Frenk - Frank

Sizi elə bir dostluğun şahidi olmağınızı istəyirəm ki, bu dostluq tamamilə səmimidir. Bu dostluqda heç bir təmənna yoxdur. Heç bir gözləntidən söhbət belə gedə bilməz. Məhz buna görə də bu dostluq üçün yaradıcıllığın qapısı açıqdır. Bu dostluqda çox fərqli musiqi yaranır. Musiqi onların ortaq dəyəri, onları birləşdirən ən əsas amildir. Onların birlikdə yaratdığı eksentrik pop qrupa sirli və əsrarəngiz Frenk başçılıq edir.

Frenk deyir ki, ətrafımızda baş verən hər bir şey haqqında mahnı oxumaq olar. Frenki Frenk edən onun qeyri-adi musiqi duyumudur. Frenkin qrupu məşhurluq üçün oxumur. Onlar musiqini qəlbən sevir və qəlbən də yaradırlar. 

Con. Bu ad da filmin vacib adlarındandır. Çünki Con öz yolunu axtarıb tapmaq istəyir. O, da musiqi bəstələmək istəyir, amma nədənsə alınmır. Conun axtarışları onu Frenklə tanış edir. Con bir müddətdən sonra Frenk olmaq istəyir, amma yenə də uğursuzluğa düçar olur, çünki Frenk olmaq mümkün deyil, Frenk doğulmaq lazımdır. Çoxları bu səhvə yol verir və bu ağırlığa tab gətirə bilmirlər. Conun istəkləri bəsitdir. O, sadəcə məşhur olmaq istəyir. Məşhurluq isə əslində qorxulu və ağır bir şeydir. Çox stresslidir. 

Frenk deyir ki, mənim musiqimi dinləyin. Budur o, onu yaradıram, amma mənim sifətimi görməyə ehtiyac yoxdur. O, bir növ maska taxır. Başının üstünə baş taxır və çoxları da öz-özünə düşünürlər ki, görəsən o başın daxilindəki baş necədi? Ümumumiyyətlə bu nə deməkdir başın içində baş? 

Nəticədə əsl sənət əsəri kimi təhlilə boyun əyməyən və obrazların musiqisi kimi sürrealist film alınıb. Filmin süjetində yeni elementlər olsa da, özü yeni deyil. Bütün mahiyyət Frenk obrazında, daha da dəqiqləşdirsək onun başındadır. O, bu süni başla özünə yeni şəxsiyyət qazanır və inanılmazdır ki, özünun psixoloji xəstəlikləri olmasına baxmayaraq, ətrafında olan bütün insanlara dəstək olur. Frenkin süni başı real həyatla Frenkin daxili aləmi arasında olan baryerdir və Frenk real həyatda olan sünilikləri gördükdən sonra özünü ondan təcrid etməyə başladı. Böyük, geniş uşaq gözlərini xatırladan, dərin yaranın kənarlarına oxşar ağzı ilə baş. Məncə, Frenk üçün ağırdır. Həm öz başını, həm də başının üstündəki bu başı daşımaq onun üçün çətindir, amma o, bu işin öhdəsindən uğurla gəlir. Onu dəstəkləyən böyük mənəvi gücdür, hansı ki, o, dostlarına olan sevgidən və musiqi yaratmaq ehtirasında alır. 

Filmi hansısa çərçivələrə daxil edib janr kimi təhlil etmək mümkün deyil. Elə Frenk də heç bir çərçivəyə sığışmır. O, bunu, sanki, qəsdən edir. Bütün məhdudiyyətləri sındırır və sonsuzluqdan musiqi yaradır. Əslində Frenkin hər bir cümləsi, hər bir sözü musiqidir. Sadəcə bizim qulaqlarımız çoxdan sıradan çıxıb. Həqiqi musiqini - qəlbdən gələn musiqini eşitməyə, hiss etməyə yadırğayıb. 


Maykl Fassbenderin performansı həmişəki kimi möhtəşəmdir. Bir nüansa diqqət çəkmək istərdim. Fassbender həmişə elə rolların öhdəsində gəlir ki, o obrazlar dərin psixoloji böhran içərisində olurlar. Onların daxili aləmi digərlərindən fərqlənir. Onlar ətraflarından çoxdan yadlaşıb. Ona görə də aktyorun yüksək istedadını danmaq mümkün deyil. 

Filmin çəkildiyi ərazilər: İrlandiya və Nyu-Meksiko ştatı, ABŞ-dır və bu məqam obrazların daxili aləmlərini tamamlayan peyzaja sahibdir. Bu məqamı çox vacib hesab edirəm və digər filmləri də təhlil edərkən etalon kimi istifadə etmək olar. 

"Frenk" - film-səyahətdir. O elə bir dünyaya səyahətdir ki, orda bəzi reallıqlar musiqi vasitəsiylə duyulur. O dünya təcrid olunmuş olsa da, səmimiyyətini, eqosunu, digər bütün məhdudiyyətlərini kənara qoyanlar üçün qapılarını açır. Ya səthi olaraq izləyər heç nə başa düşmərsiz, ya da nə isə başa düşməyə çalışıb izləyər və həqiqətən də izlədiyiniz gündən etibarən daxilinizdə nə isə yeni bir şeylə yaşamağa davam edərsiniz. Eyni zamanda özünüzü daha yaxından tanımaq üçün yeni yola başlarsız. Film bunu məcbur edir. Çünki Frenk bizi məcbur edir ki, biz, bizi birləşdirən, bizi bir yerdə saxlayan dəyərlər haqqında düşünək. Bizim üçün həqiqətən dəyərli olan nədir?

Döşəmə kimin üçünsə tavandır, tavan isə kimin üçünsə döşəmə. Cəmiyyətin anormal deyərək uzaqlaşdırdıqları fərdlər özlərində bir çox şeyin açarını saxlayırlar. Çünki cəmiyyət onları özündən uzaqlaşdırmaqla onları özündən qoruyur və onlar təmizliyini itirmirlər. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi