Haruki Murakami - Qoyun ovu (2-ci hissə)

Haruki Murakami - A Wild Sheep Chase

 Харуки Мураками - Охота на овец

"Qoyun ovu" haqda xatirələrimi beynimdə çək-çevir edirdim ki, Murakaminin bəzi hekayələrini xatırladım. Məsələn "Rəqs edən cırtdan". Vaxtilə olduqca yüksək təəssüratlar yaratsa da, Murakami roman ustadıdır deyə öz-özümə düşünməyə davam etdim. O, nə qədər böyük həcmdə yazırsa, bir o qədər o möcüzəli dünyanın mənzərəsini rəngarəng təsvir edir. Bu mövzuya oxşar bir fikri Xulio Kortazar da qeyd edib: Roman həmişə xal hesabı ilə qalib olur, amma hekayə nokaut ilə qələbə qazanmalıdır. 

Ötən yazımda (Haruki Murakami - Qoyun ovu (1-ci hissə)) müəyyən epizodlara, ümumi süjetə və maraqlı məqamlara toxunduq. Bu dəfə romanın analitikası üzərində dayanmaq və ondan nələri sıxıb çıxarmağın mümkünlüyü haqda söhbət açmaq istərdim. Əlbəttə, etiraf etmək lazımdır ki, hər şeyi əhatə etmək mümkün olmayacaq. Buna baxmayaraq toxuna biləcəyimiz məqamlar da qənimətdir. 

Romandakı qoyun insanlara aydın olmayan və hətta anarxik xüsusiyyətə malik müəyyən bir məqsədi reallaşdırmaq istəyir. O öz məqsədləri, yaxud da məqsədlərinin bir hissəsini daxilində yuva saldığı insanla bölüşür. İnsan həmin dəm çox möhtəşəm hislər yaşayır. Bunu daha çox narkotik və ya psixotrop maddələrin qəbulu zamanı yaşanan hallüsonagen təcrübə ilə müqayisə etmək olar. Qoyunun simvolizə etdiyi güc, təmsil etdiyi cəbhə (məs. xeyir və şər) haqda nəticəyə gəlmək tamamilə oxucunun üzərinə düşən missiyadır. Bunu hər şeyin bir anda mövcudluğuna olan toxunuş kimi də qəbul etmək mümkündür: Beləliklə mən sizə qısaca izah edim, - deyə Professor Qoyun bildirdi. - Qoyun daxilimə 1935-ci ilin yayında təşrif buyurdu.Bir dəfə Mancuriyada, Monqolustan sərhədlərinə yaxın ərazidəki dağlarda mən yolumu azdım. Gecə məşğul olmağa bir şey tapmadığımdan, bir mağarada özümə yer hazırladım və elə oradaca da yatdım. Elə həmin gecə qoyun yuxuma girdi. Düz gözlərimin içinə baxaraq məndən içimə daxil olub olmamağın icazəsini aldı. "İşində ol" - dedim - "Mən etiraz etmirəm". Haradan biləydim ki, söhbət ciddidir. Əksinə, açıq-aydın xatırlayırdım ki, mən yuxu görürdüm. - professor kinayəli tərzdə güldü. - Belə qoyunu mən ömrümdə birinci dəfə idi ki görürdüm. İxtisasıma uyğun olaraq mən dünyanın bütün qoyun növlərini bilirdim və hamısını tanıyırdım, bir dənə bundan başqa. Bu qoyunu mənə məlum heç bir növlə əlaqələndirə bilmədim. Möhtəşəm buynuz döngüləri, nadir rastlanan qısa, amma güclü ayaqları var idi. Dağ çaylarındakı su kimi saf və böyük gözlərə sahib idi. Yunu bəmbəyaz, belində də ulduz formasında qəhvəyi rəngli ləkə var idi. Həmin an başa düşdüm ki, dünyada ikinci belə möhtəşəm qoyunu axtarıb tapmaq mümkün olmayacaq! Bu səbəbdən də mən ona cavab verdim ki, içimə daxil olmağına etiraz etmirəm. Bir alim kimi, yuxuda da olsa belə inanılmaz imkanı əldən vermək istəmirdim...

Haruki Murakaminin əsərlərini xüsusi möhtəşəmliklə rus dilinə tərcümə edən Dmitri Kovalenin, öz "Susi Nuar" əsərində (Murakamidən tərcümə etdiyi bütün kitabların özünəməxsus təhlilləri və resenziyaları toplusu) "Qoyun ovu"-nu bir neçə təbəqəyə bölür:

1 -ci qat - Kimlə gəldi yatan qızın ölümü - Nəzərə alsaq ki, "Qoyun ovu" öcədən planlaşdırılan triologiyanın üçüncü hissəsidir, biz mütləq öncəki romanlardan müəyyən epizodlara rast gəlməliyik. Depressiyaya düşən, getdikcə idarəetməni itirən və nəticədə də ölən qız "Küləyin nəğməsini dinlə" adlı birinci əsərin izləri və öz növbəsində, həmin dünyanın yeni dünyada assimilyasiyasıdır. 

2 -ci qat - Həyat yoldaşı ilə ayrılmaq - Bu da öz növbəsində "Pinbol 1979" əsərinin qalıqlarının "Qoyun ovu"-nda olan həllolmasıdır. Meşşan, gündəlik ailə-məişət problemlərinə fokuslanan qatda biz əks cins və iş həyatı ilə əlaqədar bolluca informasiya alırıq. Məhz bu qat roman haqda darxıdırıcılıq illüziyası yarada bilər, lakin yazıçı belə lazım bilib ki, bu hissə olsun və öncəki hissələr beləliklə də sonlansın. Çünki, biz öncəki əsərlərdə konkret sonluqla rastlaşmamışdıq. Digər önəmli obraz, qəhrəmanımızın yaxın dostu və iş tərəfdaşı da müəyyən miqdar təhkiyədən sonra dumanın içinə daxil olur. Eyni zamanda qəhrəmanımız həyat tənəffüsləri zamanı "qulaqlı" bir qızla tanış olur. İkinci qatın ən mistik, ecazkar və sirli obrazı olan bu obrazın əsas funksiyası qəhrəmanımızı üçüncü qata ötürməkdir. 

3 -cü qat - Üçüncü qatın da məxsusi sakinləri var: Sensey, Senseyin qara geyimli katibi və "Professor Qoyun". Senseylə Professor Qoyunun oxşar cəhətləri ondan ibarətdir ki, hər ikisi də vaxti ilə qoyunun aralıq sahibləri olublar. Xüsusilə qeyd etməyi lazım bilirəm ki, romanda təsvir olunan Sensey, yazıçı tərəfindən real tarixi şəxsiyyətin interpretasiyasıdır. Bu tarixi şəxsiyyətin Yösio Xidoe olduğu güman edilir. Bu şəxs müharibəsonrası Yaponiya siyasətində sağ cəbhənin lideri və kulisaraxası aferisti olub. Onun reputasiyasında Mancuriyada bir müddət icra etdiyi vəzifə və vacib məmurum ölümü var. Müharibədən dərhal sonra həbs olunaraq "A" kateqoriyalı cinayətkarlar sırasına daxil edilsə də, cəzadan boyun qaçıra bilib. Buna baxmayaraq bir neçə illik məhkumluqdan sonra biznes, siyasət və kriminal dünyasında, Yakudzada misilsiz idarəetmə hüququ əldə edir. Elə həmin vaxtlarda Sensey ləqəbini qazanır. 1976-cı ildə "Lokxida" işinə görə üç illik həbs cəzasına və 700 milyon yenlik cəriməyə məruz qalan Sensey yenə də cəzadan boyun qaçıra bilir, çünki koma vəziyyətində idi. 1976-cı ildən 1984-cü ilədək komadan ayılmayan Sensey, elə 1984-cü ildə də beyninə qan sızmasından dünyasını dəyişir. Üçüncü qatın olduqca mistik sakini olan Sensey, çox maraqlı şəxsiyyəti və tarixi ilə bizləri daha da çox düşünməyə vadar edir. 

4 -cü qat - Bu qat artıq tamamilə başqa dünyadır. Bu dünyada yaşamaq hər adamın işi deyil, çünki yüksək gərginlikli ərazidə sağ qalmağa heç də hamının gücü çatmaz. Məhz bu baxımdan biz dördüncü qatda Siçovulla üzbəüz dayanırıq. Bu qatda bizim "Qulaqlı" rəfiqəmiz heç bir gün də tab gətirmir. Qulaqlarının bütün cazibədarlığını (onu qeyd edim ki, bu qız qulaqlarının gözəlliyi və estetikası sayəsində nadir qulaq modellərindəndir.) itirir və dağın zirvəsindəki tənha malikanəyə gəldiklərinin səhərsi günü, qızı ayaqları oradan uzalaşdırır. Diqqət etdikdə görərik ki, katib də dördüncü qata soxulmaq istəyir və dərhal əcəlini tapır. Siçovulun peydə olması yazının xüsusi nəqletmə bacarığı sayəsində oxucunun tüklərini biz-biz edir. Siçovul birmənalı şəkildə ölür və öldükdən sonra belə romanda iştirak etməyə davam edir. Siçovul artıq başqa dünyanın sakinidir. Qəhrəmanımız isə real dünyanın. Bir də qoyun adam var. Özünü qoyun qılığına salıb Cünitaki adlı yaşayış məskənindəki insanlardan, öz keçmişindən və şəxsiyyətindən gizlənir. Bu obrazı həm müstəqil obraz kimi, həm də qəhrəmanımız;n daxili dünyası kimi qəbul edə bilərik. Qəbuletmənin formatı onlar arasında olan dialoqların xüsusiyyətinə görə müəyyənləşəcək: "Qoyun Adam nədir heç özüm də başa düşmürəm" - deyə yazıçıı etiraf edir. "Onu yarıqoyun, yarıinsan kimi qəbul etmək mümkündür. Özünü qoyun hesab edən insan kimi, yaxud da insan forması qəbul edən qoyunun ruhu kimi də qəbul etmək olar. Sizə hansı xoşdursa. Bu suala dəqiq cavab onsuz da yoxdur. Bu məsələ ilə ağlıma zamanla nələr gəlmir ki. Bəzən düşünürəm ki, bu "qoyun" xəstəliyinə tutulmuş insandır. Əlbəttə ki, bu da öz növbəsində mövcud ehtimallardan sadəcə biridir". 

Dördüncü qatdan sonra öz növbəsində epiloq və yekunlaşma prosesləri başlayır ki, burada da tipik Murakami stilistikası ilə qaşılaşırıq. 

Əsəri oxuduqca antipod zənginliyi ilə qarşılaşmamaq, ən əsası da onların fərqinə varmamaq mümkün deyil. Belə ki, "Professor qoyun"-la Sensey, Senseyin katibi ilə "Professor Qoyun"-un oteldə işləyən konsiyerj oğlu, Siçovulla qəhrəmanımızın iş tərəfdaşı, daha sonra həyat yoldaşları bir-biriləri ilə tamamilə identik olaraq əsəri formalaşdırıblar. Bütün bu məqamlar olduqca maraqlı və sıçrayış effekti yaradan xarakter daşıyır. Oxucu mülayim macəra dalğasına qapılır. Yazıçının bu "tələ"-sinə düşən oxucu artıq yazıçının "ovu"-na çevrilir. Mütləq tələsinə düşənlərin olacağını bilən yazıçı, fürsətdən istifadə edir və obrazların daxili dünyalarını günəş işığını gur yansıdan pak ayna kimi üstümüzə yansıdır. Əgər biz də çox yox, azca ağıllı olsaq, hissələri birləşdirsən və təsvirləri təsəvvürümüzdə canlandırmaqda uğur qazansaq, möhtəşəm nəticələr əldə etmək baxımından şübhələrimiz olmayacaq. 

Bəzən xaosun içimizdə olduğunu başa düşməyə, hara getsək də özümüzdən qaça bilməyəcəyimizi dərk etməkdən ötəri çox uzaqlara getməli oluruq. Unutmayın, Haruki Murakami sizi yaxanızdan tutub elə yerə qaldırır ki, gördüklərimiz və görəcəklərimiz eyni anda mövcud olmağa başlayır...

P.S. Romanda o qədər maraqlı məqamlar var ki hamısına toxuna bilmədiyimə görə təssüflənirəm. Ən yaxşı halda romanı azərbaycan dilinə tərcümə edə bilərdim. Heyif ki, vaxt azlığı məni bu xoşbəxtlikdən məhrum edir...

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi