Təcrübə - The Internship - Кадры


Billi və Nik artıq neçə ildir ki satış işi ilə məşğul olurlar. Yeni kompüter dünyası isə karyeralarına son qoyur. Geridəqalmış olmadıqlarını sübut etmək üçün onlar həyata meydan oxuyaraq ən yaxşı tələbələrin toplandıqları təcrübə proqramında iştrak hüququ qazanırlar. Təcrübə proqramı dünyanın bir nömrəli axtarış sistemi və bir çox digər inqilabi xidmətləri ilə tanınan "Google"-da reallaşır. Belə bir fantastik dünyaya bilet əldə etmək işin sadəcə yarısıdır. İndi onlar ən qəddar rəqabətə də davam gətirməlidirlər ki, sübut etsinlər ki, yaxşı komanda ilə hər şey etmək olar və ən əsası isə zəruriyyət yenilənmənin anasıdır. 


Film haqqında ilk nəzərəçarpan məsələ aktyor heyətidir. Onlarla tanış olduqdan sonra, əlbəttə ki Google-un özüdür. Google və onun kimi şirkətlərdə iş rejiminin, işə qəbulun və onlarla əlaqədar ümumiyyətlə hər bir prosesin özünəməxsus olduğu haqqında çox eşitmişdik. Bu mövzuda filmin olduğunu öyrənəndə onu yaxşı bir ekran əsəri, ən əsası isə yaxşı informasiya mənbəsi kimi qəbul etdim. Daha sonra normal komediya və maceranın da filmdən əskik olmadığını gördüm. 


Qəhrəmanlarımız Billi və Nik artıq cavan deyillər. Onların artıq 40-dan çox yaşları var və satış işindən başqa heç nəyi bacarmırlar. Sevimli işləri ilə məşğul ola-ola geridə heç nə qoya bilməyiblər. Nə ailə, nə mülk, nə də hər hansı peşədə təcrübə. Praktiki olaraq heç nə. Google-da təcrübəyə başlayaraq isə əslində çox şeyə sahiblənməyə başladıqlarından bixəbərdirlər. Çünki burada onlar sadəcə iş yeri və müəyyən maaş deyil, ən əsası yaxşı dostlar qazanacaqlar. Bu təcrübə proqramında onlar öz həyat təcrübələrindən və yaxşı yumor hissindən istifadə edərək müxtəlif vəziyyətlərdən çıxış yolu tapmağa çalışsalar da, çox çətinliklərlə qarşılaşırlar. Məhz həyat təcrübəsi məsələsi filmdə öz aktuallığını göstərir. Bir tərəfdə zəngin həyat təcrübəli 40 yaşlı "əmi"-lər azyaşlı kompüter dahiləri ilə ayaqlaşmağa çalışırlar, digər tərəfdən də uşaqlar hadisələri öz ağılları ilə ölçüb biçib yaş dövrlərinə xarakterik şəxsiyyət böhranları yaşayırlar. Əmilər isə onlara kömək etməyə çalışırlar. Sonra uşaqlar da Billi və Nikə kömək edirlər. Beləliklə onlar Google şirkətinin təsisçisinin (şərti təsisçi) də xeyir-duasını qazanaraq bu möhtəşəm dünyanın bir hissəsinə çevrilirlər. 



Film yüksək səviyyəli mükafatlara nominant olmasa da, bizim üçün yüksək səviyyəli şirkətlərin ofis həyatı haqqında məlumat verdi. Öz-özümə sual versəm də ki, bu nə qədər reallığa uyğundur, filmin reallığın yanından keçməsi də bəs edir. Özünəmxsusluğu ilə uzun müddət yaddaşlarda qalacaq filmdir.


Onu da qeyd etmək istərdim ki, belə düşünmək olar ki, film Google-un reklamıdır. Bu fikri ifşa edən iki səbəb var: birincisi dünya bazarının böyük hissəsinə sahib olan nəhəng şirkətin belə reklama ehtiyacının olmamasıdır. İkincisi isə filmin mövzusu şirkətin daxili həyat tərzindən də çox 40 yaşlı kişilərin müasir iş dünyasında kompüter texnologiyalarını bilmədiklərinə görə qarşılaşdıqları çətinliklərdən bəhs etməsidir. Ən əsası ilə nəsillərarası dialoqu bizlərə müasir dillə çatdırmasıdır. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi