Corc Bernard Şou - Şeytanın şagirdi

Amerikalı puritan kolonistlərin həyatı azadlıq uğrunda mübarizəyə görə hər gün dəyişir. Bəzi ailələr normal, ənənəvi həyatın prinsiplərinə uyğun olaraq yaşamağa çalışsalar da, müharibə və siyasət onların həyatına müdaxilə edir. "Şeytanın şagirdi" bu pyes üçün qəribə ad ola bilər, lakin məhz bu ad Xristianlığın bütün şəfqətini göstərməkdə uğur qazanır. "Şeytanın şagirdi" siyası fəndlər, dini reallıqlar və sosial konvensiyalardan bəhs edən, yazıçının İbsenin təsiri altında "yeni dram" janrında yazdığı olduqca maraqlı pyes hesab edilir. 

Pyesi başa düşmək üçün onun obrazlarına diqqət yetirmək kritik əhəmiyyət kəsb edir. Bit tərəfdə cənab Dadcen və onun böyük oğlu Riçard var. Cənab Dadcen pyesin bütün xeyir elementlərinin təcəssümü kimi qəbul edilə bilər, amma Riçard valideyn evini tərk etmiş və şeytana ibadət etməyə qərar vermiş yaramaz övladdır. Buna baxmayaraq tarixin dönüş nöqtəsində Riçard əsl qəhrəmana çevrilə bilir. Yazıçı hadisələrin belə inkişaf trayektoriyası ilə cəmiyyətlərin ironiyası mövzusuna maraqlı yanaşmasını nümayiş etdirir, İngilis müstəmləkəçiliyini tənqid edir. 

"Şeytanın şagirdi" Bernard Şounun heç də şah əsəri, yaxud da tanınmış möhtəşəm əsəri deyil. Süjeti və obrazları etibari ilə əsəri kifayət qədər darıxdırıcı hesab etmək olar. Pyesin bədiiliyini dəstəkləyən yeganə xüsusiyyəti satira ilə zəngin olması və ingilislərin işğalçılığının ifşa edilməsidir. ABŞ-ın azadlıq mübarizəsi və azadlıq konsepsiyasını məişət səviyyəsindən ölkə siyasəti səviyyəsinədək qaldırmaq, razıyam ki, olduqca böyük ustadlıq dərəcəsi tələb edir. Buna baxmayaraq yenə də əsər haqqında yükək təəssüratlar qazanmadım. Ən əsası isə olduqca əzazilcə hadisələr gözləntisində olan birisi kimi pyesin romantik sonluğu məni məyus etdi. İşdi nə vaxtsa siz də bu əsərlə tanış olmaq qərarını versəniz, öncədən heç bir gözlənti standartları müəyyənləşdirməyin. 

Adətən Bernard Şounun əsərlərində zəngin fəlsəfi irslə rastlaşmaq olur. Təcrübəli oxucular və ədəbi təhlillər bu haqda dolğun təsəvvür yaradır. Əminliklə demək olar ki, mən Bernard Şou yaradıcılığına uğursuz giriş etdim. Ümid edirəm ondan oxuyacağım digər kitablar məndə daha yaxşı ədəbi təcrübə formalaşdıracaq. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi