Artur Şopenhauer - Sevginin metafizikası

Dünya fəlsəfə tarixinə çox böyük tövhələr verən alman filosofu Artur Şopenhauerin "Dünya, iradə və təsəvvür kimi" əsərini Avropa fəlsəfəsinin və ümumi olaraq dünya fəlsəfəsinin çox böyük neməti kimi dəyərləndirə bilərik. Filosof bu əsəri ilə həyatımızda çox böyük rol oynayan ölüm, sevgi, insan iradəsi, onun daxili aləmi, qorxular, yaşamaq yanğısı, reallıq və illzüziyalar haqda özünəməxsus tərzdə möhtəşəm etik mühakimələr irəli sürür. Bu qəbildən yazılar siyahısına daxil olan "Sevginin metafizikası" qadınlar, instinktlər və ümumilikdə sevginin özü haqda olduqca dəyərli fikirlərdən ibarətdir. 

Şopenhauer sehri o zaman gerçəkliyə çevrilir ki, onun əsərlərini tam olaraq kitablarından oxuyasan, daha sosial media vasitələrində əlavə edilən müxtəlif posterlər və ya statuslardan yox. Bu baxımdan fəlsəfi əsərlər oxuyan insanlar bir addım öndədirlər. 

"Sevginin metafizikası" ilk növbədə qadınların qaranlıq tərəfinə fokuslanaraq onların "iç üzünü" açan quruluşa malikdir. Əlbəttə bu hissə ilə bir çox insanlar razılaşmaya bilər. Çünki filosof bu hissədə əsasən qadın riyakarlığı, saxtakarlığı, qəddarlığı üzərində dayanıb. Şübhəsiz ki, bu xüsusiyyətlər kişilərdə də var, lakin Şopenhauer qadınlar haqda belə yazmağının əsas səbəbi haqda tam bir söz demək çətindir.  

Ümumiyyətlə onu demək yerinə düşərdi ki, bəzi şeylər var ki, sözün həqiqi mənasında, onun dərinliyinə getmək lazım deyil. Əks təqdirdə insan fanatikləşir. Bəzən həyat yolu fanatizmi qaçılmaz edir, lakin yenə də fanatikləşmək obyektivlikdən uzaqlaşmaq deməkdir və əgər şəxs açıq şüurla yaşamaq istəyirsə bundan uzaq olsa yaxşı olar. Şopenhauerin sevgi və qadınlar haqda fikirlərində hər nə qədər doğruluq payı varsa da, bir o qədər də fanatizm qoxusu gəlir. Qadınları və kişiləri beton divarlarla ayırıb təhlil etmək, zənnimcə, ancaq prinsipial mövqenin nəticəsi ola bilər. Fəlsəfədə və ədəbiyyatda qadınlara dekorativ növ kimi baxan düşünürlərin sayı az olmasa da, bu mövqenin kəskin hal almasını normal qəbul etmək olmaz. 

Bəli qadınlarla kişilər fərqlidir. Bunu praktiki olaraq hamı bilir, lakin fərqliliyin üstünlük müstəvisinə daşımaq sonu olmayan yarışın başlanğıcıdır. Mən etiraf edirəm ki, son dövrlərdə iş həyatında qatı feminizm kimi hallar haqda çox eşidirəm. Bu bir növü qadınların uzun illər boyunda kişilər tərəfindən patriarxal cəmiyyətlərdə sıxışdırılmasına qarşı verilən cavab reaksiyası da ola bilər və kifayət qədər cılız şeylərdən xəbər verir. Çünki, hal-hazırda yaşadığımız dünya fiziki güc dünyasıdır. Fəzada əzələlərdən açılıb dörd bir tərəfə fışqıran enerji daha zəif iradə və daha zəif əzələni özünə tabe edir. Məhz  bu baxımdan hələ ibtidai icma quruluşundan bu yana qısamüddətli matriarxal dövrü patriarxal cəmiyyətlər izləyib. Bunun həmişə belə olub olmayacağı haqda düşünmək, kainatda özümüzdən başqa ali həyat əlamətləri axtarmaqla eyni kontekstdədir. Nə feminizm, nə də maskulizm sivil və humanist cəmiyyət quruculluğunda mühərrik rolunu oynaya bilməz. 

Maraqlıdır ki, təbiət canlıları təkamül etdirərək, cinsiyyətsiz və hermofodrit canlılardan, ayrı - dişi və erkək canlılara qədər böldü və əbədi olaraq daima birlikdə olmaq, birləşmək əmrini verdi. Məni düz başa düşün. Təbiət heç də bizi düşünüb bunu etməyib. O kifayət qədər eqoistdir, sadəcə və sadəcə özünü düşünərək zənginləşməyi fikirləşir. Bizdən istifadə edir. Təbiətin qarşısında qadınlar və kişilər, erkəklər və dişilər, hermofodrit canlılar, bölünmə ilə çoxalanların hamısı eynidir. 

Əslində isə Şopenhauer "Sevginin metafizikası" ilə insan instinktlərinin onun şüuru ilə olan münaqişəsi haqda yazıb. Yazılanları oxuyub yaxşı-yaxşı düşünmək lazımdır. Mövzulara müasir cəmiyyətin həyat prinsipləri çərçivəsində baxdıqda ortaya çox daha maraqlı nəticələr çıxa bilər. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi