İvan Yefremov - Dumanlı Andromeda - 3-cü hissə

İvan Yefremov - Dumanlı Andromeda - 1-ci hissə

Mənfi təsirlər 


Düşünə bilərsiniz ki, kitabın, romanın və ya bunlara oxşar digər incəsənət nümunələrinin nə kimi mənfi nəticələri ola bilər? Sizi əmin edim ki, ola bilər! Şəxsən mən "Dumanlı Andromeda"nı oxuduqca, o ali cəmiyyəti, axtarmağa, öyrənməyə olan ehtirasın, insan beyninin və ruhunun aliliyini gördükcə yaşadığım cari cəmiyyətə o qədər yadlaşırdım ki, sözlərlə izah etmək qəliz məsələdir. Gəlin ətrafımıza bir daha baxaq: hakimiyyətin, gücün, hörmətin mənbəyi kimi sadəcə pul əhəmiyyət kəsb edir. Halbuki, üfüqə baxanda insan təbiəti ilə, yaşadığı cəmiyyətin dəyərləri arasındakı uçurumu görməmək mümkün deyil. Bu ibtidai icma quruluşundan daha pis ictimai-sosial formasiyadır: canlı olmayan "fenomen"in güc qazanması. Çünki belə olduqda cəmiyyət bilinməyən, beyinlərdə və kabuslarda olan obrazlar tərəfindən idarə olunacaq. Prosesin müvafiq nəticələri isə mütləq məhv olmasa da, günahsız neçə-neçə insanların "Sizif əfsanəsi" kimi boşuna əziyyətləri və qanları hesabına başa gələcək. Sizi deyə bilmərəm, amma mən nə qədər çalışdımsa da, insana qarşı olan sevgimi öldürə bilmədim. Vaxtaşırı qəlbim buz bağlasa da, "yay fəsli" gələn kimi buzlar əriyir. Qəribədir ki, insan təbiət üzərində hökmranlığını bərqərar etməyə nə qədər çox çalışırsa, öz təbiətinin idarəsini itirir və yerini xaosa verir. Əbədiyyət növü kimi xaos heç də etibarlı sığınacaq deyil. 


Maraqlı orasıdır ki, bütün bu fikirləri düşünərək, bilə-bilə ki, sən bu cəmiyyətdə (ən azından 2015-ci il reallıqları) yaşamalısan, sanki, insanın çiyinlərinə bir neçə ton ağırlıqda yük qoyulur. Bəli bu yükü daşımaq olar, lakin məntiqli deyil. Məntiqi olmayan şey isə gec-tez absurda gətirib çıxara bilər. Əslində məntiq fenomeninin aydınlaşdırılmağa kifayət qədər ehtiyacı olsa da, hələlik burada saxlayaq. 

Bəziləri "Dumanlı Andromeda" əsərindəki cəmiyyəti əsgər kazarmaları ilə müqayisə etdilər...

Yefremova görə gələcəyin dünyası 


"Dumanlı Andromeda" sizi bol-bol futuristik təsvirlərə boğmayacaq. Daha çox gələcəkdə insanların məşğul olduqları problemlər və məqsədlər, gələcəyin insanlarının hiss və düşüncələri, ən xırda detalına qədər təsvir olunur. Buna baxmayaraq, Yerdəki maşın və texnikaların ümumi təsvirlərini, coğrafi məkanların iqlim dəyişikliyindən sonrakı vəziyyətini, Yerin daha dəqiq və maraqlı formada necə öyrənildiyini görmək mümkündür. Bu da öz növbəsində Yefremovun bu əsərini digər futuristik elmi-fantastika, fantastika və antiutopiyalarından fərqləndirir. Məsələn, biz Oldos Hakslinin "Cəsur Yeni Dünya" əsərində insanların laborator şəraitdə böyük kolbalarda necə yetişdirildiyinin ən xırda təsvirlərini belə oxuya biləriksə, "Dumanlı Andromeda"da Yerdəki yaranmış texnologiyalar haqqında öyrənmək baxımından belə imkanımız yoxdu. Kosmosda səyahət edən "Tantra" gəmisinin macəraları isə bizə kosmosun ən uzaq guşələrini yaxınlaşdırır. "Dəmir Ulduz", "Epsilon Tukananın sakinləri" kimi fenomenləri unutmaq mümkün deyil. Bütün bu kosmik təsvirlər möhtəşəmdir. Bu möhtəşəmliyi əsərin yazılma tarixi müstəvisində dəyərləndirdikdə təəssüratlar daha da artır. 


Cəsur Yeni Dünya ilə oxşarlıqlar  


Ən əsas oxşar cəhət "Dumanlı Andromeda"da da "Cəsur Yeni Dünya"da olduğu kimi vəhşi və ali dünya bölgüsü var və onların bir-biri ilə dialoqu, mübarizəsi və müqayisəsi təsvir olunmuşdur. Kitabın sonlarına doğru belə oxşar məqamlar sezmək olurdu, amma onu vurğulamaq lazımdır ki, yazıçı əsərin sonlarına doğru əsasən oxucuya müstəqil düşünmək üçün materiallar verir. Bu kitabın ilk səhifələrində belə deyil. Elə bu məqamın özü də bu iki əsərin oxşar cəhətləri sırasına daxil edə bilər. 


Düşünün 


Bu fərqli dünyadı. Şərin olmadığı dünya. Əgər problem yaranırsa da, bu planetar miqyasda həll olunur. Halbuki, biz bu gün minlərlə insanın necə əzab-əziyyət çəkərək yaşadığını sadəcə xəbərlər proqramında görür və eşidir və tamamilə heç nə olmamış kimi öz işlərimizə davam edirik. Sadəcə fikir vermirik. Bu qədər sadə. Hələ də nə qədər katastrofik dərəcədə olduğumuzu başa düşmək çətin deyil. Yefremovun gələcəyində insan psixologiyası o qədər dəyişib ki, bütün problemlər və şəxsiyyətin zəif və zülmət hissələri məhv olub. Gözəldir elə deyilmi? (Bircə deməyin ki, əgər şər olmasa xeyir olmaz, problem olmasa həll də olmaz və s.).

Epsilon Tukana


"Epsilon Tukana" Yer planetinə sivilizasiyalarının qadın nümayəndəsinin rəqsi formatında mesaj göndərmiş və Böyük Həlqəyə daxil olan qalaktikadır. Epsilon Tukanadakı qız öz rəqsi və gözəlliyi ilə sözün hərfi mənasında kosmik nəğmənin notlarını Yerə çatdırır. Romanın ən romantik və emosiyalı hissəsi olan Epsilon Tukanalı qızın rəqsini unutmaq mümkün deyil. Sanki, həmin qalaktikaya səyahət etdim və özüm şəxsən həmin sivilizasiya ilə tanış oldum. Romandan aldığım təəssüratlar arasında Epsilon tukana çox böyük müsbət yerə sahibdir. Təsvirlər möhtəşəm, romantika yüksək səviyyədədir. 

Ulduzlu səma


Yazıçı özü qeyd edir ki, "Dumanlı Andromeda"nı yazmaq üçün ona ilham mənbəyi rolunu ulduzlu səma oynayırdı. Viktor Pelevin demiş, şeirə nə ehtiyac var əgər ulduzlu səma varsa. Uzaq ulduzların, planetləri qısa müddət müşahidə etmək belə insana gözəl hisslər yaşada bilir. Bir yazıçı kimi isə Yefremovun ulduzlara yalın gözlə baxıb uzaqlardakı sivilizasiyaları görməyi, insan təxəyyülünün necə də böyük imkanlara sahib olduğunu sübut edir. Çox qəribədir ki, mən gecələr göy üzünə baxanda "Dumanlı Andromeda" romanı haqqında düşünməyə bilmirəm. 


İdeal


İdeal  anlayışı bəşəriyyət üçün çox əhəmiyyətlidir. Bizimlə birlikdə inkişaf edən və dinamik anlayış olan "ideal" anlayışı bəşər övladı üçün mayak rolunu oynayır. Biz gələcəyi bu gün yaradırıq. Onu ideallaşdırırıq. "Dumanlı Andromeda" zamandan asılı olmayaraq həmin o idealı göstərən güzgü kimidir. Bəli biz bu idealı daha da təkmilləşdirə bilərik, lakin əlifbamız atalarımızın əsasını qoyduğu "Dumanlı Andromeda" kimi idealistik romantika olacaqdır.

Gələcəyin dünyasına baxraq bu günkü materiallardan hərəkət edərək idealı yaratmaq çox çətin işdir. Texnologiyanın, idarəetmənin, cəmiyyətin, bütün bunları ümumiləşdirən ən əsas faktorun - insanın təkmilləşməsi ideallığın mahiyyətini təşkil edir. 

Bəzi məsələlərin fəlsəfi-psixoloji təhlili


Mübarizə və istismar. Ən əsas motiv insanın tarixən Yer planetinin təbiəti ilə mübarizə apararaq istismar etmək istəyi və gələcəkdə də kosmosla mübarizə apararaq onu istismar etmək istəyindən hərəkətə gəlir. Bəli, dəniz yolları Avropanı xilas etdi. Kosmik səyahətlər də Yer planetini resurs məhdudluğunun yarada biləcəyi faciələrdən xilas edə bilər. Bu motiv bir çox elmi-kosmik fantastikalara və filmlərə analıq edib. Əslində bu özünü Yefremovda açıq-aşkar biruzə verməsə də, diqqətlə düşünəndə "Dumanlı Andromeda"da da bu motivin olmağını sezmək olur. 

Herakl Qəhrəmanlıqları məhz vəhşi təbiətdə icra olunur. Bəzi vəhşi heyvanlar qırılır və bəzi təbii landşaftlar daha rahat yaşam üçün müəyyən məqsədli formalara salınır ki, bu da təbiətə olan münasibətin əsas göstəricilərindəndir. 

Araşdırmalarım məni Rerixlər ailəsinə qədər gətirib çıxardı. Belə ki, Yefremov Rerixlər ailəsi ilə sıx dostluq münasibətlərində idi. Onların yaratdığı Aqni Yoqa təliminin "Dumanlı Andromeda"da kifayət qədər hakim mövqedə olduğunu yalnız bundan sonra başa düşə bildim. Haşiyə açaraq qeyd etmək lazımdır ki, Rerixlər ailəsi Hindistanın dağlıq ərazilərinə köç edərək orada müxtəlif ruhi liderlərlə görüşüb müstəqil Aqni Yoqa təlimini yaratmışlar. Olduqca maraqlı tarixçəsi olan bu ailə çox məşhurdur. Belə ki, Yefremov xristianlığı inkişaf yolunda ən əsas maneələrdən birisi kimi qəbul edir. Hətta Zülmət planetində də xaçabənzər canlı onlara hücum edərək sinir sistemini iflic edir. Bu elə-belə metafora deyil. Dini məsələlər kifayət qədər gözəl maskerofka olunub. Yefremov yunan mifologiyalarına da toxunmaq istəsə də, bunu ürəyincə edə bilmir. Çox güman ki, o, yunan mifologiyalarını yaxşı bilmirdi. Nəzərə alsaq, yunan mifologiya və əfsanələrinin öyrənilməsi kifayət qədər vaxt tələb edir, başa düşmək olar ki, yazıçı niyə kommunistik gələcəklə qədim Ellin mədəniyyətinin əlaqələrini sıx göstərməyib. 

Valideyn övlad münasibətləri də diqqətimdən kənarda qalmadı. Artıq indiki dövrdən biz Qərbdə valideynlərin övladları ilə müəyyən müqavilə-öhdəlik münasibətlərində olduqlarını görə bilirik. Yefremov bunu daha da inkişaf etdirərək, uşaq tərbiyəsini xüsusi qurumlara həvalə edib. Çox nadir hallarda valideynlər övladlarını özləri tərbiyə edirlər və üstüörtülü olsa da, bunun köhnəfikirlilik olduğu vurğulanır. 

İnsanın mübarizəsi sadəcə material müstəvidə olmur. Yefremovun demək olar ki, əksər əsas obrazları daxillərində sevgi mübarizələri və əzabları çəkirdilər. Çox vaxt onların sevgi münasibətlərinin uğursuzluqlarının kökündə qürur dayanırdı. Gələcəyin insanında qürur öz pik səviyyəsinə çatıb və hər bir həyat fəaliyyətinə öz radikal təsirini göstərir. 

Müxtəlif mövzulara belə fəlsəfi-psixoloji yanaşmalar nümayiş etdirmək olar. Bunun üçün romanı bir daha oxumaq lazımdır. Çünki birinci dəfə sadəcə özümüzə göz qoyuruq. İkinci dəfə öyrənirik və daha yaxşı təhlil edirik. Bu üçhissəli yazını bu cümlə ilə yekunlaşdırıram: "Dumanlı Andromeda" təmiz şüur, qürur və həqiqətin qələbə çaldığı dünyaya baxışdır. 


  • Afrikalı boylandı və gördü ki, dostları diqqətlə onu dinləyirlər. Daha ucadan davam etdi: Sən, kim ki bir azdan öz həqiqi simanı göstərəcəksən, mütləq soruşacaqsan: Biz kimik? Biz kimik? Soruş dan yerindən, soruş meşədən, soruş dalğadan, soruş fırtınadan, həm də sevgidən. Yerdən soruş, soruş yerdən, sevimli yerdən. Biz kimik? Biz - yerin özüyük. Mən də tamamilə yerəm - Mven Mas əlavə etdi. 
  • Qədim kəlamı xatırladım: Hərəkət əkərsən vərdiş biçərsən, vərdiş əkərsən xarakter biçərsən, xarakter əkərsən taleyi biçərsən. İnsanın ən qədim mübarizəsi eqoizmlə olan mübarizədir. Sentimental qaydalara əsasən deyil, aciz əxlaq və dialektik dərketmə ilə onu demək olar ki, eqoizm şər qüvvələrin törəməsi deyil, sadəcə ibtidai insanın vəhşi həyatında onun istiqamətlənməyinə və özünü qorumasına yönəlmiş və böyük əhəmiyyət kəsb etmiş təbii instinktdir. Elə bu səbəbdən parlaq, güclü individual şəxsiyyətlərdə eqoizm güclü olur və onu məğlub etmək çətindir, lakin bu qələbə müasir cəmiyyətdə həddindən artıq vacibdir. Bu səbəbdəndir ki, irsiyyətin strukturu dəqiqliklə öyrənilir və tərbiyəyə böyük diqqət ayrılır. İrqlərin və millətlərin qarışaraq planetin vahid ailəsini yaratmış cəmiyyətimizdə, gözlənilmədən irsiyyətin dərinliklərindən, qədim əcdadlarımızın cizgiləri peydə olur. Hələ Dünyanın Dağılma Erasında, insanların təcrübələr zamanı nüvə enerjisindən istifadə edərkən ehtiyatsızlıqlara yol verərək, minlərlə insanın irsiyyətinə zərər yetirdiyi dövrlərdən psixikanın heyrətamiz kənaraçıxmalarına rast gəlinirdi.

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi