Haruki Murakami - Sahildə Kafka

Haruki Murakami - Kafka on the Shore
Харуки Мураками - Кафка на пляже

Getdikcə qovuşan iki böyük süjet xətti bizə 15 yaşlı Kafka Tamuranın ata evindən olan qaçışını və Nakata adlı özünəməxsus qocanın qeyri-adi, mistik və sirli sərgüzəştlərini çatdırmağa çalışır. "Sahildə Kafka" möhtəşəm təfəkkürlü bir yazıçının şüuraltı tunellərini göstərir. Romanı oxuduqca insan qeyri-adi hislər yaşayır. Qarşımızda dayanmadan digər bakirə fəzalar açılır. Maraqlı hadisələr, əhvalatlar və cərəyan edən olaylar təsəvvür üçün yüksəkkalorili qida təsirini bağışlayır. Romanı oxuduqca dəyişən düşüncə tezlikləri təkrarsız təəssüratlar formalaşdırır. Murakami tərəfindən yaradılan alternativ reallıqlar əbədiyyətə olan toxunuşdur. 

Süjetlər: 15 yaşlı Kafka Tamura uzun müddətdir ki birlikdə yaşadığı məşhur heykəltəraş atasının evindən qaçır. Qaçışının əsas məqsədi atasını öldürmək, itkin düşmüş anasını və bacısını tapmaqdır. Yaşadığı şəhərdən qaçan Kafka, özünə Takamatsu adlı şəhərdə yeni dostlar qazanır: bacısı ola biləcəyi Sakura, hermofrodit kitabxana işçisi Osima və onun müdirəsi, eleqant xanım, Xanım Saeki. 

Xanım Saeki orta yaşlı qadındır və cavanılğında yaşadığı bədbəxt hadisədən sonra yarı ölü yarı diri kimi həyatını davam etdirir (sevgilisinin ölümü). Bundan sonra Kafka mistik macəralar yaşayır: Xanəm Saekinin 15 yaşlı ruhuna aşiq olur, ata qatilinə çevrilir və ölümlə həyat arasında sərhəd rolunu oynayan kənddə suallarına cavab axtarır. 

İkinci alternativ süjet xəttindən isə Nakata adlı əqli cəhətdən zəif qoca Conni Uoker adlı heykəltəraşı (Kafkanın atası) öldürür. Nakata uşaq yaşlarında məruz qaldığı naməlum uçan obyekt təcrübəsindən sonra yazma və oxuma qabiliyyətini itirsə də, pişiklərlə danışa bilir, səmadan zəli və balıq yağdırır. Daha sonra yük maşını sürücüsü Hasina isə dostlaşan Nakata onunla birlikdə bu dünya ilə ruhi dünya arasında keçidi təmin edən daşı axtarıb tapmalıdır. Bu missiyanın məqsədi Kafka ilə xanım Saeki arasında əlaqə yaratmağa yardımçı olmaqdır. 

Bu iki süjet xətti romanın dualistik təbiətindən xəbər verir: Kafka Tamura ilə əlaqədar olan hissə romanın material hissəsidir. Kafka 15 yaşlı gəncdir, bol enerjilidir, idmanla məşğul olur, bədəninin gözəlliyinə diqqət yetirir, cinsi münasibətlərə böyük həvəslidir. Macəra və mistika, qeyri-adilik axtarışında olan Kafka Tamura, macəra və yenilik axtarışındadır. 

Nakatanın hekayəsi isə daha çox spiritual xarakter daşıyır. Nağılvari atmosferdə cərəyan edən hadisələr Nakatanı bir növ ruhi bələdçi kimi qəbul etməyimizi tövsiyyə edir. 

Əsas mövzular: "Kafka sahildə" romanının tunelləri ilə gedərkən ən müxtəlif mövzuların bir-birinə qovuşduğunu görürük. Əlbəttə ki, yazıçının ənənəvi dəsti-xətti bu romanda da özünü biruzə verir. Mözvu kombinasiyasında populyar mədəniyyət, ailə-məişət, magik realizm, mistika, yumor, intriqa və güclü cinsi əlaqə mövzuları var. Eyni zamanda diqqətlə fikir verdikdə romanda Sintoizm kimi ənənəvi yapon dini ənənə irsi də vardır. Əlbəttə ki, bütün bu mövzular yüksək ustalıqla simvolizə olunub və müəyyən məqamları vurğulanıb. Yazıçının digər əsərləri kimi "Sahildə Kafka" əsərində də musiqi kommunikativ xarakter daşıyan olduqca vacib vasitədir. Hətta əsərin adı müəyyən bir musiqi parçasının adını bildirir. Betxovenin əsərləri xüsusilə qabardılır.

Digər dominant mövzu xətləri arasıda şəxsiyyət müstəqilliyi və effektivliyi, özünüsübut, arzuların və xəyalların reallaşdırılması, İkinci Dünya Müharibəsinin bəzi məqamları, tale anlayışının şəxsiyyət psixologiyasına təsiri, peyğəmbərlik anlayışının qeyri-müəyyənliyi və davranışların formalaşdırılmasına təsiri, təbiətin gücü və s. vardır ki, bütün bu sadalananlar romanın nəhəng arxa fonundan xəbər verir.

Olduqca mühüm və özlüyündə kifayət qədər ağır mövzu əsərin baş obrazının Edip kompleksindən əziyyət çəkməsidir (Edip kompleksi (ing. Oedipus complex) - Oğlanın anasına qarşı duyduğu şüursuz yaxınlığa görə atasını qısqanması və bununla əlaqədar ruhi pozuqluqlar kompleksinə verilən addır. Freydin qurucusu olduğu Psixanalitik nəzəriyyəyə görə qarşı cins olan valideynləri sahiblənmə və öz cinsindən valideynləri itələmə mövzusunda uşağın bəslədiyi duyğu, düşüncə, impuls və fantaziyaların cəmidir.).

Romanı başa düşmək: Adəti üzrə Haruki Murakami diaqnoz qoysa da, müalicə resepti yazmır.  Biz süjeti sıxıb konkretləşdirdikdə müəyyən bir problematika görürük, lakin sonda həll yolu görsənmir ki görsənmir. Oxşar üslub Viktor Pelevində də rast gəlinir, amma Pelevin romanlarının sonunda xüsusi ədəbi bulanıqlaşdırma və falsifikasiya ilə oxucunu cavabı axtarmaqdan döndərə bilir. 

Bütün bunların fonunda bir şey dəqiqdir ki, romanı başa düşmək çox çətindir. Ayrı-ayrı səhnələrin üzərində dayanmaq olduqca çox vaxt aparacağından belə məqamlara toxunmayacam, amma sona qədər izah olunmayan, qeyri-müəyyən elementlər çox oldu: uçan naməlum obyekt, dünyalararası keçid rolunu oynayan kənd, xanım Saekinin həqiqətən də Kafkanın anası olub olmaması, Sakura adlı qızın Kafka tərəfindən həqiqətəndəmi cinsi zorakılığa məruz qalıb qalmaması, Conni Uoker - Kafka Tamuranın atasının oğlu tərəfindən, yoxsa başqa birisi tərəfindən öldürülməsi, Qarğanın supereqo olub olmaması və s. 

Murakami pərəstişkarları bütün bu məqamları rahatlıqla qəbul edib həzm edə bilsələr də, kimlərəsə görə bütün bu məqamlar oxucunun bütünlük və tamlıq istəklərini və ehtiyaclarını ödəməyə bilər. Başqa sözlə, əgər ümumiyyətlə Haruki Murakami romanlarını oxumaq qərarını vermisinizsə homogen süjetə ümid etməyin. Hər şey çox dinamik və dəyişkəndir. Hər xırdalığın öz hökmü var və əsla heç birini görməməzliyə məruz qoymamalısınız. Ən əsası siə detallarla zəngin süjetin fraqmentasiyaya məruz qalmış ümumi mənzərəsini beyninizdə toplayaraq onu səliqəli hala salmaq sizin öhdənizə düşən ən əsas ədəbi vəzifədir. 

Bəlkə də romanı başa düşməyi asanlaşdıran bəzi məqamlar ola bilərdi. Bunlara misal olaraq obrazlar gündəlik problemlərlə daha çox inteqrasiya oluna bilərdilər, onlar daha çox material obyektlərə fokuslanardılar, amma Murakami kütlə maraqları çərçivəsindən çıxış etmir. O, özünəməxsus dünyaları qovuşdurur. Hər bir halda unutmamaq lazımdır ki, "Sahildə Kafka" yaradıcı, cəlbedici və məqsədyönlü romandır.

Stilistika: Əsərdə olduqca çox metafora, simvollar və fraqmentlər var. Bu metaforalar və simvollar həm qərb, həm də şərq mədəniyyətinə xas olan vacib fenomenləri əhatə edir. Məsələn, Betxoven, Göte, Eyxman, Hegel, Şubert, Napaleon kimi qərb mədəniyyətinə xas fraqmentlər obrazlararası kommunikasiyada özünü biruzə verir. Şərq cəmiyyətinə xas konkret adlar bir qədər az olsa da (yapon şairi Natsumo Soseki, Min bir gecə nağılları və s.), əsasən şərq, əsasən də asiya mistikası, fəlsəfəsi, metafizikası və dini ənənələri romanın xəmirini əmələ gətirib. Xəmiri qabardan isə qeyd etdiyim kimi qərb mədəniyyətinin elementləridir. 

Şüuraltı tunellər: "Kafka sahildə" insan şüuru kimi harmonik, insan şüuralıtısı qədər naməlum və əbədidir.

Biz yaxşı bilirik ki, şüuraltının möcüzələri çoxdur və o hələ tam anlaşılmayıb. Eynilə "Kafka sahildə" romanında da belə bir vəziyyət var. Romanı oxuyub bitirsək də, çox şeyin nöqtəsini qoya bilmirik. Bu bir növü əbədi döngü, yaxud da şüuraltı tunelləri xatırladır. Gücümüz sadəcə bu tunelləri gəzməyə və müşahidə etməyə yetir. Gördüklərimizi sonzuluq qədər parçalayıb birləşdirsək, hər dəfəsində yeni naməlumu məlum edib suallarımıza cavab tapa bilərik. 

Spirituallıq, metafizika və mistika: Vaxtaşırı olaraq biz tez-tez ruhun (şüurun) bədəni tərk etməsi, daxili zülmət ilə
xarici zülmətin qovuşması (Tao və Buddizm təsiri), zaman-məkandan asılı olan və olmayan həyat formaları haqda oxuyuruq. Bütün bu sürrealizmin və mistikanın dərin kökləri və ötürmək istədiyi vacib ismarıclar var. Bütün bu supertəbii elementlərin yüksək maqnetizmi də aşkardır. Nəticədə oxucu həm süjetin macəraviliyi, həm də mistika, sürrealizm və metafiziki xüsusiyyətləri sayəsində romanı fasilə vermədən oxumaq istəyir. Mütləq nəzərə almalıyıq ki, bütün bu xüsusiyyətlərə malik romanı mərkəzdənqaçma qüvvəsinə qalib gələrək bir araya toplayan və ona can verən Haruki Murakamidir. Belə müərəkkəb ideyalarla işləyərək yazıçı bir daha öz möhtəşəmliyini və ustadlığını sübut edir. 

Sintoizm və Kami - Sintoizm haqqında ətraflı məlumat vermək fikrindən uzaq birisi kimi onu deyə bilərəm ki, bu din Yaponiyanın mədəni-dini ənənələrinin formalaşmasında müstəsna rola sahibdir. İkinci Dünya Müharibəsində Yaponiyanın məğlub olması onun qarşısında uzun amerikalaşma yolunu başlatsa da, Sintoizmin müasir ədəbiyyat vasitəsi ilə yenidən dirilməsi olduqca maraqlıdır. Əlbəttə ki, əgər bu məsələdə vasitəçilik Haruki Murakaminin üzərinə düşübsə, fərqli, qeyri-adi təzahürlər görmək ehtimalı yüksəkdir. Onu da xüsusilə qeyd etmək lazımdır ki, Murakami "Sahildə Kafka" ilə olduqca politeistik çıxış edir, hər hansı vahid, birtərəfli inanc və dəyərlər iyerarxiyasından istifadə etmir.  

Kami isə Sintoizmdə ruhları və ya ibadət olunan fenomenlərin ruhunu ifadə edən anlayışdır. O qeyri-adiliyi simvolizə edir və sadəcə insanlara, yaxud da ilahi qüvvələrə xas anlayış deyil. Kami heyvanlarda, bitkilərdə və ya sadəcə hansısa materiyada mövcud ola bilər. Əsərdə Nakatanın və yük maşını sürücüsü Hasimanın keçid qapısı ilə ünsiyyət qurması, bəzən rahatlıqla qaldırması, bəzənsə çətinlik çəkməsi (daşın ağırlığı sabit deyildi. Müəyyən səbəblərə görə o çox ağır və ya çox yüngül ola bilir və təbii ki bu fizika qanunlarına ziddir.) Kaminin daşda olan mövcudluğuna olan açıq-aşkar işarədir. Beləliklə də "Kami" Murakaminin dünyasına yol tapıb özü də "Kami"ləşib. 

Pişiklər - Pişiklərin romanda xüsusi yeri var. Onlar olduqca müdrik olsalar da, özlərinə məxsus azadlıqlarını qoruyub saxlayırlar. Conni Uoker və Nakata pişiklərlə sıx ünsiyyətdə olan iki əsas obrazdır. Birincisi bunu ruhları oğurlayan nəhəng fleyta düzəltmək üçün edir, ikincisinin isə xüsusi məqsədi yoxdur. Pişiklər romanın eqzotik-dekorativ elementləri kimi qiymətləndirilə bilər.Pişikləri belə eleqantlıqla və uyğunluqla istifadə etmək məni heyran etdi. 

Yekun söz: Hər şeyi bir kənara qoyaraq bir məqama köklənmək və onu yekun sözəvəzi istifadə etmək istərdim: mən ümumiyyətlə Haruki Murakaminin Azərbaycanda oxunmasının tərəfdarıyam. Bu yazıçı adi insanlar üçün ümid mənbəyi ola bilər. Alternativ düşüncə və reallıq yerli oxucularımız üçün kifayət qədər yad anlayışlardır və məhz bu baxımdan Azərbaycan oxucusu bütün cəsarətini toplayıb, tabularını kənara qoyub Haruki Murakamini mütaliə etməlidir. 

"Sahildə Kafka" öz əbədiliyi ilə daxilimizdə daima bizimlə olacaq. 

İstifadə olunan resurslar: 

  • Wikipedia
  • Updike, John (January 24, 2005). "Subconscious Tunnels: Haruki Murakami's dreamlike new novel". The New Yorker.
  • Mitchell, David (January 8, 2005). "Kill me or the cat gets it". The Guardian.
  • Block, Summer (July 2005). "Familiar and Alien". January Magazine. Retrieved 2008-12-17.
  • Burns, John (March 31, 2005). "Kafka on the Shore, by Haruki Murakami". Georgia Straight. Retrieved 2008-12-17.
Oxşar yazılardan: 

Comments

  1. kafka sahildə mənim ən sevdiyim romandır. və məqalənizi çox bəyəndim, uğur olsun!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi