Arkadiy və Boris Struqatskiy - Körpə

 Аркадий Стругацкий и Борис Стругацкий - Малыш

"Körpə" Struqatskiy qardaşlarının insanların digər planetlərdə həyat axtarışı ilə əlaqədar növbəti maraqlı və poetik əsəridir. Qardaşları təcrübəli elmi fantastika oxucularını daima təəccübləndirməyə müvəffəq olurlar.  Bu yolda onlara qeyri-adi paradiqmalar və qeyri-adi poetik yanaşmalar kömək olur. "Körpə" əsərində insanlar yadplanetli sivilizasiyaları ilə əlaqəyə girməyə çalışırlar. Bunun üçün yadplanetli sivilizasiyası yaşayan "Gəmi" planetinin humanoid olmayan yerli əhalisi tərəfindən böyüdülmüş insan vasitəçilik etməyə çalışır. Bu əsəri özünə görə kosmik mauqli dən bəhs edən əsər kimi də dəyərləndirmək mümkündür. Yazıçıların təqdim etdiyi suallar isə həmişəki kimi düşündürücüdür. 

Digər planetlərdə həyat axtaran insan öz evini qorumağa müvəffəq olmamışdır. Nəticədə öz eqoizmini kosmik məkana daşıyan insan digər planetlərdə məskunlaşmaq qərarına gəlir. Lakin ortaya bir çox suallar çıxır. İnsanın digər planetləri zəbt edib, digər sivilizasiyaları da istismar etməyə haqqı varmı? İnsanların bu istəyi onları nə qədər uzağa apara bilər? İnsan öz cəmiyyətinə uyğun cəmiyyətin kosmosda da bərqərar edə bilərmi? Ümumiyyətlə insan kimidir? Biz insanın eqosunu yaxından tanımaqla onu başa düşə bilərik. İnsan eqosu isə kosmosda daha yaxşı görünür. 

Yazıçılar və romantiklər üçün insanın vəhşi təbiət tərəfindən tərbiyə olunmasının hansı nəticələrə səbəb olacağı haqqında düşüncələrə dalmaq həmişə çox maraqlı olub. Bununla əlaqədar müxtəlif əsərlər meydana gəlib. Bu məqam hətta qədim mifologiyalarda və etnik əfsanələrdə də özünə yer tapıb. Bəs insan balasının yadplanetli sivilizasiyası tərəfindən böyüdülməsi nə ilə nəticələnə bilər? Bu ilk növbədə onunla nəticələnə bilər ki, həmin insan iki böyük sivilizasiya arasında əlaqə körpüsü rolunu üzərinə götürər. Başqa sözlə, insanların uzun illərdən bəri arzuladıqları "əlaqə" gerçəkləşmiş olar. Bu əlaqə sivilizasiyalara nələri bəxş edəcək? Mümküdür ki, insan bu əlaqə vasitəsiylə insanlığını dərk etsin? Yaxud da, əbədiyyətə bir addım da yaxınlaşsın? Uzun əsrlərdir ki, səmada axtardığı cavabları tapsın?

Tapılan bu körpə ali insan kimi qəbul olunur. "Gəmi" layihəsinin iştirakçıları olan bütün elm adamları bu insana müxtəlif cür yanaşırlar. Bəziləri ona valideyn qayğısı göstərir, bəziləri də çoxlu suallar verir. Onun dedikləri isə müəmmalarla zəngindir. Cəmisi 4 saata insan dilini öyrənə bildi. Bu insan uzun illər öncə qəzaya düşmüş digər gəminin heyətində sağ qalmış iki nəfərdən birisidir. O, böyük planetdə yaşayır. Uça bilir və fantomlar yarada bilir. Lakin o, yalnızdır. Bu yalnızlıq onu daima izləyir. Genlərinin əsas qorxusu olan yalnızlığı dərk edə bilmir. İnsan gördükdə bir baxıma məhz buna görə sevinir və onlardan ayrılanda da bu baxımdan kədərlənir. 

İnsan yalnızlığı, insan istəkləri, insan ümidləri və fantaziyaları haqqında olduqca şairanə əsər olan "Körpə" Struqatskiy qardaşlarının özünəməxsus dəsti-xətti olan elmi-fantastik əsərdir. Bu əsəri oxumaqla biz, sanki, kosmik səyahətə çıxmış oluruq. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi