Oliver Saks - Arvadını papaqla səhv salan kişi və digər kliniki nağıllar

Oliver Sacks - The Man Who Mistook His Wife for a Hat and Other Clinical Tales

İyirminci əsrin ən tanınmış nevroloqlarından biri olan Oliver Saks tərəfindən yazılan "Arvadını papaqla səhv salan kişi və digər kliniki nağıllar" bizə nevroloji xəstəliklərdən əziyyət çəkən insanların dünyasına səyahətə dəvət edir. Müəllif bizə intellektual və əqli xəstəlikləri yaranan insanların problemlərini həm bədii, həm də elmi cəhətdən izah edir: insanların sifətlərini və ümumi əşyaları dərk etməyən, yaddaşını və keçmişinin böyük hissəsini itirən, ətrafları sahibinə yadlaşan və digərlərinin. Oliver Saksın möhtəşəm bədii təhkiyəsi sayəsində, kitabı oxuyub bitirdikdən sonra biz müxtəlif nevroloji problemlərlə mübarizə aparan insanların nələr hiss etdikləri haqda tam və dolğun təsəvvür sahibinə çevrilirik. Kitabın məzəli adı kimi, mündəricatı da olduqca zəngindir. Müxtəlif kiçik və orta həcmli hekayələr bizə nevroloji patologiyalardan əziyyət çəkən insanlarla tanış edir. Kitabı oxuyub bitirdikdən sonra həm təcrübəli və savadlı bir həkimin, həm də bütün bu problemlərdən əziyyət çəkənlərin hansı çətinliklərlə üzləşdiklərini görürük. 

Oliver Saks 
Müəllif nevroloji təhlillərə çox yer ayırıb. Məhz bu məqam mənim üçün yorucu idi. Sözsüz ki, kitabın ən maraqlı cəhəti müxtəlif şəxslərin nevroloji problemlərdən çəkdikləri əziyyətlərin ideal təsviri oldu. Digər elmi təhlillər isə kifayət qədər darıxdırıcı xüsusiyyət daşıdı. Buna baxmayaraq hətta qeyri-həkim ixtisasına sahib insanlar da istəsələr həmin təhlilləri oxuduqda açıq və aydın şəkildə hər şeyi başa düşə bilərlər. Bu da müəllifin adi insanları nəzərə almağının göstəricisidir. Amma buna baxmayaraq bir çox terminlər və ifadələr müəllif tərəfindən çox rahatlıqla istifadə olunub. Halbuki, "Hyperagnosia", "Korsokovian" və "Meningioma" kimi terminlər gen-bol istifadə edərkən, görəsən, yazıçı elə düşünürdü ki, kitabın oxucular mütləq və sadəcə nevrologiya kursunu oxumuş insanlar olacaq? Məhz bu baxımdan kitabda kontrast kəskindir. Çünki nevroloji xəstəliklərdən əziyyət çəkən insanların beynində gedən metafiziki proseslər haqda fikirlər söyləyən müəllif ani döngə ilə olduqca tibbi üsluba keçir və nəticədə oxucu, sanki, isti duşdan soyuq, buz kimi duşun altına düşür. Bəlkə də, oxucular kitabın adındakı "klinik" sözü göründüyündən daha artıq məna kəsb edir və hədəf kütlə kimi nevrologiya və psixologiya sahəsi ilə az-çox əlaqəsi olanları axtarır. 

Nə demək olar. Bütün bu hekayələri oxuduqca insanın içində bütün o xəstəliklərdən əziyyət çəkən insanlara qarşı möhtəşəm empatiya oyanır. Bir daha başa düşürük ki, xəstələnən insan, əziyyət çəkən insan, dava-dərmanlardan qat-qat çox diqqətə və qayğıya, insan istiliyinə və başa düşülməyə ehtiyac duyur. Valeriy Sinelnikov "Öz xəstəliyini sev" kitabında dəfələrlə qeyd edirdi ki, xəstəlik insanın kainatla ola əlaqəsinin kəsilməsinin nəticəsi olub, ona verilən şansdır ki, bir daha daxili dünyasına səyahət edib harmoniyanı bərpa etsin. 

Heç vaxt heç bir nevroloji xəstəliyə tutulmamaq arzusu ilə. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi