Mən - başlanğıc - I Origins - Я – начало

Mayk Kehill (Mike Cahill). Bu ad artıq tanınmağa başlasa da, gələcəkdə bu rejissorun müasir kinematoqrafiyada ən məşhur rejissorların sırasına daxil olmağı şübhə doğurmur. O, artıq zamanın sınağından çıxmağa başlayıb.

aykın 2011-ci ildə çəkdiyi "Another Earth" filmi özünəməxsusluğu, dərin mənası və düşündürdüyü mövzular baxımından özünə layiqli yer tutmuşdu. Bu yaxınlarda isə laboratoriyada öz asistenti ilə bəşəriyyəti dəyişdirəcək kəşflər edən molekulyar bioloq alimdən bəhs edən filmin də olduğunu öyrəndim. Treylerinə baxmaq kifayət etdi ki, mənə nəyin təqdim olunacağını başa düşüm. Odur ki, son dövrlərdə təsirləndiyim və heyran qaldığım filmlər sırasına daxil etdiyim yeni film yarandı. Motiv baxımından elə bir filmdir ki, arzu edərdim hamı başa düşsə də, düşməsə də filmi izləsin. Film çatdırmaq istədiyi mövzuların nüvəsinə qərq olmağa məcbur edir və təsirləndirir. 

Min illərdir bəşəriyyətə işgəncə verən "ali şüur (yaradıcı)" mövzusu artıq yeni hesab olunmur. Mövzuya həsr olunmuş filmlər və bədii-fəlsəfi əsərlər çoxdur. Bu mövzu əsrlərdir ki din tərəfindən cəmiyyətlərə təqdim olunsa da, din də sosiumun digər aspektləri kimi rmüəyyən rentabelliyə sahib olan kommersiya xarakteri qazanmışdır. Buna baxmayaraq tanrı axtarışı smartfonlu, internetli, kosmik stansiyalı və digər maraqlı nəaliyyətli müasir sivilizasiyanın övladını da qorxudur, narahat edir, düşündürür. Görünür, qadağan olunmuş meyvəyə tamah salandan bəri insanda qeyri-müəyyənliyə qarşı instinktiv maraq, bəlkə də, dəlicəsinə ehtiras bir nəsildən digərinə ötürülərək davam edir. Cənnət bağlarında "onu" axtarıb tapmaq məqsədi ilə başlanan macəra, laboratoriyada mikroskopla "ona" oxşamaq arzusuna çevrildi. 

"Mən-Başlanğıc" filmini rejissor "Digər Yer" filmindən fərqli olaraq, allahı ona inanmayaraq axtaran insan haqqında olan buddist pritça formatında hazırlamışdır. Filmin leytmotivi olaraq gözlərin seçilməsi təsadüf deyil. Məhz gözlər informasiyanın 90%-ni qəbul edir və istər reallıq olsun, istərsə də illüziyalar dünyası olsun, hər ikisinin formalaşmasında, müəyyənlikllə, qeyri-müəyyənlik arasındakı sərhədi müəyyənləşdirən orqan məhz gözdür. Çünki biz adətən "görünən" və "görünməyən" kimi kateqoriyalarla öz düşüncə tərzimizi formalaşdırırıq. Məhz gözlərimizin imkanları bizim bacara bildiklərimizin kökündə dayanır. Məhz gözlərimizin sayı bizi paralel dünyalara yaxınlaşdırır və ya uzaqlaşdırır. Gözlərimiz olmayanda və ya həddindən artıq çox olanda biz kor oluruq. Bizə lazım olan sadəcə bir cüt gözdür. 

Buddizm, reinkarnasiya, elm (biologiya, gen mühəndisliyi və s.), sevgi, itki, axtarış və kəşf kimi sözlər filmi çox gözəl izah edə bilər. Xüsusilə də buddizm fəlsəfəsi. Əslində buddizm fəlsəfəsi filmdə pusquda dayanan yırtıcı heyvan kimidir. Vaxtı-vədəsi gələndə izləyicinin üzərinə hücum çəkir və onun başını gicəlləndirir. Digər motivlər isə asta-asta inkişaf edir. Məhz, Hindistan və onun izləri filmi maraqlı edir. 

Buddizm bu gün kifayət qədər populyar dindir. Elm isə öz yolunu hələ də davam etdirir. Onlar eyni dənizə, okeana qovuşan çaylar kimidilər. Görüntü olaraq bir-birilərini tamamlamasalar da, mahiyyət eynidir. Əslində isə diqqətlə baxsaq onların arasında elə məsamələr vardır ki, birinin boşluğunu digəri doldura bilir. 

Diaqloqun zəngin olmağı bəzi izləyicilərdə narazılıq, bəzilərində isə məmnunluq hissi yaratsa da, dialoqlar əslində hansısa mövzunu başa düşməkdə daha çox köməkçi ola bilər. Dialoq olmadıqda bəzən motivlər abstrakt qalır. Nəticədə cavabdan çox sual yaranır. Odur ki, filmin dialoqluluq dərəcəsi filmin digər özünəməxsus xüsusiyyəti olub, onu mənim gözümdə daha da maraqlı və dəyərli etdi. 

Aktyorlar Maykl Pit, Brit Marlinq və Strid Berje-Frisbi mükəmməl aktyorluq və aktrisalıq nümunəsi sərgiləyirlər. Filmin obrazlarının öhdəsindən gəlmək heç də asan məsələ deyil. Çünki obrazlar eyni zamanda bir neçə xüsusiyyəti özündə birləşdirirlər. Odur ki, onların dünyasını izləyiciyə çatdırmaq aktyor heyətinin ustalığından çox asılıdır. 

Final isə sadəcə möhtəşəmdir: qorxularımızın, arzularımızın, xəyallarımızın, fikirlərimizin əslində nə ilk, nə də son olduğu, kainatda heç nəyin itmədiyini, ruhun ölməzliyini göstərən epizod oldu. Bir məqamın üzərində düşünməyə dəyər: əgər biz bizə qədər yaşamış milyonlarla insanın genetik məlumatlarını özümüzdə daşıyırıqsa, onda əslində biz kimik? 

P.S. Çox qəribədir ki, həm elm, həm də din bir insanda məlumatların toplanaraq həyatın davam etdiyini deyirlər. 

                                                      ***
- Biz soxulcanlara işgəncə vermirik. Biz orqanizmləri dəyişdiririk. Biz kor soxulcanlaar görmə qabiliyyətini bəxş edəcəyik. 
- Kor soxulcanlar görə biləcək?
- Elə bir şeydi. Yəqin ki biz bacararıq.
- Səncə bu yaxşı fikirdi?
- Səncə pisdi?
- Allahlıq etmək çox təhlükəlidir.
- Mən sübutlara inanıram. Heç kim sehrli ruhun, başımızın üstünə yaşayan kiminsə olduğunu sübut etməyib. 
- Soxulcanların neçə cür hissiyatı var?
- İki: qoxu və toxunuş.
- Deməli onlar, işıq haqqında heç nə bilməyərək və görməyərək yaşayırlar. Düzdür? İşıq anlayışı onlar üçün təsəvvürə gətirilməz bir şeydi. Biz insanlar isə, işıq haqqında bilirik. İşıq onların ətrafındadı, onların üstündədi. soxulcanlar hal-hazırda işığı görə bilmirlər, lakin mutasiya sayəsində görə biləcəklər düzdü?
- Tamamilə doğrudur.
- Düməli belə, doktor göz. Bəzi nadir insanlarda yeni hissiyat yaranıb - ruhi başlanğıc. Onlar bizim üstümüzdəki dünyanı hiss edə bilirlər. 


***
- Mən çoxdandı yalnızam. Səni görəndə mənə elə gəldi ki, səni      tanıyıram və sən də məni tanıyırsan. 
- Bu nə deməkdi? 
- Əvvəlki həyatımızda biz bir-birimizi tanıyırdıq.  
- Mən belə şeylərə inanmıram. 
- Bəs sən nəyə inanırsan? 
- Mən aliməm. Faktlara inanıram. 
- Alim? Nə alimi? 
Molekulyar biologiya. Məni gözlər maraqlandırır. 
- Gözlər? Niyə məhz gözlər? 
- Çünki inananlar gözlər vasitəsilə ali yaradıcının olduğunu deyirlər. Mən isə faktlarla bu mübahisəyə son qoymaq istəyirəm

***
Sən bu otaqda yaşayırsan və bu reallıqdır. Bu çarpayı, kitablar, stol, stul, lampalar. Məntiq. Eyni zamanda otaqda digər tərəfə açılan qapı da var. Görürsən işıq da gəlir. O açıqdır. Azacıq da olsa açıqdır. Sən qorxursan, ona görə də qapını bağlı saxlayırsan. 
- O tərəfdə çirkli paltarlardan başqa nə var ki?  
- Daxil ol və öyrən. 
- Başa düşmürəm nə deyirsən. 
- Başa düşəcəksən.

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi