Arkadiy və Boris Struqatskiy qardaşları - Dünyanın sonuna milyard il qalmış

Kitabın rus dilində adı: Аркадий Стругацкий, Борис Стругацкий - За миллиард лет до конца света

Təqdimat


SSRİ-nın fantastika məktəbinin məşhur və layiqli nümayəndələri olan Struqatskiy qardaşlarının "Dünyanın sonuna milyard il qalmış" əsəri bizlərə alternativ paradiqma təklif edir. Artıq uzun illərdir ki, bəşəriyyət öz sonu haqqında saysız-hesabsız proqnozlar, nağıllar və ssenarilər tərtib edir. Bunların çoxusu da oxşar motivli və nəticəlidir. Struqatskiy qardaşları isə görünməyəni görünən edərək, əvvəllər bilmədiklərimizə işıq salmağa çalışmışlar. Bəşəriyyətin nəzarətsiz olmadığını və bilmədiyimiz mexanizmlər haqqında tezisləri müdafiə edirlər. Odur ki, "Dünyanın sonuna milyard il qalmış" əsəri olduqca maraqlı formatda olan və informativ elmi-fəlsəfi fikirlər spontaniyasıdır. Bir-birini əvəz edən illər əsəri daha da qiymətli edir. 

Tipik sovet evində, tipik sovet ab-havasında kainatı narahat edən mövzularla məşğul olan insanın (insanların) mövcudluğu və onların başlarına gələn əhvalatlar. İnsan təfəkkürünün sərhəd tanımaması və möhtəşəm kəşflər...

Süjet


Hadisələr təxminən ötən əsrin 70-ci illərində SSRİ-nin hazırki Sankt-Peterburq şəhərində baş verir. Əsərin baş obrazı Malyanov astrofizikdir. Məzuniyyətdə olmağına baxmayaraq sevimli işi ilə məşğul olmağa davam edir. Malyanov "Ulduzların diffuzyon materiya ilə qarşılıqlı əlaqəsi" elmi işində fövqəladə uğurlar əldə edir. Lakin onun uğurları müəyyən nöqtədə ilişib qalır. Çünki necə ki o, işini davam etdirmək istəyir, elə bil hər şey onun əleyhinə dönür. Onun qonşusu intihar edir və bu işdə onu günahlandırırlar, pəncərəsinin qarşısında anidən və qeybdən bir ağac peydə olur, evində arvadının çox cazibədar sinif yoldaşı peydə olur və s. Malyanov yaxşı başa düşür ki, bütün bu hadisələr heç də elə-belə baş vermir. Daha sonra aydın olur ki, bu vəziyyətdə sadəcə Malyanov deyil. Onun dostları da eyni aqibəti yaşayırlar. Hansısa sirli qüvvə biologiyadan tutmuş riyazi linqvistikayadək bütün elmi sahələrdə uğurlara maneə olmaq istəyir. Malyanov və alim dostları belə nəticəyə gəlirlər ki, bu sirli güc əslində kainatın özünümüdafiə mexanizmidir. Belə ki, kainat insanın artıq özünü aşaraq onu fəth etmək istəyini görüb insanla birbaşa və bilavasitə mübarizə aparmağa başlayır, ona müxtəlif alternativ seçimlər - daha rahat həyat tərzi təklif edir. "Səhv" seçimləri edənlərə qarşı isə qəddar olur və təzyiqə dözməyənlər kənarlaşdırırlır. Məgər mütəmmadi inkişaf edən şüurun sadəcə bir məqsədi var: təbiətin təbiətini dəyişdirmək. Beləliklə entropiya və şuür, entropiya və xaos arasında müəyyən qanunauyğun qarşılıqlı əlaqələr sisteminin olduğu kəşf olunur. Kainat əgər işə qarışmasa insan öz şüurunu o dərəcədə inkişaf etdirə bilər ki, entropiya artıq kosmik miqyasda öz movcudluğunu itirər və nəticədə natarazlıq yaranar. Odur ki, əsərin qəhrəmanları qərar verməlidirlər: davam etsinlər, yoxsa təslim olsunlar? Daha rahat və sülh şəraitində yaşasınlar, yoxsa təbiətlə - ən güclü rəqiblə mübarizə aparsınlar? Nəticədə alimlərdən sadəcə Malyanov uzun müddət prinsiplərinə sadiq qalmağa çalışır, amma o, da xəbərdar olunur ki, onun prinsipiallığına görə arvadı və uşağı cavab verə bilər. 

Struqatskiy qardaşları


"Səkidə piknik" (Пикник на обочине) əsəri ilə mən Struqatskiy qardaşlarını tanımağa başladım. Qardaşlar dövrünün ən öndəgedən fantast-yazarlarından hesab olunurdular. Onların dəsti-xətti fərqlənirdi. Belə ki, onlar sadəcə macəra və ya kosmologiyadan istifadə edərək nə isə maraqlı şeylər yazmırdılar. Onlar fantastika janrının imkanlarından istifadə edərək çox ciddi fəlsəfi-etik, elmi-əxlaqi mühakimələr yürüdürdülər. Bu artıq nə isə ciddi bir şey idi. Çünki onlara qədər olan bir çox fantastlar əsasən janrın romantikası və ya texniki yönlərinə fokuslanmışdılar. 

"Allah olmaq çətindir", "STALKER" kimi filmlərlə qardaşların böyüklüyünə əmin olmaq olar. Onlar yeniliyi yarada bilirdilər. Struqatskiy qardaşları ayrıca məktəb kimi qəbul edilir və müasir Rusiyanın ən çox oxunan yerli yazıçılarından hesab olunurlar. 

Azərbaycan oxucusu qardaşları demək olar ki, tanımır. Buna təəccüblənmirəm. Həm bizim dilə tərcümələri yoxdur, həm də nədənsə maraq azdır. Bu böyük məhrumiyyətdir. Struqatskiy qardaşlarının əsərləri oxuculara tamamilə yeni, tamamilə bənzərsiz, tamamilə möhtəşəm və unikal paradiqma təlqin edir. Struqatskiy qardaşlarının əsərlərindən sonra, sanki, insanın düşüncə həcmi böyüyür və tam fərqli və yaradıcı tərzə sahiblənirsən. Çünki əvvəllər siz hadisə və proseslərə belə yanaşmamışdınız. Müəyyən elmi və fəlsəfi baza vacibdir. Əks təqdirdə söhbətin nədən getdiyini başa düşməkdə çətinlik çəkmək qaçılmazıdır. 

Mahiyyət və nəticələr


İdeya sadə olsa da (bəşəriyyətin inkişafının tənzimlənməsi), fəlsəfi, etik, əxlaqi və elmi yöndən əsaslandırılması və təsviri olduqca mürəkkəb və maraqlıdır. Əsərdə kosmik gəmilər, pafos və ya hər hansısa macəra olmasa da, sadə sovet mənzili, sadə alimlər və arxalarında dayanan böyük güc - elmin gücü var. İdeya və informativlik baxımından olduqca zəngin olan "Dünyanın sonuna milyard il qalmış" əsəri bizə ali sivilizasiya və bizim sivilizasiyamız arasında olan qarşılıqlı əlaqələrə nəzər yetirməyə çağırır. 

Ədəbiyyat "yerdənkənar şüur" anlayışını yaradanda bir neçə suallar zənciri də yarandı: "Bu yerdənkənar şüur necədir? Necə olmalıdır? Bizə qarşı münasibəti nədən ibarətdir? Xeyrin, yoxsa şərin təmsilçisidir?". Və əgər yazıçı nə isə möhtəşəm gücə malik olan qüvvə yaratmaq istəyirsə, o, onu humanoid formasında edə bilməz. Əks təqdirdə əsər sadəcə macəra olacaq və fəlsəfi əhəmiyyətini itirəcək. Yox əgər yazıçı bu qüvvəni simasızlaşdırsa, nə isə hər yerdə keçərli unikal qüvvə formasında bizlərə təqdim etsə (biz ona hətta tanrı və ya allah da deyə bilərik), o zaman daha yaxşı nəticələr əldə etmək mümkündür. Struqatskiy qardaşlarının "Dünyanın sonuna milyard il qalmış" əsəri ilə söhbətini etdikləri güc (qüvvə) məhz belə bir şeydir - material təzahürdən ibarət olmayan ali varlıq - üst şüur. 

Biz məsələni məğlubiyyət və qələbə kontekstində dəyərləndirə bilərik, amma əslində isə bu varlığın "big bang" kimi təbii elementidir. Biz təbiəti fəth etmək istəyirik. Bunu başa düşmək bir o qədər də çətin deyil. Təbiət (kainat, allah, tanrı və s.) layiqli rəqibdir. Biz onun balası olsaq da, qəribəyik. Layiqli rəqibə məğlub olmaq məyusedicidir, amma utancverici deyil. Bir də mübarizə aparmadan məğlub olan, təslim olan bəşər övladları var. Hansı daha ağırdır?

Deyəsən kainatın sonuna milyard il qalıb. İnsanın da, kainatın da, allahın da müəyyən vaxtı var. Hər şey sonludur. Hər şey vaxtında gözəldir. Nəyisə tələsdirməyə və gecikdirməyə ehtiyac yoxdur. Universal mexanizm var və o işləyir, qoy heç kim narahat olmasın. Bəşər övladı da öz ehtirasını cilovlasa yaxşı olar, yoxsa....

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi