Casuslar körpüsü - Bridge of spies - Шпионский мост

''Casuslar körpüsü'' filmində hadisələr real tarixi faktlar əsasında baş verir və bruklinli sığorta vəkili Ceyms Donovanın diplomatik təşəbbüslərini əhatə edir. ABŞ-la Sovet arasında nüvə müharibəsi təlatümünü yaradan soyuq müharibənin episentrində özünü tapan sadə sığorta hüquqşünası Donovan, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən U2 adlı kəşfiyyat təyyarəsinin SSRİ ərazisində əsir götürülən amerikalı pilotunu, SSRİ-nin ABŞ-da həbs olunan kəşfiyyatçısı polkovnik Abel ilə dəyişdirmək tapşırığı alır. Könülsüz olaraq qəbul etdiyi bu tapşırıq əsnasında əlavə problemlər və əlavə məqsədlər işi daha da qəlizləşdirir. Buna baxmayaraq bütün çətinliklərə qalib gələcək yeganə qüvvənin insan sevgisi olduğu bir daha sübuta yetirilir. 

Tarixi münaqişələri, şərqlə qərbi, ictimai-mülki həyatla hərbini, müharibə ilə sülhü birləşdirən böyük rejissor. Bəli mən Stiven Spilberq yaradıcıllığını məhz belə başa düşürəm. Hər dəfə onun filmlərini izlədikcə tarix və cəmiyyət mövzularının necə də möhtəşəm üslubda ekranlaşdırıla biləcəyinin şahidi olmuşam. Onun Tom Henkslə olan dördüncü əməkdaşlığı yetişmiş Spilberq nəslinin nümayəndələri üçün gözəl hədiyyə rolunu oynadı. 

Bəzi izləyicilərin film haqda öncədən düzgün olmayan tərzdə düşündüklərinin şahidi oldum. Məsələn, bəziləri filmin döyüş səhnələri ilə zəngin olacağını proqnozlaşdırırdılar. Lakin rəsmi treylerdən də göründüyü kimi film mühim tarixi məsələlərlə əlaqədar diplomatik münasibətləri əhatə edən ekran əsəridir. Tam olaraq döyüş səhnəsi hesab edə bilməyəcəyimiz, lakin dinamizm baxımından müəyyən dəyər təklif edən yeganə səhnə, Amerika kəşfiyyat təyyarəsinin SSRİ ərazisi üzərində kəşfiyyat xarakterli foto şəkillər çəkməsidir. 

Düşünürəm ki, filmin ən əsas üstünlüyü ondan ibarətdir ki, film soyuq müharibə cəbhələrindən olan ABŞ-ın obyektiv reallıqlarını göstərməyə çalışıb. Çünki hüquqşünas Donovan Sovet casusunu müdafiə etmək tapşırığını alarkən ona izah olunur ki,  hər şey formal xarakter daşıyır. Başqa sözlə, onun casus olması yüz faiz sübut olunmasa da bu məsələdə ittiham olunması artıq onun ölümünə hökm verməyə əsas verir. Bu məsələdə Donovan dəfələrlə hüquq aparatının nümayəndələri tərəfindən ikili standartlara məruz qalır. Ardıcıl olaraq ikili standartlara məruz qalmaq Donovanda prinsipial yanaşma formalaşdırır və beləliklə də o, polkovnik Abeli nəyin bahasına olursa olsun ölüm hökmündən xilas etmək qərarına gəlir. Razılaşmaq çətin deyil ki, demokratiya, bərabərlik və insan hüquqları kimi mövzularda ağız dolusu danışan və digər ikinci. üçüncü dünya ölkələrinə mühazirələr oxuyan sistemdə belə problemlərin olması üçqat təəccübvericidir. Subyektiv fikrin rasionallıqdan və obyektiv reallıqdan fərqli olaraq bu dərəcədə əhəmiyyət qazandığını cəmiyyətdə əsl demokratiya və insan hüquqlarına qarşı hörmət formalaşdırmaq çox çətindir. Bu baxımdan əslində "Casuslar körpüsü" ABŞ hüquq sitemini gözəl təsvir edən bir filmdir. 

Bəzən filmlərin həqiqi ismarıclarını başa düşmək üçün kölgədə qalan elementləri diqqətlə təhlil etməli oluruq. Abel Rudolf, Amerikanın düşməni olsa da, filmdə rejissorun ona qarşı hörmətini və hətta deyərdim ki, heyranlığını görə bilirik. Hüquqşünas Donovan da dəfələrlə qeyd edir ki, bəli o cəsusdur, bizim üçün təhlükədir, lakin gəlin qəbul edək ki, o, düşmən cəbhəsinin əsgəri olsa da, yaxşı əsgərdir, vətənini satmır. 

Kölgədə qalan mühüm epizodlardan bir digəri də əsir düşən amerikalı leytenant-təyyarəçi Pauersin SSRİ-də məhkəmə zalında mühakimə olunmasıdır. ABŞ-dan fərqli olaraq amerikalı casusu ölüm hökmünə məhmum etmirlər və amerikadan fərqli olaraq SSRİ-da məhkəmə zalında "əclafa ölüm!" şüuarları eşidilmir. Bu nə deməkdir? Sovet amerikadan daha humanistdir? Rejissor nəyisə təhrif edir, yoxsa obyektivlik prinsipini qoruyur? Mən daha çox ikinci sualın ikinci hissəsinə üstünlük verərək film haqda fikrimi formalaşdırmağa meyl edirəm. Görünür, azadlıqlar ölkəsində insanları (fərq etməz cinayətkar, yaxud da günahsız insan) öldürmək də kifayət qədər azaddır. 

Spilberqin digər filmlərində də analoji vəziyyət ilə qarşılaşırıq: müdrik fərdin qərarları və düşüncələri, başqa sözlə, onun maraqları cəmiyyətin maraqları ilə toqquşsa da, cəmiyyət inkişaf etdikcə, həmin fərdə vaxt tanıdıqca, onun əməllərinin mahiyyətini başa düşür. Spilberq bir daha demək istəyir ki, o, sadə bir amerikalının yarada biləcəyi dürüstlük təkamülünə inanır. 

Konkret olaraq "Casuslar körpüsü" dinamik epizodlarla iti ismarıclar ötürən gözəl bir filmdir. Film sadəcə soyuq müharibədən bəhs etmir, o həm də bəlkə də bütün ömür boyu düşünmək üçün möhtəşəm mövzu təqdim edir. 


Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi