Frans Kafka - Çevrilmə - Франц Кафка - Превращение

Səhər yuxudan oyananda Qreqor görür ki, qorxulu böcəyə çevrilib. 

Sözün düzü bu kiçik həcmə bu dərəcədə dərin mənanın, bu dərəcədə ağır ədəbi-yükün - leksik-qrammatik çaların yüklənə biləcəyini gözləmirdim. Əsər haqqında pərakəndə biliklərim var idi və sonunda qərara gəldim ki, nə olursa olsun, mən də bu əsəri oxuyum. Oxuyum və özümə lazım olanları ondan alım. Elə ona görə də bu yazını yazıram. Yazıram ki, az da olsa rahatlana bilim, Yazıram ki, əsərin mənə bəxş etdiyi enerji mənə mənfi təsir göstərə bilməsin. Hər şeydən əvvəl isə, gəlin terminologiya ilə tanış olaq, çünki onsuz bütün mənzərəni görə bilməyəcəyik. Bəzi terminlərin izahını verdikdən sonra, əsərin məndə yaratdığı təəssüratları və insan təbiətinin çox vacib nüanslarını qeyd edəcəm.

Böcək - canlı növüdür elə deyilmi? Bioloqlar tərəfindən müxtəlif kateqoriyalara bölünərək öyrənilən milyonlarla canlı növləri var, amma niyə əsərin baş qəhrəmanı məhz peyin böcəyinə çevrilir? Bilirsiz, bu məqamın aydınlaşdırılması üçün biz yazıçının düşüncə tərzinə çox yaxından bələd olmalıyıq və "Franz Kafka hər hansısa həşərəta baxanda nə düşünürdü, nə hiss edirdi?" sualına cavab axtarmağa çalışmalıyıq. Belə düşünmək olar ki, böcək soyuqluğu, tənhalığı, digər canlılardan fərqli olaraq məhdudluğu simvolizə edir. Biz belə nəticəyə gələ bilərik ki, böcək kiçilməni, geriləməni simvolizə edə bilər. Biz düşünə bilərik ki, insan təbiətcə ancaq elmə və fəlsəfəyə hələ də qeyri-müəyyənliklər bəxş edən böcəyə çevrilə bilər. Çevrilmə - sadə termin olaraq çevrilmə dəyişikliyi ifadə edir. Həyatda daima nə isə başqa formaya çevrilir. Su niyə buxara çevrilir? Çünki qayda belədir ki, 100 dərəcə selsidə su qaz halına çevrilir. Qaydanın kim yazdığı vacib deyil, bu sual ətrafında düşünmək, hətta ona cəhd etmək belə mənasızdır. Əsas məsələ bu xüsusiyyətin dərk edilməsidir. Məhz dərk edilmə bizə bir çox məsələ üçün imkanlar yaradır. Odur ki, bəs insan hansı faktorların təsiri altında, hansı xüsuyyətlərə, hansı yazılmış qayda və qanunlara əsasən nəyə çevrilir? Sevgisindən dəli-divanə olanların dastanları və əfsanələri, psixoloji travma və ağır uşaqlığın yaratdığı liderlərin hekayələri bizə azmı məlumat verir? Odur ki, bu terminin ətraflı təhlili və dərk edilməsi, təkrar edirəm, dərk edilməsi, bizə "Çevrilmə" əsərinin mənasının böyük hissəsinin izahını verir. 

Valideynim deyir ki, bala bədbin şeylər oxuma. Yox, bədii ədəbiyyatı bədbin və ya xoşbəxt sonluqlu əsərlər kimi qruplara bölərək dəyərləndirmək və seçim etmək düzgün deyil. Bədii ədəbiyyatın funksiyası insanı xoşbəxt etmək deyil. Heç bədbəxtlik də deyil. Maraqlı orasıdır ki, bədii ədsəbiyyatın əsas vəzifəsi sadəcə düşüncə məkanını genişləndirmək, daxili kainatı daha da zənginləşdirməkdir. Bütün bunları ona görə deyirəm ki, bu əsər şəxsən məndə belə nəticələrə səbəb oldu.

Təsəvvür edin ki, səhər yuxudan durursan və dünən gecə yuxuya getdiyin kimi oyanmırsan. Sən valideynlərinin görmək istədiyi kimi deyilsən. Ümumiyyətlə nə isə yolunda deyil. Günbəgün başa düşürsən ki, dəyişirsən. Bir gün yuxudan oyanıb görürsən ki, sən ətrafındakı insanlar kimi deyilsən. Bir gün yuxudan oyanıb başa düşürsən ki, olduğun kimi sən ətrafında heç kimi qane edə bilmirsən. Bir gün sən yuxudan oyanıb başa düşürsən ki, sənin 12 ayağın və zirehin var...

Belə deyək, Qreqor Zamsa kimi böcəyə çevrilmək şərt deyil. O, böcəyə çevrildi və ətrafı tərəfindən qəbul edilmədi. Sanki heç doğulmamış kimi doğmaları tərəfindən məhv edildi. Qreqorun hiss etdiklərini siz də rahatlıqla hiss edə bilərsiz. Bunun üçün mutasiyaya məruz qalmağa ehtiyac yoxdur. Sadəcə ətrafınızın razılaşmadığı, barışmadığı işlərlə məşğul olun. Məsələn, onların fikrincə lazım olmayan insana aşiq olun, dini və siyasi fikirlərinizi dəyişin. Sadəcə başqa yol seçin. Budur sənin fikirlərin, sənin bədənin də dəyişir və ən əsas isə səsin. Sənin dediklərin onlara sadəcə gedib çatmır. Əsərdə Qreqorun səsi o dərəcədə dəyişir ki, ailəsi tərəfindən tanınmaz hala gəlir. Ətrafı üçün fərqli olan subyektin səsini eşitmisinizsə, başa düşmək sizin üçün rahat olar. Budur həyat səndən yan keçir. Səni qəbul etmirlər. Nifrət sahibi olursan. Diqqətli və ətraflı düşünəndə, özünüzü Qreqorun yerinə qoya bilərsiz. 

Bu nə deməkdir axı. İnsan necə böcəyə çevrilə bilər? Bunu şüuraltı qüvvə etdi yoxsa ilahi qüvvə? Belə çevrilmə mümkün ola bilər? Bəli, bəlkə də şüuraltı olaraq daxili qüvvə bunu belə etdi ki, Qreqor adi meşşan həyatdan və darıxdırıcı və boş satıcılıq işindən uzaqlaşsın. 

Doğma insanların içində yalnızlığın, tənhalığın hekayəsidir. Bu absurdizm deyil. Bu sadəcə gündəlik reallıqdır. Bu reallığı isə ona yaxınlaşmağı bacaranlar yaxşı başa düşə bilər. Bənzəri mövzulardan kənar insanlar isə çox çətinlik çəkəcəkələr. 

Ən vacib nüans isə Qreqora ailənin bəslədiyi münasibətlərdir. Burada bir çox suala cavab var. İnsan təbiətinin və psixologiyasının ifşası. Böcəyə çevrilən Qreqoru ailəsi otağına həbs edərək, daha sonra onun otağını əşyalardan boşaldaraq, boş və çirkli otaqda tək-tənha qalmasına şərait yaradan ailəsi. Onun ailəsi ondan iyrənirdi. Yadların gözündən qorumağa çalışırdı. Əlbəttə ki, şərti valideyn sevgisi belə də olmalıydı. Çünki "bax bu mənim oğlumdur  və ya qızımdır)"  deyə bilməyəndən sonra, prinsipcə övladlığın da mənası qalmır. Ailəsi onu sevmir daha. Qreqor isə daxilində deyir ki, məni olduğu kimi qəbul edin. Mən sizi sevirəm və sizinlə birlikdə olmaq istəyirəm. Böcəyə baxın və onda insanı tapın. Yox. İnsan şüuru belə işləmir. İnsanların böyük əksəriyyəti istəmədikləri, bəyənmədikləri, onlar üçün qeyri-müəyyən olanları sadəcə unutmaq istəyir. Bax o otaqda böcək yaşayırdı. Mən onu əzdim. O indi yoxdu. Xadimə də onu silib atdı. Hər şey geridə qaldı. Halbuki o insan idi. 

Qreqor Zamza. Ailəsini o qədər çox sevir ki, bütün həyatını onlara həsr edir. Özünü unudur. Böcək olduqdan sonra isə ailəsi ona nifrət etməyə başlayır. Utanmaz-utanmaz da hələ onu işə qovlayırlar ki, get işlə. Nəinki ailə, onları insan adlandırmağa çətinlik çəkirəm. Onlar sadəcə merkantil canlı sürüsüdü. Oğulları qayğılarına qalanda yaxşı, heç kimə lazım olmayan bədheybətə çevriləndə isə nifrət və iyrənclik mənbəyinə çevrildi. İnsanlığı dərhal unuduldu. Sən dəyişirsən və əgər bu ətrafının ürəyincə deyilsə, sənə arxalarını çeviririrlər. Sən şəxsi çevrilməni başa düşürsən, görürsən, amma əsas təsiredici çevrilmə ətrafının çevrilməsidir. Arxa çevirmək də çevrilmənin bir növüdür, sadəcə bir növü. Sən dəyişirsən, amma ətafın başa düşmür ki, dəyişsən də qəlbinin dərinliyində eyni həmin şəxssən. Yenə də onları sevirsən. Qreqor öz səmimi sevgisi və ailəsini korkoranə yoxsulluqdan qorumaq istəyinə qarşı çox bahalı qurbanlar verdi. 

Kafkanın əsərlərinə resenziya yazmaq çətindir. Çox şey yazmaq olar. Onun yaradıcıllığından oxuduğum ilk əsəri olsa da, Kafkasevərlərlə çox ünsiyyətdə olmuşam və müəyyən təsəvvürə sahibəm. Gec-tez mən də Kafkanın hansısa əsəri ilə tanış olmalı idim. Anladıqlarımın bir qismini isə bu yazı vasitəsi ilə çatdırmağa cəhd etdim. Resenziya yazarkən diqqətlə fikir verirəm ki, əsər ya da film haqqında  rahat fikir söyləyə bilirəm yoxsa yox. Bu əsər haqqında rahat danışmaq çətindi. İnsan bir çox emosiya qammasına məruz qalır və ən əsası isə müəyyən nəticələrə gəlmək üçün müəyyən zaman keçməlidir. 

Comments

  1. Kafka oxumaq, onu başa düşmək qəlizdi. Onu ilk bu əsərlə tanıdım. Və çox böyük səhv edərək Kafkanı mütaliəyə təzə həvəs etdiyim vaxtlarda oxudum. Təbii ki, başa düşmədim. O gün dedim ki, Kafka mənlik deyil. 5 il keçir o vaxtdan, indi oxusam daha fərqli düşünəcəm bəlkə, amma hələ də özümü hazır hiss etmirəm. Kafka oxumaq, onu başa düşməkçün çevrilib Kafka olmaq lazımdı. Onu ancaq "yalnızlığın Kafka zirvəsi"ndə anlamaq mümkündü.
    Resenziya uğurlu alınıb, məncə. :)

    ReplyDelete
    Replies
    1. Təşəkkür edirəm. Bu daha çox ilkin resenziya kimidir. İstərdim ki, beynimdə yaranan təəssüratları daha dolğun ifadə edim, amma təəssüf ki, istədiyim kimi alınmadı. :)
      Mən Kafkanın digər əsərlərini də oxumağa çalışacam. Çünki Sadəcə bir əsərindən bu qədər təəssürat ala bildimsə, düşünürəm ki, digərlərindən də az şey əldə etmərəm. İzlədiyinizə görə təşəkkürlər.

      P.S. Son dövrün əb çox oxunan yazısı olsu :)

      Delete

Post a Comment

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi