Dərinin altında - Under the skin - Побудь в моей шкуре

Şotlandiyada insanları gözəlliyi ilə yoldan çıxararaq oğurlayan gözəl qadın peydə olub. O, astaca insanlara yaxınlaşır və sadəcə yolu öyrənmək istəyir. Bu gözəlçə bilinmir ki qatil-manyakdı yoxsa yadplanetli. Buna baxmayaraq, hər kim olursa da olsun, insan cəmiyyəti onun özünü də tələyə salır. Film insan fantaziyası vasitəsi ilə fəlsəfənin qorxulu sularına səyahət etməyə dəvət edir.


Süjet haqqında: Süjet aydın olsa da, onun real məqsədləri çox qeyri-müəyyən qalır. Bir neçə yanaşma tərzinə baxmayaraq, ən əsas elə yadplanetli motividir. Yerdən olan kişilərə ova çıxmış gözəl qadın əslində fəlsəfi baxımından bir o qədər də fantastik mənzərə deyil, lakin bu qadını təhlükəli edən cəhət onun kişilərin  biokütləsidir (nə kişilərin pulqabıları, nə də yaraşıqları). Başqa sözlə dərilərinin altında nə varsa o. Bununla o həm özünə, həm də "həmyerlilərinə" qida təmin edir. Filmin təsvir etdiyinə əsaslansaq onlar biokütləni özünəməxsus tərzdə əldə edirlər. Bunu daha çox hörümçəyin ovlanma texnikasına bənzətmək olar. Sonrakı proseslər qaranlıq qalır. Sözün düzü, bu prosesin xırdalıqları haqqında bilməsək daha yaxşı olar. 
Filmdə bir neçə təsirli epizodlar var. Bu epizodlar filmin digər şablon hissələrindən fərqlənir. Buna dəniz sahilindəki bir ailənin faciəsini və bu faciəni soyuq baxışlarla izləyən nə isə qeyri-insani varlığı, tələyə düşən kişilərin qəribə ünsiyyətini, əsas personajın güzgüyə baxaraq özünü tanımaq yolunda ilk addımını atması və s. misal göstərmək olar. Bu epizodlar yaddaşa həkk olunan kimi hazırlıqlı izləyicini düşündürməyə başlayır. Filmdə sadalanan epizodlardan savayı olduqca statik və passiv məqamlar da var ki, bunu rejissorun xüsusi təşəbbüsü də adlandırmaq olar. Belə ki əsas qəhrəmanı başa düşmək filmin məğzini təşkil edir və finalı dərk etməkdə açar rolu oynayır. Ona görə də vaxtaşırı sakitləşib baş qəhrəmanın emosionalsızlığına qərq olmaq lazımdır. Əks təqdirdə hazır formada bizə təqdim olunanların yaratdığı emosiyalar tam mənzərəni görməyə maneə törədə bilər. 



Filmdəki musiqi baş qəhrəmanın ürək döyüntülərini xatırladan, onun daxili dünyasına aparan yol kimi idi. Film müddətində səsləndirilən musiqi onsuz da çox deyildi, odur ki deyiləsi söz də azdı. Buna baxmayaraq musiqi obrazı başa düşmək üçün bizə təqdim olunan açar kimidir və bu xüsusi musiqi sizi filmin ilk dəqiqələrindən həmsöhbətinizə çevriləcək. Çünki izləyicinin əsas vəzifəsi Laura ilə empatik əlaqə qurmaqdır. Yalnız o zaman filmdən nə isə əldə etmək olar. 

Filmin ilk dəqiqələrində yadplanetli varlığın insan görünüşünə çevrilməsi təsvir olunub. Əlbəttə ki bu birbaşa formada edilməsə də təsvirlərdən belə ehtimal etmək olar. Filmin ilk dəqiqələrində yadplanetli varlıq səsli nitqdə istifadə edəcəyi səsləri və sözləri öyrənməyə çalışır. Daha sonra isə insan kimi geyim əldə edir və məqsədlərinə nail olmaq üçün işə başlayır. 




Mikelanjelonun "Adəmin yaradılışı" əsəri, "Sansara" (əbədi həyat dövriyyəsi) və okulistik elementlərin filmlə harmonik sintezi çox maraqlıdır. İzləməyə başlayarkən biz qarışqa elementi ilə qarşılaşırıq ki, əslində bizə çox maraqlı metaforik məlumatlar ötürür: insan formasını almış yadplanetli əlində gəzən qarışqa kimi kaloniyasından uzaq düşüb. O darıxır və köməksizdi. İnsan görünüşünü paltar kimi əyninə geyinib. Bu paltar ona insani problemləri ötürəcək. İnsan qanını əllərində hiss edərək insan olmaq barədə düşünəcək. 


Filmdən nə nəticə çıxarmaq olar? Əlbəttə ki biz öyrənə bilmədik ki, bizi arxası ilə aparan həmin varlıq kimdir, ya da nədir. Film bizə insanın boşluğu, rəngsizliyi, stereotipləri, təbiətə olan yadlaşması, gözəllik və kifirlik dərki kimi dərin fəlsəfi mövzularına yad bir varlığın gözü ilə baxmağa dəvət edir. Filmi xüsusi edən bir çox məqamlar var. Hər bir epizoddan bir çox məlumatı əldə edə bilərik. Özümüzü təhlil etmək və sahib olduğumuz dəyərkər və yanaşma tərzlərinə qısa baxış məqsədilə əla bir filmdi. 

P.S. Filmə gecə gec saatlarda baxmayın. Yuxularınızla sinxronlaşa bilər.

P.S.S. Filmdə darıxa biləcəyiniz hissələr var, amma heç bir halda onları ötürməyin. Çünki filmi tam dərk etmək üçün hissələrin birləşdirilməsi texnikasından istifadə etmək lazım gələcək. Artıq və lazımsız epizod yoxdur. 

İstifadə olunan mənbələr:

  1.  thesegirlsonfilm.com
  2.  celluloidwickerman.com
  3.  out.com

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi