Apokalipsis - Apocalypto - Апокалипсис

Güclü sivilizasiyanı kənardan məhv etmək mümkün deyil, o vaxtadək ki, o öz-özünü daxildən məhv etməyə başlasın. - Uill Dyuran. 

"Apokalipsis" ispan müstə-mləkəçilərinin gəlişinə qədərki dövrün Maya sivilizasiyası və qonşu qəbilələrlə olan amansız münasibətlərini əks etdirən möhtəşəm filmdir. Filmdə az inkişaf etmiş qəbilələrə qarşı olan düşmənçilik və aşağılanma, insanları qurbangətirmə ritualları və sirli mistik rituallardan bəhs olunur. 

Günlərin bir günü Bəbirin Pəncəsinin başına faciələr gəlir. Onun kəndini qonşu qəbilə işğal edir, evləri yandırır və yerli sakinləri əsir götürür. Əsirləri şəhərə aparırlar ki, onları qurban gətirsinlər. Ölümün gözünə dik baxarkən, Bəbirin Pəncəsi bütün qorxularına qalib gəlməli və həyatda onun üçün ən dəyərli insanları xilas etmək üçün geri dönməlidir...

Haqqında çox eşitdiyim "Apokalipsis" filmini izləməyə müvəffəq olduğum və zəngin emosional təəssüratlarla ayrıldığım üçün çox şadam. Emosional təəssürat bəlkə də, bu film üçün olduqca zəif bir termin kimi görsənə bilər, amma filmin emosiya yükü o dərəcədə möhtəşəmdir ki, izləyici filmə baxmağa başladıqdan bir müddət sonra özünü baş obrazın və eləcə də bütün digər obrazların başına gələnlərlə assosasiya etməyə başlayır. Bütün bunlara realizm yükünü də əlavə etmək mümkündür. Başqa sözlə, filmdə baş verənlərin təsviri izləyicinin daxilində rəngarəng emosiyaları, sanki, yuxudan oyadır. Filmin malik olduğu dramatizm, xeyir və şər haqda olan bütün təsəvvürləri bir daha gözlərimizin qarşısına gətirir.

Bəbirin Pəncəsi
Filmin ən əsas vəsaiti sözsüz ki, baş qəhrəman olan Bəbirin Pəncəsidir. O, atasının və qəbilə yoldaşlarının ölümünə şahidlik etsə də, qorxu və ümidsizlik girdabında boğulsa da, qorxularına qalib gəlib mübarizə aparır. Başına gələn bütün faciələr, sanki, onu möhkəmlədir və yetkinləşdirir. Digər tərəfdən isə baş verən faciələrin özünü, şər və eqoistik qüvvələrin altında formalaşan Maya sivilizasiyasının ətrafına vurduğu zərərlər kontekstində müşahidə edirik. Əslində dini, mədəni və ya siyasi müstəvidən asılı olmayaraq, bütün qədim sivilizasiyalar, bütün böyük nailiyyətlər, uğurlar və yaddaqalan hadisələrin təməlində al insan qanı dayanır. Cari nümunədə müşahidə etdiyimiz faciələr və dəhşətlər hər nə qədər bizə uzaq görsənsə də, bəşər tarixi məhz elə öz qanı ilə yoğrulub. İnsanlar kifayətlənməməyə başladıqdan etibarən bütün dəhşətli faciələrin kökü qoyulub. Bütün bu dəhşətləri filmdə ideal izah edən bir məqam var - tonqal qarşısında oturan olduqca yaşlı bir qəbilə ağsaqqalı aşağıdakıları qeyd edir, tonqal ətrafında oturanlar da bütün diqqətini ona verərək dinləyir və sonra da ritual rəqsləri edirlər: Alaqaranlıq düşüncələrə dalaraq insan tək oturmuşdu. Bunu görən bütün heyvanlar və quşlar ondan soruşdular, biz sənin kədərini görürük, nə istəyirsən istə, hər şeyi edərik. Bunu eşidən insan dedi, iti görmə istəyirəm. Leşyeyən dedi ki, mən özümkün sənə verərəm. İnsan dedi, güclü olmaq istərəm, güclü olmaq istəyirəm. Bəbir cavab verdi ki, mənim kimi güclü olacaqsan. İnsan dedi, yerin bütün sirlərini bilmək istəyirəm. İlan cavab verdi, mən onları sənə öyrədərəm. Canlılardan hər biri insana bir bilik və istedad bəxş etdi. Bütün bəxşişləri alan insan ayağa qalxdı və getdi. İnsan gedəndən sonra bayquş digərlərinə dedi: indi ki insan bu qədər bilir və bacarır, mən qorxmağa başladım.  Heyvanlar bir ağızdan dedilər ki, insan bilikləri əldə edəndən sonra qüssələnməyəcək, amma bayquş davam etdi: mən insanda boşluq gördüm - doyurulmayan aclıq. Məhz bu aclıq onu kədərləndirir, məhz bu aclıq onu nə isə arzulamağa vadar edir. İnsan götürəcək və götürəcək. Günlərin bir günü isə Yer cavab verəcək: mən artıq yoxam və mən sənə nə isə verə bilmirəm. 

Bir başqa maraqlı və yaddaqalan epizod kimi filmin sonunda ispanların sahilyani ərazilərə gəlişini göstərmək olar. Bu məqam olduqca maraqlıdır. Astek və Maya mədəniyyəti haqda biliklərim bir o qədər də zəngin olmasa da, müstəmləkəçilərin yeni ərazilərə bir qayda olaraq istismar və ölüm gətirdiklərini təxmin etmək də çətin deyil. "Yeni həyat axtarışına gedirik" deyən Bəbirin pəncəsi, görəsən yeni faciənin fərqində olaraq bunu deyir, yoxsa, sadəcə hadisələrin təbii axını ona belə bir plan qurmağa vadar edir?

Yazını Daşlı Səma və Bəbirin Pəncəsi (ata və oğul) arasında keçən maraqlı söhbət ilə yekunlaşdırmaq istərdim: 
- Bilirsən sən həmin insanlarda nə gördün?
- Bilmirəm.  
- Qorxu. Daxildən məhv edən qorxu. Fərqinə vardın? Qorxu xəstəlik kimidir. O onunla qarşılaşan hər bir kəsin qəlbinə yol tapır.  Qorxu artıq sənin daxili sakitliyini də dağıdıb. Mən səni ona görə böyütməmişəm ki, sən qorxu içində yaşayasan.  Onu qəlbindən qov, onu burada qoy. Səhər dan yeri söküləndə, qəbilənin ağsaqqalları ilə birlikdə əcdadlarımızın müqəddəs təpəsində toplaşacağıq. Onların ruhu bizə düzgün qərar verməkdə köməkçi olacaq. 








Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi