"Breaking Bad" gündəliyi

Uzun müddət idi ki, "Breaking bad" adlı serial diqqətimi cəlb edirdi. Serialın təqdimatını oxuyandan sonra marağım birə-beş artdı. Deməzdim ki, boş vaxtım çoxdur, amma gündəlik həyatımda əlavə stimullaşdırıcı fəaliyyətlərə - filmlərə ehtiyacım var. Odur ki, başladım. Bu gündəliyi isə filmin ilk mövsümündən başlayaraq tutmadım. Müəyyən vaxt keçəndən sonra başa düşdüm ki, izlədikcə məndə yaranan fikirləri harasa yazmalıyam və ənənəvi olaraq oxuduğum bəzi romanlara və filmlərə həsr etdiyim "gündəlik" konsepsiyasını "Breaking bad"-ə də tətbiq etdim. Beləliklə aşağıda 27 mart 2016-cı il tarixindən başlayaraq gündəliklə tanış ola bilərsiniz. 


1-ci və 2-ci mövcüm haqda qısaca: Hadisələr nano miqyasdan başlayaraq cərəyan etməyə başlayır. Uolter Uayta ağciyər xərçəngi diaqnozu qoyulub. Cənab Uayt adi orta məktəbdə kimya müəllimi olaraq çalışır. Əlavə iş kimi avtoyuma məntəqəsində kassir, bəzənsə həm kassir, həm də yuyucu fəhlə kimi əlavə gəlir əldə etməyə çalışır. Diaqnozu haqda eşitdiyi ilk andan etibarən həyatının bütün məqsədi sadəcə və sadəcə ailəsinin maddi vəziyyətini yaxşılaşdırmaq olaraq qəbul edən cənab Uayt, sürətli pul qazanmaq fikri ilə metamfetamin adlı narkotik maddə istehsalı ilə məşğul olmağa başlayır. Bu yolda ona Cessi Pinkmən adlı köhnə şagirdi köməkçi olur. Beləliklə də onlar macəradan macəraya atılırlar. Başlarına nələr gəlmir nələr. Filmi maraqlı edənsə cənab Uaytın parlaq zəkası və adi şeylərə qeyri-adi çalarlar qatmasıdır. 

27.03.16 - Cessi Pinkmən rehabilitasiyasını tamamlayaraq Cənab Uayt ilə görüşür və özünü qəbuletmə ilə əlaqədar çox gözəl məqama toxunur. O, cənab Uayta  sual verir ki, siz problemlərlə üz-üzə gəlirsiniz, yoxsa onlardan qaçırsınız? Ardınca isə qeyd edir ki, bu özünüqəbuletmə ilə əlaqədar bir şeydir. "Mən qəbul edirəm ki, mən pis oğlanam". Bu cümlələrdən və onun sifətinin ifadəsindən başa düşmək olur ki, Cessi əvvəlki Cessi deyil. O, artıq daha böyük potensiala malikdir. Şərt isə xeyir, yoxsa şər məsələsindədir. Əlbəttə ki, biz rahatlıqla onun gələcəkdə daha böyük şan-şöhrətə malik olacaq "pis oğlan" olacağına şübhə etmirik. Çünki Cessi artıq yöndəmsiz və sadəlövh narkotik maddəsi dilerliyindən çıxmış vəziyyətdədir. 

Eyni zamanda Cənab Uayt da dəyişməyə çaba göstərir. Arvadı ilə olan mürəkkəb münasibətlər, üstü açılan böyük sirri onu ailəsini geri qaytarmaq uğrunda bir çox şeydən imtina edib başlanğıca geri dönməyə məcbur edir. 

Beləcə 3-cü mövsüm əsas obrazların dəyişmək məsələləri ilə start götürdü. 

28.03.16 - Üçüncü mövsümün ikinci seriyası. Hər iki əsas obrazın ailə məsələlərində müəyyən xırda uğurlar qazanması ilə yadda qaldı. Bunun üzərində çox dayanmadan onu demək lazımdır ki, Uolter ilə Skayler arasında olan kəskin uçurum daha konkret görünür. Cessi isə sərt jest ilə izləyicini də, ailəsini də təəccübləndirir. 

30.03.16 - Filmin, xüsusilə də, yaxşı serialın ən əsas üstünlüyü o ola bilər ki, o izləyiciyə onun beynində yaşaya biləcək obrazı bəxş edə bilsin. Üçüncü mövsümün canı-ciyəri olan qatil qardaşlar və onların aqibəti, sözün həqiqi mənasında, üçüncü mövsümdə filmin sulu hissəsini əmələ gətirib. Həm aktyorlar, həm də parlaq epizodlar bir müddətdən sonra izləyicinin daxilində yaşamağa başlayır. Bu çox yaxşı bir şeydir və deyərdim ki, heç də bütün Amerika seriallarına xas deyil. "Breaking bad" sadəcə obrazların canlılığı baxımından deyil, həm də hadisələrin bişib hazır olması baxımından da olduqca yaxşı bünövrəyə sahibdir. 

Haşiyə: ABŞ-da seriallar çoxdur və bu seriallar kabel televiziyası vasitəsilə ölkənin ən müxtəlif hissələrində öz hərarətli izləyicilərini axtarıb tapır. "Breaking bad" mənim "Ofis", "Doktor Haus", "House of cards" kimi seriallardan sonra dördüncü serial təcrübəmdir. Üçüncü mövsümün ortasında olmağıma baxmayaraq bu gün serialı digər seriallardan fərqləndirən ən əsas cəhət haqda çox düşündüm:  "Breaking bad"-i özünəməxsus edən obrazların problemlərini, iztirablarını, işgəncələrini güclü emosional fonla izləyiciyə ideal çatdırmasıdır. Sual vermək olar ki, bəs ABŞ kimi demokratiya nəhəngi belə televiziyada narkotik hazırlanmasını ətraflı xırdalıqları ilə təsvir edən və onu macəra adlandıran seriala qarşı necə olur ki maksimum dərəcədə tolerant qalır? Ona görə ki, serial metamfetamin "bişirən" yoldaşların ondan həzz və fayda aldıqlarını deyil, ondan necə zərər gördüklərini bədii-obrazları tərzdə əhatə edir. 

02.04.16 - Bəlkə də, indi deyəcəklərimi başa düşmək çətin olmasa da, tam qəbul etmək qəribə ola bilər. Mən hiss edirəm ki, obrazların düşdükləri çətin situasiyalar, keçirdikləri gərginliklər və dəf etdikləri maneələr mənim üzərimdə təsirsiz ötüşmür. Üçüncü mövsümün sonu və dördüncü mövsümün əvvəlində, xüsusilə də, Cessi Pinkmenin keçirdiyi insanı dəli edən gərginlik şəxsən mənə də təsir göstərməyə başlayıb. Elə Uolter Uayt da əsl ölüm-dirim mübarizəsi verir. Ona qarşıqurulan iyrənc və qəddar oyunlardan qıl payı canını qurtarır. Hər şey daha da mürəkkəbləşir və ən əsası artıq oyunun qaydaları da dəyişib, uduşun mahiyyəti və miqdarı da dəyişib. Mən baş verən hadisələrin emosional ağırlığı ilə tam empatiya qurmuş vəziyyətdəyəm və bu məqam heç də mənə müsbət motivasiya vermir artıq. Bu mənim ilk belə təcrübəm deyil. "Doktor Haus" tele-serialını izləyərkən də mən orada gördüyüm müxtəlif qeyri-adi xəstəliklərin sayəsində həmin əlamətləri özümdə axtararaq öz psixoloji balansımla oynamışdım. "Breaking bad"-də vəziyyət Hausda olduğu kimi olmasa da, zirvədən aşağı dığırlanan qar dənəciyinin gedərək böyüyüb nəhəng və dağıdıcı kütləyə çevrilməsi kimi bir vəziyyətlə qarşı-qarşıyayıq. Qərar: "Breaking bad" serialına bir neçə günlük fasilə verirəm. Son bir neçə gündə seriyadan seriyaya olduqca sürətlə hərəkət etmişəm. Təkcə dünən 4 seriayaya dalbadal baxmışam və bu heç də yaxşı şey deyil. Odur ki, sakitləşmək üçün fasilə verirəm. 

04.04.16 - Fasiləm uzun çəkmədi. Təəccüblənmirəm və özümə yaxşıca bəraət də qazandırıram: axı həyatımda başqa hansı yenilik var? Bəyəm biri öncəkindən daha da maraqlı olan "Breaking bad"-a baxmaq bu qədərmi çoxdur mənə? Dramatikləşdirirəm və qaldığım yerdən davam edirəm. Belə ki, artıq dördüncü mövsümün ortalarına çatmışam. Əsas obrazları tanımaq olmur. Xüsusilə də Cessi Pinkmen çox dəyişib. Çəkdiyi əzablar onu dəyişdirməkdədir. 

Aktyorların performansına baxdıqca onu başa düşmək olur ki, Cessi Pinkmen rolunu ifa edən Aaron Polun yaxşıca bəxti gətirib. O, həm indiyədək öyrəndiklərini tətbiq edir, həm də Brayn Krenston kimi möhtəşəm aktyordan öyrənməyə davam edir. Bir çox məşhur aktyor və aktrisalar karyeralarına başlayarkən digər hansısa məşhur aktyorlarla birlikdə oynadıqları filmlərdə onlardan öyrəndiklərini qeyd edirlər. Odur ki, "Breaking bad" serialında da belə bir vəziyyət var. 

07.04.16 - Bir məsələ var ki, məni çox düşündürür. Hələ seriala baxmaq qərarını verməmişdən öncə filmin aşağıdakı posterinə bir xeyli tamaşa etmişdim. Nə isə məni cəlb edirdi. Serialın təqdimatını da oxuduqdan sonra ümumi olaraq söhbətin nədən getdiyini başa düşdüm və gözləntilərimin qarşılanacağına şübhələrim azaldı. Buna baxmayaraq Cənab Uaytın aşağıdakı şəkildəki kimi qəzəbli baxışları ilə çox az, epizodik olaraq rastlaşırıq. 

08.04.16 - Reallıq çox vacibdir. Düşünürəm ki, kinematoqrafiyada da, bədii ədəbiyyatda da real elementlərin bol olması və daha sonra hansısa mücərrəd aləmin elementlərinin əlavə olunması incəsənət baxımından daha ağırçəkilidir. Məsələn "In Time" filmini xatırladım. Doğrudur film serial olmasa da və fantastika janrında çəkilsə də, ciddi formada real elementlər kasadlığında idi. Obazlar olduqca qlamur və seksual formaya malik olub, izləyici ilə empatiya yarada bilmirlər. Baş qəhrəman Uill Sallas Castin Timberleykin ifasında heç də lazım olduğu kimi sıravi zavod fəhləsi imici yarada bilməyib. Bəlkə də mən bir qədər çox improvizə edirəm, amma "Breaking bad"-dən sonra Cənab Uaytın reallıqla tam uyğunlaşması məni heyran etdi. O, çox savadlı və yeri adi orta məktəb olmayan kimya müəllimidir. Onun seksual bədən quruluşu olmalı deyil. O, eynək taxmalıdır və zərif şəxsiyyətə malik olmalıdır. Cessi Pinkmen də prinsipcə qlamur, yaxud da seksual bədənə malik olmalı deyil. O, adi avara bir gəncdir və onun hələ bərkiməmiş şəxsiyyəti asanlıqla sağa sola əyilir. Bütün bunlar həqiqətən də belədir. Əsas olan da budur. Realizm çox yüksəkdir. Bizim başlanğıc nöqtəmiz reallıq olmalıdır və "Breaking bad"-də bu həqiqətən də belədir. Odur ki, biz əlavə olaraq digər məsələləri də asanlıqla başa düşə bilirik. 

09.04.16 - Dördüncü mövsüm həqiqətən də çox yaddaqalan oldu. Obrazlar çox dəyişdilər və başlarına hədsiz təhlükəli hadisələr gəldi. Əməlli-başlı gərginlik və qorxu içində oldular. Əgər biz birinci və ikinci mövsümdə proseslərin həvəskarcasına icrasını və kiçikmiqyaslı fəsadlarını izləyirdiksə, üçüncü və dördüncü mövsümdə hər şey miqyasca böyüyür. Gözlənilməz döngələr də çox oldu. Bu baxımdan beşinci mövsüm üçün də lazım olan xəmir hazırlandı. Özümdə də bəzi qəribə dəyişiklikləri müşahidə edirəm. Serial ilk üç mövsümü ilə mənə motivasiya verirdisə, dördüncü mövsümdə məni gərginləşdirdi. Bu baxımdan filmə qarşı olan marağım azalmasa da, müəyyən qədər ehtiras düşüşü yaşadığımı etiraf etməliyəm. 

(2) - Uolter Uaytın arvadı Skayler məni çox qıcıqlandırır. Çox murdar qadın skeptizmi və əclaflığı var. Hər nə qədər çalışsam da onu qəbul edim, amma ərinə qarşı bu qədər yad münasibət bəsləməyi bərbad bir şeydir. Bəzi məqamlarda onu başa düşmək olur, amma ümumilikdə çox pis insan təəssüratı bağışlayır. Özü də beşinci mövsümdə Skayler Cənab Uaytdan qorxmağa başlayır. Onun üzündə biz tər-təmiz qorxu görürük. Qadın-kişi münasibətlərində ən nifrət elədiyim də məhz budur. Bir-birindən qorxmaq.  

10.04.16 - Skayler, Skayler, Skayler. Bilsən necə məni əsəbiləşdirirsən, özün könüllü eləcə filmdəcə intihar edərdin, mənim də bu dərddən xilas edərdin. Bu obraza çox qıcıqlanıram. Özümdən asılı deyil. Filmin bütün dadını duzunu  qaçırır. Özünü süni xaos içinə atıb və reallığı qəbul etmək istəmir. Belələri real həyatdada var və onların sevgisi heç vaxt həqiqi olmur. Ya biokimyəvi proseslərə əsaslanan, ya da maddiyata əsaslanan material münasibətlər qururlar ki, məntiqi olaraq da onun ömrü çox çəkmir. Nə demək olar. Skayleri beşinci mövsümün sonunadək özümlə sürüməli olacam deyəsən. Davam edək görək maraqlı nə baş verir. 

12.04.16 - Çox maraqlıdır, Uolter Uaytın əli bu qədər qana bulaşıb, amma o, yenə də öz biznesini davam etdirərək "mən imperiya qurmaq istəyirəm" deyir. Biz bu məqamda iltihablı özündənrazılıq və şöhrətpərəstlik görürük. Artıq aydın olur ki, Uolter çox uzağa gedə bilməyəcək. Əgər öncəki seriyalarda hadisələr mikrodan makroya doğru hərəkət edirdisə, hal-hazırda hadisələr makrodan beynəlxalq miqyasa doğru hərəkət edir və bu da olduqca maraqlıdır. 

14.04.16 - İnsanlar dəyişirlərmi? İnanın bu sualın cavabını praktiki olaraq kiçik həyat təcrübəmdən əldə etmişəm. Gəldiyim nəticədə də odur ki, insanlar dəyişmirlər, sadəcə düşdükləri mühit onların daxilində olan toxumların cücərməsi üçün zəruri şəraiti təqdim edir. Uolter Uayt məsələsində isə söhbət ondan gedir ki, Uolter öz "macəra"-larına başlamazdan öncə onun daxilində insan öldürmək, şöhrətpərəstlik, eqoizm kimi kainatın qaranlıq tərəflərindən gəlmə toxumlar var idi. Sadəcə onun dörd bir tərəfini əhatə edən ailə, dostlar və elm cücərti üçün əlverişli şərait yaratmırdı. Öyrənəndə ki, vaxtı az qalıb, Uolter hər şeyə özünə icazə vermiş olur. Bu çox maraqlı məqamdır, çünki bir neçə yanaşma kəsişir: həm ölümün verdiyi cəsarət, həm də ailəyə qarşı məsuliyyət onu "Hayzenberq"-ə çevirir. 

15.04.16 - Bu gün "Breaking bad" serialının son bölümünə də baxdım. Beləliklə düz 1 ay bundan öncə böyük maraqla baxmağa başladığım filmi yekunlaşdırdım. Geriyə qalan möhtəşəm təəssüratlar hələ uzun müddət beynimdə canlı olaraq qalacaq. Həqiqətən də, mən razı qaldım. 

(2) Son hissə Uolter Uaytın həm öz-özü ilə, həm də əlaqədə olduğunu bütün digər insanlarla olan hesablaşmasını əhatə edir. Şübhəsiz ki, hər şey gözlənildiyi kimi bitir və bitməli idi. Odur ki, film özünəməxsus tərzdə sonlanmalı idi və belə də olur. Nöqtənin qoyuluşuna qədər ürək döyüntülərimiz sürətlənir və yavaşılayır. 

Deyilənə görə serialın 6-cı mövsümü də çəkilir, amma bu dəqiq xəbər hesab olunmur. Hər halda əgər bu belədirsə də, yükun mövsümü 2016-cı ilin sonundan tez gözləməyə ehtiyac yoxdur. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi