Haradan başlayaq?

Artıq uzun müddətdir ki, insanlar məni ağıllı və savadlı birisi kimi qəbul edib bu sualları verirlər: "Mən də kitab oxumaq istəyirəm, amma bilmirəm haradan başlayım. Axı birdən-birə çətin əsərlərdən başlamaq olmaz. Məsələn, ilk kimi Dostoyevskinin romanlarını oxusam, bilirəm ki, həm çətin olacaq, həm də dərk etməyəcəm. Odur ki, haradan başlamalıyam ki, bir müddət sonra tanınmış əsərləri də oxuyub başa düşə bilim. Davamlı mütaliə üçün nə etməliyəm? Özümdə həvəsi necə yaradım?" Bu sualları artıq dəfələrlə eşitmişəm və konkret cavablar verməkdə çətinlik çəkmişəm. Bu motivli sualların tez-tez verilməsi onu göstərir ki, insanları çoxusu kitab oxumağı və kitabların özünü elm, savad və mədəniyyət mənbəyi kimi qəbul edirlər. Bu fakt özlüyündə çox yaxşıdır. Çünki düşünürəm ki, kitab oxumaq vaxtı maraqlı və öyrədici keçirmək üçün əvəzolunmazdır. Kitabın oxucunu tamamilə başqa reallıqlara çəkib aparmaq kimi sehrli xüsusiyyəti var. Bir göz qırpımında siz əvvəllər sizə məlum olmayan planetlərə səyahət edə bilərsiz, əvvəllər tanımadığınız, lakin sizə oxşar olan bir çox insanların həyat hekayələrini öyrənə bilərsiniz.


Kitab bizə müxtəlif yeni hisslər və təəssüratlar yaşamağa, əhval-ruhiyyəmizi dəyişdirməyə şərait yaradır. Bu elə bir səyahət növüdür ki, ehtiyacınız olan sadəcə təsəvvür qabiliyyətinizdir. Təsəvvür qabiliyyətiniz isə hər qiraət nümunəsindən sonra bir az da təkmilləşir. Bütün bu məsələlər haqqında insanların əksəriyyəti xəbərdardır. Odur ki, bir qrup insanlar mütləq şəkildə, heç nəyə baxmadan, bəhanəsiz olaraq mütləq mütailə edərək öz daxili zəngilnliklərini daima artırırlar. Bu heç də asan iş olmasa da, belə insanlar var. Bəzi insalar vaxt tapdıqca, rahat olduqları vaxtlarda mütaliə edirlər. Bəziləri isə sadəcə kitab oxumağın yaxşı bir şey olduğunu deyirlər və oxumağa hövsələlərinin olmadığını, yaxud da xüsusilə haradan başlamağı bilmədiklərini deyirlər. Əslində isə vəziyyət bu qədər sadə deyil. Son zamanlarda biznes dünyasının intensiv inkişafı və hər bir insanda yeni yeni tələbatların yaradılması uğrunda apardığı mübarizə insanların gündəlik həyat təşkilini dəyişmişdir. İnsanların maraqları əsasən əyləncə və istehlak məhsullarının əldə olunmasına yönəldilir. Yəqin ki, böyüklərdən o dövrlərdə internet və televiziyanın bu dərəcədə inkişafının olmadığını əsas gətirərək kitab oxumağın əsas əyləncə olduğu haqqında söylədikləri fikirləri az eşitməmisiniz. Həmin sözlərdə böyük həqiqət vardır. Müasir həyatımız artıq maksimum istehlak və sosiallaşmaq üzərində qurulduğuna görə, material mənfəət gətirməyən mütaliə dəbdən düşmüşdür. Həmişə kimlərsə qələbəliyin arasında peydə olub nəyin dəbdə olduğunu, nəyinsə dəbdən düşdüyünü bağırırlar. Odur ki, yetişən gənc nəsillərdə də kitablara olan həvəs azalaraq gedir. 

Orta məktəb illərinini xatırlayın. Əgər əlavə ədəbiyyat oxumurdunuzsa, o zaman sizin gündəlik mütaliəniz sadəcə orta məktəb dərslikləri çərçivəsində olurdu. Problem bu deyil. Bu problem bizə nəinki əlavə ədəbiyyat oxumaqla əlaqədar təbliğatın olmaması, hətta dərsliklə necə rəftar etməli olduğumuz haqqında heç bir üsul və yöntəmlərə öyrədilməməyimizdədir. Biz sadəcə dərslikləri oxuyur, yadda saxlayır və sabahsı gün müəllimə dərsi danışaraq öyrəndiklərimizlə sağollaşırdıq. Başqa sözlə əsasən yaddaşa əsaslanaraq gələcəkdə uğur qazanmağa ümid edirdik. Halbuki, dərsliklə işləmək metodları elə olmalıdır ki, şagird hər gün dərslikdə eyni səhifələrə baxaraq orada yeni şeylər kəşf etməli və aclığını doyuzdurmaq üçün əlavə kitablar axtarmalıdır. Bu isə təəssüf ki, Azərbaycanın orta məktəb sistemində gələcəkdə mütaliə mədəniyyətini zədələyəcək dərəcədə faciəvi fəsadlara səbəb olur. Artıq universitet illərində zövqü və düşüncə tərzi inkişaf etməyən, lakin mütaliə etmək istəyən qəribə potensial kütlə yaranır. Bu kütlə ilə də işləmək və ünsiyyətdə olmaq çox çətindir. Yaradıcıllıq və düşüncə tərzindən məhrum olan şagirdlər sonrada bunun əziyyətini çox çəkirlər. Düşünən insan həyatının hər bir sahəsini düşünərək yaşamaq istər. 

Mütaliə sadəcə söz ehtiyyatını və düşüncə tərzini inkişaf etdirmir, Mütaliə real həyatda qarşılaşdığımız müxtəlif vəziyyətləri yaxşı dəyərləndirib, problemlərlə üzləşməyi və təsəvvür qabiliyyətini maksimuma çatdırmağı aşılayır. Müəyyən qədər mütaliədən sonra siz özünüz də təəccüblənə bilərsiz ki, sizin beyniniz hadisələri, obrazları və yenilikləri necə də parlaq və gözəl formada yaradaraq sizə təqdim edir. Bu filmlər və video oyunlar kimi hazır məhsul olmadığı üçün sizin təfəkkürünüz oksigen çatışmazlığından əziyyət çəkmir. Mütaliə sizə öz dünyanızı yaratmaqda ən əsas və sadiq köməkçinizdir, buna şübhəniz olmasın. unutmayın. Bizlərdən hər birimiz istər şüurlu olsun, istərsə də şüursuz formada, sadəcə və sadəcə öz daxili dünyamızı yaratmaqla məşğul oluruq ki, sonra həmin dünyaya qərq olaq.

Yazının əsas mahiyyəti olan "Mütaliəyə necə başlayaq" problematikası barəsində bir neçə söz deyə bilərəm. Aşağıdakı ardıcıllığa əməl etsəz, məncə haradan başlamalı olduğunuz haqqında müəyyən təsəvvürlərə yiyələnə bilərsiz. Bu yenə də mənzərənin tam görünüşü olmayacaq, amma yenə də heç nədən daha yaxşıdır. 

1. Keçmiş gələcəyin aynasıdır

Uşaqlığınızdan bu günə qədər sizə nəyin maraqlı olduğunu, hansı mövzulara və biliklərə ac olduğunuzu müəyyənləşdirin. Bu sizin ilk və ən əsas addımınızdır. Heç də hamının maraqları və ehtiyacları eyni olmur. Kimlərsə dayanmadan fantastika janrında oxumağa üstünlük verir, kimlərsə də, əsasən dramatik əsərləri sevir və ondan faydalanır. Əgər siz sizə maraqlı olmayan mövzularda kitab oxusaz, heç vaxt mütaliənin gözəlliklərini kəşf edə bilməzsiniz ki, bu da siz tərəfdən mütaliəyə qarşı böyük haqsızlıq olardı.

2. Kim dedi ki, nağıllar uşaqlar üçündür?

Birinci addım hər nə qədər vacib olsa da, əslində nağıllar, miflər, dastanlar, əsatirlər və qısa, lakin dinamik süjetli hekayələr oxumaqla davamlı mütaliəyə başlamaq çox vaxt daha məqsədəuyğun olur. Məhz nağııların köməkliyi ilə bizdə uşaq yaxşlarından müəyyən əqli bacarıqlar formalaşır. Sonrakı mütaliəsizlik kimi patologiyanı məhz nağıllar, dastanlar və miflərlə müalicə etmək mümkündür. 

3. Yeni mərhələ

Siz qiraət axınına daxil olandan sonra artıq sizin üçün kitab oxumaq tamamilə normal həyat fəaliyyətinə çevrilə bilər. Müəyyən siyahı yarada bilərsiz. Sizə maraqlı gələn kitabların annotasiyasını oxuyun, müxtəlif hissələrindən fraqmentlərə nəzər yetirin və ya internet üzərindən araşdırın. Mütaliənizə olan namizədləri diqqətlə seçin.

4. Time Management

İş və şəxsi inkişaf kimi sahələrdə olduqca geniş istifadə olunun vaxtın idarə olunması prinsiplərini mütaliəyə də tətbiq edə bilərsiniz. Birinci həftə gündəlik 10 dəqiqə, ikinci həftə 20 dəqiqə, üçüncü həftə 30 dəqiqə və s. Beləliklə də siz iş və şəxsi həyatınızın qarşılıqlı münasibətlərini nəzərə alaraq gündəlik optimal mütaliə normasını özünüz üçün müəyyənləşdirə bilərsiniz. Bir müddətdən sonra artıq görəcəksiniz ki, kifayət qədər əsər oxumusunuz və bu prosesi nəzarət altında saxlayırsınız. 

5. Şərtlər

Miqdarca çox oxumaq əsas şərt deyil. Eyni zamanda əhval-ruhiyyənizin pis olduğu vaxtlarda da özünüzü qiraətə məcbur etməyin. Maraqla və səbrlə oxuyun. Maraqlarınıza uyğun dostlar tapın. Bu virtual da ola bilər, real da. Oxuduqlarınız sosiallaşdıqca sizin üçün yeni kəşflər də qaçılmaz olacaq. Olduqca maraqlı prosesdir. 

6. Sürətli oxu

Çoxlu kitab oxumağı stimullaşdıran əsas məsələlərdən birisi sürətli oxu texnikalarıdır. Bu texnikalar mütaliəyə yeni başlayanlar üçün nəzərdə tutlmasa da, müəyyən təcrübədən sonra istifadə etmək mümkündür. Əsasən göz aktivliyi və diqqətin artırılmasına əsaslanan sürətli oxu təlimləri kifayət qədər yararlı ola bilər. Müasir informasiya cəmiyyətimizdə işlədiyimiz informasiya miqdarı günbəgün artaraq inkişaf edir. Odur ki, sürətli oxu üsullarını öyrədən müxtəlif kitab və proqramlardan yararlana bilərsiz. 

7. Fokus

Mütaliə zamanı ən çox rastlanan problem diqqəti cəmləyərək kitaba fokuslanmaqdır. Bu bəzən çətin ola bilər, amma əgər iradə gücünüzü müəyyən qədər inkişaf etdirməyə nail olsaz və ətrafınızda baş verənlərlə öz qiraət dünyanız arasındakı sərhədləri qalınlaşdırsanız, problemi əhəmiyyətli dərəcədə həll etmiş olarsınız. 

Ən əsas məsələ sırf diqqət dairənizdə olan və sizi maraqlandıran mövzulara uyğun kitablar tapıb oxumaqdır. Müəyyən müddətdən sonra özünüzü öyrənməyə başlayanda bu məsələdə uğur qazanacaqsınız. Özünüzü məcbur etməyin. Oxumaq xatirinə oxumayın, çünki əhəmiyyətsizdir. Bəzi şeylər şəxsən bizim özümüzdən asılı olmur. Məsələn uşaq yaşlarından zövqümüzün formalaşması. Buna baxmayaraq şəxsiyyətinizin intellekt aclığını oyatsanız, maraqlı nümunələrlə rastlaşmaq şansı da əldə etmiş olacaqsınız. 

Xoş qiraətlər. 

Mənə yardım etdi:

  • http://www.selfcreation.ru/
  • http://4brain.ru/

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi