Ernest Heminquey - Qoca və dəniz

Bu hekayə Santiyaqo adlı qoca kubalı bir balıqçının Qolfstrim cərəyanında nəhəng balıqla olan mübarizəsini nəql edir. İyirminci əsrin Heminquey klassikası adlandırılan əsər 1954-cü ildə "müasir üslubda təsiretmə"-yə görə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. 

Ümumiyyətlə Nobel mükafatını mən başa düşmürəm. Qorbaçova verilən Nobel sülh mükafatı kimi ədəbiyyat sahəsində də verilən Nobel mükafatı laureatları mənə çatmır. "Qoca və dəniz" əsərinin də Nobelə layiq görülməsi və dünyada bu qədər bəyənilməsi mənə nə isə qaranlıq qaldı. Onu qeyd edim ki, "Qoca və dəniz" əsəri vasitəsi ilə, azərbaycanlı yazıçı Çingiz Abdullayevin özünə ideal hesab etdiyi Ernest Heminqueylə mənim ilk tanışlığım baş tutdu. 

Əsəri müxtəlif cür dərk etməyə çalışa bilərik. Məsələn, metafora müstəvisinə daşıdıqda əsər kifayət qədər tərbiyəvi xarakter daşıyır. Başqa sözlə, sən kifayət qədər kişi olmalısan ki, əziyyətlərə tab gətirib özünü sübut edəsən və xoşbəxt olasan. Yaxud da, fəlsəfi nöqteyi-nəzərdə əsər bizə deyir ki, insan olaraq mübarizə aparmağa məcburuq və insan təbiətin üzərində mütləq hökmdardır. Əsər bəlkə də ədəbi estetika kontekstində də pis uğurlar nümayiş etdirmir. Yaxşı xırdalıqlar, təsvirlər bizi həmin anları canlı-canlı yaşamaqda köməklik edir. Buna baxmayaraq ədəbi üslub və tərz baxımından, süjet tərəfdən əsər darıxdırıcıdır. Bu, sanki, bir nöqtə ətrafında bərabər təcil ilə düzxətli bərabərsürətli hərəkətə bənzəyir (orta-məktəb fizika biliklərim bəzən köməyə gəlir). Bütün bunlar əslində ABŞ ədəbiyyatında xas olan zəhmətkeşlik və fanatik optimizm qoxusu ilə də kifayət qədər dəstəklənib. Odur ki, dünya miqyasında olduqca oxunan və bəyənilən "Qoca və dəniz" nədən bəhs edir? Bu istiqamətdə bəzi suallara cavab axtarmaq yerinə düşər.

Simbolizm varmı? Ola bilər var, ola da bilər yoxdur. İnanın, bu məsələdə çox şey oxucudan asılı olacaq. Əslində yazıçının özü kimi simbolizm yoxdur deməyi daha çox istərdim. Yəni dəniz elə dənizdir, balıq balıqdır, qoca elə ən adi qocadır, həyat ən adi həyatdır. Hadisələr və təsvirlər realistikdir, amma ikiölçülü fəzadan üçölçülü fəzaya keçid kimi bir səyahət yaşasaq, əsərə üstdən baxış imkanı əldə etsək, bəzi simbolizmi görə bilərik: ehtimal - insan bütün ömrü boyu mübarizə aparır. Dişlə, dırnaqla həyatını davam etdirmək üçün çalışır-vuruşur. Kimlərsə, yaxud nələrsə onun nailiyyətlərini əlindən almağa çalışır. Ümid edir, əmin olur və qəbul edir. Arzular, xəyallar və istəklər hovuzunda üzür. Günlərin bir günü bədəni zəifləyib əldən düşəndə o, möhtəşəm həyat eşqi üçün darıxmağa başlayır. Anidən bütün dünya ona qarşı olur. Həmin an gəlib çatır. Möhtəşəm mübarizə və qoyulan nöqtə. Qaçılmaz tale və məcburi aqibət. Bütün bunların ətrafında, bəli simbolizm var, amma ürəkçəkən balığın tutulması prosesi və öz-özü ilə danışıqlar, insanı güzəştə getməkdən uzaqlaşdırır. 

Əsərdən nəticə çıxırmı? Bəli çıxa bilər, əgər oxucu öz daxili zənginliyindən istifadə edərsə. Bu nə deməkdir? Bu o. deməkdir ki, "səni öldürməyən şey səni gücləndirir" kimi nəticəyə gəlmək üçün gərək bir xeyli ədəbi-fəlsəfi təcrübəyə malik olasan. Ən əsası isə ədəbi tərz bizə çox şeyi axtarıb tapmaqda böyük maneə yaradır. 

Hə, yoxsa yox? Bilmirəm hər nə qədər tərcümənin günahı var, amma Heminqueyi bir o qədər də bəyənmədim. Əlbəttə yazıçıdan ikinci və üçüncü kitabını oxuduqdan sonra daha dəqiq söz deyə biləcəm. Bu dəfəlik "Qoca və dəniz" cütlüyünə qanım isinişmədi. Kitab mənimlə dialoqda olmadı. Sanki, çox şeyi gizli saxladı. Qəribə passivlik məni yordu. ABŞ ədəbiyyatı ilə çox yaxın deyiləm. Sevimli yazıçım Haruki Murakami ABŞ ədəbiyyatına aşiq yazıçıdır. Hətta, dediklərindən belə başa düşmək olar ki, hər nəqədər Yukio Misimanı Yukio Misima edən alman dəbəiyyatı olubsa, Murakamini də Murakami edən ABŞ ədəbiyyatı olub. Düşünürəm ki, gələcəkdə mən də özümə uyğun yaxşı ABŞ ədəbiyyatı nümunələri ilə tanış ola biləcəm. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi