Andrey Rubanov - Xlorofiliya

Orijinal adı: Андрей Рубанов - Хлорофилия

Qısa təqdimat: Moskva, 22-ci əsr. Rusiya tanınmayacaq şəkildə dəyişib. Rusiyada həyat sadəcə Moskva şəhərində cəmləşib. Sibir çinlilərə kirayəyə verilib. Çinlilərin ödədikləri kirayə haqları və yeni biznes sahələrinin sayəsində ruslar əziyyət çəkmədən qayğısız həyatlarını yaşamağa çalışırlar. 

Sosial sinif anlayışı göydələnlərə əsaslanır. 60-cı mərtəbədən yüksəkdə yaşamaq prestijli hesab olunur. Mərtəbə sosial statusun göstəricisidir. 

Çox qəribədir ki, Moskvada hündür bitkilər bitməyə başlayıb. Bu bitkilər çox ehtiyatla bitirlər, nə yolları, nə də digər infrastruktur obyektlrini zədələyirlər. Hündürlükləri 50 saat ərzində 300 metrə qədər çatır. Kəsən kimi yerində yenə də 50 saata 300 metr hündürlükdə bitki bitir. Sonradan aydın olur ki, bu bitkilərin müəyyən hissələri narkotik maddəyə bənzər xüsusiyyətə malikdir və insanlar dayanmadan onu istehlak etməyə başlayırlar. İnsanların rəngi ağarmağa başlayır, yaşıl uşaqlar doğulmağa başlayır. İnsanlar özləri də bitkiyə çevrilməyə başlayırlar. Nədir bu? Kimlərsə deyir ki, bu KQB-nin gizli təcrübələrinin nəticələridir, kimlərə görəsə də yadplanetlilərin əməli, kimlərə görəsə isə allahın yerə göndərdiyi yeni nemətidir. Nə olursa olsun, bu artıq yeni eradır. 

Andrey Rubanov: Müasir rus yazıçısı Andrey Rubanov 1969-cu il 25 iyul tarixində Moskva oblastında anadan olmuşdur. Uşaqlığı kənd şəraitində keçmiş, hərbi hava qüvvələrində xidmət etmişdir. Ən müxtəlif peşələrlə məşğul olmuşdur: qəzet müxbiri, sürücü, tikintidə fəhlə, cangüdən və sahibkarlıq fəaliyyəti. 1996-cı ildə fırıldaqçılıqda ittiham olunaraq həbs olunsa da, 1999-cu ildə bəraət qazanaraq azadlığa çıxmışdır. 1999-2000-ci illərdə Çeçenistanda yaşamış və Rusiya Federasiyasının Çeçenistandakı səlahiyyətli nümayəndəsinin mətbuat katibi vəzifəsində çalışmışdır. Daha sonra isə sahibkarlıq fəaliyyətinə geri dönmüşdür. İlk kitabı olan və avtobioqrafik xarakterli "Əkin, bitəcək" romanı 2005-ci ildə çap olunmuşdur. Roman "çətin" 90-cı illərdə fəaliyyət göstərən və əsasən qeyri-qanuni işlərlə məşğul olan bankirin həyatından bəhs edir. Daha sonra ardıcıl olaraq 2010 və 2011-ci illərdə "Xlorofiliya""Canlı yer" fantastik əsərlərinə görə "Arkadiy və Boris Struqatskiy" beynəlxalq ədəbi mükafatını qazanmışdır. 

Dəyələr: "Xlorofiliya"-nın təsvirlərində "heç kim heç kimə borclu deyil" ideologiyası hakimdir. İndividuallıq ifrat dərəcədə insanların həyatını işğal etmişdir. İnsanların material dəyərlərindən başqa dəyərlər gözə dəymir. Ucalan göydələnlərlə insanların pul və var-dövlət ehtirası da dayanmaq bilmir. 

Biz anonim hakimiyyətə tabe olub merkantil dəyərlərimizi əsas götürüb həyatımızı sadəcə bu çərçivə ilə məhdudlaşdırqca, qanımızın tərkibindəki xlorofil maddələr bölünmə yolu ilə artır. Nəticədə biz yaşıllaşır, bitkisəlləşirik. Bitkilər digər canlılardan fərqli olaraq sadəcə suya və günəşə ehtiyac duyarlar. Onlar bir yerdən başqa yerə hərəkət etmək ehtiyacı hiss etməzlər. Onlar üçün sadəcə sakitlik və mütəmmadi tələbatlarının ödənilməsi vacibdir. Bütün bunlar istehlak cəmiyyətinin gec ya tez məruz qalacağı aqibətin analogiyasını təşkil edir. 

Mənəvi əsaslarımızı unutmaqla özümüzü məhv etməkdə həlledici addımı atmış oluruq. Sadəcə bədənimizin tələbatlarına mübtəla olmaqla onun diktəsi altında yaşamaq sadəcə bir seçimdir. 

Boşluqlar?: Əsər haqqında müasir rus oxucuları müxtəlif fikirlər söyləyirlər. Bəziləri bəyənir, bəziləri bəyənmir. Məsələn fantastika janrı üçün əsərin kifayət qədər realistik olduğunu deyənlər var, antiutopiya üçün motivlərin kasıb olduğunu qeyd edirlər, satira üçün gülməli olmayan təsvirləri, macəra romanı kimi isə çox darıxdırıcı və bilinən süjet xətlərinin olduğu deyilir. Çatışmayan cəhətlərin və boşluqları bax beləcə sadalayıb bədii ağırlığının az olduğunu və ciddi bədii ədəbiyyat nümunəsi kimi qəbul etməməyi müdafiə edən oxucular kifayət qədərdir. Buna baxmayaraq, antiutopiya janrında mütaliə təcrübəmə əsaslanıb onu deyə bilərəm ki, çatdırılmaq istənən ideyalar və gələcəkdə baş verməsi ehtimalı yüksək olan hadisələrin tənqidi məni kifayət qədər qane etdi. Əsas olan Andrey Rubanovun gələcəkdəki Rusiya cəmiyyətinin nələrə dəyər verəcəyini göstərməyə cəhd etməsidir. Yazıçı yazdığı təsvirlərə rus cəmiyyətinin keçmişindən hərəkət edərək gedib çatmışdır ki, bu da öz növbəsində olduqca maraqlı yanaşma tərzidir. Rusiya cəmiyyətinin deqradasiya prosesi sürətlə davam etməkdədir. Bu prosesi Rusiya müstəvisində antiutopiya halına salmaq olduqca dəyərli işdir. Unutmamaq lazımdır ki, gələcəyimizi formalaşdıran sadəcə bir güc var: dəyərlər. 

Digər antiutopiyalarla olan oxşarlıqlar: Oldos Hakslini xatırlasaq, orada da gələcəyin insanlarının hər gün narkotik maddələr istifadə
edərək sosial yaşamlarını stabilləşdirdiklərini - psixoloji komfortu təmin edərək - görmək olar (amma nəzərə almalıyıq ki, "Xlorofiliya"-dakı naməlum bitkinin araşdırılması sübut etdi ki, o narkotik maddə deyil və narkotik maddələrin fəsadlarına malik deyil.). "1984" antiutopiyasındakı "Böyük Qardaş"-la "Xlorofiliya"-dakı dövlətin androidlərə əsaslanan mükəmməl izləmə və "problemi həll etmə" mexanizmi arasında oxşarlıqlar çoxdur. "Dumanlı Andromeda" və ya "Cəsur Yeni Dünya" antiutopiyalarında da olduğu kimi "Xlorofiliya"-nın dünyasında da vəhşi və sivil cəmiyyətlər bölgüsü var. "Xlorofiliya"-da bu özünü olduqca patriotik və ideoloji kontekstdə göstərir. Vəhşi cəmiyyət unudulan dəyərləri simvolizə edir. 

Nəticə: Mən çox sevindim ki, hazırki Rusiya cəmiyyətində onun reallıqlarını dəyərləndirib gələcəyi ilə əlaqədar antiutopik çalarlarda proqnoz verməyi bacaran düşünən və yaradıcı insanlar var. Bu olduqca vacib məqamdır. Ən son ədəbi nümayəndələrə baxsaq görərik ki, cari Rusiya cəmiyyəti əsasən nağıl oxumağa üstünlük verir. "Xlorofiliya" isə nağıl deyil. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi