Bob Şou - Yadların gəmisi - Боб Шоу - Корабль странников

         “Yadların gəmisi” elmi,kosmik, fantasik, dramatik, macera və psixo-sosial janrın ucu-bucağı görünməyən görünməz sularında üzür. İlıq, əbədi, kosmik küləksə gəminin yelkənini bir uludzdan (limandan) o birisinə istiqamət-ləndirir. Hərdənbir çox güclü tufanlar olur. Yeni limanların kəşfi xatirinə sağ qalmaq lazımdır.  Gəmi lövbər salaraq, sonzuluğun xəritəsini hazırlamağa çalışır. Topoqrafiq modullar dayanmadan çalışır. Bir-birinə yad heyət üzvlərindən bəziləri çox qısa müddətliyinə bu riskli işlə məşğul olsalar da, artıq veteran olan və böyük hörmət-izzət sahibi, Devid Sercenner, kosmosun əbədiyyəti və rəngarəngliyindən uzaq qalmaq istəmir. Kainatın sonzuluğu bir-birinə yad olanları bir-birinə doğmalaşdırmağa çalışır. Nə qəribədir ki, insan övladı Yer planetini tərk etdiyi andan etibarən hər yerə yaddır. Bəlkə də bu belə deyil. Bəlkə də uzaq və yaxın deyə bir anlayış yoxdur. Əsas məsələ niyyətdir. İnsan xoş niyyətlə kainatın kəşfinə çıxırsa, onun üçün hər yer doğma, müstəmləkə və istismar məqsədiylə axtarışa çıxırsa, yaddır. Yazıçı da məhz, “Yadların gəmisi” adından istifadə edib. Romanın adı belə kifayət qədər məlumat ötürürsə, oxuduqdan sonra nələr öyrənmək olar, artıq, onu özünüz fikirləşin. Kosmik heyət üzvləri, eyni zamanda, bir-birilərinə də yaddır. Müvəqqəti məqsədlər onları əbədiyyət qarşısında birləşdirir.
Kosmik və elmi fantastika oxumağı sevirsiz? Hansı yazıçıdan oxumaq daha yaxşı olardı? Bob Şou bizə nələr vəd edir? Bob Şou bizə kosmik fantastikanın elmini təqdim edir. Onun əsərlərindəki kaloritlik o qədər zəngindir ki, qiraət zamanı təəccüb, həyəcan, qorxu və bir çox hələ kəşf etmədiyimiz başqa hisslər bir-birini əvəz edir. Yazıçının ustalığına heyranam. Sənətkarlıq budur. Bir neçə janrı böyük ustalıqla bir romanda kəsiştirərək ortaya möhtəşəm dəyər qoymaq. Yazıçının təsvir etdiklərinin 50-100 ildən sonra gerçəkləşəciyi labüddür. Cəsarət edib deyərdim ki, çox şey Bob Şou və onun timsalında elmi fantastika müəlliflərinin təsvirləri kimi olacaq. Romanda hər şey əsaslandırılır. Hər bir hadisə və anlayışlar arasında səbəb-nəticə əlaqəsi qurulur. İnsan bu roman sayəsində kosmik hadisələr çərçivəsində düşünməyi öyrənir. Belə yazıçıların sayəsində gecələr ulduzlu səmaya baxıb, qarşımdakı əbədiyyət qarşısında əriyib gedirəm, ona qərq oluram.
          “Dayan! Kimdir gələn?!” əsərindən, təxəyyülü çox zəngin olan yazıçının üslubuna bələd olmuşdum və bəyənmişdim. İndiyə qədər oxuduğum iki əsərinin ikisi də məndə unudulmaz təəssüratlar buraxıb və həmişə romanlarda yazılanlar haqqında düşünürəm. Uşaq vaxtlarından kosmik maceralara böyük həvəsim olub. O qədər çox həvəsim olub ki, televiziyada yadplanetlilər, planetlər və kainatın sirləri haqqında filmlər və sənədli filmlər veriləndə, heç birini qaçırmazdım. Hamısın diqqətlə izləyərdim. Xüsusiylə yadplanetli istilaları haqqında olan filmlərdən sonra gecələr mənə rahat yuxu yox idi. Sonradan bu həvəs azalsa da, belə dəyərli əsərlər mənə çox şey qatır.
         Kitabda bəzi epizodlar unudulmazdır. Bəzilərini qısaca olaraq qeyd edim: 1) Boz insan adlı ali varlıq var. Onun hər hansısa forması yoxdur, amma kainatda forması olan istənilən varlığı ən xırda detalına qədər kopyalaya bilir. Topoqrafik modulları koplayaraq, ovlanmaq istəyən bu canlı çox böyük təhlükədir. Lakin onun planları alınmır. 2) Topoqrafik modullar Saladin adlı kimsəsiz planetdə hamilə yadplanetli silueti tapıb. Heyət onu əldə etmək üçün həmin koordinatlara gedir. Bu zaman onlar başqa zaman-məkan kəsişməsinə düşərək, oriyentasiyalarını itirirlər. 3) Topoqrafik modul heyəti kimsəsiz bir planetdə şüurlu varlıqların hazırladıqları silahlara bənzəyən metal alətlər tapıblar. Heyət üzvü canını çox çətinliklə qurtarır. 4) Gəmi heyəti “Beta” fəzaya keçid vaxtı kainatın çox qəribə yerinə gedib çıxır. Sonra məlum olur ki, bu boşluqdur. Bütün kainat artıq yox olub. Daha sonra bütün kainat, kosmik gəmidə qəza nəticəsində həlak olmuş birisinin bədənindən çıxan ruh sayəsində yenidən yaranır. Bu qəribə hadisəyə heç kim ad qoya bilmir.
         Gördüyünüz kimi roman eyni obrazların ətrafında cərəyan edən bir neçə maceradan ibarətdir. EZOP adlı süni intellekt gəmi kapitanıdır. Bu gələcəyin dünyasında süni intellektin necə də əhəmiyyət qazanacağını göstərir.

P.S. Əsəri rusca səsli formatda dinləmişəm. Çox super hazırlanıb. Maraqlananlar buradan onlayn dinləyə bilər: TIKLA


Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi