Corc Oruell - Yaşasın fikus!

Kitabın rus dilində adı: Джордж Оруэлл - Да здравствует фикус! (Да будет фикус)
Kitabın ingilis adı: George Orwell - Keep the Aspidistra Flying

Şair ac olmalıdır? Dahilər bəyəm mütləq meşşan həyatın rahatlığını ifşa etməlidirlər? Yaxşı təminat, məişət rahatlığı və material əmin-amanlıq həqiqi istedadı öldürür? Gənc ədib Qordon Komstok bütün bu həqiqətləri müqəddəs və sarsılmaz hesab edir. O, sadəcə xoşbəxtliyi və əmin-amanlığı axtarmamaqla kifayətlənmir, o, onlara müharibə elan edib. Tale Qordonla çox ağır zarafat edir. Bir gün isə o, sadə bir qıza sadəcə aşiq olur. Beləliklə onun yaradıcıllığının məhvinə, yaxud da adi insani xoşbəxtliklərə aparan çətin yolu başlayır...

Viktoriya erasında fikus İngiltərədə çox məşhurlaşdı. Orta sinif fikus bitkisini o qədər çox istifadə etməyə başladı ki, sonunda bir çox musiqilərə, zarafatlara və hətta Corc Oruell kimi möhtəşəm yazıçının romanına belə mövzu təşkil etdi. 

Fikusun bu dərəcədə məşhurlaşma səbəbi onun zəif gün işığı ilə qidalanıb otağın aşağı keyfiyyətli çirkli havasını təmiz havaya çevirməsindədir. Çünki həmin illərdə evlər ilk öncə yağ lampaları, daha sonra kömürə əsaslanan işıqlandırma və isitmə sistemləri ilə təchiz edilirdi. Beləliklə də, evlərdə atmosfer kifayət qədər çirkli olurdu, lakin fikus adlanan cəsur bitki bu problemlərin öhdəsindən kifayət qədər yaxşı gəlirdi. Odur ki, fikus orta sinfin nümayəndələri arasında ən lazımlı bitki hesab olunmağa başladı.

Corc Oruellin özü "Yaşasın fikus!" əsərinin qəhrəmanı Qordon Komstokdan bir o qədər də fərqlənmir. Belə ki, azacıq araşdırmalar göstərir ki, Corc Oruell də Qordon Komstok kimi çox yoxsul olmuş, özünə uyğun iş tapmaqda çətinlik çəkmiş və ehtiyaclarını ödəməkdə böyük sıxıntılar çəkmişdir. Onun mənəvi əzabları daxilindəki boşluğu qidalandırıb böyütmüş və nəticədə ruhunu cari cəmiyyətindən çox uzaqlara aparmışdır. Bədii ədəbiyyatda bilavasitə yazıçının həyatını əks etdirən belə əsərlərə rast gəlmək mümkündür (elə bu məqamda Cek Londonun "Martin İden" əsərini xatırlamamaq mümkün deyil. Həm "Martin İden", həm də "Yaşasın fikus!" əsərləri böyük həyat dərsləri verirlər. Eyni zamanda hər iki əsərin əsas obrazı elə yazıçıların özləridirlər.). 


"Yaşasın fikus!" romanı bizə cəmiyyətin nələrə dəyər verdiyini və nələrə qarşı qəddar olduğunu göstərir. Biz həm real həyatda, həm də romanın təsvirlərində cəmiyyətdə olan və heçliyə istiqamətlənən vahid axını - kütləvi şüuru görə bilərik. Cəmiyyətin əsaslandırmasına görə kim ki bu axının güclənməsinə xidmət etmək istəmirsə, onu özünə yad bir şey bilirsə, o zaman o əzab çəkməyə, yoxsulluq içində yaşamağa məhkumdur. Qordon Komstok (əsərin baş qəhrəmanı) isə əslində sadəcə bir nəfərin deyil, böyük bir sinfin, böyük bir kütlənin adını simvolizə edir. Fikus isə bu ümumi axının, qayda və qanunların simvolikasıdır. Bəzi insanlar isə cəmiyyətin bu "qayda və qanunları"-dan kifayət qədər razıdırlar. Onlar çox rahat və xoşbəxt həyat tərzi sürürlər. Heç nədən şikayət etmirlər. "Yaşasın fikus!" əsəri ilə əlaqədar isə şikayətlər çap olunduqdan sonra çox oldu. Əsəri "acı" və "vəhşi" adlandırdılar. Bəzi qəzet və jurnallar isə əsəri stomatoloq kürsüsünün qorxusu ilə müqayisə etdilər. Əsərin dilini tənqid etdilər. Eyni zamanda bir çox düşünən insanlar və ziyalılar "Yaşasın fikus"un inanılmaz dərəcədə canlı tərzindən çox təsirləndiklərini və sarsıldıqlarını söylədilər. 

Oruell "Yaşasın fikus!" əsəri və Qordon Komstok obrazı ilə Londonun sıx və kütləviləşmiş cəmiyyətini tənqid etdi. İnsanların süni xoşbəxtliklərini ifşa etdi. Rəngarəng və cəlbedici görsənən hər şeyə tənqidi yanaşdı. Yaradıcıllığın necə qiymətləndirilmədiyini və dəyərdə olan saxta anlayışları göstərdi. Düşünən insanın yaxşısı və pisi ilə, cəmiyyətin yaxşı və pis anlayışlarını müqayisə etdi. Nəticələr isə sadəcə möhtəşəmdir. Oruell möcüzəsi kimi fenomen bütün düşünən insanların ortaq dəyərinə çevrildi. 

İnqilab? Sol? Bəli Oruellin üstüörtülü fikirləri var. İnsani dəyərləri məhv edən müstəmləkəçi kapitalistik iqtisadi sistemin tənqidi ilə əlaqədar dialoqlar heç də az olmadı. Qordon pul anlayışına müharibə elan etmişdi. Biznes allahına ibadət etməkdən imtina etmişdi. Çünki onun ruhu azad və istismardan kənarda idi.  

Mübarizə aparmalı olduğumuz ən əsas düşmən isə mənəvi boşluğa yol açan material ehtirasdır. Qordon Komstok nəticədə ailə anlayışına məğlub olur. Bilmirəm, bəlkə də məğlub olmaq anlayışı bir o qədər də düzgün ifadə deyil. Hər halda cəmiyyətin əksər üzvləri asılılığı yeganə çıxış yolu hesab edir. Qordon Komstok kimi insanların yeganə zəif yeri vicdanlarıdır. Bu baxımdan o vicdadının dediyi kimi etdi və mübarizəsini dayandırdı. Çünki ortada tərəf müqabilinin şəxsiyyəti, mənəviyyatı var idi. Görünür bu axın elə bizim allahımızdır. Onun əlindədir bizi yaratmaq və məhv etmək. Edə biləcəyimiz ciddi tədbirlər isə sadəcə yoxdur. Qordon Komstok kimi insanlar da "məsələ"-nin dadı və duzudur. 

Bu möhtəşəm əsər haqqında çox yazmaq olar. Qordon Komstok fikus bitkisi kimi azla yetinib böyük işlər görməyə qadir canlıdır. Qordon Komstok azadlığın rəmzidir. Fikusla Qordon oxşar olsalar da, fərqli təyinatlı və fərqli cəbhələrdədirlər. Buna baxmayaraq, görünür bir yerdə yaşasalar yaxşı olar. Axı insana təmiz hava vacibatdır. Yaşasın fikus yox, yaşasın Qordon Komstok kimi azad, vicdanlı, düşünən insanlar. Yaşasın insanlıq. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi