Hər şeyin nəzəriyyəsi

Filmin rus dilində adı: Вселенная Стивена Хокинга
Filmin ingilis dilində adı: The Theory of Everything

Həyatı boyu bədənlərini və ruhlarını yoran yolu keçib gəlmiş məşhur insanlar haqqında film izləmək xoşuma gəlir. Xüsusilə digər insanlardan fərqlənən insanlar haqqında. Özünü olduğu kimi qəbul edərək, iradə gücünü möhkəmləndirərək, hər gün, hər saat, kiçik və böyük uğurlara nail olmaq heç də hamının bacara biləcəyi bir şey deyil. Və əgər "Forest Qamp" və "Yağış adam" kimi filmlərdə uydurulmuş hekayələr nəql olunursa, "Ağıl oyunları" kimi filmlərdə isə süjetin mərkəzində real tarixi şəxsiyyətlər dayanır. Psixi və fiziki qüsurlu obrazlardan bəhs edən filmlərə ABŞ-da böyük tələbat var. 


Məşhur alim Stiven Hokinqin gənclik illərindən böyük kəşflər etdiyi dövrlərə qədərki həyatını hekayə edən film, gənc fizikin tələbəlik illərindən başlayır. Hamı kimi tələbəlik, gənclik və sevgi. 21 yaşında isə Stivenə bütün həyatını dəyişəcək qorxulu diaqnoz qoyulur. Buna baxmayaraq, o, öyrənməyə və sevməyə davam edir. Ceyn öz güclü şəxsiyyəti ilə ona sevgini yaşadaraq böyük dəstək olur. Əlbəttə film müddətində Ceynin dözməli olduğu çətinlikləri biz yaxşı görürük. Ceyn özü də bəzən bezirdi. 

KİV-dən istifadə edən hər bir müasir insan Stiven Hokinq haqqında azdan çoxdan məlumatlıdır. Onun ideyaları kosmologiya elmində inqilabi xarakterə malikdir. Onun nəzəriyyələri hətta sadəcə humanitar biliklərə malik insanlar üçün də anlaşıqlıdır. Yazdığı kitablar populyar mütaliədə kütləvi istifadə olunur və düşünürəm ki, gələcəkdə bir çox yeni nəzəriyyələr və kəşflərə səbəbkar olacaq. Stiven Hokinqin həm elmi, həm də şəxsi həyatı baxımından geniş kütləyə müəyyən məlumatlar çatdıran keyfiyyətli filmə çox böyük ehtiyac var idi. Odur ki, filmin varlığı haqqında öyrənən kimi izləməyə qərar verdim və çox razı qaldığımı, çox şey öyrəndiyimi deməliyəm. 

Həyat filmlərdəki və kitablardakı kimi dramatik və pafoslu deyil. Əgər kiminsə başına qorxulu faciə gəlirsə, o, bununla sadəcə yaşamalı olur. Nadir hallarda iradə gücü sayəsində insanlar "Hər şeyin nəzəriyyəsi" filmindəki kimi güclü şəxsiyyət və nəaliyyətlərə müvəffəq olurlar. Kimlərsə bunu bacarır, kimlərsə də bacarmır. 

Stiven Hokinq rolunun öhdəsində şedevral formada gəlmiş Eddi Eedmeynə böyük təşəkkür etmək lazımdır ki, belə çətin işin öhdəsindən gəldi. Razılaşarsız ki, velosipeddə qayğısızca gəzən gənc tələbədən, əlil arabasına məhkum olan, lakin parlaq ağla sahiblik edən alim rolunu oynamaq çox böyük məsuliyyət tələb edir. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi