İtan Rasiel - MakKenzi metodu - Итан Расиел - Метод McKinsey -

Deməli bu dəfəki qiraət obyektim, kifayət qədər çox faydalanacağımı düşünərək oxuduğum "MakKenzi metodu" kitabı oldu. Başladım oxumağa, kitab da öz növbəsində başladı biznes problemlərdən, biznes problemlərin həllinin necə vacib və heç də sadə olmayan bir şey kimi bizlərə təqdim edilməsindən. Bu mövzular və onlara dair məsləhətlər ilə başlayan kitab elə bu mövzuda da sonlandı. Nəticədə biz "MakKenzi" adlanan dünyaca məşhur konsaltinq şirkətinə kənardan quşbaxışı bir baxışa - ekskursiyaya nail olduq. Lakin kitabın adında yer alan "metod" sözü ilə əlaqədar olan biznes problemlərin həllinə aid dəyərli və sanballı məsləhətlər çox-çox az oldu. Əgər biznes problemlərin həllinə aid hər hansı nəzəriyyələr, üsullar, yanaşmalar və ya məsləhətlər olsa idi, onda kitabı əhəmiyyətli hesab etmək olardı. Çünki konkret problemlər elə konkret də çıxış yolları tələb edir. Oxşar xüsusiyyətli problemləri qruplaşdırsaq və onlara yanaşma tərzləri inkişaf etdirsən ortaya dəyərli nəzəriyyələr çıxa bilər. 

Kitab şirkətin şəxsi təcrübəsinə əsaslanıb keçmişdə icra etdiyi layihələr və təqdim etdiyi xidmətlərlə əlaqədar məlumatlar versə də, sanki, bütün hər şey yarımçıq qalırdı. Haqqında məlumat verilən məsələlər isə BBA və ya MBA pillələrində orta səviyyədə təhsil almış və ya hər hansı biznes klub və treninqlərdə iştirak etmiş insanlar üçün kifayət qədər ibtidai və səthidir. Məhz bu səbəblərə görə də kitaba böyük ümidlərlə yanaşmaq lazım deyil. Müsbət nəticə və ya təəssürat kimi onu deyə bilərəm ki, kitab tələbələr üçün yararlı ola bilər, çünki hələ nəzəriyyənin bol olduğu vaxt praktiki həyat haqqında məlumat almaq faydalı olar, amma gördüyünüz kimi artıq praktiki həyatda olanlar üçünsə bu kitabın bir o qədər də əhəmiyyəti yoxdur. Çünki onlar artıq yazılanları bilirlər. 

Bir digər nəticə isə "Lift Test" oldu. Maraqlı bir şeydi. İzahı isə belədir: Təsəvvür edin ki, müdirə üzərində uzun müddətdir ki çalışdığınız layihəni təqdim etməlisiniz, amma tam da təqdimat zamanı müdir deyir ki, mənim getməli yerim var və bacara bilərsənsə layihəni şifahi olaraq mən birinci mərtəbəyə düşənədək mənə təqdim edə bilərsən. Bu mümkündürmü? Mümükündür. Liftin birinci mərtəbəyə neçə saniyəyə enəcəyini hesablamağı dəqiq bacarsaz, bunu orta hesabla və təqribən 30 saniyə olaraq qəbul etsək, belə bir nəticə ortaya çıxır ki, siz layihənizi o qədər gözəl bilməli və dərk etməlisiz ki, hətta onu 30 saniyəyə də sığışdırıb təqdim etməyi bacarasız. Bu eyni zamanda genişləndirməyə də aiddir. Tam dərk olunmuş məsələ həm 30 saniyəyə, həm də 30 dəqiqiyə də sığmalıdır. Tələb hansı yöndədirsə, o yönə istiqamətlənmək lazımdır.

Buna bənzər çox az nümunələr var. Nəticə isə dəyərimizə az dəyər qatan kitabla qarşı-qarşıyayıq. "MakKenzi" adlı konsaltiqn şirkəti haqqında məlumat almaq istəyirsinizsə oxumağa dəyər. Böyük ümidlərə isə ehtiyac yoxdur. Əksər biznes ədəbiyytları bax belə məyusedicidir. Axtarışlarım davam edir.      

Şəxsi fikrimdir ki, universitetlər və ya iş yerlərində biznes problemlərin daha effektli həlli üçün biznes klublar yaradılsın. Bu klublarda işçilər və ya dəvət olunmuş qonaqlar öz fikirlərini bölüşsünlər. Nümunə və hələ yaranmamış problemlər-məsələlər üzərində simulyasiyalar şirkət performansını artıra və hətta sistemi təkmilləşdirə bilər. Bunun təşkil olunması üçün cəmi bir dəfə mütəxəssis yardımına müraciət edib, lazımi tədbirləri görmək mümkündür. Buna daha çox hobbi kimi yanaşmaq lazımdır. Nəticələr hansısa qaynağa yazılmalı və mütəmmadi olaraq yenilənməlidir. Bax beləcə həm də ölkəmizin biznes mühitinə elmi yöntəmlər əlavə edib, ekstrasensvari idarəetmə yöntəmindən imtina edə bilərik. Öz növbəsində isə bunu etmək çətin deyil. Biz gözləməməliyik ki, hansısa xarici şirkət və ya mütəxəssis bunu bizim yerimizə etsin. Biz sadəcə daima öz üzərimizdə çalışmalı və yenilik axtarmalıyıq. Bunun üçün bu gün bir çox şərait artıq var. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi