Banana Yösimoto - Ay işığı kölgəsi



Banana Yoshimoto - Moonlight Shadow 

Банана Ёсимото - Тень луны


Banana Yösimoto
Əsl adı Maxoko Yösimoto olan yapon yazıçısı Banana Yösimoto, 1964-cü il 24 iyul tarixində, Tokionun Bunkyö adlı 23 xüsusi rayonundan birində anadan olub. Çox güman ki, yazıb yaratmaq həvəsini ədəbi tənqidçi, publisist və filosof atası və şairə anasından miras alıb. Özünün qeyd etdiyinə görə 5 yaşından yazmağa başlayan yazıçı, "Ay işığı kölgəsi" əsəri vasitəsi ilə oxuduğu universitetin dekanı tərəfindən mükafata layiq görülüb. Məhz bu məqam ona professional yazıçılıq yolunda addımlamağa stimul verib. "Mətbəx" adlı debüt əsəri isə üç mükafata birdən layiq görülüb. "Mətbəx", "Çuhumi" və "Argentinalı qadın" adlı əsərlərinə isə film də çəkilib. Ümumiyyətlə ötən əsrin 80-90-cı illərini Haruki Murakami və Banana Yösimitonun ədəbi yaradıcıllığının Yaponiyada yüksək dərəcədə populyarlıq qazandığını asanlıqla demək olar. 

"Ay işığı kölgəsi"ni oxumağa məni vadar edən məqam o oldu ki, bu yaxınlarda Haruki Murakaminin - mənim ən sevimli yazıçım - yaradıcıllığına bənzər yaradıcıllığa sahib yazıçıları araşdırırdım və Banana Yösimotonun bu siyahıda ilk yerə sahib olduğunu gördüm. Kiçik həcmi və qeyd etdiyim xüsusiyyəti sayəsində oxumaq qərarını verdiyim "Ay işığı kölgəsi" insan münasibətlərinin və sevginin həyatımızda qoyduğu izlər və qarşımıza çıxardığı çağırışlardan söhbət açır. Ölüm və varlıq məsələlərinə bədii-estetik baxış və sürreal yanaşma Haruki Murakami üslubunu xatırladır. 

Satsuki adlı gənc bir xanım sevgilisinin (Hitoşi) qəzaya düşərək dünyasını dəyişməsindən sonra bir çox problemlər yaşayır. Hər səhər tezdən qaçışla məşğul olan Satsuki, Urara adlı qəribə bir qadınla tanış olur. Qadın ona hər yüz ildə bir dəfə Hitoşinin öldüyü körpüdə baş verən fenomenlə tanış etmək üçün ona görüş təyin edir. Beləliklə də, təyin olunmuş yerdə və məkanda görüşən Satsuki və Urara, ölümlə həyatı ayıran sərhədin gözdən itərək qeybinin şahidi olur və sevgilisini ani olaraq da olsa, görmək şansı əldə edir. Daxilində ki bütün təlatümlərə bu görüş sayəsində son qoyan Satsuki, özünü bağışlayaraq həyatına davam edir. Məhz bu məqamda biz ölmüş insanın ruhu ilə sağollaşmağı bacarmağın həyatda qalmış insanlar üçün necə də vacib olduğunu görürük. Hekayənin əsas bədii və tərbiyələndirici nəticəsi də budur: özümüzü bağışlamaq, ölümü qəbul etmək və ona hörmət etmək həyatın ən fundamental tələblərindəndir. Buna riayət etməyən insanlar ən yaxşı halda Satsuki kimi iztirab çəkir, ən pis halda isə həyatla sağollaşırlar. 

Ədəbi xəfifliyi, yaxşı mənası və oxunaqlığına baxmayaraq, əsərin bəsitliyi məni tam olaraq ondan qane olmağıma əngəl törədir. Haruki Murakaminin yazı tərzinə çox oxşar olsa da, Murakamidən fərqli olaraq Banana Yösimoto oxucuya hər şeyi hazır şəkildə verir. Murakami isə oxucu ilə oyanyır, onu intizarda saxlayır və gözlənilməz süjet döngüləri ilə effektiv vizual təcrübə yaşadır. Başqa sözlə, hər nə qədər deyilsə də ki, Yösimoto Murakami ilə çox oxşar yazıçıdır, "Ay işığı kölgəsində" əsərini oxuyaraq bunu təsdiqləmək çətin məsələdir. Əlbəttə, nəzərə almaq lazımdır ki, yazıçıların ilk əsərləri onların yaradıcıllıqlarını heç də ideal təmsil etmir. Bu baxımdan gələcəkdə çalışacam ki, yazıçının ən azından bir əsərini də oxuyum ki, Yaponiyanın müasir bədii-ədəbiyyatında özünə yer qazanan Banana Yösimotonu daha dolğun başa düşə bilim. 

Öz-özlüyümdə əsərin üç müsbət cəhətini aydınlaşdırıram: 1) Kiçik həcm - bəzən biz kiçik həcmə, lakin zəngin təsvirlərə və parlaq səhnələrə ehtiyac duyuruq. Belə məqam üçün "Ay işığı kölgəsi" çox uyğundur; 2) Parlaq obrazlar - Satsukinin özü də, sevgilisinin qardaşı Hiiraqi də olduqca parlaq ədəbi obrazdırlar və özünəməxsusdurlar. Oxucu onları nəinki aydın təsəvvür edir, həm də istəsə, onlarla özündə ünsiyyət də yaradır; 3) Yapon folkloruna istinadlar - bu məqam da əsərin müsbət cəhəti sayıla bilər, çünki "Ay işığı kölgəsi" vasitəsi ilə mən "Toxucu və çoban" əfsanəsi və  "Tanabata" bayramı haqda maraqlı məlumat əldə etdim. 

Yekun olaraq onu qeyd etmək istərdim ki, müasir yapon ədəbiyyatının bir digər nümunəsi ilə tanış olduğuma çox şadam. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi