İmitasiya oyunu - The Imitation Game - Игра в имитацию

İkinci Dünya Müharibəsi. Çox istedadlı ingilis riyaziyyatçısı Alan Türinq, almanların Eniqma kodunu qırmağa çalışır. Eniqma kimi super sisteminin dilini axtarıb tapmaq inanılmaz dərəcədə çətindir. İngiltərə hakimiyyəti bu məqsədlə ölkənin ən yaxşı riyaziyyatçılarını, şahmatçılarını və proqramçılarını bir yerə yığır ki, insan təbiətinin ən qorxulu tərəfi qələbə çala bilməsin. Alim Alan Türinq məntiqi nəticə kimi belə bir şey təklif edir: Eniqma kimi möhtəşəm super sistemə malik maşınla yalnız ona oxşar digər maşın mübarizə apara bilər. Bir çox uğursuzluqlar və çətinliklərdən sonra Alan Türinq istəyinə nail ola bilir. Faşistlərin sirli dili çözülür və planları ifşa olunur. Bəşər tarixinin axını dəyişir. 

Filmi izləyib bitirdikdən sonra başa düşürsən ki, film, dünya müharibəsi, ölüm-qalım seçimi, dahilik məsələsi və homoseksuallıq kimi mövzuları çox ustalıqla özündə birləşdirə bilib. Hətta filmi izləyib bitirdikdən sonra da həmin mövzular ətrafında düşünməmək olmur. Filmin xüsusi atmosferi elə şərait yaradır ki, izləyici sadəcə rasional təfəkkürü ilə deyil, izlədiklərini emptaiya quraraq emosional müstəvidə də dəyərləndirir. Bu da öz növbəsində filmin böyük uğurudur. Əla rejissor və aktyor işi bütün bunları təmin etməyi bacardı. 

Filmi müəyyən qədər uzadılmış və darıxdırıcı hesab etmək olar, amma belə düşünürəm ki, bütün dialoqları və epizodları izləməklə filmi daha yaxşı başa düşmək olar. Eyni zamanda bəzi insanlar düşünə bilər ki, film homoseksuallıq ilə əlaqədar anti-propoqanda xarakteri daşıyır. Filmdə, sanki, rejissorun "əgər sən normal olsaydın hər şey yaxşı olacaqdı" fəlsəfəsini sezmək olur. Yaxud da əksinə, 20-ci əsrin ortalarında, günümüzdən fərqli olaraq homoseksualların necə də böyük əziyyətlər və sosial təzyiqlərə məruz qaldığı göstərilmək istənib. Axı həmin dövrdə rəsmi qanunvericilikdə bunu qadağan edən qanun var idi. İstənilən halda, dahi riyaziyyatçı obrazı filmi rəngarəng etmirdi və Alan Türinqin homoseksuallıqla əlaqədar real xüsusiyyətlərinin bədiiləşdirilməsi filmə canlılıq qatdı. Bu artıq yeni tendensiya xarakteri qazanır. Oxşar mövzu kimi, yəhudilərin İkinci Dünya Müharibəsində məruz qaldıqları əzab-əziyyətlərlə müqayisə etmək olar. Müasir kinematoqrafiyada keçmişdə qalmış əzabların bədii ekranizasiyası kifayət qədər uğur qazanır. Cari tendensiya da əsasən cinsi oriyentasiyalar müstəvisinə doğru dreyf edir. 

Nədənsə dahililərin həyatları bir-birinə oxşardır: asosial, yaxud da hansısa xəstəlikdən əziyyət çəkən, hamı kimi olmayan şəxslər. Nədənsə onlarla ünsiyyət qurmaq çətin olur. Onlar, sanki, bu günlərində yaşamırlar, daima arzularına sarılıb gələcəyə baxırlar. Səmimi qəlbdən inanırlar ki, dünyanı dəyişə biləcək kəşflərə müəlliflik edə biləcəklər. Onlar ətrafdakı insanları başa düşə bilmirlər. Ətrafdakı insanlar da onları başa düşə bilmirlər. Başa düşmək və düşülmək insan şəxsiyyətini formalaşdıran ən əsas amildir. İnsan dünyaya gələndən bu əbədi aclıq onun şəxsiyyətini formalaşdırır. Canlı insanlar tərəfindən başa düşülməmək dahiləri cansız şedevrlər yaratmağa sövq etmişdir. İnsan yalnız qaldıqda yaratmağa meyl edir. Belə insanlar yaratdıqları ilə ömürlərinin sonuna qədər yaşaya bilərlər. Bəzi dahilər özlərinə nəinki sadəcə cansız maşın, yaxud da mexanizm qururlar, onlar beyinlərində özlərinə yeni dünya yaradıb orada yaşamağa başlayırlar. Belə insanların heç də hamısı olmasa da, bəziləri tarixin axarını dəyişə bilirlər. Alan Türinq bütün bu xüsusiyyətlərə malik alim kimi təsvir olunmuşdur və nəzərə almalıyıq ki, o, informatika kimi müasir həyatımızın ayrılmaz hissəsini təşkil edən elmin atasıdır. 

Filmi hansısa xüsusi auditoriyaya məsləhət görmək kimi fikrim yoxdur. Məncə, filmi hamı izləyə bilər. İzləndikdən sonra isə yaxşı müzakirə olunmağa dəyərli filmdir. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi