Looper

2074-cü ildə mafiyalar cinayət əməllərini ört-basdır etmək üçün tam başqa üsullardan istifadə edirlər. Elm bu məsələdə onlara yaxından kömək edir. Zamanda səyahət artıq kəşf olunub, lakin bu olduqca bahalı bir "xidmət" olduğuna görə bunu  sadəcə imkanlı mafiyalar icazə verə bilirlər. Luperlər isə bu "təmizlik" işini icra edən işçi qismində fəaliyyət göstərən şəxslərdir.

Filmin konsepsiyası iyirminci əsrdə bir çox elmi fantastika müəlliflərinin bizlərə qoyub getdiyi ideyalar ətrafında formalaşır. Onların arasından xüsusilə də Filip Dik adlı yazıçını qeyd etmək lazımdır. Azərbaycan oxucusuna Filip Dik bir o qədər də tanış deyil. Halbuki, Filip Dik alternativ tarix, paralel kainatlar (dünyalar) və zaman paradoksları mövzularında olduqca dəyərli əsərlər yazıb. Filip Dik kimi yazıçılar tam yeni kinematoqrafiya məktəbinin əsasını qoyublar. Bu baxımdan "Looper" filminin konsepsiyası mənim üçün tam mənasıyla yenilik sayılmadı, lakin mövzunun spesifik problem ətrafında tənzimlənərək formalaşdırılması çox yaxşı həyata keçirilib: gələcək cinayətkarların luperlərin və bir qrup onlara nəzarətçilərin köməyi ilə törətdikləri cinayətlərin üstünü örtmələri; obrazlardan birinin sistemə qarşı üsyanı və zaman paradoksu yaşaması; bir neçə alternativ seçimin və tarix qovşağının yaranması. Məhz sadalananlar sayəsində film orta göstəricidən bir qədər çox dəyər təqdim edə bilir. 

İnsan istər-istəməz düşünür: əgər  gələcəkdəki mən yanıma gəlsə və mənimlə ünsiyyətdə olsa, səhvlərimin qarşısını almaq istəsə necə olardı? Filmdə gələcəkdən gələn Coenin cavan Coeyə tez-tez "sən çox axmaqsan" deməsi zamanın bizi müdrikləşdirdiyinə işarədirmi? Əlbəttə ki, zamanla biz müdrikləşməli, inkişaf etməli və güclənməliyik. Buna baxmayaraq hal-hazırda zamanda səyahət mümkün deyil (?). Hər mövzuda olduğu kimi zamanda səyahət kimi fantastik məsələnin əxlaqi-etik yöndən dəyərləndirməyə olduqca həvəsliyəm. Əlbəttə bunu universitet mühazirəsi formatında etmək istəmirəm. Sadəcə bir sualla kifayətlənmək və maraq doğurmaq niyyətindəyəm: Əgər müxtəlif zaman dilimlərinin "Mən"-i fərqlidirsə, zaman paradoksu yaşadıqda, hansına inanmalı, hansının yanında olmalıyıq?

Aktyorlar haqqında da bəzi qeydlərə yer vermək istərdim - Cozef Qordon Levitə belə bir xüsusi rəğbətim və ya simpatiyam olmasa da, bu filmdən sonra ona qarşı müsbət yanaşmağa başladım. Aktyor özünü olduqca profesional yöndən göstərib. Onun "500 Days of Summer" və "Inception" filmlərini yaxşı xatırlayıram və adı çəkilən filmlər məndə aktyora qarşı heç bir xüsusi maraq oyatmamışdı. Brüs Uills isə köhnə dostlardandır. Ona qarşı hər hansı şərhim yersiz və maraqsız olardı. Cari film baxımından isə onu demək olar ki, Brüs Uills "Looper" filmində özünü başqa yöndən göstərib. Onun kəskin baxışları və əmin olduğu prinsipləri və məqsədləri var idi. Emili Blant isə olduqca təbii və yaddaqalan obraz canlandırıb. Aktyor heyəti gördüyümüz kimi kifayət qədər diqqətəlayiqdir. Fikrimcə, aktyor komandası lazım olan bütün emosional palitranı izləyiciyə çatdıraraq, izləyicilərin qəlblərini fəth etmək kimi çətin missiyada uğur qazanıblar. 

Son dövrlər orijinal ideya ətrafında hazırlanan kitablar və filmlər əsl nadirlik olub. Filmlər və filmlərdə istifadə olunan xüsusi effektlər ideyanın çatdırılması üçün zəruri kanaldan başqa bir şey olmadığından, dəyərli ideyaları kinematoqrafiyaya daşımaq və "Looper" kimi filmlər hazırlamaq olduqca əhəmiyyətlidir. 


































Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi