13-cü mərtəbə - Тринадцатый этаж - The Thirteenth Floor

Biz böyük tələdəyik elə deyilmi? Reallıqla uydurmanın fərqləndirə bilməmək tələsində. Nəticədə görünməyən aləm bizimlə oyuncaq kimi oynayır. Biz isə allahın varlığına və talenin qaçılmazlığına aşiqik. Axı nə qədərdir? Bizim dünyalarımız, imitasiyalarımız, oyunlarımız nə qədərdir? Qaynaq haradadır? Nə dəyişir, nə dəyişmir? Dəyişən çox şey olsa da, dəyişməyən sevgi, dostluq və sadiqlikdir.

Kompüter sahəsi üzrə alim Hennon Fuller nə isə möhtəşəm dərəcədə mühüm bir şey kəşf edib. Kəşfindən xəbər tutulduğunu və güdüldüyünü bilən alim, həmkarı Duqlas Hola vacib məktub yazır və şirkəti tərəfindən yaradılan 30-cu illərin simulyasiya dünyasında yerləşdirir. Duqlas isə xatırlaya bilmədiyi gecənin səhəri günü evində qanlı köynək və qan izləri tapır. Hər şey ani döngələrlə dəyişir və möhtəşəm həqiqət üzə çıxır, dünyalar bir-birinə qovuşur. Həqiqəti öyrənənlər təhlükəyə çevrilir...

Bir canlı varlıq kimi biz çox irəli getməyə müvəffəq olmuşuq. Artıq çox şeyə müdaxilə edib özümüzün də uzun müddətdir inandığımız tanrı anlayışının nəzəriyyəsini praktiya çeviririk. Biz bir canlı varlıq olaraq digər canlıların genləri ilə oynayır, onları öz arzu və istəklərimizə uyğunlaşdırır və istismarın optimizasiyasını təmin edən planlar qururuq. Təbiəti və özümüzü istismar edirik. "13-cü mərtəbə" insanın insanı istismar etməsi haqda olan filmdir. Həqiqət üzə çıxan kimi çirkin oyunların fərqinə varırıq. 

Əslində "13-cü mərtəbə" "oyunun içində oyun", "filmin içində film", yaxud da, "tamaşanın içində tamaşa" kimi köhnə konsepsiyaların ətrafında formalaşsa da, dünya qədər qədim mövzulara rəqəmsal baxışı təmin edib, müasir insanla müasir dildə əbədi fəlsəfi söhbət edir. Virtual reallıq anlayışı ilə insanın eqzistensial düşüncələri ilə yaxşı sintezin yaradılması düşünürəm ki, şüur üçün yaxşı qidadır. "Matris" filmi ilə süjet analogiyası yaşayan "13-cü mərtəbə" kompüter və kompüter proqramları ilə yaxınlaşan cəmiyyətin problemlərini işıqlandıran olduqca iti süjetli və yaxşı düşünülmüş filmdir. 

Çox qəribədir ki, bəzən tərəfimizdən yaradılan "nə isə" öz aləmində, dünyasında realdır. İndiki halda bu real insanlara oxşar uydurma insanlardır. Buna baxmayaraq "onlar sadəcə simulyasiyadır" deyərək onları aşağılamaq heç də yaxşı fikir deyil. Bu baxımdan "13-cü mərtəbə" ayılan insanlar və dərk olunan həqiqət haqda gözəl filmdir. Bu da öz növbəsində bizə olan elə bir işarədir ki, kimin, kimlərin, ya da nələrin oyuncağı olduğumuz haqda yaxşı-yaxşı düşünək. 

Çox qəribə bir hal ilə də qarşılaşdım. Filmin obrazları arasında tez-tez bir-biriləri arasında keçən dialoqlarda "Görəsən biz əvvəllər görüşməmişik?" sualı təkrarlanırdı. Mən də heç cürə tapa bilmirdim ki, görəsən mən bu filmi izləmişəm, yoxsa yox. Müəyyən məqama gəlib çatandan sonra başa düşdüm ki, bəli mən əvvllər bu filmi izləmişəm, sadəcə bu çoxdan olub və mən süjeti dərk etməmişəm. İndi isə tamamilə başqa nəticə əldə etdim. 








Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi