Günəş İmperiyası - Empire of the Sun - Империя Солнца

1941-ci il. İkinci Dünya Müharibəsi başlayır. Cim Qrehem adlı uşaq Çində, Şanxay şəhərində, varlı ailədə qayğısızcasına yaşayır. Müharibə fasiləsiz olaraq və sürətlə irəliləyir. Yaponlar Şanxay şəhərini ələ keçirirlər və Cim qələbəliyin içində itərək ailəsindən məhrum olur. Beyzi adlı şəxslə tanışlığı ona bir çox ümidlər versə də, əsirlər üçün düşərgəyə düşür. Aclıq, yoxsulluq və xəstəliklər içərisində Cim, satqınlıq və təhqirlərə dözərək mübarizə aparmağa başlayır. Cim yavaş-yavaş uşaqlıq dövrünü başa vurur, böyüyür. Yaponiya kapitulyasiyaya məruz qalır və artıq bir çox əzablara tab gətirmiş yeniyetmə Cim ailəsinə qovuşmağa nail olur.  

"Günəş İmperiyası" Stiven Spilberqin ən sevimli yaradıcıllıq xətti olan reallıq və xəyallar dünyasının, uydurmalarla həqiqətin toqquşmasını canlandıran ekran əsəridir. Spilberq bir çox xüsusi effektlərdən çəkinərək təbiiliyə üstünlük vermiş və öz ustalığını dünyaya bir daha sübut etmişdir. İkinci Dünya Müharibəsi, Çin, Yaponiya, Avropa kimi anlayışları birləşdirərək ortaya ciddi əsər qoymaq Hollivud üçün heç də asan iş deyil. "Günəş İmperiyası"nın bu dərəcədə uğurlu və unudulmaz alınması, nəinki ABŞ kinematoqrafiyasının, ümumiyyətlə dünya kino sənətinin tərkibini zənginləşdirmişdir.

Qəhrəmanımız Cim müharibənin sayəsində qayğısız, kübar və zəngin həyat tərzindən qoparaq, ağrılı-qanlı, çirkli və qəddar bir aləmə düşür. O, indiyə qədər öz arzularında və xəyallarında yaşayırdı, indi isə müharibənin reallığına düşüb. Bu yeni dünya ilə əlaqə yaratmaq, oradakı dostları, düşmənləri və rəqibləri tanımaq onun üçün heç də asan olmadı. O, başa düşdü ki, müharibənin vecinə də deyil sən hansı ölkənin vətəndaşısan, hansı millətdənsən, aristokratsan yoxsa yox, yaxud da, uşaqsan, ya da böyük. Müharibə birnəfəsə bütün abstrakt dəyərləri məhv edərək, insanları real dünya ilə baş-başa buraxır. İnsanların içindəki bütün şeytanlar oyanır. Bütün zəifliklər mütləq üstünlük əldə edir. İkiüzlülük, yalan, riyakarlıq, saxtakarlıq kimi anlayışlar sadəcə ədəbi anlayış olmaqdan çıxıb, real, ağrıverici və ölümcül hal alır. Cim müharibənin yuxudan oyatdığı bütün bu məxluqların hücumuna məruz qalır, amma ayaqda qalmağı bacarır. Onun ən yaxın dostu Beyzi bir neçə dəfə ona qarşı dəhşətli dərəcədə əclaflıq etsə də, o, Beyziyə qarşı dostluq hissini öldürmür (uşaq səmimiliyi). Müharibə dayanmadan Cimə zərbələr endirir ki, o, öz uşaq aləmindən, xəyallar və arzular dünyasından, qayğısızlıqdan qopub alovun içinə düşsün. Cimə üstünlük verən isə, onun uşaq təbiətiydi. O, bu müharibəni tam mənasıyla dərk etmirdi və yeri gələndə böyük oyun kimi baxırdı. O, arzularından heç vaxt imtina etmədi. Heç vaxt mübarizəni yarıda qoymadı. Həmişə istəmədən olsa da ümidini itirmədi. Bir uşağın üzərinə götürə biləcəyinin qat-qat artığını götürdü, amma yaxşı ki o uşaq idi. Çünki böyüklər belə güclü ola bilmir. Vaxt insan təbiətinin əleyhinə işləyir, onun mənəvi dözümünü, gücünü, əzmini və iradəsini əlindən alır. Filmdə "böyük"lərin əslində necə də zəif olduqları açıq-aşkar görsənir.

Filmin adı "Günəş İmperiyasıdır". Bu məqam ilk növbədə Yaponiya bayrağını xatırlatsa da, bu ad altında daha çox nə isə kosmik sivilizasiyanın - bizə hələ də naməlum qalan ruhi aləmin nəzərdə tutulduğunu ehtimal etmək olar. Cim məhz belə bir uzaq və naməlum sivilizasiyanın nümayəndəsidir və əsir ingilis statusunda bu dünyaya müvəqqəti olaraq qonaq gəlib. 

Cim uzun müddət yapon hərbi hava limanının yaxınlığında salınan əsir düşərgəsində yaşayır. Burada o, uşaqlıq illərini arxada qoyub yeniyetməyə çevrilir (onun yeniyetməyə çevrilməyi birlikdə yaşadığı ailənin xanımı tərəfindən onun özünə də üstüörtülü formada çatdırılır. Bu məqam Cimin cinsi inkişafına işarədir.). O, təyyarələri lap çoxdan ürəkdən sevir, hər bir xəyalını təyyarələrlə bəzəyir, lakin real hərbi təyyarələr onun üçün düşərgədən qaçmağın mümkünlüyünü və təhlükəliliyini simvolizə edir. Cim bu düşərgədə həm özünə, həm də yaşadığı cəmiyyətə yadlaşır. Onun patriotizm anlayışı və hissləri qarışır. Əvvəlcə yapon pilotlarına rəğbət bəsləyir, sonra isə amerikalılar öz "Mustanq"ları və "V-29"ları ilə yaponları bombardman edərkən amerikalılara rəğbət bəsləyib, onları öz qəhrəmanı kimi qəbul edir. Başqa sözlə, Cimin sadəcə reallıq və xəyal dünyasının sərhədini müəyyənləşdirməkdə deyil, həm də patriotizm məsələsində hansı tərəfdə olduğunu müəyyənləşdirmək kimi problemləri olub. Əslində bunu tam olaraq problem də adlandırmaq olmazdı. Çünki Cim sadəcə uşaq idi və uşağın formalaşması, şəxsiyyətə çevrilməsi üçün ən əsas şərt sabitlikdir ki, mövcud şərait bunu onun üçün mümkünsüz edirdi. Ona görə də biz çox vacib həqiqəti unutmamalıyıq: uşaqlar özləri üçün qəhrəmanları tapa bildikləri yerdə tapırlar. Onlar özlərinə qəhrəman axtararkən konkret kriteriyalara deyil, ürəklərinin səsinə qulaq asırlar. 

Spilberq Naqasaki atom bombasını Cim ilə əlaqəndirərək, filmin kuliminasiya nöqtəsinə çevirmişdir. Atom bombasının parıltısı, sanki, Cimin uşaq günahsızlığını və eləcə də bu dünyanın günahsızlığını itirdiyini göstərir. Bu Piter Pen fenomeninin əksidir. Cimin timsalında biz çox sürətlə yetkinləşən insanı görürük. "Günəş İmperiyası" apokaliptik hadisələr və bədbəxtliklərin film vasitəsiylə nəqli deyil, bu sadəcə uşaqlıqla sağollaşmağı göstərən əsərdir. 

Bir çox tanınmış yerlərdən filmin ünvanına həm müsbət, həm də tənqidi fikirlər gəlmişdir. Bir çox reytinqlərdən film 80-98 % müsbət rəy qazansa da, bəzi kino-tənqidçilər ekran əsərində qarışıq emosiyaların filmin ideyasını mürəkkəbləşdirdiyini və çətin anlalışan etdiyini deyir. Bəziləri isə filmin müharibəyə uşaq gözləriylə baxışın çox pis səviyyəli təzahür forması olduğunu qeyd edirlər. Emosional distansiyalar və sentimental final da bəzilərinə görə digər tənqid obyektidir. Rejissor və operator uğursuzluqları haqqında da fikir deyənlər olsa da, şəxsən mən hesab edirəm ki, bu tənqidlərin heç birinin ciddi əsası yoxdur və yaxşı bilinən bir şeydir ki, neçə insan varsa bir o qədər də yanaşma var. Odur ki, filmdən zövq almaq daha məqsədə uyğundur. 

Aktyor heyəti baxımından iki baş obraz əsasdır. Cim Qrehem rolunda Kristian Beyl, Beyzi rolunda Con Malkoviç. Kristian Beylin filmdə 12 yaşı olsa da, həddindən artıq gözəl aktyorluq nümunəsi göstərib. Bu performansı başqa alternativlərlə müqayisə etmək çox çətindir. 4000 namizəd uşaq aktyorların arasında seçilən Kristian Beyli filmin əsasında çəkildiyi romanın müəllifi Ceyms Bellardın həyat yoldaşı Emi İrvinq məsləhət görür. Con Malkoviç isə, keçmiş ABŞ dənizçisi-avara rolunu çox gözəl ifa edib. Aktyorun öhdəsinə düşən çətin vəzifələrin: ikiüzlülük, yalançılıq, saxtakarlıq, əclaflıq, etinadsızlıq, riyakarlıq kimi insanın mənfi cəhətlərini işıqlandırmağı sadəcə möhtəşəmdir. Yaş fərqinə baxmayaraq bu dərəcədə ideal cütlük filmin ən əsas dəyəridir. Mən tərəfdən alınan təəssüratlar çox yüksək olduğundan, sözlərin yardımından tam olaraq istifadə edə bilmirəm.

Yazdıqca yazmaq olar. Müxtəlif epizodların təhlili bizi bir çox düşüncələrə daldırar. Unudulmaz məqamlar estetik gözəlliyi göstərər. Şübhəsiz ki, möhtəşəm film olan "Günəş İmperiyası" izlənməli və təbliğ olunmalıdır. Çox az məsələlərə toxunsam da, ümumilik prinsipinə əməl edib, müəyyən esse formasında fikrimi çatdırmağa çalışdım. Hər halda film daha dərindən və daha keyfiyyətli təhlillərə layiqdir. 

Maraqlı faktlar:

  1. Şanxayda baş tutan çəkilişlər zamanı Çin höküməti bəzi yol işarələrinin dəyişdirilməsinə və kvartalları bağlamaq üçün icazə vermişdir. Onu da qeyd etmək lazımdır ki, 5000-dən çox yerli sakin filmin kütləvi səhnlərinin çəkilişi üçün cəlb edilmişdir. Bu sakinlərdən bəziləri həmin hadisələri xatırladıqları da istisna deyil.
  2. Filmdəki yapon əsgərləri rolunu Çin Xalq Ordusunun hərbi qulluqçuları oynayıblar. 
  3. Film İngiltərədə Elstree Studiosda, İspaniyada və Çində çəkilib.Filmin çəkilişi ilə əlaqədar Çin hakimiyyəti ilə danışıqlar 1 ilə qədər uzanıb və sonunda 1987-ci ilin mart ayında 3 həftəli çəkiliş icazəsi verilib. "Günəş İmperiyası" 40-cı illərdən sonra Şanxayda çəkilən ilk amerikan filmi idi.
  4. Filmin əsasında çəkildiyi kitabın müəllifi Ceyms Qrehem Bellardı, filmin ilk dəqiqələrində keçirilən maskarad qonaqlığında görmək olar. 


İstifadə olunan qaynaqlar:

  • wikipedia.org
  • 3500 kinoresenziya
  • kinopoisk.ru

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi