Bölünmə - Detachment - Учитель на замену

Cənab Bart müvəqqəti müəllim vəzifəsində işləyir. Müxtəlif səbəblərə görə yeri boş qalan müəllimlərin yerlərinə təyin olunur. Onun ailəsi, daimi işi və alışqanlıqları yoxdur. O, növbəti təyinatını ingilis dili və ədəbiyyatı dərsindən dərs keçən müəllimin yerinə alır. Bu dəfə cəmiyyət tərəfindən müəllimlərə qarşı təhqiramiz münasibətin olduğu, qayda-qanunlara, əxlaqi-etik normalara əlvida deyildiyi məktəbə gəlir. Dəhşətli dərəcədə qəzəbli kütlə onu qəbul edə bilmir, amma özünün də dediyi kimi o, bu qəzəbli kütlə üçün bəlkə də, yeganə şansdır. O, da nə vaxtlarsa çox qəzəbli idi. İnsanlar gec-tez anlamalıdır ki, kənara püskürdüyü qəzəb vulkanı və onun törətdiyi fəsadlar sadəcə illüziyadır. Gerçək dağıntılar onların daxilində baş verir. Daxilində xarabalıqlar olan insanlar isə ətraflarını abadlaşdıra bilməz. Ən əsası isə bu kütlə yetkinlik yaşına çatmamış uşaqlardır. 

Müdafiə olunmaq, kütlüyün bizim əqli proseslərimizə müdaxiləsinin qarşısını almaq və eyni zamanda müstəqil düşünərək şüurumuzu inkişaf etdirmək üçün, biz gərək oxumağı (mütaliəni) öyrənək. Şüurumuzun qorunub saxlanması üçün bizim hamımıza bu bacarıq lazımdır. Bizim şüurumuz. 
Onun sadəcə bir qaydası var: əgər dərsdə oturmaq istəmirsinizsə
sinif otağını tərk edin. Hara? Bu onun üçün fərq etmir. Onsuz da hər dəfə eyni şeylə qarşılaşır. Buna baxmayaraq o, müvəqqətilik statusu ilə daimi müəllimlərin verə biləcəyindən qat-qat çox şey təqdim edir. Sadəcə ona qulaq asmaq və azacıq düşünmək lazımdır. Elə buradaca həm fəlsəfi, həm də mənasız sual ortaya çıxır: müəllim müasir cəmiyyət üçün kimdir? Dost? Düşmən? Bələdçi? Yoxsa boş otaqda sifətsiz fiqur? Bəs uşaqlar? Onlar kimlərdirlər? Bizim gələcəyimiz? Yoxsa lənətimiz? Onları necə öyrətmək və formalaşdırmaq lazımdır? Uşaqlar heç də günahsız deyillər. Uilyam Qoldinq "Milçəklər Kralı" əsəri ilə bunu tam sübut edərək, bəşəriyyət üçün tamamilə yeni olan yanaşma cığırını tapdı. 
Biz hamımız reallıqdan, çətinliklərdən fikrimizi yayındırmaq üçün müxtəlif vasitələrdən istifadə edirik. Heç kim özündən kim olduğunu və haradan gəldiyini soruşmur...heç kim fikirləşmək istəmir ki, kimsə olmaq üçün, ağrılar okeanından çıxmaq üçün nə qədər zəhmət gərəkdir...
Bir səhnə var ki, Cənab Bart ona biganə qala bilmir və deyərdim ki, nəinki Cənab Bart, ümumiyyətlə insan həmin mənzərəyə biganə qalmamalıdır. Demirəm humanist, dindar, xeyirxah, yaxşı və bütün bu terminlərə oxşar digər müsbətlər kimi insan. Sadəcə insan. Bu o səhnədi ki, fahişəliklə məşğul olan qız divara söykənib ondan pul istəyir. Bu qız azyaşlı uşaqdır. Böyük ehtimal ki, 15-16 yaşı var. Təsəvvürə gətirmək belə insan ruhunu silkələməlidir. Cənab Bart bu mənzərə qarşısında nələr hiss edirsə, çox yaxşı başa düşürəm. Hətta eyni poza alıb həmin qızcığaz kimi divara söykənir. Çox güman ki, düşünür: fahişə olmaq budurmu? Bu qızcığazı həyat o qədər keyidib ki, artıq heç nə hiss edə bilmir. Möcüzəvidir ki, Cənab Bart ona atrafiyaya məruz qalmış hiss etmək qabiliyyətini geri qaytara bilir. Əslində həyat Cənab Bartı da keyidir, öz qəddar mənzərələri ilə uyuşdurur. Ona görə də müəyyən mənada onlar eyni vəziyyətdə idilər. Bu səhnə filmin açar səhnələrindəndir.
Biz uşaqlara istiqamət verməyə borcluyuq. Borcluyuq ki, onlar səkidə hek kimə gərəksiz qalmasınlar.
Bir digər vacib səhnələrdən birisi: Müəllim torbada pişiyi əzərək öldürən şagirddən sadə sual soruşur: nə hiss edirsən? Cavab isə bizim üçün çox qapıya açarlar toplusunu verir: mən bu pişik kimi tələdəyəm. Bu cavabda inanılmaz dərəcədə böyük həqiqət gizlidir. Tələ kimsə tərəfindən qurulan anlayışdır. Odur ki, kimdir bu tələləri quraşdıran? Bu suala tək-tənha döyüşçü kimi Cənab Bart qaranlıq otaqda (döyüş sahəsində) cavablar verməyə çalışır. Bütün o cavablar çox gözəl sitatlardı. 

Edrian Broudiyə bravo demək istəyirəm. Kənardan sakit görsənən, lakin qəlbində tam xaos hökm sürən Cənab Bart obrazı heç də sadə rol deyil. Çoxşaxəli və mürəkkəb keçmişi olan obraz rolunu yüksək səviyyədə icra edib. Bu aktyorun simasında qəribə ifadə var. Sanki, müəyyən yük altında əzilən və fasiləsiz olaraq iztirablarla hönkür-hönkür ağlayan insan. "Pianoçu" filmi ilə yaddaşımda böyük yerə sahib olan Edrian Broudi, bu filmi ilə də məndə əbədiyaşar obrazı vasitəsiylə yeni düşüncə üfüqlərinə qərq olmağa məcbur etdi. Çünki onun fəlsəfi obrazları izləyicini düşündürməyə bilmir.
Bizlərdən bəziləri inanırlar ki, nəyisə dəyişdirə bilərlər, amma anidən oyanırıq və başa düşürük ki, məğlub olmuşuq...
"Bölünmə"-ni ürək ağrısı ilə izlədim. Orta-məktəb adlı təhsil müəssisəsini heç vaxt görmədiyim kimi gördüm: qaranlıq, qəddar, təhlükəli, mürəkkəb, çox mürəkkəb. Bəlkə də burada "ad absurdum" var. Bu bilərəkdən bu dərəcədə edilib, lakin belə olsa da, inanılmaz reallıq da var. Bunu danmaq mümkün deyil. Onu da qeyd etmək yerinə düşərdi ki, filmdə güclü ekzistensializm fəlsəfəsi var. Əlbəttə bu Sartrsayağı çılpaqlıqla olmsa da, ekzistensializmin ictimai-sosial problemlərlə əlaqələndirilməsi gözəl nəticə verib. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi