Meri Şelli - Frenkenşteyn, yaxud müasir Promotey

Мэри Шелли - Франкенштейн, или Современный Прометей
Mary Shelley - Frankenstein; or, The Modern Prometheus

1816-cı ildə aralarında dünya romantik poeziyasının görkəmli nümayəndələri olan Lord Bayron və Persi Şellinin də olduğu, İsveçrənin Cenevrə şəhərində dostlar bir araya toplaşaraq qorxulu hekayələr danışırlar. Onların arasında yeniyetmə Meri də var ki, bir müddətdən sonra Persinin həyat yoldaşı olacaq. Lord Bayron belə bir yarış təklif edir: yayın sonuna qədər kim ən qorxulu hekayəni yaza bilər? Bu yarış Merinin təsəvvürünü alovlandırır və onu ilhamlandırır. Nəticədə isə Meri Şelli sadəcə yeni fenomen deyil, eyni zamanda dünya ədəbiyyatının axınını dəyişdirəcək yeni janr yaratmış olur: elmi-fantastika. Yaxşı elmi-fantastikanın isə üç mühüm xüsusiyyəti vardır: müasir elmin nəaliyyətlərinin doğru təsviri, bu nəaliyyətlərin humanistik tənqidi və elmi texniki tərəqqinin inkişafının idarə olunmaması zamanı nələrin baş verəcəyinin proqnozlaşdırılması. Bu nəaliyyəti isə Meri heç də asanlıqla əldə etmir...

Meri Şelli 1797-ci ilin avqustun 30-u Londonda anadan olub. Atası məşhur liberal-filosof, jurnalist-anarxit və ateist Uilyam Godvin olub. Anası isə olduqca məşhur feminist, müəllimə və yazar olub. Buna baxmayaraq Meri anasını görməyib. Çünki anası Merini dünyaya gətirərkən dünyasını dəyişir.

Olduqca yalnız və məhrumiyyətli ailə həyatına malik olan Meri Şelli, atasının ətrafında daima olan məşhur filosofların və alimlərin söhbətlərinə diqqətlə qulaq asırdı. Başqa sözlə, ən yeni elmi nəaliyyətlərdən və kəşflərdən xəbər tutmaq imkanı var idi. Bu da həmin dövr üçün Meriyə böyük ideyalar təqdim edirdi. 

Həmin dövrdə Merinin eşitdiyi xəbərlər arasında ən vacibi, İtaliyanın Baloniya Universitetinin fizik alimi Luici Qalvaninin təcrübələri olur. Qalvaninin təcrübələri qısa müddət ərzində Avropada sensasiyalar yaradır. Qalvani hesab edirdi ki, istənilən canlı ətraflarını (əl və ayaqlarını) hərəkət etdirmək üçün elektrik enerjisinə ehtiyac duyur. Başqa sözlə, hərəkətlərin kökündə elektrik enerjisi dayanır. Digər canlıların üzərində apardığı təcrübələrdən sonra, Qalvani ölmüş məhkumların üzərində də təcrübə aparır. Ölü insanların bədənindən güclü elektrik cərəyanı keçirməklə möhtəşəm nəticələr əldə edir: ölünün gözləri açılıb bağlanır, əli qalxır. Cərəyan miqdarı artırıldıqda isə ölü qalxır və oturur.

Nəzərə almaq laızmdır ki, həmin dövrdə elmi nəaliyyətlərə və kəşflərə əsaslanan hər hansısa hekayə, roman və ya müəyyən yaradıcıllıq nümunəsi yox idi. Müxtəlif qotik, fantastik və qorxulu nağıllar və hekayələr olsa da, ciddi sualların qoyulduğu və problematikanın göstərildiyi elmi əsərlər yox idi. Nəticədə Meri Şelli "Frenkenşteyn, yaxud müasir Promotey" əsərini yazmaqla elmi-fantastika janrını əsasını qoymuş olur. Elmi-fantastika janrının kökündə dayanan təməl fəlsəfə isə müasir elmi nəaliyyətlərin əxlaqi və etik yöndən mühakimə olunmasıdır.   

Meri Şelli dövrünün elmi inkişafından və nəaliyyətlərindən böyük zövq alırdı və o, Frenkenşteyni məhz Qalvaninin təcrübəsinə əsasən yaratmağa başlayır. Romanda gənc alim Viktor Frenkenşteyn ildırımın qoca palıdı necə parçaladığını və yandırdığını görür. Bu möhtəşəm gücdən ilham alan Viktor ildırımla - bu ilahi od qığılcımı ilə təcrübələr aparmağa başlayır. 

Bir məqamı da qeyd etmək lazımdır ki, əsərin yaradılışında müəmmalar və spiritual məqamlar da kifayət qədər çoxdur. Belə ki, xatirələrində Meri Şelli yazır ki, bir gecə yuxudan oyanaraq çardaqdan gələn səslərin nə olduğunu tapmaq üçün ora qalxır və orada gördüklərinə inana bilmir: ağbəniz gənc alim yaratdığı məxluqun qarşısında dayanmışdı. Çox güclü mühərrikin işə salınmasından sonra otağın ortasında uzanan ölü dirilir. Elə bu dəm Meri də çox qorxmuş halda yuxudan oyanır və beləliklə də əfsanə yaranır. Meri belə düşünür ki, onu qorxudan bu kabus minlərlə digər insanı da qorxuda bilər. Qorxu və elm birləşərək "Frenkenşteyn, yaxud müasir Promotey" əsərini yaradır. 

Viktor Frenkenşteyn kimya elmini öyrənməklə və elektrik enerjisindən istifadə etməklə hadisələrin təbii axınını dəyişdirib, ölü insnaların müxtəlif hissələrini birləşdirərək insan yaratmaq niyyətinə düşür. O, "tikinti materiallarını" qəbiristanlıqdan qazıb çıxarırdı. Süjetin bu məqamları yazarın şəxsi həyatı ilə bilavasitə əlaqədardır. Belə ki, Meri Şelli özü dəfələrlə dünyasını dəyişmiş anası ilə "ünsiyyətdə" olmaq üçün onun dəfn olunduğu qəbiristanlığa gedirdi. Başqa sözlə, Merinin daxili dünyasında qəbiristanlıq mühüm yer tuturdu. Bu da öz növəsində onun yaradıcıllığında öz əksini tapır. Eyni zamanda Meri Şelli dövrünün müasir elmi araşdırmalarına obrazlı çalarlar qatırdı. 

Meri Şellinin şəxsi həyatı ilə yazdığı əsər arasında olan əsas oxşarlığa başqa bir nümunə də vermək mümkündür. Belə ki, Meri Şellinin analığı və atası ilə tez-tez münaqişələri yaranırdı və o, 16 yaşında şair Persi Şelliyə qoşulub qaçır. 17 yaşında dünyaya övlad gətirsə də, uşaq çox yaşamır. Bu hadisə onu o qədər sarsıdır ki, nəticədə Meri Şelli uzun müddət tez-tez eyni yuxunu görməyə başlayır. Həmin yuxuda o, gündəlik yazırdı: "mən balamı odun qarşısında yudum və o, yenidən dirildi. Yuxudan oyananda isə gördüm ki, övladım yoxdu". Əsərdə də biz Viktorun odla əlaqəsi olan ildırım vasitəsiylə ölünü diriltməsini görürük. Övladının ölümündən bir il sonra Meri elə obraz yaradır ki, bu obraz onun bacarmadığını - ölünü diriltməyi bacarır. Bu da nəticədə çox mühüm nəticəyə səbəb olur: biz taleyimizi idarə edə bilərik. Biz ölməsəydik, daha möhtəşəm ola bilərdik. Eyni zamanda yazarın itirdiyi insanlara qarşı sarsılmaz sevgisini görürük. 

İlahi qüvvənin və qadının iştirakı olmadan insan yaradılışı da öz növbəsində tamamilə yeni ədəbi janrı yaratdı. Nəticədə müxtəlif insanlar müxtəlif dövrlərdə bu əsəri oxuyaraq bu inqilabdan zövq alacaqlar. 

Viktor Frenkenşteyn sadəcə nə isə canlı məxluq yaratmır. Onun yaratdığı insan şüurlu varlıqdır. O, təbiət hadisələrini yaxşı dərk edir. Başqa sözlə əslində Viktor şüur yaradır. Şüurun yaradılması isə müasir nöqteyi-nəzrdən süni intellektin yaradılması ilə oxşarlıq təşkil edir. 

Viktor daha sonra diriltməyə çalışdığı bu məxluqdan uzaqlaşmağa başlayır. Çox maraqlıdır, məxluq dirilən kimi Viktorun da daxilində məsuliyyətdən çəkinmək və qorxu kimi hisslər yaranır. Çünki, Viktor bu məxluqa görə cəmiyyətlə hesablaşmalı və problemlərin həllini tapmalıdır. Məxluq dünyaya yalnız və tərtəmiz kağız kimi çıxır. O, bir ailəni izləyərək danışmağı, yazmağı və oxumağı öyrənir. O, inanılmaz dərəcədə sürətli öyrənmək bacarığına malikdir və Meri Şelli bununla demək istəyir ki, insan nə vaxtsa özündən daha bacarıqlı və güclü şüura malik canlı yarada biləcək. 

Obrazın aqibəti də olduqca maraqlı fəlsəfi-etik məsələlərə işıq salır. Məxluqun şüuru artdıqca, o daha da tələbkar olmağa başlayır. O
yaradıcısı ilə görüşür və ondan əks cins, yalnızlığını aradan qaldıracaq həyat yoldaşı tələb edir. Yalnızlığa dözə bilməyən məxluq cəmiyyət tərəfindən də qəbul olunmaq istəyir. Buna baxmayaraq cəmiyyət onu qəbul etmək istəmir. O qorxu mənbəyidir və dəhşət saçır. Cəmiyyətin çirkinlikləri, iyrənclikləri üzə çıxır. Çünki kütlə sadəcə xarici görünüşə əsaslanır. Əslində iyrənc olan o deyil, insanların, cəmiyyətin özüdür. Anlayışsız və mənəviyyatsızlıq bu məxluqu dəhşət mənbəyi kimi təqdim edir. Bütün bu məqamların hamısında yazarın şəxsi iztirabları öz əksini tapıb. 

Viktor məxluqu üçün əks cins yaratmaq istəsə də, yarı yolda dayanır. Çünki belə düşünür ki, onun yaradacağı yeni məxluq daha qorxulu və təhlükəli ola bilər. Odur ki, Viktor onu parçalayır. Məxluq bunu öyrənən kimi çox əsəbiləşir. Nəticədə Viktorla yaratdığı arasında münaqişələr yaranır. Bu da öz növbəsində çevrə üzrə qaçışa bənzəyir. Vaxt keçdikcə Viktorla məxluq arasında oxşarlıqlar artır. Əgər Viktor əks cins yaratsaydı, onlar çoxala bilər və nəticədə bəşəriyyəti məhv edə biləcək yeni canlı növü yarana bilərdi. Əlbəttə ki, bu sadəcə ehtimal idi. 

Odur ki "elm həyat yaratmalıdırmı?" sualına axtarılan cavab Meri Şellidən sonra da neçə-neçə yazıçının ilham mənbəyinə çevrildi. Buna baxmayaraq, Meri Şelli şedevr yaratdı. Bu şedevrin dəyəri ilbəil daha da artır. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi