Con Varli - "Daxil et" düyməsini basın - Джон Варли - Нажмите «ВВОД»

Onun adı Apfel Viktordur. Onun 50 yaşı var. Koreya müharibəsi veteranı və epileptikdir. Kifayət qədər asosial və qaraqabaq insandır. Bir gün onun evinə zəng gəlir və soyuq mexaniki səs ondan dəfələrlə qonşusu Çarlz Klügerin evinə getməyini xahiş edir. Klüger çox qəribə insan idi. Demək olar ki heç kimlə ünsiyyətdə olmurdu. Zənglərin ardı-arası kəsilmirdi, elə ona görə Viktor qonşusunun evinə getməyə qərar verdi. Qərar verdi və həyatı tamamilə dəyişdi. 

30 il bundan öncə elmi-fantastikanın çox qəribə kompüteristik romantikası var idi. Müxtəlif yazıçılar müxtəlif ölkələrdə öz təxəyyüllərini işə salaraq gələcək dünyamızda kompüterlərin roluna aid romanlar yazırdılar. Kifayət qədər tanınan nümunələr var. Ümid edirəm ki, onlardan bəzilərinin adını bilirsiniz. Con Varli isə bir çoxlarından fərqli yazıçıdır. Onun həyatı ilə tanış olmaq kifayət edir ki, bu fikri səsləndirək. Qısaca olaraq Con Varli, 1947-ci ildəTexas ştatının, Ostin əyalətində anadan olub. Orta məktəbi bitirdikdən sonra Varli Miçiqan Dövlət Universitetinin fizika fakültəsində təhsil almağa başlayır. Daha sonra ixtisasını ingilis dilinə dəyişən Con, 20 yaşına çatanda təhsilini ataraq, ABŞ-ın müxtəlif şəhərlərində səfalət içində yaşayır. Hippi hərəkatına qoşulur və tikinti fəhləsindən, pitsa kuryerinə qədər müxtəlif iş sahələrində işləyir. Kitablar yazmağa isə Con Varlidə, Haylaynın "Yazıçı-fantast olmağın 5 üsulu" adlı məqaləsindən sonra həvəs yaranmışdır. 80-ci illərdə o, daha çox kino-ssenarilər üzərində çalışsa da, yazdığı ssenarilərin böyük əksəriyyətinə diqqət yetirilmir. 1992-ci ildə "Polad Çimərlik" (Steel Beach) adlı əsəri ilə diqqət cəlb edəb Con, 2000-ci ilin əvvəllərinə qədər susur. 2003-cü ildə isə "Qırmızı Şimşək" (Red Thunder) və "Con Varli hekayələri" (The John Varley Reader) adlı qısa hekayələr toplusu ilə oxucuların qəlbinə yol tapır. Hal-hazırda yazıçı Kaliforniyada eyni zamanda redaktoru olan həyat yoldaşı və üç uşağı ilə birlikdə yaşayır.  


Con Varli
Əsərin məğzi sadədir: süni intellekt və onun gələcək planları. Bu fikri çatdırmağın həddindən artıq çox üsulu var. Ona görə də müxtəlif yazıçılar müxtəlin yanaşma tərzləri ilə bu mövzunu vaxtaşırı işıqlandırırlar. Con Varli bu əsəri ilə həm dedektiv janrını, həm də elmi-fantastikanı birləşdirib. Bunu 30 il bundan öncə etmək daha rahat idi, nəinki indi. Çünki o dövrdə kompüterlərin gələcəkdə nələrə qadir olacağını düşünmək, o haqda xəyallar qurmaq çox həyəcanverici idi. İndi kömpüterlər klassik mənada olmasa da, özünəməxsus üsullarla insanları özlərinə tabe etməyi bacarıblar. Elmi-fantast yazarlar bəlkə də elə məhz bu problemi görürdülər, sadəcə öz dövrləri üçün başqa cür dərk edirdilər. 

Qonşusunun sayəsində Viktor bir çox həqiqətləri öyrənir. Məsələn öyrənir ki, müəyyən qrup təşkilatlar və insanlar var ki, yüksək texnologiyalar sayəsində hər bir insanı rahatlıqla izləyə bilirlər və bəzi planlar qururlar. Bu bacarıq sayəsində onlar hətta üçüncü dünya müharibəsini təşkil etməyə çalışırlar. Viktor insan və ya texnika olduğu qeyri-müəyyən olan mexaniki səsi belə telefon vasitəsi ilə duya bilir. Bu zaman o hər bir normal insanın verdiyi reaksiyanı - qorxu reaksiyasını verir və rahatlaşmaq istəyir. Viktor radikal tədbirlər görür. O, bütün kompüter və hətta ona az da olsa oxşayan elektron saatlardan canını qurtarır. Bu o qədər vahiməlidir ki, o, öz-özünə sual verməyə bilmir: görəsən o su boruları vasitəsi ilə məni tapa bilərmi?

Yazılanlarda çoxlu müəmmalar olsa da, həqiqətə uyğundu. Bu gün belə, əsərdə təsvir olunan hadisələr baş verir. Sadəcə əsas məsələ odur ki, lazım olmayan insanlar özlərinə aid olmayan işlərlə məşğul olmasınlar. "Böyük Qardaş"-ın fikri həmişə belə olub. Bax onda hər şey qaydasında olacaq. Çünki bu dünyanın gələcəyini planlaşdırdıqlarını düşünənlər öz işlərini yaxşı bacarırlar. Bu keçmişdə də belə olub, gələcəkdə də belə olacaq. 

Əsərin özünəməxsus formatı var. Diqqətəlayiqdir. Xüsusilə bir əsərdə iki janrın olmağı yaxşıdır. Əsər adını tamamilə doğruldur. Bundan sonra mənim üçün klaviaturada olan "Enter" düyməsinin öz hekayəsi var. Fantastikasevərlərə növbəti porsiya. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi