Sartr - Sözlər

"Sözlər" (1964) Jan Pol Sartrın 59 yaşında qələmə aldığı avtobioqrafik əsəridir. Yazıçı "Sözlər" vasitəsi ilə uşaqlığına səyahət edir, ailəsi, dostları, kitablarla olan ilk tanışlığı və yazıçı olmaq arzusu haqqında söhbət açır: mən öz dinimi tapdım, kitablar mənə dünyada hər şeydən dəyərli oldu.

Sartrın uşaqlığı möhtəşəm dərəcədə rəngarəng amma bir o qədər də qəribə tərzdə qüssəlidir. Sartr başda özü olmaqla hər şeyə tənqidi yanaşır. Tənqid, pərdələri aralayıb arxa bağçaya nəzər yetirmək, oyunları ifşa etmək, bax əsl özünükəşf budur. Özünə qarşı cəsarətlə obyektiv olmaq mənəvi böyüklük tələb edən bir şeydir. Atasız böyüyən Sartr bu mənəvi böyüklüyə hələ uşaq yaşlarında nail ola bilir. Yalnızlıqdan qorxmayan və onunda ünsiyyətdə olan yazıçı özü də bilmədən ən böyük dinin - "mən" axtarışının izinə düşür. 

Sartr bir çox məsələlərə diqqətini toplayaraq, həyatına olan ümumi quşbaxışı vasitəsi ilə öz həyat fəlsəfəsini danışır. Onun təqdim etdiyi zərif xronologiya, onun təkmilləşən dünya görüşü, şüurlu özünüdərk və özünütənqid, ölüm və kifirlik qorxusu, ictimai-siyasi proseslərdə əsasən bir uşaq kimi iştirakı haqda möhtəşəm təhkiyə təqdim edir. Bütün bunları edərkən o, yetkinlik şəxsiyyətini formalaşdıran uşaqlıq illüziyalarını və fantaziyalarını dəqiqliklə və olduqca emosional tərzdə təsvir edir. Çox möhtəşəmdir ki, Sartr çap olunmuş sözlərin gücü, onların sehri, əhəmiyyəti haqda çox gözəl nəql edib. Sartrın bu dünyadakı həyatının ilk 10 ili haqda "Sözlər" vasitəsi ilə oxucu oxumağı və yazmağın möhtəşəm gücünü kəşf edə bilər. 

Açığı onu demək istərdim ki, Sartrın "Ürəkbulanma"-sını mən təxminən 5 il bundan öncə oxumuşdum. Bu mənim Sartrla olan ilk tanışlığım oldu. Həmin dövrdə mən eqzistensialist ədəbiyyatla təzə-təzə tanış olurdum. "Yad"-ın üzərimdə qoyub getdiyi izlərdən sonra "Ürəkbulanma" mənim üçün tam aydın olmasa da, zaman keçdikcə əsərdən özümdə tutub saxladığım hissələrə öz hekayələrini mənə danışmaqda davam edirdilər. Odur ki, mən Sartrın yazı üslubunu və fəlsəfəsini kifayət qədər uzun müddətdən sonra başa düşməyə başladım. "Sözlər"-i isə hər hansısa xüsusi axtarışlar və kəşfiyyat vasitəsi ilə tapmamışam. Tamamilə təsadüfən və spontan qərar nəticəsində mütaliə qərarını vermişəm. Dostlarımdan fərqli olaraq isə mən Kamüyə və Sartra xüsusi rəğbət bəsləyirəm. Onları oxuyanda özümlə tək qaldığım zamanlarda düşündüyüm fikirləri bir daha təkrar olaraq eşidirəm sanki. Odur ki, mən bir daha əmin oldum ki, eqzistensializm ədəbiyyatı mənim ruhi vəziyyətimə çox yaxındır.  

Bu baxımdan "Sözlər" mənə sosial oyunların kökündə dayanan məsələləri başa düşməyə çox böyük köməklik etdi. Belə demək mümkünsə, Sartrı uşaqlıqdan aldatmaq mümkün olmayıb. Onun beyni hər şeyi dəqiqliklə, ən xırda məqamlaradək tutub saxlayaraq vaxtı gəlib çatanda emal edib "Sözlər"-ə tərcümə edib. 

Seçilmiş hissələr:

1. O, ölüm yatağında tapacağına inanıb Allahı özünün gündəlik varlığından kənarda saxlayırdı. 

2. Mistisizm – həyatda öz yerini tapa bilməyənlər üçün fövqəldəst uşaqlar üçün yaradılıb. 

3. Məni çaşqınlın xilas elədi: onun həyasız abırsızlığından hiddətləndim, babam kimi «Lənət şeytana, lənətə gələsən, lap lənətə gələsən!» donquldana-donquldana Allaha asi olmağa başladım. Həmin vaxtdan Allah bir dəfə də mənə nəzər salmadı. 

4. Hissiyatla boğazacan doymuş, göz yaşı axıdan və kiflənmiş halda xeyir verəcək bir bəxşiş olmağa çalışırdım. Ancaq kimə? Öz xidmətimi Fransaya, bütün dünyaya təklif eləyirdim. Adamlar vecimə deyildi, amma tamamilə onlarsız keçinmək mümkün olmadığından, qərara gəldim: qoy onların vəcd dolu göz yaşları məndən ötrü kainatın bəndəni məmnuniyyətlə qəbul elədiyinin əlaməti olsun. 

5. Genişürəklilik xəsislik və rasizm kimi daxili yaralarımızı sağaldan dərmandır, amma axırda orqanizmin zəhərlənməsinə gətirib çıxarır. 

6. Məni başqa bir şey təhdid eləyirdi: gerçək «mən»im həmişəlik yalanlar növbələşməsi olaraq qala bilərdi. 

7. Həmin vaxtlar Qərb boğulub məhv olurdu; bunu «həyat şirinliyi» adlandırırdılar. Aşkar düşməni olmadığından, burjuaziya özünü öz gölgəsi ilə qorxudub təskinlik tapırdı; əvəzində ibtidai həyəcanlar alıb darıxmaqdan can qurtarırdı. Spiritizm barədə, ruhların maddiləşdirilməsi barədə danışırdılar; bizimlə üzbəüzdə Le Qoff küçəsindəki 2 saylı evdə cadugərliklə məşğul olurdular. 

8. Mən yazacağam – bu, artıq qət olunub; onu yetərincə tanıyıram, istəyimin əksinə gedəcəyindən qorxum yoxdur. Amma ayıq olmaq, həqiqətin üzünə dik baxmaq lazımdı: ədəbiyyat dolandırmır. Bilmirəmmi ki, məşhur yazıçılar acından ölürdülər? Bilmirəmmi ki, onların bəziləri bir tikə çörəyə satılıblar? Əgər sərbəstliyimi saxlamaq istəyirəmsə, ikinci peşə seçməliyəm? 

9. Bəzən gizlicə sadəlövh oluram – bunu adi gigiyena tələb eləyir. Sadəlövh həqiqətin özəyindən vurur, amma o, yalnız məlum hüdudacan haqlıdır. Razıyam, ədəbi istedadım yoxdur, bunu mənə dəfələrlə xatırladıblar. 

10. İnsan nəslini səsləyirdim, öz həyatıma görə məsuliyyəti onun üzərinə qoyurdum; özümdə yalnız kollektiv tələbatın məhsulunu görürdüm. Çox vaxt tamamilə ilham verən azadlıqdan da, bəraət verən zərurətdən də imtina eləməməyi bacarırdım, bununla da ruhi aləmimi qoruyurdum.

11. Əgər Platon öz respublikasından şairləri qovurdusa, babam mühəndisləri, tacirləri, hətta zabitləri qovurdu. Onun fikrincə, fabriklər mənzərəyə xələl gətirirlər, sırf elmdə onu yalnız saflıq cəlb eləyirdi. 

12. Mən öz dinimi tapdım: kitab mənə dünyada hər şeydən vacib görünməyə başladı. İndən belə, kitab rəflərində məbəd görürdüm. Səcdəgah xidmətçisinin nəvəsi kimi, mən dünyanın damında, altıncı qatda, müqəddəs ağacın ən yüksək budağında yaşayırdım. 

13. Masa arxasında o, qəfildən quş uçuşundan öz həyatına nəzər salmaq üçün fikrə dalıb deyirdi: «Balalarım, özünə heç bir şeyi irad tuta bilməyən adam xoşbəxtdir». 

14. Boyu öz körpəkliklərini qoruyub saxlaya bilirdilər. Mən qardaşlardan, bacılardan, yoldaşlardan məhrum olub yazıçılarda ilk dostlarımı tapırdım. Onlar öz romanlarının qəhrəmanı kimi sevirdilər, dəhşətlə əzab çəkirdilər, amma hər şey yaxşı qurtarırdı; mən şəfqətlə, sevinə-sevinə yaddaşımda onların macəralarını çək-çevir eləyirdim – çətinliyə düşəndə necə sevindiklərini, bu zaman necə: «Bəxtim gətirdi! Yaxşı şeir alınacaq!» fikirlərini xəyalımda canlandırırdım. 

15. İnsan öz vəzifəsini yerinə yetirəndə, qürurla, özünəhörmətlə doludur, o, xoşbəxtdir ki, işləyir; amma bir halda ki, gündə səkkiz saat işləməyə qadirdi, hansı əsasla həyatından şikayət eləyir?

Kitabı Azərbaycan dilində yüklə

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi