Ekvilibrium - Equilibrium - Эквилибриум

Hadisələr hislərin qadağan olunduğu gələcəkdə baş verir. Bu insanların müharibələrin olmaması üçün verdikləri qurbandır. Artıq kitablar, musiqi və incəsənət qanunsuzdur. İstənilən hiss isə, ölüm cəzasına məhkum edilən cinayət hadisəsidir. Mövcud qaydaların icrasını təmin etmək üçün "Prozium" adlı dərmandan istifadə olunur. Con Preston adlı hakimiyyət nümayəndəsi qanunları pozanlarla mübarizə aparır. Günlərdin bir günü isə Con dərman qəbulunu unudur. Bu unutqanlıq onun mənəvi oyanışına səbəb olur. Oyanış isə hakimiyyətin ifşasını labüd edir. 

Süjet hislər anlayışı ətrafında formalaşır. Filmin fəlsəfəsinə görə hislər bəşər tarixini ali inkişaf səviyyəsinə nail olmağa qoymur. Nəticədə müharibələr və bədbəxtliklər yaranır. Deməli, əgər hislərin qarşısını alsaq, bütün neqativliklərin də qarşısını almış olarıq. Bu müəyyən inqilabın nəticəsidir. Yeni sosial intizamın utopik arzuları öz növbəsində başqa tiranların mənafelərinə xidmət edir. Burada "İnqilab öz balalarını yedi" ifadəsi yerinə düşər. 

Bizim hislərimiz bəzən bizi inanılmaz dərəcədə cəsarətli, bəzən inanılmaz dərəcədə qorxaq, bəzənsə də inanılmaz dərəcədə təkrarsız edir. Hislər bizə yaşadığımızı xatırladan, bəlkə də, yeganə göstəricidir. Düşüncələrimiz əbədiyyətin kiçik hissəcikləridir və biz ancaq düşüncələrimizə sığınsaq, mexanikiləşməyimiz qaçılmaz olacaq, asanlıqla yaşadığımızı unuda bilərik. 

Eyni zamanda belə bir sual da yaranır: bəs insan üçün ən böyük təhlükə olan insanın qarşısının alınması yaxşı olmazdımı? Xüsusilə də hiss edən insanın. Hakimiyyəti ələ keçirmək istəyən, kütləvi qırğın silahları hazırlamaq istəyən, hansısa ideologiyanı dəlicəsinə gerçəkləşdirmək istəyən insanların qarşısını almaq sülh və əmin-amanlığın təminatçısı olmazdımı? Bütün bu sadalananların səbəbi hislər deyilmi? 

Maraqlı orasıdır ki, filmdə təsvir olunan yöntəmlərdən fərqli olaraq ümumi ictimai tendensiyalarda insanların hissizləşməsi və düşüncəsizləşməsinin şahidi ola bilərik. Bunun üçün "prozium" və ya hansısa sərt nəzarət orqanına ehtiyac yoxdur. Filmdə təsvir olunanları reallaşdırmağın yeni daha "təmiz" yolları artıq çoxdan tapılıb. 

Filmlə bağlı ən əsas məqam odur ki, film Yevgeniy Zamyatin, Oldos Haksli, Corc Oruell kimi dahilərin müvafiq olaraq "Biz", "Cəsur Yeni Dünya" və "1984" əsərlərinin müxtəlif elementlərindən istifadə olunaraq yaradılıb. Əsərləri oxumayan insan üçün "Ekvilibrium" olduqca novator xarakterli film olacaq, lakin şəxsən mən sadalanan bütün antiutopik əsərləri oxuduğumdan, film mənim üçün yenilikçi xarakterli olmadı. Əsərlərin bəzi elementləri uğurla tətbiq olunsa da, bəziləri uğursuz tətbiq olunub. 

Ümumilikdə filmdə baş verəcək hadisələri təxmin etmək çətin deyil. Film izləmək sahəsində kifayət qədər təcrübəsi olanlar "Matris" sayağı filmin həm apafeozunu, həm də sonluğunu rahatlıqla tapa biləcəklər. Bu məqam bəzi izləyicilərə filmi darıxdırıcı edə bilər, amma daşıdığı maraqlı mövzulara və Kristian Beylə görə filmi izləməyə dəyər. 

Digər canlılardan fərqli olaraq biz insanlar sadəcə yemək tapıb və çoxalıb həyatımızı davam etdirmək istəmirik (amma düzü belə insanların sayı heç də az deyil). Biz yaşadığımız günlərin yaddaşımızda və xatirələrimizdə gözəl formada qalmasını istəyirik. Biz təəssürat almaq istəyirik. Siyasi hakimiyyətlər üçün hissiz insanları idarə etmək asandır, lakin bizə hisslərimizi xatırladan kitablar, musiqi, incəsənət və yaxşı filmlər olmasa, həqiqətən də biz hissizləşəcəyik. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi