İsa Muğanna - Kollu Koxa

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan və öz əsərləri ilə nəsr tariximizdə əhəmiyyətli yer tutmuş İsa Muğannanın bu kitabında onun yaradıcılığının müxtəlif mərhələlərinə aid nümunələr toplanıb. Burada insanlara ayama qoşan, hər zaman həqiqəti söyləyən, ətrafını saflaşdıran və qorxudan Kollu Koxanın kaloritli obrazıyla qarşılaşacaq, məşhur “Kollu Koxa” povestini oxuya biləcəksiniz. Bununla yanaşı, kitabda yazıçının yaradıcılığının çoxşaxəli olduğunu göstərən “Qayım qaya” kimi rəmzləşdirmə modeli, “Elan: İsa Hüseynov özünü axtardı, tapmadı” zarafatının yer aldığı “Yazıq” essesi kimi bir çox maraqlı nümunələr də dərc olunub.

Kitabın oxucuya təqdim etdiyi ilk əsər "Kollu koxa" povestidir. Povesti oxuyub bitirdikdən sonra ənənəvi olaraq yenə də bir xeyli təəccübləndim. Təəccübləndim ki, ən müasir Azərbaycan bədii ədəbiyyat tarixində milli kimlik məsələsini, faciəvi sosial problemləri və sistemlərin ikili standartlarını bu qədər qısa, amma iti bədii dillə insanlara çatdırmağı bacaran yazıçımız var. "Kollu koxa" özündə sovet dövründə cəmiyyətimizin düçar olduğu bədbəxtliklərə qarşı özünəməxsus etirazını daşıyır. Povestin süjet xəttində Qaracılar kəndində suçu işləyən və onun əhalisinə laylağılar qoşan Koxanın hekayəsidir. Koxanın sınağından keçə bilməyən adlı-sanlı insanlar acı həqiqətlərlə üzləşirlər. Bu həqiqətlər bizi bir daha milli kimliyimiz və həmrəyliyimiz haqda düşünməyə çağırır. Ən əsas nəticə: Cəmiyyətin həqiqətləri onu əmələ gətirən sadə insanlarda timsalında gizlənir. Əgər onların güzəranı pisdirsə, əgər onlar bədbəxtdirsə, deməli, hökümət səhv yoldadır. Bax belə bir gözəl nəticə, möhtəşəm bədii üslubda çatdırılıb. 
İsa Muğanna

"Ömür karvanı" həcmcə ikinci böyük hekayədir. Hekayə qəribə bir cütlüyün həyatına qısa baxış kimidir. Heybətov yoldaşın başına gələn qəribə macəra onu ailə həyatına tənqidi yanaşmağa vadar edir. Hekayə ifrat mentalitetin, əxlaq qanunlarının, anti-kosmopolitizmin fərdlərin həyatına olan təsirini ölçür. İkinci Dünya Müharibəsi sonrası Sovet ölkələrinin geyim-keçim qaydaları maraqlı tərzdə təhlil edilir. Aşağıdakı cümlələri isə unuda bilmirəm, çünki onlar sadə dillə böyük problemləri işıqlandırır: Vallah!...Vallah, yalan demirəm, Heybət. Sən təki insan... belə peyğəmbər təki insan belə kökələ-kökələ əslində şam təki əriyir gözümün qabağında. Hey elə fikir-zikir eləyirəm; neyləyim fikrin dağılsın?! Həyatımız yoxdu, ömrümüz çürüyüb gedir, mən əlacsız, sən əlacsız! Niyə belə darıxırıq? Niyə ölürük, ay Heybət?!

Kitabda "Kollu koxa" və "Ömür karvanı" əsərlərindən fərqli olaraq həcmcə kiçik (2-3 səh) olan hekayələr də yer alıb. Onu qeyd etmək yerinə düşərdi ki, hekayələr kiçik olsa da, mənaca böyük informasiya və bədiilik daşıyıcısıdırlar. Bu məqam yazıçının da böyüklüyünə dəlalət edir. Çünki normalda uzun cümlələr və zəngin söz bazası tələb edən əsərləri daha kompakt formatda çatdırmaq yazıçının ustalıq dərəcəsini göstərən ən əsas xüsusiyyətlərdəndir. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi