağım kifayət edir ki, əsl azadlığı, sərbəstliyi və xoşbəxtliyi boşluqda görən və tapan fəlsəfələrə rəğbətim artsın. 


Təkcə eqo mənim sevimli mövzum deyil. Eqonun baş rolda iştirakı ilə yaradılan sistemlərə ümumi-fəlsəfi baxış da mənim ən sevimli mövzularım sırasındadır. Çünki fərdin azadlığının xəritəsi günbəgün aktuallaşır (kiçilir). "Kərgədan" mənə sevimli mövzularımı bir-biri ilə əlaqələndirməyə və bəzi şeyləri yenidən götür-qoy eləməyə vadar edir. 


Cəmiyyət üçün 30-40 il nədir ki? Faşist almaniyasının və Sovet sisteminin çöküşü ilə ideologiyaların da gözdən itdiyini müşahidə etmək olar, amma bu sadəcə ilk baxışda belədir. Hal-hazırda Viktor Pelevinin təbirincə desək, "anonim diktatura" meydanda at oynadır və bu öncəkilərindən çox daha təhlükəlidir. Anonim diktaturada qulları qamçılayan qul başçıları görünsə də, quldarlar görünmür, Halbuki, onlar vardırlar və bütün gücü ilə istismara davam edirlər. 


Sənin qəhrəman olmadığın vaxtda bütün dünyanın başı xarab olarsa, nə etməli? Sən heç də cazibədar olmayan, igid olmayan və çəlimsiz insancığazsan. Heç həyatdan da başın yaxşı çıxmır. Sözsüz ki, normal insanların əmələ gətirdiyi bir cəmiyyət var, lakin normallıq anlayışı ani olaraq dəyişməyə başlayır. Əsərin son səhnəsi qəhrəmanın yeni dəyərləri və ideyaları qəbul etmək cəhdləri uğursuzluqla nəticələnərək, xeyirin sığındığı yöndəmsiz insancığazın mənəvi statusunu yaxşı təsvir edir: Yaraşıqsızam mən, tamamilə yaraşıqsızam! Onlar isə gözəldirlər. Mən düz olmamışam. Ah, mən necə də onlar kimi olmaq istərdim. Heyif ki, buynuzum yoxdur. Bu necə də iyrəncdir, hamar alın. Bir ya da iki buynuz necə də əla olardı. Bəlkə də olacaq və mən utanmayacam və oların yanına gedə biləcəm. Amma niyə görəsə mənin buynuzum çıxmır. 


Belə əsərlərdə süjet əvvəlcədən bilinsə də, "köhnə mehriban absurdizm" bizə yenə də nə isə təklif etməyi bacarır. Absurd siyasi reallıqları və fərdin azadlığını işıqlandırmağa münbit şərait yaradan gözəl janrdır. İnsanları bir həb kimi udan ideologiyaların absurd interpretasiyası bizə bir daha sübut edir ki, daxilimizdəki suallara asan cavab yoxdur. Buna baxmayaraq əgər biz yenə də cavab axtarmaqda israr ediriksə, çox ehtiyatlı olmalı və həqiqi mənliyimizə qulaq verməliyik. Nəzərə alsaq ki, bütün inqilablar və düzənlər öz balalarını yeyir və geriyə sadəcə sümüklər qalır, o zaman bizim ikitərəfli tələdə olduğumuzu başa düşməyimiz o qədər də çətin bir şeyə oxşamır. 


Vay o kəsə ki, özünəməxsusluğunu qorumaq istəyir! (əsərin son cümləsi)

Comments

Post a Comment

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi