12 meymun - Twelve Monkeys - 12 обезьян

2035-ci il. Dəhşətli virus Yer planetinin 99% əhalisini əmələ gətirən 5 milyard insanı məhv edib. Sağ qalanlar yerin altında yaşamağa məcburdurlar. Dünyanı heyvanlar idarə edir. Məhkum Ceyms Kool isə zaman maşınında təhlükəli səyahətlərə çıxaraq, alimlərə dünyanı məhv edən virusu aradan qaldırmaq üçün köməklik edəcək dəyərli məlumatlar əldə etməli, eyni zamanda əfsanəvi "12 meymun" ordusunu ifşa etməlidir.
 
"12 meymun" izlədiyim elmi-fantastik və antiutopik filmlər arasında ən düşündürüdü və maraqlı filmlər sırasına daxil ediləcək statusdadır. Filmin kökündə dayanan ideya bəşəriyyətin əxlaqi seçimlər mövzusunu əhatə edən və bizi bəşəri dəyərlər haqda düşünməyə bir daha vadar edən kontekstə sahibdir.Bundan əlavə filmi digər elmi-fantastik və oxşar janrların nümayəndələrindən fərqləndirən ən əsas cəhət baş obraz - Ceyms Koolun zamanda səyahətin nəticəsində fərddə yaranan psixoloji problemləri işıqlandırmasıdır. Belə ki, zamanda səyahət edən Ceyms bir müddətdən sonra nəyin real, nəyin uydurma olduğu haqda düşünməyə başlayır. Keçmiş zamanda öz sevgisini tapan Ceyms keçmiş zamanda qalmaq üçün hətta aid olduğu zamandan belə imtina etməyə hazır olur. Ceymsin bütün arzuları, xəyalları fikirlərinin kəsişməsi və ayrılması qeyri-xətti süjetin formalaşdırılmasında olduqca böyük rol oynayıb.

Maraqlı film elementləri kimi Ceymsin gələcək zaman üçün nümunə qismində hörümçəyi yeməsi, radioda musiqi dinləyərkən emosional dalğalanmalar yaşaması və dəlixanada olan maraqlı epizodları göstərmək olar. Nadir antiutopiya qismində filmin malik olduğu maraqlı səhnələr hədsiz dərəcədə çoxdur. Bu səhnələr bizi düşündürür. Bunu edərkən ən parlaq tərzlərin seçilməsi olduqca təqdirəlayiqdir. Səhnələrin əksəriyyəti antiseptik xüsusiyyətə malik olub izləyiciyə kifayət qədər iti təsir gücünə malikdir.

Aktyorlar haqda deyiləsi sözüm çoxdur. İlk öncə Bred Piti tamamilə ağlını itirmiş, idarəolunmaz bir obraz kimi görəndə içimə yayılan o xoş hərarəti unuda bilmirəm. Bred Pit Bryus Uillisin kölgəsində olsa da, olduqca gözəl, dinamik, yaddaqalan və paradoksal obraz yaradıb. Özünəməxsusluğu ilə yaddaşımıza həkk olunan Cefferini çox bəyəndim. Nəticədə Cefferi ikinci dərəcəli obraz deyil, arxa planda qalan, lakin bir an belə olsun kənara atılmayan obraz keyfiyyəti qazanır. 

Bryus Uillis 90-cı illərdə karyerasının zirvəsini yaşayırdı. Onun ifası haqda çox şey demək olmur. Həmişəki kimi hər şey qaydasındadır. Cazibədar aktrisa Madelin Stov, Ketrin Reyli obrazı vasitəsi ilə filmin qadın tərəfini tamamlayır və filmin romantikasını formalaşdırır. Bryus ilə o, yaxşı cütlük formalaşdırıblar. Ümumiyyətlə filmlərUillisin qadın tərəf müqabillərinə qarşı biz kişilər biganə qala bilmərik. 





Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi