Öz xəstəliyini sev!

Bir yoldaşın məsləhəti ilə tanış olduğum "Öz xəstəliyini sev" kitabı, düşünmürdüm ki, son zamanlarda oxuduğum ən faydalı və təsirli kitablardan olacaq. Kitab bizə xəstəliklərimizin, başqa sözlə formalaşmış reallığımızın əsl, real mahiyyətini izah etməyə çalışır. Əlbəttə mən bənzər mövzulu müxtəlif kitabları görmüşəm və oxumuşam (məs. Luiza Hey - Düşüncə gücüylə müalicə). Valeriy Sinelnikovun rus elminin və cəmiyyətinin nümayəndəsi kimi Avropa və Amerika ədəbiyyatlarının əksəriyyətindən faydalandığı aşkardır, lakin müəllifin təhkiyə üsulu, nəqletmə bacarıqları, pedaqoji istedadı mənim üçün olduqca canayaxın tərzdədir. Əsl elm insanının, yazıçının və ya ümumiyyətlə digər insanlara nə isə çatdırmaq istəyənlərin həqiqi gücü də məhz bu yerdə özünü göstərir: auditoriya ilə zərif info-energetik fəzada əlaqənin yaradılması. Əgər qarşımızda dayanan şəxs nə isə izah etməyə çalışırsa və gözləyirsə ki, biz onu başa düşək və dərk edək, o, bilməlidir ki, bizim nəyisə başa düşməməyimizin səbəbi onun özündədir. Mən başa düşdüm ki, Valeriy Sinelnikov mənimlə məhz belə bir əlaqəni qurmaqda uğur qazandı. Nəticədə də, olduqca faydalı və dəyərli məlumatlar əldə etdim. 
Xəstəlik kainatla olan tarazlığın və harmoniyanın pozulması ilə əlaqədar göndərilən siqnaldır. Bu səbəbdən də xəstəliyinizə qarşı hörmətlə yanaşın – xəstəliyinizi qəbul edin. Xəstəlik bizim daxilimizdəki məhvedici fikirlərin, davranışların, ümumilikdə dünyagörüşümüzün xaricə əksolunmasıdır. Bu bizim özümüzü özümüzdən qoruyan şüuraltı müdafiə mexanizmidir. Xəstə insan o insandır ki, onun dünyagörüşü xəstədir. Nəticə olaraq da, xəstəliyi müalicə etmək üçün dünyagörüşümüzü dəyişdirməliyik.
Valeriy Sinelnikov tanınmış psixoterapevt, psixoloq, homeopatdır. O, minlərlə insana sağlamlıqlarını, xoşbəxtliklərini geri qaytarmağa kömək edən bir çox kitabın müəllifidir. "Öz xəstəliyin sev" kitabı vasitəsi ilə siz şüuraltı proqramlaşdırma vasitəsi ilə depressiya, nifrət, paxıllıq, aqressiya, günahkarlıq hissi kimi xəstəliktörədən emosiyalardan can qurtmarmağı və uğurlu, xoşbəxt bir insan olmağın yollarını öyrənə bilərsiniz. Kitabın müalicəvi gücü onu əlinizə aldığınız ilk dəqiqədən olaraq öz təsirini göstərməyə başalayır. 

Kitab iki hissədən ibarətdir: birinci kitab və ikinci kitab. Birinci kitabda xəstəliktörədən emosiyalar və düşüncələrin mahiyyəti izah olunub və onların aradan qaldırılması ilə əlaqədar məsləhətlər verilib. İkinci kitabda isə sırf spesifik olaraq hansısa konkret xəstəliyin üzərində dayanılıb və onların səbəbləri haqda söhbət açılıq. Nəzərə alsaq ki, Valeriy Sinelnikov qeyri-ənənəvi, alternativ tibbdən söhbət açır, buna baxmayaraq kitabın mütaliəsi zamanı bir dəfə də ənənəvi tibbə qarşı aqressiv antipropoqanda fikirlərinə rast gəlmədim. 
Siz kiminsə haqqında düşündükdə həmin şəxslə info-energetik əlaqə yaranır. Əgər kiminsə haqqında pis düşünürsünüzsə və həmin insanın ünvanına dağıdıcı fikirləri istiqamətləndirirsinizsə, həssas şüuraltı qatda ona zərər vura bilərsiz. Eyni zamanda kimlərəsə mənfi fikirlər ötürməyə başlayanda, sizin şüuraltınızda avtomatik olaraq özünüməhvetmə proqramı işə düşür. 
Kitab sadə və bir o qədər də fəthedilməz böyük sirrin üzərində dayanır: fikirlər reallaşır (materiallaşır). Bunu başa düşmək bəzən çox asan, bəzən çox çətin olur. Əminəm ki, dərindən dərk etməyi bacaran şəxs, bu sirrə yiyələnib böyük uğurlara, xoşbəxtliklərə nail ola bilər. Kitab da öz növbəsində bədənimizdə yaranan xəstəlikləri bizim yol verdiyimiz səhvlər səbəbiylə baş verdiyini bildirir. 

Yaxşı yadımdadır. 5 il bundan öncə Ronda Bernin "Sirr" kitabını və sənədli filmi üzərimdə böyük təsirə yol açmışdı. İnsanın həqiqətlər toplusunu bir neçə dəqiqə ərzində dağıtmaq zarafat deyil. İllər keçdi və mənin öyrəndiklərimə olan münasibətlərim də dəyişməyə başladı. Skeptikanı, inam, inamı şübhə, şübhəni əminlik əvəz etdi. Bu əvəzetmə prosesinin sona çatdığını söyləmək çətindir. 

Məşhur filosof Şopenhauerin iradə ilə əlaqədar əsərlərini oxuyanda insanın bir canlı varlıq olaraq özünü və ətrafını necə formalaşdırdığı haqda daha aydın fikir sahibi olmuşdum. Günümüzdə müasir elm (biologiya, kvant fizikası, psixologiya və s.) da insan beynin möcüzəviliyi haqda saysız-hesabsız araşdırmalar aparır. Valeriy Sinelnikov kimi insanlar da bizi bu özünəməxsus və təkrarsız səyahətə dəvət edirlər. Bu elə bir səyahətdir ki, heç zaman bitmir və daima daha maraqlı olaraq bizi gücləndirir. 

Siz səhv etməkdən, nəyisə düzgün etməməkdən qorxursunuz? Qorxmağına dəyməz. İstənilən nəticə sadəcə nəticədir. O yaxşı, ya da pis deyil. Bizim fəaliyyətlərimiz hər zaman doğrudur. Qələbə yaxud da məğlubiyyət deyilən bir şey yoxdur. Yaxşı-pis, daha yaxşı-daha pis oyununu oynamağı dayandırın. Biz bütün ömrümüz boyu səhvlərimizn üzərində öyrənirik. İstənilən yaranmış vəziyyət bizə pozitiv nə isə öyrədə bilər. Odur ki, hadisələri öncədən görməyə cəhd etməyə dəyərmi? 
Mahiyyət belədir: xəstəliklər bizim şüuraltı dünyamızın şüurlu dünyamıza göndərdiyi özünümüdafiə mexanizmi məhsullarıdır. Hər bir xəstəliyin müəyyən bir və ya bir neçə tamamilə müsbət niyyəti vardır. Şüurumuzdan fərqli olaraq şüuraltımız bizim şüurumuzun hər bir addımına adekvat cavab verir. Biz bunu hiss etmirik və fərqinə varmırıq. Əgər belə olmasa idi, həyatda normal yaşamaq imkanına malik olmazdıq. Odur ki, biz hər dəfə daha firavan, rahat və imkanlı həyat yaşamadığımız haqda düşündükdə, ətrafımızdan özümüzə qarşı ədalətli mövqe tələb etdikdə, şüuraltının özünümüdafiə mexanizmi işə düşür və hansısa orqanımızın fəaliyyətinə qarışır. Yaxud da, zamanla mütəmmadi olaraq əri tərəfindən döyülən və təhqir olunan qadının bir müddət sonra ginekoloji xəstəliklərdən əziyyət çəkməsinə təəcüblənməyin. Çünki, həmin qadının şüuraltısı onun üçün kişiliyin başlanğıcını simvolizə edən ərini təhlükə mənbəyi kimi qəbul edib. Bu da öz növbəsində kişiliyə sinxron qadınlığı simvolizə edən orqanda öz əksini tapıb. Xülasə, bütün xəstəliklərimizin kökündə səhv şüuraltı kökləmələr vardır. Həkim Sinelnikov da bizə təklif edir ki, biz mütləq şüuraltımızla ünsiyyət qurmalı və həmin neqativ kökləmələri ləğv etməliyik. Bunun üçünsə də müəyyən addımları izləmək mütləqdir. Şəxsi təcrübəsindən bölüşdüyü hallar da olduqca maraqlı idi. Şəxsən mənim üçün ən yaddaqalan məsələ o oldu ki, mən şüuraltı ilə necə əlaqə yaratmağı öyrəndim. 

Gəlin kitabın sonunda yer alan bəzi vacib qanunlara nəzər salaq: 

1) Hər bir insan öz dünyasını, öz həyatını bilavasitə özü yaradır - Maliyyə vəziyyətimizdən tutmuş fiziki sağlamlığımıza qədər bütün hər şey bizim dünyagörüşümüzdən - dostlarımıza, ailəmizə olan yanaşmamaızdan asılıdır. Hislərimiz, düşüncələrimiz dünyamızı formalaşdırır.
2) Zahiri daxilini əks etdirir - Bu kainatın ən əsas qanunudur. Əgər həyatımızda nə isə bizi qane etmirsə, biz daxili dünyamıza müraciət edərək onu dəyişdirə bilərik. Çünki zahiri daxilini əks etdirir. Bizim şüuraltı davranış proqramımız bu məsələdə ən əsas tənzimləyicidir. Özünüzü dəyişdirin və görəcəksiniz ki, ətrafınız da dəyişir. 
3) Hər bir kəsə onun düşüncələrinə görə verilir - Hətta İncildə də belə bir yazı var: Qoy hər kəsə inamına görə verilsin! Düşüncə universal - hərtərəfli enerjidir. Bizim hislərimiz və düşüncələrimiz materiallaşır. 
4) Enerjinin saxlanması qanunu - Daxilimizdə formalaşan hər bir düşüncə heç bir yerə itmir və mütləq həyatımızda baş verəcək hansısa hadisənin formalaşması prosesində iştirak edir. Başqa sözlə, bu və ya digər formada enerji mütləq bizim özümüzə qayıdır.
5) Cəzbetmə qanunu - Əgər sizin düşüncələriniz neqativdirsə, sizdə mürəkkəb və qorxulu xəstəliklər də mütləq yaranacaq. Sevgi dolu düşüncələr isə xoş hadisələrin gəlişini labüd edir. 
6) Şəxsi dünyamızla, yaşadığımız dünya arasında fərq vardır! - Şüur reallığın enerjisindən və informasiyasından istifadə edərək, daxili dünyanın yaradılması işi ilə məşğul olur. Unutmayın, şüurumuz müşahidəçi rolundadır və şüuraltımızın səfiridir. Hər bir insan əslində sadəcə öz dünyasında yaşayır. 
7) Hər bir insan öz dünyası ilə əlaqədar məsuliyyəti öz üzərinə götürməlidir - Üzərimizdə çalışmağın həlledici məqamı məhz budur. Bu özümüzü ətrafımızı tənqid etməkdən, özünütənqiddən, məyusluqdan, zəiflik hissindən və s.-dan azad etmək deməkdir. Ətrafınızda baş verən hadisələri diqqətlə izləyin və onlardan hansı müsbət dərsləri öyrənmək olar deyə tez-tez özünüzə sual verin. 
8) Vahidlik qanunu - İnsan kainatın, vahidliyin bir hissəsi olduğuna görə, vahidə doğru meyl edir. Hər nə qədər də Nyuton materialistik dünyada keçərli olan cisimlər üçün ümümdünya cazibə qanunu kəşf etsə də, bu qanun info-energetik strukturu təmsil edən canlılarda da mövcud olduğunu demək lazımdır. 
9) Müsbət niyyət qanunu - Xəstəliklərin müəyyən kontekstdə müsbət niyyətləri olur. Xəstəliyin əsl səbəbini axtarıb tapmaq, xəstəliyin icra etmək istədiyi müsbət niyyəti axtarıb tapmaq deməkdir. Niyyət heç bir vaxt mənfi ola bilməz. Çünki təbiətdə heç vaxt və heç bir halda mənfi təcrübə yaşanmır. 
10) Şüuraltında kainatda baş verən hər şey haqda ətraflı məlumat saxlanılır - Bir hüceyrə təsəvvür edin. O bütün bədəni görə bilməz, mümkün deyil, lakin onda genetik səviyyədə kodlaşdırılmış bütün bədən haqda informasiya var. Analoji olaraq da olmuş, hal-hazırda baş verən və gələcəkdə baş verəcək hadisələr haqda bütün informasiya əslində şüuraltında vardır. 
11) Təmiz niyyət daha çox bilik deməkdir - Həyatınızda, şüuraltınızda, düşüncələrinizdə nə qədər az aqressiya varsa, bir o qədər sağlamlıq və xoşbəxtlik sahibi olacaqsınız. Bu da ilk növbədə niyyətlərinizdən bilavasitə asılıdır. 
12) İnsanlar özləri özlərinə xəstəlik yaradırlar və səbəblərini aradan qaldıraraq müalicə oluna bilərlər - Ümumilikdə xəstəliklərin səbəbini əmələ gətirən halları aşağıdakı kimi sadalamaq mümkündür:

  • həyatın məqsədini, mənasını və təyinatını başa düşməmək;
  • kainatın qanunlarını bilməmək və əməl etməmək;
  • həm şüuraltında, həm də şüurda aqressiv, məhvedici hiss və emosiyaların mövcudluğu. 
İnsanlar xəstəliyin düşmən olduğuna inanırlar. Belə düşünürlər ki, xəstəliklə nəyin bahasına olursa olsun mübarizə aparmaq lazımdır. Halbuki, xəstəliklə mübarizə etmək öz-özünlə mübarizə aparmaq deməkdir. Elə bu səbəbdən xəstəliyini qəbul edin və özünüzlə mübarizə aparmaqdan qaçın. Kainatda müsbət təyinatla istifadə edilməyəcək elə bir güc yoxdur. Xəstəliyinizdə özünüinkişaf məqsədi ilə istifadə edə bilərsiniz. 

Comments

Post a Comment

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi