Anton Çexov - 6 nömrəli palata/ Антон Чехов - Палата № 6

Çexovun "6 nömrəli palata" əsəri ictimai-fəlsəfi problemləri iti şəkildə işıqlandıran xarakter daşıyır. Əsər vasitəsi ilə yazıçı bədii imkanlardan ustalıqla istifadə edərək, cəmiyyəti dağıdan ən əsas qüvvə olan insan şəxsiyyəti üzərində zorakılıq, hörmətsizlik, ona qarşı olan haqsızlıq və bəraət və cəmiyyətdə fərdin haqq-ədalət uğrunda mübarizəsi kimi mühüm problemləri aydınlaşdırmağa çalışır. 

Anton Çexovun yaradıcılığından oxuduğum ilk əsər olan "6 nömrəli palata" məni yazıçının şəxsiyyətlərin hekayəsi vasitəsi ilə insanı həyatın mənası haqda düşünməyə təhrik etmək bacarığı baxımından çox təəccübləndirdi. Başqa sözlə, oxucu əsəri oxuyub öz varlığı və öz varlığının həyatdakı yeri və mənası haqda düşüncələrə dalacaq. Biz həyat sözünü cəmiyyət sözü ilə əvəzləsək, mənaca çox dəyişikliklə rastlaşmayacağıq və əlavə olaraq əsər haqda daha konkret və anlaşıqlı söz demək imkanını əldə edəcəyik. Bu baxımdan, "6 nömrəli palata"-nı mən ilk növbədə cəmiyyət, ikinci növbədə fərdi həyatın mənası haqda olduqca qısa və konkret, minimalistik tərzdə geniş kütləyə ötürülən təhlil materialı kimi qəbul edirəm. 

Bir insan olaraq biz müxtəlif cəmiyyətlərdə yaşayırıq. Bu cəmiyyətlər bizi uşaq yaşlarından etibarən formalaşdırmağa başlayır. Biz bizə təqdim olunan yanaşmaları, seçimləri və həyat tərzlərini mənimsəyirik. Kimlərsə daima nəyəsə inanır və onun uğrunda ölümə belə hazır olur. Kimlərsə ancaq özünü düşünür və özündən başqa heç kimi dəyərli hesab etmir. Kimlərsə də bütün bu insanların ağırlığını öz üzərinə götürür və müasir Atlant olur. Hər bir halda yaratdığımız bu cəmiyyətlər həyatımızda çox vacibdir. Bizim dünyagörüşümüz, şəxsiyyətimiz və mənliyimiz böyük ölçüdə yaşadığımız və əhatə olunduğumuz cəmiyyətlərdən asıldır. Bəs biz nə dərəcədə düzgün cəmiyyətdə yaşayırıq? Həqiqətənmi sahib olduğumuz dəyərlər, verdiyimiz şərhlər və sair kimi bütün cəmiyyət həyatının aspektləri olması lazım olan kimi əxlaqi prinspilərə uyğundur, yoxsa biz artıq ideal dünyada yaşayırıq?

Əsərə diqqətlə baxanda görürük ki, 6 nömrəli palata əslində mövcud olan sistem (cəmiyyət) və onun idarə edənlər bölgüsünün sistem hissəsidir. 6 nömrəli palatada cəmiyyətin özündən uzaqlaşdırdığı sakinlər var. Onların hər biri cəmiyyətin müxtəlif qruplarını təmsil edirlər. Palata dəlilər üçün nəzərdə tutulsa da, mütaliə zamanı biz rahatlıqla başa düşürük ki, əslində dəli-ağıllı, hakim-mühakimə olunan, quldur-ziyalı kimi bölgülər şərti xarakter daşıyır. Həqiqət ondan ibarətdir ki, bizlər böyük tələdəyik və əsl bölgü tələnin fərqinə varan-tələnin fərqinə varmayan kontekstində olmalıdır. 

Qeyd etdiyim kimi, platanın bütün sakinləri nə vaxtsa "normal" olublar. Cəmiyyət (tələ) onları müəyyən yaşa qədər böyüdüb, onlara müəyyən maddi mükafatlar verib və hətta ümid kimi seçilmiş insanlara verilən qeyri-maddi bəxşiş də verib. Buna baxmayaraq, onlar reallığın, ağrıların, saxtakarlıqların, yalanların fərqinə vararaq 6 nömrəli palatanın daimi sakinlərinə çevriliblər. Elə ilk cümlələrdən biz realizmin dadını hiss etməyə başlayırıq. Bu məsələdə bizə platanın delikant sakini İvan Dmitriç Qromov çox yardımçı olur. Onun fikirləri və həyat hekayəsi bizə bütün əsərin mahiyyətini izah etdirir. Xudbin Moyseykadan fərqli olaraq İvan Dmitriç digərlərinin qayğısına qalır və düşünür. Qarolçu Nikitanın timsalında ənənəvi rus dedovşinasını görürük. 

İki cəbhə var: 6 nömrəli palata və onun xarici. Mən nədənsə 6 nömrəli palatanı cəmiyyətin özü kimi qəbul edirəm. Palatadan kənar aləm isə palatanı istismar edən, onu ələ salan və onları eşitməyən insanlardan - baş həkim Dmitriy Yefimiç, nəzarətçi Nikita, feldşer Sergey Sergeyiç, ara həkimi Yevgeniy Xobotov, poçtalyon Mixail Averyaniçdən ibarətdir. Bir də arada-bərədə pasiyentlərin saçlarını kəsməyə gələn Semyon Lazariç də var. Bu insanlar özlərini ağıllı hesab edərək "onsuz da bir gün hamı öləcək" fəlsəfəsini özləri üçün əsas fəlsəfə kimi qəbul edən insanlardır. Dmitriy Yefimiç də onların sırasında olsa da, onun vəziyyətində müəyyən fərqliliklər də var. Dmitriy həkim, dəliləri adam hesab eləməsə də, intelligent insanların da saxtakar olduğunu yaxşı başa düşürdü. O, bilirdi ki, elə bir insan axtarıb tapmalıdır ki, həmin insanla söhbəti vasitəsi ilə çox şeyi başa düşə bilsin. Çünki təklikdə onun buna gücü sadəcə çatmırdı. Taleyin ironiyasına bax ki, belə bir insanı o, 6 nömrəli palatada tapır. Onunla olan ünsiyyəti nəticəsində o da elə cəmiyyətin özü tərəfindən 6 nömrəli palataya salınır. Biz bir daha sistem və onu idarə edənlər arasındakı sərhədin necə də nazik olduğunu görür və başa düşürük. 

Əsərdə təsvir olunan cəmiyyət ətalət baxımından olduqca zəngindir. Yazıçının belə bir əsər yazmağı təsadüfi xarakter daşımır. 1892-ci ildə yazılan əsər Rusiyanın vəhşilikdən və qabalıqdan qurtulmaq arzusunda olduğu illəri əhatə edir. Biz məhz bu təsvirlərdən Rusiyanın sivil cəmiyyət quruculuğunun necə də ağrılı keçdiyini görürük. Bilirsiz, bu heç də təəccüblü də deyil. Ruslar təbiətlərin etibari ilə vəhşilik və quldurluq üzərundə qurulan millət olduqlarından, bu xüsusiyyətlərdən imtina etməyin və rahatlıqdan əzabverən sivilliyə qədəm qoymağın ağrısına tab gətirə bilməyiblər. Hər daima ruslar vəhşilik lənətindən can qurtara bilməyiblər. Onların ailə həyatları da, ictimai həyatı da xaos içində olub. Əbəs yerə Çexov əsərində dəfələrlə və dəfələrlə "mujik" kəliməsini istifadə etmir. O, mujik sözü ilə rus qabalığını və keçmişini vurğulayır. 

Mahiyyət etibari ilə 6 nömrəli palata ilə həbsxana həyatı arasında bir fərq yoxdur. Yazıçı özü də bir neçə dəfə həbsxanalarla analogiyalar qurur. Bu da öz növbəsində cəmiyyətin digər təcridxanalar ilə əlaqədar əsl üzünü ortaya qoymaq üçün edilən çağırışdır. Hər şeydən əlavə isə onu demək lazımdır ki, 6 nömrəli palata çox ağır atmosferli bir yerdir. Əsəri oxuduqdan sonra uzun müddət orada qalmağı heç kimə məsləhət görmürəm. Əlbəttə ki, siz də başa düşürsünüz ki, "6 nömrəli palata" adı şərtidir. Çexov bu ad altında cəmiyyətin qaranlıq tərəflərini, görünməz üzünü göstərməyə çalışıb. Bu cəmiyyətin patalogiyasıdır. Qəribədir. Problemlərlə mübarizə aparanda gəlib düşürük 6 nömrəli palataya. Mübarizə aparmayanda isə oluruq saxtakar. Çıxış yolu nədir?

"6 nömrəli palata" sadəcə insan həyatının, ağlının və iztirablarının mənası, haqda olan fəlsəfi fikirlərdən ibarət olmayıb, cəmiyyətdə insan şəxsiyyətinə haqsız hakimlərin, həkimlərin, sosial işçilərin ədalətsiz yanaşması, ali dəyərlərin mövcudsuzluğu, ikiüzlülük, saxtakarlıq kimi ictimai viruslar haqda yer alan olduqca dəyərli fikirlərdən ibarətdir. Bəs əsərin mənası nədir? Əsərin mənası oxucunu bədbəxt insanları başa düşməyə sövq etmək və onlara qarşı humanist olmağı təbliğ etməkdən ibarətdir. "6 nömrəli palata" sadəcə 19-cu əsrin problemlərini işıqlandırmır, günümüzdəki real vəziyyəti də ideal təsvir edir. Əgər 100 ildən də artıq bir müddətdə bəşəriyyət ictimai əxlaq yönündən əhəmiyyətli nailiyyətlər əldə edə bilməyibsə, düşünürəm ki, narahat olmağa ciddi səbəbimiz var. Düşünün yoldaşlar, düşünün və unutmayın ki, hal-hazırda mövcud olan bütün ikili standartlar 6 nömrəli palata kimi çoxlu palatalar yaradacaq. Palatasız cəmiyyət ümidiylə: Madam ki, həbsxanalar və dəlixanalar var, demək, bunlarda bir adam yatmalıdır, eləmi? Siz düşməsəniz, mən düşəcəyəm, mən düşməsəm, bir başqası düşəcək. Səbr eləyin, bir vaxt gələcək ki, həbsxana və dəlixanalar olmayacaq, o zaman nə pəncərələrdə barmqlıq olacaq, nə də dəlilərə geyindi-rilən xalatlar. Əlbəttə, belə bir zaman gec-tez gəlib çatacaqdır. 

Seçilmiş hissələr:

1. Andrey Yefimıç ağıl və namusu son dərəcə sevirdi, lakin öz ətrafında ağıllı və namuslu bir həyat qurmağa kirdarı yox idi və öz hüququna inanmırdı. Əmr etməyi, qadağan etməyi və israf etməyi qətiyyən bacarmırdı. Adama elə gəlirdi ki, o, səsini heç vaxt ucaltmamağa və felin əmr formasını işlətməməyə söz vermişdir.

2. Bir də ölüm hər kəsin normal və qanuni aqibətidirsə, adamların ölümünə mane olmağın nə mənası? Bir alverçinin və ya bir məmurun beş-on il artıq yaşamasından nə çıxar? Təbabət elminin məqsədini dərmanların insan əzablarını azaltmasında gördükdə isə, ortaya belə bir sual çıxır ki, bu əzabı nə üçün azaltmalı? Əvvələn, deyirlər ki, əzab insanı kamala çatdırır, ikincisi, bəşəriyyət, doğrudan da, öz iztirablarını cürbəcür həb və damcı dərmanları ilə yüngülləşdirməyi öyrənsə, dini və fəlsəfəni bilmərrə atmış olar.

3. Siz özünüz də gözəlcə bilirsiniz ki, bu dünyada insan zəkasının ülvi mənəvi təzahürlərindən savayı, hər şey əhəmiyyətsiz və maraqsızdır. Ağıl heyvanla insan arasına möhkəm bir sədd çəkir, insanın ilahi bir vücud olmasına dəlalət edir və bir dərəcəyə qədər hətta onun üçün ölməzliyi, yəni olmayan bir şeyi əvəz edir. Buradan belə bir nəticə çıxır ki, insanın ağlı yeganə mümkün olan bir zövq mənbəyidir. Biz isə yan-yörəmizdə ağlı nə görürük, nə də eşidirik, demək, zövqdən məhrumuq. Əlbəttə, bizim kitablarımız vardır, lakin bu heç də canlı müsahibəni və ünsiyyəti əvəz etmir.

4. Əlbəttə, ağıl da daima deyil, keçib gedən müvəqqəti bir şeydir, lakin mənim ağla nə üçün meyl göstərdiyimi siz artıq bilirsiniz. Həyat insana qüssə verən bir tələdir. Mütəffəkir bir adam yaşa dolub kamala çatdıqda özünü ixtiyarsız olaraq çıxılmaz bir tələdə hiss edir. Doğrudan da, o öz iradəsinə zidd olaraq, hər hansı bir təsadüf nəticəsində heçlikdən həyata keçirilmişdir... Nə üçün? Mütəfəkkir adam öz həyatının mənasını və məqsədini bilmək istəyəndə, ona demirlər, ya da sarsaq şeylər söyləyirlər, o, qapını döyür, amma açan olmur; ölüm də onun iradəsinə zidd olaraq onu yaxalayır.

5. Öz ölməzliyini maddələr mübadiləsində görmək-qiymətli və əziz bir skripka sındıqdan sonra, onun qabının parlaq gələcəyi olduğunu qabaqcadan xəbər vermək kimi çox qəribə bir şeydir.

6. Hə, xəstəyəm. Amma onlarla, yüzlərlə dəli azad gəzib dolaşır, çünki siz nadan olduğunuz üçün onları sağlam adamlardan ayırd edə bilmirsiniz. Nə üçün mən və bu yazıqlar hamının əvəzində bir günahkar kimi burada qalmalıyıq? Nə üçün siz, feldşer, nəzarətçi və sizin kimi xəstəxana rəzilləri, əxlaqca bizdən qat-qat aşağı olduğunuz halda, özünüz burda yatmayıb, bizi yatırdırsınız? Bəs məntiq hanı?

7. Andrey Yefimıç tək qalıb istirahət hissinə daldı. Divanda qımıldanmadan uzanmaq və otaqda tək-tənha olduğunu düşünmək nə qədər xoşdur! Tənhalıq olmadan həqiqi səadət mümkün deyil. İblis, yəqin, başqa mələklərin bilmədiyi təkliyi arzuladığı üçün, Allaha xəyanət etmişdir.

8. Bəs -Bəs ölməzlik, bəs əbədiyyət necə?
-Bəsdir, canım! 
- Siz -Siz inanmırsınız, amma mən inanıram. Dostoyevskinin və ya Volterin əsərlərində birisi deyir ki, əgər Allah olmasaydı, onu insanlar özü uydurub yaradardılar. Mən qəti surətdə əminəm ki, ölməzlik -əbədiyyət yoxdursa, böyük insan zəkası buna gec-tez nail olacaqdır.

9. Yaxşı yaxşı sözdür. Sizin bu cür etiqadlı olmağınız yaxşıdır. Belə bir etiqadla, adamı lap divar arasına hörsələr belə, adam firavan yaşayar. 

10. Mark Avreli deyib ki, “ağrı ağrı haqqında canlı bir təsəvvürdü. Bu təsəvvürü dəyişmək üçün iradənə güc ver, onu kənara at, şikayət eləmə - ağrı öz-özünə yox olar”. Bu, doğru fikirdir.

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi