Doqvil - Догвилль - Dogville

1930-cu illər. Qanksterlərdən canını qurtarmağa çalışan gənc və gözəl qadın Qreys, qayalı dağlarda yerləşən Doqvil adlı şəhərciyə gəlib çıxır. Şəhərciyin sakinləri Qreysin onlara işləyəcəyi halda ona sığınacaq verəcəkləri ilə razılaşsalar da, vaxt keçdikcə onların tələbləri iyrəncləşir və bütün hədləri aşır. Mütəmmadi olaraq Qreys Doqvil şəhərciyinin sakinlərinin quluna çevrilir və başa düşür ki, burada insan sevgisi və mərhəmətindən əsər-əlamət yoxdur. Heç kim bilmir ki, Qreys necə təhlükəli ola bilər. Doqvil Qreysə dişlərini göstərdiyinə görə möhkən peşman olacaq...

Tom Qreysi talenin hədiyyəsi adlandırırdı və Doqvilin bu hədiyyəni qəbul edə bilməyəcəyini proqnozlaşdırırdı. Gəlin təhlilimizi elə bu ideyanın üzərində quraq. Qreys gözəl və gənc qadındır. O, özünə sakit və rahat yer tapmaq, qorxulu və təhlükəli insanlardan uzaqda olmaq üçün Doqvilə təşrif buyurur. Doqvil kiçik şəhərcikdir. İnsanları da digər şəhərlərin və ya qəsəbələrin insanlarından bir o qədər də fərqlənmir. Qreysin Doqvilə təşrifi onları düşündürür. Müzakirə edərək onu qəbul edirlər və şəxsi rahatlıqları naminə onu işlətməyə başlayırlar. Unutmayaq ki, Qreys talenin hədiyyəsidir. Onun Doqvilə təşrifi əhalinin monoton və darıxdırıcı həyatına yeni nəfəs verir. Bəs Doqvil sakinləri nə edir? Zaman keçdikcə kiçik şəhərciyin daxillərinə preslədiyi bütün iyrəncliklər üzə çıxır və hədəf olaraq Qreysi seçir. Qreys xeyli müddət qaçdığı iyrəncliklərlə Doqvildə məruz qaldığı iyrənclikləri müqayisə edir. Bütün zərbələrə dözür. Bir izləyici kimi isə mən kütlənin əclaflıqlarına və şərəfsizliklərinə dözə bilmirdim. Deməli insanlar talenin hədiyyəsini ilk öncə tərəddüdlə qəbul edir, ona öyrəşdikdən sonra isə özlərini məhv etdirəcək həddə qədər onu hər gün zorlayırlar. Sonradan başa düşdüm ki, bu elə insan təbiətinin özüdür. Bilmirəm, bəlkə də insanda bütün bu xüsusiyyətlər doğuşdan olur, bəlkə də sonradan yaranır, amma hər halda bunun adı eyni mənanı verən müxtəlif sözlərdir: şər, dağıdıcılıq qüvvəsi, vicdansızlıq, vəhşilik və s. 


Zorbalar və zülmkarlar sən deyən kimi özləri də qurbandırlar. Lakin mən onları dəli adlandırıram və əgər onlar öz qusuntularını yeyirlərsə, onları dayandırmağın yeganə üsulu qamçıdır. Köpəkləri çox şeyə öyrətmək olar, amma əgər sən hər dəfə onları öz vəhşi təbiətlərinin çağırışlarına tabe olanda bağışlasan bu mümkün olmayacaq. 

Doqvil sakinləri Qreysi güzgü kimi görürdülər. Bu güzgüyə baxarkən onlar özlərinin necə də zavallı və zəif olduqlarını, necə də çirkin və axmaq olduqlarını görürdülər. Belə düşünməyə başladılar ki, əgər güzgünü korlasalar hər şey düzələcək. Güzgünü korladıqca isə hər şey düzəlmədi, əksinə hər şey daha da pisləşdi, onlar insanlığı tərk etdilər. Sakinlərdən hər biri Qreysi aşağılamağa çalışırdılar. Onlar üçün bu yeni bir şans idi. Acizliklərini unutmaq üçün onların əlinə yaxşı fürsət düşmüşdü. Hər bir halda isə Qreys onlardan üstün oldu. Təmizliyi ilə onları utandırdı. Başqa bir sual isə budur ki, Doqvil sakinlərinin belə olmaqları onların özününmü günahıdı, yoxsa yox. Çətin sualdı. 


Orada öz şəhərini sevən yaxşı və dürüst insanlar yaşayırdı. Nə vaxtsa hansısa sentimental qəlbli birisi onların əsas küçəsini "Qarağaclar küçəsi" adlandırıb. Hərgah heç bir qarağac öz kölgəsini şəhərin küçələrinə bəxş etmirdi, insanlar adı dəyişdirməyə heç bir səbəb axtarmadılar...











Bir çox obrazın üzərində dayanıb ətraflı təhlil etmək mümkün olsa da, Tom obrazı mənim xüsusi diqqətimi çəkdi. O, Qreysə qarşı ilk öncə yardımsevər və sevgi dolu münasibəti ilə Qreysin inamını qazandı. Bir müddət sonra isə onun şəxsiyyətinin kökündə böyük miqdarda eqoizm və pafsoun dayandığını açıq-aşkar görmək olur. Belə insanların gecə-gündüz oxuyub öyrəndiklərinin heç bir mənası yoxdur. Çünki nəticədə onlar sadəcə özlərini düşünürlər və ancaq özlərini sevirlər. Belə olduqda da onların hər bir hərəkəti saxta olur. Tom məhz belə insan idi. O, yaxşı analiz edib nə isə fikirləşib ortaya qoyurdusa da, səmimiyyətsizlik hiss etmək olur. Digər obrazları da detallı təhlil etmək olar və olduqcda maraqlı nəticələr ortaya çıxacaq. 

Filmin realistikliyi məni hərdən qorxudurdu və bəzi epizodlarda düşünürdüm ki, izləməyə davam etməsəm daha yaxşı olar, amma hiss edirdim ki, Qreysə edilən bütün haqsızlıqların müəyyən cavabı olacaq. Ona görə də özümdə güc tapırdım. Mövzunu bu dərəcədə realistik tərzdə izləyicilərə çatdırmaq üçün rejissor Lars Fon Trierə kiçik bir sahə və əla aktyor heyəti kifayət edirdi. Hadisələr məni o dərəcədə içinə uddu ki, aktyorların görünmək qapıları açıb bağlamaqları mənim üçün əhəmiyyətsiz məsələlərdən birinə çevrildi. Halbuki ilk əvvəl mənə qəribə gəlmişdi. Bu məqam resjissorun istifadə etdiyi çox unikal fənddir. Amma bu görünməzlik mənə zaman-məkan kəsişməsindən ibarət yaşadığımız kainata yeni - illüziativ baxış tərzini yaratdı. Həqiqətən də çox maraqlı idi. Siz parkla gəzirsiniz. Bəlkə də sevgilinizləsiniz. Ətrafınızdakı bütün bu yaşıllıqlar, heykəllər və quşların varlığına necə əmin ola bilərsiniz? Sevgilinizin və özünüzün varlığınıza necə əmin ola bilərsiniz? Cəmiyyətin sizə göstərdiyi bütün bu münasibətlər bəs necə, onların səmimiliyinə necə əmin ola bilərsiniz? Bütün dünyamız illüziyalardır. Bəzilərini özümüz yaradırıq, bəziləri isə bizdən asılı olmadan yaradılıblar. Bax bütün bu məqamları olduqca gözəl başa düşdüm. Hansısa filosofun yazdığı fəlsəfi fikirləri oxuduqdan sonra keçirdiyim hissləri keçirdim. Əgər illüziyalardan ibarət bu dünyada onun diktə etdiyi kimi olacaqsınızsa, o sizi qəbul edəcək, yox əgər olmayacaqsınızsa, o sizə yad kimi yanaşacaq. Musa isə yadları sevmir, onları görəndə hürür.
Mən hesab edirəm ki, bu fiqurları məhv etmək, onları yaratmaqdan daha az şər əməldir. 

Bəzən bəyəndiyim filmlərin müxtəlif epizodlarını dəfələrlə izləyirəm. "Doqvil" filmini bir daha heç bir epizodunu izləmək fikrim yoxdur. Filmin hər bir epizodunda qəribə ağırlıq var. Sanki, bəşər tarixinin insanda yaratdığı bütün mənfiliklər izləyiciyə göstərilir. Hər halda gözəl ekran əsəri kimi möhtəşəmdir. 
Dünyada elə bir şəhər var ki onsuz dünya daha yaxşı yer ola bilər. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi